Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:41

Müsavatçı ev dustaqlığına buraxılmadı


Ə.Sadıqbəyli

Yanvarın 3-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin ev dustaqlığına buraxılması ilə bağlı şikayətə baxıb.

Bu barədə fəalın qardaşı Vasif Sadıqbəyli bildirib. Onun deməsinə görə, məhkəmə şikayəti əsassız sayıb.

Bundan əvvəl Səbail Rayon Məhkəməsi də gənc müsavatçının ev dustaqlığına buraxılması ilə bağlı istəyini təmin etməmişdi. Müdafiə tərəfi elə bu qərardan apelyasiya şikayəti vermişdi.

2018-ci il noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.

İttihama görə, müsavatçı «Nikoilbank»ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, kreditlə aldığı «Niva» avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı Yol polisinə təqdim edərək avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.

Ə.Sadıqbəyli ittihamı qəbul etmir. Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur. Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.

Ancaq rəsmilər ölkədə insanların siyasi əqidəsinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG