Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 02:58

Reaksiyalar: Erdoğan Ermənistanı ‘Dağlıq Qarabağın işğalına son qoymağa’ çağırıb


Reuters agentliyinin xəbərinə görə Türkiyə prezidenti Recep Tayyip Erdoğan regionda sülhün bərqərar olması naminə Ermənistanı Azərbaycan ərazilərinin işğalına dərhal son qoymağa çağırıb.

“Regionda Dağlıq Qarabağın işğalı ilə başlanmış böhrana son qoyulmaılıdır. Mən bir daha dünən Azərbaycan ərazilərinə hücum etmiş Ermənistanı pisləyirəm. Türkiyə bütün imkanları və ürəyi ilə dost və qardaş Azərbaycanın yanındadır”.

Erdoğan deyib ki, “işğala son qoyulmaması, nəinki ədalətsiz və qanunsuz olacaq, həm də Ermənistanı daha da şıltaq edəcək”.

Türkiyə prezidenti bildirib ki, hazırkı hadisələr bütün nüfuzlu ölkələrə realist və ədalətli həll yolları tapmaq imkanı verir.

Azərbaycan prezidenti BMT-nin baş katibi ilə danışıb

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

AzərTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki vəziyyətindən bəhs edilib.

Bildirildiyinə görə, prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-də Ermənistan Təmas Xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Xəbərə görə, prezident deyib ki, bunun nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olublar.

Məlumata görə, prezident İlham Əliyev deyib ki, münaqişə yalnız beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

“Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu”, - məlumatda habelə yazılıb.

AŞPA həmməruzəçiləri danışıqlara çağırırlar

Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycan üzrə monitorinq həmməruzəçiləri Boriana Åberg (İsveç), Kimmo Kiljunen (Finlandiya), habelə Stefan Schennach (Avstriya) və Roger Gale (Britaniya) Azərbaycan və Ermənistan arasında gedən hərbi əməliyyatlardan ciddi narahat olduqlarını bildiriblər:

“Biz hər iki tərəfdən mülki və hərbçilərin ölümü ilə bağlı verilən xəbərlərdən dərin təəssüf hissi keçiririk”.

AŞPA həmməruzəçilərinin sentaybrın 28-də verdikləri birgə bəyanatda deyilir:

“Biz hər iki tərəfi hərbi əməliyyatları təcili qaydada dayandirmağa, situasiyanı de-eskalasiya etməyə və ATƏT-in Minsk qrupu formatında danışıqlar masasına qayıtmağa çağırırıq. Buna əlavə olaraq biz Avropa Şurasına üzv olan ölkələri regiondakı bu təlatümlü vəziyyətin sabitsizlik və gərginliyinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Biz bir daha bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur”.

Həmməruzəçilər əlavə ediblər ki, AŞPA danışıqların Minsk qrupu formatında bərpa olunmasına parlament müstəvisində dəstək verməyə hazırdır.

Kreml tərəfləri Qarabağda döyüşləri dayandırmağa çağırır

Bu gün – sentyabrın 28-də Kreml Azərbaycanla Ermənistanı Dağlıq Qarabağda gərginliyi daha da artıra biləcək hərbi əməliyyatları dayandırmağa çağırıb, döyüşlərin Moskvanı ciddi narahat etdiyini deyib.

Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Moskva vəziyyəti yaxından izləyir və münaqişə diplomatik yolla həll edilməlidir.

***

ABŞ-ın ATƏT-dəki səfirinin bəyanatı

ABŞ-ın ATƏT-dəki səfiri Ceyms S.Gilmor (James S. Gilmore) da Dövlət Departamentinin münaqişə tərəflərinə çağırışını təkrarlayıb. Departament Ermənistanla Azərbaycanı sentyabrın 27-də əməliyyatlar başlamazdan öncəki mövqelərə qayıtmağa çağırmışdı.

Səfir Gilmor beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyərək hər iki tərəfi dərhal danışıqlar masasına qayıtmağa səsləyib. O, hər iki tərəfin itki verməsindən məyusluğunu bildirib, Ermənistan və Azərbaycanın əməliyyatları dayandırmasının vacibliyini vurğulayıb.

Fransa, Rusiya və Birləşmiş Ştatlar uzun illərdir ATƏT-in Minsk qrupunda həmsədrlik edirlər. Səfir Gilmor bir daha Birləşmiş Ştatların Minsk qrupundakı roluna – Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqliyini vurğulayıb.

Səfir Gilmor Fransa və Rusiyadan həmkarları ilə sıx ünsiyyət saxladığını qeyd edir.

***

Tramp cəbhədə baş verənlərdən danışdı

ABŞ Prezidenti Donald Tramp dünən – sentyabrın 27-də deyib ki, Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacaq.

“Prosesi çox diqqətlə izləyirik. Regionda çox yaxşı münasibətlərimiz var. Görək bunu dayandıra biləcəyikmi”, – Tramp bazar günü axşam mətbuat üçün brifinqdə deyib.

Bazar günü başlamış əməliyyatlarda azı 16 hərbçi və dinc sakinin həlak olduğu xəbər verilir.

***

ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb

Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı münaqişə bölgəsində - Təmas Xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlardan narahatdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus bildirib ki, bu əməliyyatlar nəticəsində dinc sakinlər də daxil əhəmiyyətli sayda itkilər baş verib.

Dövlət Departamentinin sözçüsü həlak olanların ailələrinə başsağlığı verib.

Bu da xəbər verilir ki, dövlət katibinin müavini Stepehen Biegun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun BayramovZohrab Mnasakayana zəng edərək tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına və eskalasiyanın bundan sonra da artmaması məqsədilə mövcud kommunikasiya xətlərindən istifadəyə çağırıb”.

ABŞ dövlət katibinin müavini habelə tərəfləri davakar ritorikadan çəkinməyə çağırıb:

“Biz tərəfləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə işləyərək mümkün qədər tez əsaslı danışıqlara qayıtmağa çağırırıq. ATƏT-in Minks qrupunun üzvü kimi ABŞ tərəflərə sülhə və münaqişənin dayanıqlı çözümünə nail olunmasına dəstək verməyə sadiq qalır”.

Həmsədrlər atəşkəsə çağırırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya Federasiyasından İqor Popov, Fransadan Stephane Visconti və amerikalı Andrew Schofer Azərbaycan və Ermənistan arasıda Təmas Xətti boyunca baş verən toqquşmalarla bağlı bəyanat verib:

“Həmsədrlər Dağlıq Qarabağ münaqişə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlardan narahatdırlar. Biz gücdən istifadə olunmasını və mülkilər də daxil mənasız insan itkilərindən təəsüf bildiririk. Həmsədrlər tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin çözülməsi üçün danışıqların bərpasına çağrırılar”.

Həmsədrlər tərəfləri vəziyyətin stabilləşdirilməsi üçün bütün lazımi tədbirləri görməyə çağırırlar.

Həmsədrlər bildirirlər ki, münaqişənin danışıqlar vasitəsilə əldə olunacaq sülhdən başqa alternativi yoxdur.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG