Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:18

BMT Təhlükəsizlik Şurası Qarabağı müzakirə edəcək


BMT Təhlükəsizlik Şurasının toplantısı, arxiv foto
BMT Təhlükəsizlik Şurasının toplantısı, arxiv foto

Daşkəsən rayonunun Ermənistan tərəfdən atəşə tutulması xəbərini Yerevan “tamamilə saxta” adlandırıb.

Ermənistanın Müdafiə Nazirliyi “döyüşlərin fərqli intensivliklə davam etdiyini” deyir.

ABŞ Dövlət katibi Mayk Pompeo sentyabrın 29-da Yunanıstana səfəri zamanı deyib ki, tərəflər “zorakılığı dayandırmalı” və “mümkün qədər tez substantiv danışıqlara qayıtmaq” üçün ATƏT-in Minsk qrupuyla işləməlidirlər.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 29-da “bütün tərəfləri, xüsusilə Türkiyə kimi tərəfdaş ölkələri atəşkəsndən ötrü mümkün olanı etməyə, siyasi və diplomatik vasitələrlə münaqişənin dinc həllinə dönməyə” çağırıb.

“Müəyyən dəstək və hərbi fəaliyyətlə bağlı bəyanatlar ocağı daha da alovlandırır”, – Peskov jurnalistlərə deyib.

Moskva həm Azərbaycana, həm də Ermənistana silah satır, amma Ermənistanda hərbi bazası var və onunla strateji tərəfdaşlıq edir.

***

BMT-nin Baş katibi Antonio Quterres Ermənistan və Azərbaycan liderlərini cəbhə xəttində əməliyyatları dərhal dayandırmağa çağırıb. Quterres tərəfləri danışıqları bərpa etməyə, ATƏT müşahidəçilərinin regionda yerləşdirilməsini qəbul etməyə çağırıb.

Sentyabrın 29-da BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.

Sentyabrın 27-dən başlanan əməliyyatlarda 84 erməni hərbçisinin öldüyü təsdiqlənib. Azərbaycan ölən hərbçi sayını açıqlamasa da, azı 9 mülki şəxsin öldürüldüyünü deyir.

Britaniya və Kanadanın xarici işlər nazirləri də birgə bəyanat verərək Dağlıq Qarabağda “irimiqyaslı hərbi əməliyyat”la bağlı narahatlıq bildirib, əməliyyatları dərhal dayandırmağa çağırıblar.

“Yaşayış məntəqələrinin atəşə tutulması...”


“Kanada və Böyük Britaniya Dağlıq Qarabağda münaqişə zonasında Təmas Xəttində irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən dərin narahatlıq keçirir”, – Britaniyanın Xarici işlər naziri Dominik Raab və Kanadanın Xarici işlər naziri Fransua Filip Şampeyn sentyabrın 28-də yaydıqları bəyanatda deyirlər.

“Yaşayış məntəqələrinin atəşə tutulması və mülki şəxslər arasında ölüm halları dərin narahatlıq yaradır. Əməliyyatları dərhal dayandırmağa, atəşkəs sazişinə əməl etməyə, mülki şəxsləri qorumağa çağırırıq”, – bəyanatda vurğulanır.

Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara dəstək bildiriblər

Azərbaycan və Ermənistan bir-birini son əməliyyatları birinci başlamaqda ittiham edir.

Hər iki ölkə səfərbərlik elan edib. Azərbaycan Ermənistanı təxribatda suçlayaraq əks-hücum əməliyyatları başlatdığını bəyan edib.

Sentyabrın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi bildirib ki, Ermənistan hökuməti ondan Azərbaycanın “mülki şəxslərə hücumlarını, eləcə də Ermənistan və Dağlıq Qarabağda mülki yaşayış məntəqələrinə doğru irəliləməsini dayandırmaq üçün” təcili təlimatlar versin.

Xatırlatma


Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG