Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 00:46

Milli Şura və Müsavat Partiyasının birgə mitinqinin təşkilatçıları bu gün, aprelin 13-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Bu haqda AzadlıqRadiosuna Milli Şuranın Koordinasiya Mərkəzinin təmsilçisi Vahid Məhərrəmli məlumat verib. Onun deməsinə görə, təşkilatçılar idarə rəisinin müavini Səhlab Bağırov və Baş Prokurorluğun baş müşaviri Mehman Qocayevlə görüşüblər: «Həmişəki kimi, yəni, bu mitinqdən öncə də olmuş mitinqlərdəki kimi, qanun pozuntularına yol verilməməsi xəbərdarlığı edildi. Buna görə məsuliyyət daşımağımız nəzərə çatdırıldı».

V.Məhərrəmli deyib ki, qısa görüşdən sonra idarədən çıxıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini S.Bağırov APA agentliyinə açıqlamasında isə baş verənləri belə izah edib: «Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar».

Aksiyanın təşkilatçıları isə bildirirlər ki, onlar da qanunları pozmaqda yox, sivil mübarizədə maraqlıdırlar.

Milli Şura və Müsavat Partiyası aprelin 14-də mitinq keçirmək niyyətindədir. Artıq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) aksiyaya razılıq verib.

Təşkilatçıların bildirməsinə görə, mitinqin əsas şüarı «Xalqın seçki hüququnu özünə qaytar!» olmalıdır. Bundan başqa, prezident seçkisinin nəticələri ilə bağlı şüarların da səsləndiriləcəyi gözlənir.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycanda bu prezident seçkisi hazırkı dövlət başçısı İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Hələ seçki günü gecə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirmişdi ki, artıq səslərin 90 faizindən çox sayılıb. Sayılan bülletenlərə əsasən, İ.Əliyev 86 faizlə liderdir. Daha sonra Zahid Orucun 3.11, Qüdrət Həsənquliyevin 3.04, Sərdar Cəlaloğlunun 3.02, Hafiz Hacıyevin 1.51, Araz Əlizadənin 1.39, Fərəc Quliyevin 1.18, Razi Nurullayevin isə 0.75 faiz səs topladığı bildirilib.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT DTİHB-nin müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı hesabatda isə Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG