Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:55

NİDA: Elgiz Qəhrəman başqa həbsxanaya köçürülüb


E.Qəhrəman

NİDA Vətəndaş Hərəkatından bildirirlər ki, həbsdə olan gənc fəal Elgiz Qəhrəman başqa həbsxanaya köçürülüb.

Bu haqda AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatından Samir Əsədli danışıb.

S.Əsədlinin deməsinə görə, E.Qəhrəman bir neçə gün əvvəl 17 Saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) köçürülüb.

«17 Saylı Cəzaçəkmə Müəssisəsi ciddi rejimli müəssisədir. Elgiz Qəhrəman 14 Saylı CÇM-də karsa (cərimə kamerası-r) salınmışdı. 4 gün soyuq otaqda saxlandığından səhhətində ciddi problemlər yaranmışdı. Onu 10 günə yaxın idi ki, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirmişdilər. Bu günlərdə onu 17 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər», - S.Əsədli bildirib.

Penitensiar Xidmətdən bütün bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Ancaq bir müddət öncə E.Qəhrəmanın əsassız cərimə kamerasına salınması və döyülməsi barədə deyilənlərə rəsmi qurumlardan münasibət alınmışdı. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirmişdi ki, daxili intizam qaydalarını pozan məhkumların cərimə təcridxanasına salınması qanuna uyğun qaydada həyata keçirilir: «Adını çəkdiyiniz məhkum da bizim üçün sıradan bir məhkumdur. Əgər intizam qaydalarını pozursa, ona münasibətdə də qanuna uyğun davranılır...».

E.Qəhrəmanın cəzaçəkmə müəssisəsində fiziki təzyiqlərə məruz qalmasına gəlincə, M.Sadıqov vurğulamışdı ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxlanılan şəxslər döyülmürlər.

Xatırlatma

E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur.

NİDA-çı gənc 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə onun ittiham olunduğu maddəni dəyişib. Gənc fəala CM-in 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik saxlama) maddəsiylə 3 il cəza təyin olunub.

E.Qəhrəman həm özü, həm də NİDA Vətəndaş Hərəkatı bu həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirir.

Multimedia

XS
SM
MD
LG