Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:26

Mustafa Şəntop Gəncəyə gəlib


M.Şəntop

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 20-də Gəncəyə gəlib.

AZƏRTAC-ın xəbərinə görə, onlara Gəncənin bu günlər raket atəşinə tutulması ilə bağlı məlumat verilib. Qeyd edilib ki, onlardan sonuncusu oktyabrın 17-də törədilib. "Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 14 nəfər həlak olub, 55-dən çox şəxs yaralanıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar, xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var", - məlumatda qeyd edilib.

Daha sonra bildirilib: "Oktyabrın 20-nə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində, ümumilikdə, 61 mülki şəxs həlak olub, 291 nəfər isə xəsarət alıb. 2 mindən çox ev və yaşayış binası, həmçinin, 382 infrastruktur obyekti dağılıb və ya ciddi zədələnib".

M.Şəntop Milli Məclisdə çıxış edib, Gəncəyə yollanır

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Milli Məclisin bu gün, oktyabrın 20-də keçirilən iclasında çıxış edib.

TBMM sədri bildirib ki, Azərbaycana dəstək verən fərqli partiyaların nümayəndələri də bu səfərdə onu müşayiət edir. "Bütün millət vəkillərimizin iştirakı ilə keçiriləcək ictimai iclası Qarabağ işğaldan azad ediləndən sonra Qarabağda edək. TBMM-də olan millət vəkilləri də bu gün burada iştirak etmək istəyirdilər. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim. Qardaş Azərbaycana yönələn Ermənistan hücumlarını pisləyirəm…", - o vurğulayıb.

M.Şəntop əlavə edib ki, haqq və ədalət yerini tapmadıqca, Qarabağ probleminin həlli olmayacaq.

Azərbaycan Milli Məclisinin sədri S.Qafarova isə deyib ki, TBMM sədri M.Şəntop buradan da Gəncəyə yola düşəcək.

M.Şəntop oktyabrın 18-dən Azərbaycanda səfərdədir. O bu səfər çərçivəsində prezident İlham Əliyev və başqa rəsmilərlə görüşüb.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 70 civarında kəndi, Cəbrayıl, Füzuli şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Multimedia

XS
SM
MD
LG