Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:23

Rüşvətxor məmuru azadlığa buraxır, müxalifətçinin cəzasını ağırlaşdırırlar


Milli məhkəmə. G.Ağayevin karikaturası.
Milli məhkəmə. G.Ağayevin karikaturası.

«12 illik cəza alan adam canını 3-5 illə qurtarırsa, burda hüquq yoxdur», – hüquqşünas Ənnağı Hacıbəyli keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun həbsdən buraxılmasından danışarkən deyir.

V.Ələkbərov 2015-ci ildə MTN ətrafında keçirilən əməliyyat zamanı həbs olunan 20-dən artıq vəzifəli şəxsdən biridir. O, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və başqa maddələriylə təqsirli bilinib və 12 il azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onun 12 illik cəzasını 5 ilə endirmişdi. Bugünlərdə isə V.Ələkbərov azadlığa buraxılıb.

«Rabitə işi» nümunəsi, 13 illik cəza 4 ilə endirilmişdi

Əvvəllər yüksək vəzifə sahibi olmuş, vəzifə saxtakarlığında, külli miqdarda mənimsəmədə, rüşvətdə, korrupsiyada və ya başqa qanun pozuntularında ittiham olunan şəxslərin cəzalarının azaldılması birinci hal deyil. Məsələn, ötən il Rabitə və Yüksək Texnologiya Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun cəzası da 3 dəfə azaldılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov 13 il, «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC-nin direktoru Namazalı Məmmədov 11 il, «Optik Qurğular İdarəsi» MMC-in rəhbəri Emin Məmmədov 10 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, «Azərpoçt»un sabiq direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Ancaq Bakı Apellyasiya Məhkəməsi V.Zeynalovun cəzasını 4 ilə, B.Hüseynovun cəzasını 7 il 6 aya endirmişdi. Q.Bəybalayev, N.Məmmədov, A.Mustafayev və E.Məmmədova 2 il sınaq müddəti ilə şərti cəza verilib məhkəmə zalından azadlığa buraxılmışdılar.

Y.İmanov
Y.İmanov

Siyasi məhbus «yatağını yığmır», amma «büdcəni talayan»...

Hüquqşünas Yalçın İmanov apellyasiya məhkəməsinin nəyə, hansı dəlillərə əsasən V.Ələkbərovun cəzasını azaltmasının və daha sonra azadlığa buraxılmasının detallarını bilmədiyini söyləyir. Amma hesab edir ki, keçmiş məmurların, hüquq-mühafizə orqanları əməkdaşlarının uzun müddət həbsdə saxlanılmaması ilə bağlı tendensiya var: «Vüsal Ələkbərovun cəzasının azaldılmasından sonra vaxtından əvvəl azadlığa buraxılmasını da bu tendensiyanın tərkibi saymaq olar».

Y.İmanov sual edir: «Maraqlıdır, nəyə görə siyasi məhbus hesab olunan şəxslər vaxtından əvvəl buraxılmaları üçün dəfələrlə müraciət etsələr də, məhkəmə təmin etmir? Formal əsas gətirilir: «yataqlarını yığmır», «islah olunmağa meylli deyil» və s. Heç bir şəffaf olmayan, ictimaiyyətin sonradan əldə etdiyi məlumatdan aydın olur ki, çox ağır ittihamlarla həbs olunan... keçmiş məmurların, hüquq-mühafizə orqanları əməkdaşlarının cəzası isə şübhəli şəkildə həm yüngülləşdirilir, həm də vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciətləri təmin edilir. Bu, göz önündə olan ayrıseçkilikdir və burda hüquqdan, qanundankənar sövdələşmələr gedə biləcəyini düşünməyə əsas verir».

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü məhkəməyə müraciət etmişdi. İyulun 19-da Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev ona «yox» cavabı vermişdi. 16 Saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Emin Əbdürrəhmanov gənc fəalı xarakterizə edərkən onun hələ tam islah olunmadığını bildirmişdi: «Müəssisənin ictimai həyatında aktiv iştirak etmir, özünə qapanır, az ünsiyyətdə olur, yatağını səliqəsiz yığır…».

O.Gülalıyev
O.Gülalıyev

«Təzə ənənə deyil»

«Hakimiyyət onunla birgə çalışmış, onunla birgə cinayətlərə yol vermiş, korrupsiyayla məşğul olmuş, büdcə talançılığında iştirak etmiş şəxsləri bir və ya bir neçə il həbsdə saxlayıb azadlığa buraxır. Amma siyasi motivlərlə həbs edilən şəxsə münasibətdə humanizm arxa plana keçir, onlara kəskin münasibət göstərilir. Elə bugünlərdə Məmməd İbrahimə qarşı bunun şahidi olduq. Siyasi məhbuslar etmədikləri cinayətin cəzasını çəkir, hətta müddət bitəndən sonra da azadlığa çıxmalarına imkan verilmir. Təzə ənənə deyil», – hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir.

AXCP-nin Rəyasət Heyətinin üzvü olan M.İbrahim həbsdən çıxmasına çox az qalmış rəsmi qurumlar onun yatağından bıçaq tiyəsi tapıldığı iddia ediblər. Ona qarşı CM-in 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçib. M.İbrahim yenidən 6 aya qədər azadlıqdan məhrum edilə bilər. O, əvvəlki ittihamı da qəbul etmirdi. Fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahim 3 il azadlıqdan məhrum edilmişdi.

Ə.Hacıbəyli
Ə.Hacıbəyli

«Hakimiyyət balalarını qoruyur»

O.Gülalıyevin qənaətincə, hakimiyyət siyasi baxışına, tənqidi mövqeyinə görə həbs edilən şəxslərə qarşı «çox amansızdır».

«Hakimiyyət öz balalarını, yetirmələrini qanadı altına alaraq qorumağa çalışır, onları əfv edir, cəzasını yüngülləşdirir. Biz bunu Gülər Əhmədovanın timsalında gördük. Böyük vəzifə saxtakarlığından, sui-istifadədən söhbət getsə də, o, bir il həbsdə qaldı. Bu, ədalətli yanaşma deyil, hakimiyyət qisasçılıq siyasəti aparır. Siyasi məhbuslar azad olunmalı, büdcəni talayanlar, vəzifə saxtakarlığında və digər dövləti cinayətlərdə iştirak edənlər layiqli cəzalarını almalıdırlar ki, başqalarına görk olsun», – hüquq müdafiəçisi söyləyir.

Hüquqşünas Ənnağı Hacıbəyli bu ayrıseçkiliyi ölkədə ədalət mühakiməsinin olmaması ilə izah edir: «Bütün məmurlardan qərarlar sifarişlə qəbul olunur: «Korrupsioneri, dövləti dağıdanı, rüşvətxoru tut, sabah burax. Müxalifətçini tut və buraxma». Burda hansı hüquqdan, ədalət mühakiməsindən danışmaq olar? Normal məhkəmə sistemi olmalıdır, hakim müstəqil olmalıdır. Dərinə gedəndə bu, ölkədəki idarəçilik üsulundan qaynaqlanır».

Azərbaycanda rəsmilər siyasi məhbus olmadığını, hər kəsin törətdiyi əmələ görə cəzalandırıldığını bildirirlər.

F.Mustafa
F.Mustafa

Deputat: «Ola bilsin, ümumi kampaniya zamanı həbs ediliblər»

«Bu, ayrı-ayrı, fərdi hallardır», – Parlamentin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa söyləyir və məhkum edilmiş keçmiş məmurlara qarşı fərqli yanaşma haqda tənqidlərlə razılaşmır: «Ola bilsin, bəzi adamlar, Milli Təhlükəsizlik Nazirliyi və ya Rabitə Nazirliyi işinə görə həbs edilən adamların bir qismi subyektiv meyarlarla və ya ümumi kampaniya içində həbs ediliblər. Mən Milli Məclisdə də məsələni qaldırdım ki, məmur nazirin tapşırığını yerinə yetirib. Yerinə yetirməsə, işdən çıxarılacaqdı, məmuru qoruyan mexanizm yoxdur».

Deputat belə kütləvi həbslər zamanı bəzi şəxslərin saxlanmasının hüquqi əsaslarının da mübahisə doğura biləcəyini düşünür.

«Bu baxımdan belə hallarla bağlı fikir söyləməkdə çətinlik çəkirəm. Ola bilsin, sonradan aşkarlanan faktlar əsasında onun əməlində ciddi qanun pozuntusu olmadığı üzə çıxıb», – deputat V.Ələkbərovun azad edilməsi səbəbindən danışarkən belə güman edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG