Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:46

Rusiya və Almaniya birgə maraqlardan danışırlar


Sergei Lavrov (sağda) və Heiko Maas
Sergei Lavrov (sağda) və Heiko Maas

Almaniyanın Xarici işlər naziri Heiko Maas rusiyalı həmkarı Sergei Lavrov-la birlikdə ölkələri arasındakı ziddiyyətlərə baxmayaraq birgə maraqları önə çəkiblər.

Avqustun 11-də Moskvaya səfər edən Maas Berlinin Şimal axını-2 kəmərinin tikintisində maraqlı olduğunu bir daha dilə gətirib. Bu kəmər Rusiyadan təbii qazı Baltik dənizinin dibiylə Almaniyaya daşımalıdır.

Kəmər Ukraynadan yan keçməklə Rusiyadan Almaniyaya birbaşa təbii qaz ixracını ikiqat artıracaq. Kiyevin isə qaz tranziti haqqı formasında milyardlarla dollar itirəcəyi gözlənir.

“Bizim suveren qərarımızdır”

Birləşmiş Ştatlar Şimal axını-2 layihəsinə qarşı çıxır, bu məsələ Berlinlə Vaşinqton arasında mübahisə mənbəyinə çevrilib. ABŞ-ın mövqeyincə, layihə Almaniyanı Rusiya qazından asılı etməklə Avropada təhlükəsizliyə hədə yaradacaq.

ABŞ artıq kəmər üzərində işləyən şirkətlərə sanksiyalar tətbiq edib. Almaniya isə sanksiyaları pisləyib. Tənqidçilərin fikrincə, ABŞ-ın layihəyə qarşı çıxmasının arxasında özünün mayeləşdirilmiş qazını Avropaya satmaq istəyi dayanır.

Maas isə Almaniyanın Vaşinqtonla güclü münasibətlərinin vacibliyini vurğulayıb, ancaq ABŞ-ın yanaşmasını qeyri-münasib adlandırıb. “Tərəfdaşlar arasında sanksiyalar yanlış yoldur və enerjini haradan alacağımız bizim suveren qərarımızdır”, – o deyib.

“Heç bir ölkənin Avropaya enerji siyasətini hədəylə diktə etmək hüququ yoxdur və bu nəticə verməyəcək”, – Maas vurğulayıb.

Ötən həftə Maas ABŞ-ın Dövlət katibi Mike Pompeo ilə telefon söhbətində Vaşinqtonun layihəyə qarşı əlavə sanksiyalarla bağlı hədəsindən narazılıq bildirib.

Lavrov deyib ki, ABŞ-ın layihəni dayandırmaq cəhdlərinə baxmayaraq kəmər ilin sonuna tamamlanacaq.

İkitərəfli məsələlər

Maas Rusiyanın “dünyada bir çox böhran və münaqişələrin” həllində vacib tərəfdaş olduğunu deyib. Ancaq onu da qeyd edib ki, iki ölkə birbaşa ikisinə aid məsələləri müzakirə edə bilməlidirlər. Almaniya bir il qabaq Berlində öldürülmüş çeçen əsilli gürcüstanlının qətlində rusiyalını ittiham edir. Başqa bir rusiyalının isə Almaniya parlamentinə haker hücumunda əli olduğu bildirilir.

Almaniyada Zelimkhan Khangoshvili-nin qətlilə bağlı rusiyalıya ittiham irəli sürülüb. Şübhəlinin Rusiya hakimiyyətinin sifarişi əsasında hərəkət etdiyi bildirilir.

Bu hadisədən sonra Almaniya iki rusiyalı diplomatı ölkədən çıxarıb, istintaqla əməkdaşlıq olunmadığını deyib. Moskva isə insidentdə əli olmadığını, əməkdaşlığa hazır olduğunu vurğulayır.

2015-ci ildə Almaniya parlamentinə haker hücumunda Almaniya rusiyalı Dmitry Badin-i şübhəli bilir. Badin-in Rusiyanın GRU hərbi kəşfiyyatının zabiti olduğu iddia olunur.

Badin ABŞ-da da axtarılır, APT28 adlı haker qrupunun üzvü olduğu güman edilir.

Rusiya Almaniyanın iddialarını “absurd və əsassız” adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG