Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:27

Yaponiyada “super solo mədəniyyəti” yüksəlir


BBC Yaponiyanın yeni nəsli haqda silsilə məqalələr dərc edib. Silsilə “Gen J” adlanır. Bu silsilədən ilk məqalədə deyilir ki, əhalinin sürətlə qocalması, çox sayda xaricinin ölkəyə gəlməsi, robotların çoxalması və ölkənin yeni nəsli Yaponiyanı dəyişdirir.

On il bundan əvvəl yaponların çoxu məktəb, yaxud iş yerinin yeməkxanasında tək yemək yeməyə utanardı. Hətta utandıqlarından yeməklərini ayaqyolunda yeyərdilər. Tənha görünmək heç yaxşı şey sayılmırdı və “benco meşi” ilə nəticələnirdi. “Benco meşi” “tualet naharı” deməkdir. Bu terminin müəllifi Osaka Universitetinin sosiologiya professoru Daisuke Tsuji-dir. O deyir ki, tələbələrin tualetdə yeməsinə səbəb onların tək yeməyi xoşlamaması yox, kənardan tənha görünmək istəməməsi idi.

Eyni zamanda 12-dək müştəri

Bir çox mədəniyyətlərdə tək olmaq pis şey sayılmır. Ancaq Yaponiya belə deyil. Bu ölkədə 125 milyon adam ərazisi Kaliforniyadan kiçik olan dar arxipelaqda yaşayır.

Tokionun gecə həyatı ilə tanınan Şinciku məhəlləsindəki “Hitori” barında çalışan Miki Tateishi də hesab edir ki, Yaponiya çox dəyişir.

2018-ci ilin ortalarında açılan bu bar Yaponiya üçün yeni və qeyri-adi sayılan trendə xidmət edir. Onun müştəriləri içməyə tək gələn insanlardır. Barın işləri yaxşı gedir. Burada insanlar ayaqyolunda gizlənməli olmurlar. Əksinə, tək görünməkdən çox məmnundurlar.

“Elə insanlar var ki, tək olmağı xoşlayır, elələri də var ki, özlərinə yeni icma qurmaq istəyirlər”, - Tateishi deyir. O hesab edir ki, barın “yalnız tək” siyasəti iri qruplardan və daimi müştərilərdən çəkinən potensial qonaqlara kömək edir. Müştərilər rahat mühitdə bir-biri ilə söhbətə başlaya da bilərlər.

Bar eyni zamanda 12-dək müştəriyə xidmət edə bilir. Məkanın darlığı və içkinin bolluğu insanların bir-biri ilə rahat ünsiyyətə girməyinə kömək edir.

“Bir nəfərlik qonaqlıq”

İstehsalat şirkətində çalışan 29 yaşlı Kai Sugiyama hesab edir ki, bu, nadir haldır. “Mənə elə gəlir ki, yaponlar həyatlarını qrup halında yaşayırlar, buna görə də insanlar hər şeyi başqa insanlarla birlikdə etmək istəyirlər. Bizdə nəyisə tək etmək mədəniyyəti çox inkişaf etməyib”, – Kai Sugiyama oturduğu masanın arxasından deyir.

Barın adı, “Hitori”, “bir adam” deməkdir. “Bar Hitori” təklikdə qalmaq istəyən insanlara xidmət etmək üçün dəyişən məkanlardan sadəcə biridir. Bu trend restoran və kafelərdən tutmuş gecə həyatı və səyahətə qədər bir çox sahəni əhatələyir. Yaponlar buna hətta ad da qoyublar: “ohitorisama” hərəkatı. Mənası isə “bir nəfərlik qonaqlıq”dır.

Instagram-da bu sözü yapon dilində həştəq kimi axtarışa versəniz, minlərlə foto çıxacaq: gözəl bir nəfərlik restoran yeməkləri, kinoteatr dəhlizləri, kempinq yerlərində çadırlar, tənha səyahəti əks etdirən nəqliyyat fotoları. Məqalədə deyilir ki, ohitorisamaya eşq elan edənlərin sayı son 18 ayda daha da artıb. Bunu həm xəbərlərdən, həm də sosial mediadan görmək olur.

Yaponiyada “hitori yakiniku” adlı daha bir yeni trend var. Mənası “ət kababı”dır. Yakiniku zamanı bir qrup insan restoran masası arxasında oturur və birlikdə masanın ortasına qoyulmuş manqalda çoxlu miqdarda mal, toyuq və donuz əti qızardırlar. Ancaq ohitorisamada kabab bişirən yeganə adam siz olursunuz.

Təkadamlıq karaoke

Hətta yaponlar sevimli əyləncələri olan karaokeyə də tək getməyə başlayıblar. Bu sahədə çalışan Daiki Yamatani deyir ki, təkadamlıq karaokeyə tələbat cəmi karaoke müştərilərinin 30 - 40%-i qədər artıb. Yaponiyada karaoke məkanlarını hər yerdə görmək olur. Bu məkanlar çox vaxt böyük binalarda yerləşir. Onların bir neçə mərtəbəsi müxtəlif ölçülü özəl karaoke otaqlarından ibarət olur. Ancaq təkadamlıq karaokeyə tələbatın artması ilə sahibkarlar bu otaqları kiçik şəxsi səsyazma studiyalarına bənzər köşklərə bölməli olublar.

Yaponiyada ənənəvi olaraq içki içmək və gecə həyatı dostlar və həmkarlarla birlikdə görülən işlərdir. Yaponlar yeməyi də çox vaxt başqa insanlarla birlikdə yeyirlər. Buna görə də ohitorisama hərəkatı ciddi dəyişiklik deməkdir.

Ancaq Yaponiya ohitorisama fenomeninə yol açan ictimai dəyişikliklərdən keçən yeganə cəmiyyət deyil. Dünyanın bir çox yerində doğum sayı aşağı düşür, insanlar daha gec evlənir, əhali yaşlanır. Bir çox ölkələrdə tək yaşayan insanların sayı sürətlə artır. Londonda yerləşən müstəqil bazar araşdırmaları şirkəti Euromonitor International-ın hesablamalarına görə, 2000 və 2030-cu illər arasında tək adamdan ibarət ev təsərrüfatlarının sayı rekord 128% artacaq.

Tədqiqatçı Kazushisa Arakawa deyir ki, “super solo cəmiyyəti” heç vaxt evlənməyən gənclər və dul qalmış yaşlıların çox olduğu cəmiyyətlərdir və təbii ki, bu, təkcə Yaponiyaya aid deyil. Onun sözlərinə görə, bizneslərin yalnız ailələrə fokuslanması artıq praktik sayılmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG