Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 11:57

Azərbaycan Vyana sazişinin uzadılmasını dəstəkləyir


Xəzərdə neft platforması

Bu gün, noyabrın 30-u Vyanada OPEC-ə üzv və kartelə daxil olmayan ölkə təmsilçilərinin görüşü keçirilməlidir. Görüşdə neft hasilatının azaldılması ilə bağlı razılaşmanın nəticələri, perspektivlər müzakirə edilməlidir.

Görüşdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

Energetika Nazirliyi bildirir ki, OPEC və qeyri-OPEC dövlətləri nazirlərinin sayca üçüncü iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair təqdimat, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, yeni təkliflərin müzakirəsi nəzərdə tutulur.

Nazirlik vurğulayır ki, Azərbaycan bugünədək neft hasilatının azaldılmasını nəzərdə tutan Vyana sazişinə sadiq olub.

«Ölkə üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma əvəzində 2017-ci ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barrel təşkil edib»,- nazirliyin məlumatında bildirilir.

Hazırda Vyanada olan energetika naziri P.Şahbazov AZƏRTAC-a açıqlamasında görüşdən gözləntilər barədə danışıb. Nazir neft hasilatının azaldılması haqqında razılaşmanın doğru qərar olduğunu ifadə edib.

«Razılaşmaya qoşulan dövlətlərin sayı nə qədər çox olarsa...»

«Bir il ərzində aparılan müşahidələr və əldə olunan nəticələr göstərir ki, hasilatın azaldılmasına dair razılaşma çox vaxtında qəbul edilmiş bir qərardır. Bu gün də hasilatın azaldılmasına dair razılaşmanın nəticələrinin dünya bazarlarına təsirini görmək mümkündür. Ötən dövr ərzində dünya bazarlarında xam neftin qiyməti müəyyən yüksəlişə nail olub və bu meyl davam etməkdədir. Eyni zamanda, «qara qızıl»ın satış qiyməti də sabitləşib və dünya bazarlarında rezervlər yarıyadək azalıb», - deyən nazir razılaşmanın gələcəkdə də davam etdirilə biləcəyini qeyd edib:

«Bu mövqe, eyni zamanda, bu gün keçiriləcək görüşdə iştirak edən bir çox ölkələrin mövqeyi ilə üst-üstə düşür və yaxın gələcəkdə bu təşəbbüsə yeni dövlətlərin də qoşulması ehtimalı böyükdür. Bu razılaşmaya qoşulan dövlətlərin sayı nə qədər çox olarsa, həmin razılaşmanın səmərəsi və məhsuldarlığı bir o qədər yüksək olacaq».

Azərbaycanın mövqeyinə toxunan energetika naziri qeyd edib ki, görüşdə ümumi fikir əldə olunduğu təqdirdə onlar da bu prosesi dəstəkləyəcək.

XATIRLATMA

OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş altı aylıq bağlanıb. Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə sazişə imza atıb.

Mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb. Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda Azərbaycan neftinin bir barreli 66 dollara satılır. İlin əvvəlində isə bu, 50 dollar civarında dəyişirdi.

Saziş bu günlərdə başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG