Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:07

Orxan Baxışlının məhkəməsinə valideynləri də buraxılmadı


O.Baxışlı

AXCP Gənclər Komitəsi Ali Məclisinin üzvü Orxan Baxışlının məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Avqustun 14-də məhkəmənin hazırlıq iclası keçirilib. İclas faktiki qapalı şəraitdə baş tutub. Məhkəməni izləməyə onlarla adam gəlsə də, heç kimi, hətta O.Baxışlının valideynlərini belə, prosesə buraxmayıblar.

Hazırlıq iclasında O.Baxışlının vəkili Elçin Sadıqov bir neçə vəsatət qaldırıb. O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət işinə xitam verilməsini, həbs-qətimkan tədbirinin dəyişdirilərək onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil qeyd edib ki, O.Baxışlının işində hal şahidi kimi adı keçən, onun cibindən narkotik çıxdığını iddia edən adamların özləri narkotikə görə məhkum olunmuş şəxslərdir. Onlar başqa cinayət işlərində də hal şahidi kimi iştirak ediblər.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Məhkəmə baxışı avqustun 24-nə təyin olunub.

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirildiyini bildirib.

Multimedia

XS
SM
MD
LG