XİN-dən Avropa Məhkəməsinin qərarına münasibət
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) döyüşlərlə bağlı qərarına münasibət bildirib.
XİN-in açıqlamasında yazılıb ki, bu il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib: "Həmin qərarda Avropa Məhkəməsi həm Ermənistanı və həm də Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir".
XİN-ə görə, Ermənistanın hüquqi bir müstəvi təşkil edən AİHM-dən siyasi məqsədlərlə istifadə etmək cəhdi elə məhz onun özünün əleyhinə çevrilib: "Əslində bu qərarla Avropa Məhkəməsi 2015-ci ildə "Çıraqov və digərləri Ermənistana qarşı" işində çıxardığı qərarda gəldiyi qənaəti – Ermənistanın Azərbaycan ərazilərinin işğal olunması və bu ərazilərdə insan hüquqları pozuntularına görə məsuliyyət daşıdığını təsdiq edib. Bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən işğalının, habelə cari münaqişənin Ermənistan və Azərbaycan arasında getməsi faktının növbəti hüquqi təsbitidir".
AİHM Ermənistanın Azərbaycana qarşı ərizəsi üzrə qərar verdi
Sentyabrın 29-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın Azərbaycana qarşı müharibənin dayandırılması haqda ərizəsi üzrə qərar verib. Məhkəmə bildirir ki, Konvensiyanın ciddi şəkildə pozulması riskini nəzərə alaraq təcili tədbirlər üzrə 39-cu Qaydasını tətbiq etmək qərarına gəlib. Məhkəmə belə ərizələrə müstəsna hallarda, ərizəçilərə qarşısıalınmaz ziyan vuracaq real risk olanda baxır.
AİHM həm Azərbaycan, həm də Ermənistanı pozuntulara, xüsusilə dinc əhalinin hüququnu poza biləcək, onların həyat və sağlamlığını riskə atacaq hərbi əməliyyatlardan çəkinməyə çağırır. Qərarda tərəflər Konvensiya, xüsusilə Maddə 2 (yaşamaq hüququ) və Maddə 3 (işgəncənin və qeyri-insani, yaxud alçaldıcı rəftar yaxud cəzanın qadağan olunması) çərçivəsində öhdəliklərinə əməl etməyə çağırılır.
Məhkəmə tərəfləri öhdəliklərinə əməl olunması yönündə atdıqları addımlar barədə mümkün qədər tez informasiya verməyə dəvət edir.
Human Rights Watch: Dinc sakinləri öldürməyin
Dağlıq Qarabağ münaqişəsində bütün silahlı qüvvələr beynəlxalq humanitar hüquqa əsaslanaraq döyüşçülərlə dinc şəxsləri fərqləndirməlidir, “Human Rights Watch” insan haqları təşkilatı sentyabrın 30-da belə bir bəyanatla çıxış edib. “Tərəflərin hamısı mülki şəxslərin hədəfə alınmasına tam qadağaya sayqı göstərməlidir”, – bəyanatda deyilir.
Dağlıq Qarabağda intensiv əməliyyatlar sentyabrın 27-dən başlanıb. Azərbaycan hakimiyyəti Ermənistan tərəfin hücumuna cavab verdiyini deyir. Tərəflər bir-birini döyüşü birinci başlamaqda ittiham edir. Hazırda təmas xəttində intensiv döyüşlərin getdiyini vurğulayır.
“Bütün tərəflər yadda saxlamalıdır ki, mülki şəxslərə hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və hərbi cinayət deməkdir. Bu, hətta düşmən zərbəsinə cavab olaraq həyata keçiriləndə də belədir”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.
Azərbaycan tərəfdən öldürülmüş mülki şəxslərin sayı 12-yə çatıb, 35 nəfərin yaralandığı deyilir. Ölən hərbçilərin sayı açıqlanmır.
Ermənistan tərəfsə azı 84 hərbçinin və 5 dinc sakinin öldürüldüyünü, 30-dək dinc şəxsin yaralandığını bildirir.
Xatırlatma
Dağlıq Qarabağ 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.
Bu ilin iyulunda aparılan əməliyyatlarda hər iki tərəfdən itkilər açıqlanmışdı.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.