Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:34

'Tək adam'ın 30 sutka aldığı deyilir


R.Hüseynzadə

«Yanvarın 29-da Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında oğluma apardığım əşyaları qəbul etdilər. Amma özü ilə görüş vermədilər».

Bunu AzadlıqRadiosuna Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək etiraz aksiyası keçirən zaman saxlanan gənc fəal Rafael Hüseynzadənin atası, AXCP üzvü Füzuli Hüseynov bildirib.

F.Hüseynovun deməsinə görə, oradan yanvarın 29-da azadlığa buraxılan şəxslərdən biri ona bildirib ki, oğlu ilə eyni kamerada olub: «Həmin şəxs deyir ki, Rafael 30 sutka inzibati cəza alıb. Bir də, onun qeyd etməsinə görə, deyib ki, saxlandığı zaman fiziki təzyiqə məruz qalmayıb».

Bu deyilənlərə də, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma Nəsimi Rayon Məhkəməsinin saytında R.Hüseynzadə haqqında qısa məlumat yer alıb. Orada qeyd edilir ki, R.Hüseynzadə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham edilib, onun haqqında qərar çıxarılıb. Amma orada onun neçə sutka cəza aldığı qeyd olunmur.

Tək aksiya keçirən gəncdən xəbər var​

«Çətinliklə də olsa, oğlum Rafael Hüseynzadənin Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında olduğunu öyrənə bildim».

Bunu AzadlıqRadiosuna yanvarın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək etiraz aksiyası keçirən zaman saxlanan gənc fəal Rafael Hüseynzadənin atası, AXCP üzvü Füzuli Hüseynov bildirib.

F.Hüseynov deyib ki, bu gün, yanvarın 29-da Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasına yollanıb, amma bundan artıq məlumat öyrənə bilməyib: «Nə vaxt gətiriblər, neçə sutka inzibati həbs verilib, bunu hansı ittihamla əsaslandırıblar - bu barədə nə qədər cəhd etdimsə, informasiya vermədilər».

O əlavə edib ki, saat 14-də yenidən təcridxanaya getmək niyyətindədir, oğluna ərzaq aparmaq istəyir.

F.Hüseynov yanvarın 27-də isə AzadliqRadiosuna demişdi ki, R.Hüseynzadənin yanvarın 26-da Nəsimi Rayon Məhkəməsinə aparıldığı barədə məlumat alıblar, amma əlavə heç nə öyrənə bilməyib.

F.Hüseynovun dediklərinə, hələlik, Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

R.Hüseynzadənin atası F.Hüseynov özü də bir neçə dəfə metro stansiyaları qarşısında «Siyasi məhbuslara azadlıq!» tələbi ilə tək aksiya keçirib. Hər dəfə o, aksiya zamanı saxlanıb və inzibati həbs cəzası alıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

R.Hüseynzadə yanvarın 25-də Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək başına «Siyasi məhbuslara azadlıq!» tələbi ilə aksiya keçirib. Gənc saxlanmazdan əvvəl vurğulayıb ki, hakimiyyət müxalifətə mitinq keçirməyə icazə vermir və bu səbəbdən də o, bu formada öz sözünü deyir.

AXCP-nin daxil olduğu Milli Şura «Siyasi məhbuslara azadlıq!» və başqa şüarlarla yanvarın 26-də Bakıda mitinq keçirmək niyyətində idi. Müsavat Partiyası da aksiyanı dəstəkləyirdi. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq vermədi. Buna səbəb kimi Bakı Şəhər Baş Polis İdarəsinin onlara müraciəti göstərilirdi. Həmin müraciətdə müxalifətin yanvarın 19-da keçirilən aksiyasından sonra ictimai asayişin pozulmasına cəhdlərin olduğu iddia edilirdi.

Milli Şura isə deyilənləri sərbəst toplaşmaq azadlığının boğulmasından ötrü bəhanə sayır.

Multimedia

XS
SM
MD
LG