Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:15

Azərbaycan xəbərləri

E.Rüstəmov: 'Manat fevraldan 11.5 faiz möhkəmlənib'

Elman Rüstəmov
Elman Rüstəmov

«Profisitli tədiyə balansı şəraitində valyuta bazarında manatın məzənnəsi sabitləşib».

Bunu bugün, noyabrın 21-i Milli Məclisin iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun bildirməsinə görə, manat ilin əvvəlindən 4, fevral ayının sonundan isə 11.5 faiz möhkəmlənib.

E.Rüstəmov vurğulayıb ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub:

«Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro- və mikro risklərin reallaşmasına yol açardı. Mikroiqtisadi baxımdan rəqabət qabiliyyətinin aşağı düşməsi, makroiqtisadi baxımdan isə tədiyə balansının pisləşməsi, idxalın artması, xarici yeni şoklara qarşı həssaslığın yüksəlməsini qeyd etmək olar. Həyata keçirilən makroiqtisadi yenidən balanslaşma neft gəlirlərindən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi pik ilindəkindən 3 dəfə azalıb və ölkənin strateji valyuta ehtiyatlarına həm nisbi, həm də mütləq qənaət edilib».

Hazırda 1 dollar 1.7002 manat dəyərindədir. Bu ilin əvvəlindən isə inflyasiyanın 14 faizə çatdığı bildirilir. Rəsmi olaraq təkcə ərzaq mallarının 18 faizə qədər bahalaşdığı açıqlanıb.

Bütün xəbərləri izləyin

Afiəddin Məmmədov səhhətindən şikayət edir

Afiəddin Məmmədov
Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun sağlamlığında problem yarandığı bildirilir.

Vəkil Zibeydə Sadıqova bildirib ki, A.Məmmədov sümüklərin və bədənin sağ tərəfinin kəskin ağrılarından şikayət edir: "Afiəddin deyir ki, bununla bağlı artıq iki həftədir həkim müayinəsi və müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etsə də, müraciətə baxılmır".

A.Məmmədov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

A.Məmmədov bu il sentyabrın 20-də həbs olunub. Ona qarşı CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

A.Məmmədov özünü təqsirli bilmir və həbsini fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, hüquq-müdafiə fəaliyyətinə görə ölkədə hər hansı təzyiqlər yoxdur.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü - Elvin MustafayevAyxan İsrafilov da həbsdədir. Onlara qarşı CM-nin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama - küllü miqdarda) maddəsi ilə cinayət işi açıldığı deyilir. Onların da ittihamları qəbul etmədikləri bildirilir.

Mingəçevirdə zəlzələ olub

Bugün, noyabrın 29-da Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 19:50-də qeydə alınıb.

Məlumatda deyilir ki, “zəlzələ Mingəçevir, Gəncə, Yevlax , Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub”.

Hələlik, dağıntı və təlafat haqqında məlumat verilmir.

AXCP üzvü saxlanıb

Elnur Həsənov
Elnur Həsənov

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Turan"a Elnur Həsənovun saxlanılması ilə bağlı xəbəri təsdiqləyiblər. Qurumdan qeyd edilib ki, araşdırma aparılır, amma əlavə məlumat verilməyib.

+++

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Həsənov noyabrın 28-də saxlanılıb.

Bu barədə partiyadan məlumat verilib.

Məlumata görə, E.Həsənovu günorta saatlarında Bakıda avtomobil ehtiyat hissələri dükanında mülki geyimli şəxslər tutaraq aparıblar.

Vurğulanıb ki, fəal son vaxtlar sosial şəbəkələrdə Dövlət Yol Polisinin fəaliyyətini kəskin tənqid edirdi və saxlanmanın səbəbi bu ola bilər.

E.Həsənov bu ilin əvvəlində xuliqanlıq və polisə tabe olmamaqda ittiham edilərək 30 sutka həbs cəzası almışdı. Onda onun ittihamla razılaşmadığından bir neçə gün aclıq aksiyası da keçirildiyi bildirilmişdi.

Müxalifətdə olan AXCP-nin hazırda beşədək üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. AXCP onların siyasi sifarişlə şərləndiyini bildirir. Amma rəsmilər ölkədə siyasi həbslərin olmadığını deyirlər.

Qarabağ Universiteti yaradılır

İ.Əliyev
İ.Əliyev

Xankəndidə Qarabağ Universiteti yaradılıb.

Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

+++

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Hazırda Xankəndi və Qarabağın digər ərazisində az sayda əhali qaldığı bildirilir.

Rza Səfərsoy həbs edilib

Rza Səfərsoy
Rza Səfərsoy

ALÖV Partiyasının sədri, Qarabağ müharibəsinin keçmiş iştirakçısı Rza Səfərsoy həbs olunub. Onun barəsində CM-in 228-ci (Qanunsuz olaraq silah..., partlayıcı maddələr... əldə etmə,.. satma) maddəsi ilə cinayət işi qaldırılıb.

Yaxınları R.Səfərsoyun həbsini onun tənqidi çıxışları ilə əlaqələndiriblər. Onların sözlərinə görə, R.Səfərsoy noyabrın 25-də saxlanıb, daha sonra isə Binə qəsəbəsindəki evində axtarış aparılıb: "Heç bir sənədləşmə aparılmadan Rza bəyə məxsus kompüter, mobil telefon götürülüb. Daha sonra özü Xəzər rayon Polis İdarəsinə aparılıb".

"Turan"ın xəbərinə görə, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev R.Səfərsoya qarşı qeyd olunan maddə ilə cinayət işi açıldığını təsdiqləyib.

Xatırlatma

R.Səfərsoy 2018-ci ildə Facebook səhifəsində bəzi statuslarına görə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələri ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmişdi. O, hökmdən apellyasiya şikayəti verərək bəraət istəmişdi. 2019-cu il fevralın 11-də şikayət qismən təmin olunub, R.Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. O, həmin gün cəza müddəti tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılmışdı. R.Səfərsoy ittihamı qəbul etmirdi.

ALÖV Partiyası dövlət qeydiyyatına alınmayıb.

ABŞ səfirliyi Bakıda tədbirlərini təxirə salmasına münasibət bildirdi

ABŞ-Azərbaycan münasibətlərində soyuqluq müşahidə edilir.
ABŞ-Azərbaycan münasibətlərində soyuqluq müşahidə edilir.

Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyi bu ölkənin universitetlərinin məzunları ilə noyabrın 27-də Bakıda "Marriott Absheron" otelində keçirilməsi planlaşdırılan görüşü təxirə salıb.

Bu, BakuTV, Qafqazinfo saytında bu görüşlə bağlı bir sıra iddiaların yer aldığı məlumatların yayılmasından sonra baş verib. Həmin iddialarda tədbir "ABŞ-nin Bakıdakı agenturası ilə görüşü" kimi təqdim edilirdi.

Bundan əvvəl ABŞ və Azərbaycan münasibətlərində Qarabağ məsələsi ilə bağlı müəyyən soyuqluq müşahidə edilib. Ardınca da hökumət, ona yaxın kütləvi informasiya vasitələrində ABŞ əleyhinə yazılar, süjetlər hazırlanıb.

Son ittiham və görüşə münasibət bildirən ABŞ səfirliyi Turan-ın sorğusuna belə cavab verib: "Səfirlik iki qabaqcıl təhsil və mədəni mübadilə proqramımızın yubileylərini qeyd etməyi, həmçinin ABŞ-da təhsil almış məzunlardan ibarət Azərbaycan icmasının nailiyyətlərini, onların öz icmalarına töhfələrini vurğulamağı səbirsizliklə gözləyirdi. Bu yubileylər səfirliyin illik məzunlar tədbirini bu il daha da xüsusi edib. Tədbirdə hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla müxtəlif təbəqələrdən olan 400-dən çox qonağın iştirakı gözlənilirdi. Tezliklə yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik".

Son illər ABŞ-da təhsil alan Azərbaycan vətəndaşlarının sayı artır.

2022-2023-cü tədris ilində ABŞ-da Azərbaycandan gedən 901 gənc təhsil alır. ABŞ səfirliyinin məlumatına görə, bu, əvvəlki illə müqayisədə 23.8 faiz çoxdur.

ABŞ-da təhsil almış və almaqda olanların bir çoxu Azərbaycan hökumətinin dəstəyi ilə ora gediblər.

ABŞ-da pulsuz təhsil almağın bir yolu da budur
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Viktor Orban Azərbaycana gəlib

Viktor Orban
Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycana gəlib.

O, noyabrın 25-də Bakıda keçiriləcək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etməlidir.

Konfransdan əvvəl Orban Azərbaycan prezidenti ilə ikitərəfli danışıqlar da aparmalıdır.

SPECA 1998-ci ildə yaradılıb. Ona üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır.

Proqramın məqsədinin üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsi olduğu açıqlanıb.

update

'Dərnəgül' taxta bazarında yanğının qarşısı alınıb, ölən var [video]

'Dərnəgül' taxta bazarında yanğın
'Dərnəgül' taxta bazarında yanğın

Yanğının qarşısı alınıb

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş verən yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.

Bu barədə noyabrın 23-də, günorta saatlarına Fövqəladə Hallar Nazirliyindən bildiriblər:

“Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir”,məlumatda vurğulanır.

***

"...hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub. Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində CM-in 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb", - Baş Prokurorluğun məlumatında bildirilir.

+++

Noyabrın 23-ü səhər saatlarında Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, "Havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Turan"a bildirilib ki, yanğın zamanı bir nəfər həlak olub.

Hələlik, yanğının səbəbi açıqlanmır.

Azərbaycan və Ermənistanın sərhəd komissiyaları görüşəcək

Ermənistan / Azərbaycan
Ermənistan / Azərbaycan

Sərhəddə görüşü Azərbaycan da təsdiq edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də noyabrın 30-da sərhəddə Ermənistanla delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Ermənistan və Azərbaycan sərhəd delimitasiyası və demarkasiyası komissiyaları noyabrın 30-da iki ölkənin dövlət sərhədində görüşməyi planlaşdırır. Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) noyabrın 23-də yaydığı məlumatda bu barədə ilkin razılaşma əldə olunduğunu bildirib.

Azərbaycan XİN noyabrın 21-də Ermənistanla "qarşılıqlı məqbul" məkanda birbaşa danışıqlara çağırmışdı. Yerevan buna cavabında Bakı ilə danışıqları yenidən aparmağa hazır olduğunu təsdiqləyib, amma ən yüksək səviyyədə birbaşa danışıqlar məsələsinə toxunmayıb.

Sərhəd komissiyalarına Azərbaycan və Ermənistanın baş nazir müavinləri – Şahin Mustafayev Mher Qriqoryan başçılıq edirlər. Komissiyaların ilk görüşü 2022-ci ilin mayında, ikinci görüşsə bu ilin iyulunda keçirilib.

Yerevan Aİ vasitəçiliyinə 'meyllidir'

Yerevan hələ də iki ölkənin liderləri səviyyəsində danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparmağa meyllidir. Bunu Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdəki müttəfiqi AzadlıqRadiosunun erməni xidmətinə deyib. Hökumətyönlü "Mülki müqavilə" fraksiyasını təmsil edən Sarkis Xandanyanın sözlərinə görə, belə danışıqlar Ermənistan-Azərbaycan normallaşmasının əsas prinsiplərinə əsaslanmalıdır. Bu prinsiplərə ərazi bütövlüyü və sərhədlərin 1991-ci il Almatı deklarasiyası əsasında qarşılıqlı tanınması, dövlətlərin öz ərazilərindən keçən nəqliyyat əlaqələri üzərində suveren yurisdiksiyası daxildir.

Sentyabrın ortasında Qarabağa nəzarətin bərpa olunması ilə nəticələnən birgünlük əməliyyatdan sonra Azərbaycanla Ermənistan arasında Qərb platformasına danışıq baş tutmayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

Bərdədə evin döşəməsi çöküb, ölən və yaralananlar var

İllüstrativ foto
İllüstrativ foto

Noyabrın 23-də Bərdə rayonunda yas mərasimi keçirilən evin döşəməsinin çökdüyü, nəticədə ölən və xəsarət alanların olduğu bildirilir.

Verilən məlumatlara görə, evin ikinci mərtəbəsinin döşəməsi ağırlığa dözmədiyindən çöküb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Turan” Agentliyinə bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq rayon mərkəzi xəstəxanasına 23 nəfər yerləşdirilib.

Vurğulanıb ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb: "Digər şəxslərin ümumi müayinələri davam etdirilir. Əlavə məlumat veriləcək".

Hələlik, evin sahibi və xəsarət alanların yaxınları ilə danışmaq mümkün olmayıb

Vəkillər Britaniyadan gələn nazirlə görüşüblər

Leo Dokerti
Leo Dokerti

Noyabrın 22-də bir qrup vətəndaş cəmiyyəti nümayəndələri Bakıda Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti (Leo Docherty) ilə görüşüblər.

Görüşdə hüquq müdafiəçisi Rəsul Cəfərov, iqtisadçı Zöhrab İsmayıl, vəkillər Zibeydə Sadıqova, Bəhruz Bayramov və həbsdə olan iqtisadçı Qubad İbadoğlunun qardaşı Qalib Toğrul iştirak ediblər.

Z.İsmayıl bildirib ki, görüş zamanı Azərbaycanda insan hüquqların vəziyyəti, həbsdə olan iqtisadçı alim Q.İbadoğlunun durumu, AbzasMedia-nın rəhbərlərinin həbsi müzakirə edilib.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimi Q.İbadoğlu ilə bağlı son vaxtlar Britaniya mətbu orqanlarında bir neçə müdafiə xarakterli yazılar dərc edilib.

Qubad İbadoğlunun qardaşı: "İnanıram ki..."

Qalib Toğrul isə AzadlıqRadiosuna bildirib ki, Böyük Britaniya həbsdə olan ADR sədri, qardaşı Q.İbadoğlunun azadlığa çıxması üçün ABŞ-la bir yerdə ən böyük iş aparan ölkələrindən biridir: "Mən inanıram ki, Böyük Britaniyanın Avropa üzrə məsələlər nazirinin Azərbaycana gəlişi və bütün rəsmi görüşlərdə Qubad İbadoğlunun məsələsinin qaldırılması onun azadlığa çıxmasına töhfə verəcək".

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Q.İbadoğlu bu ilin iyulunda həbs edilib. Ona CM-in 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və başqa maddələri ilə ittiham irəli sürülüb. O, ittihamı qəbul etmir.

AbzasMedia-nın bu həftə həbs edilən rəhbərləri isə qaçaqmalçılıqda ittiham edilir. Onlar da ittihamı qəbul etmir və bunu peşə fəaliyyətlərinə basqı kimi dəyərləndirirlər.

İctimai fəalın saxlandığı ehtimal edilir

Məhəmməd Kekalov
Məhəmməd Kekalov

Noyabrın 20-i səhər saatlarından bəri, ictimai fəal Məhəmməd Kekalovdan yaxınlarının məlumat ala bilmədikləri deyilir.

Onu noyabrın 20-də mülki geyimli şəxslərin Bakıdakı evlərindən apardıqları bildirilir. Yaxınlarının sözlərinə görə, aparılarkən onun şəxsi əşyaları, o cümlədən kompüteri götürülüb.

Hələlik, məsələyə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xocalı faciəsi ilə bağlı daha bir şəxsin həbs edildiyi deyilir

Raşid Beqlaryan
Raşid Beqlaryan

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xocalı faciəsinin daha bir iştirakçısının həbs edildiyini bildirir.

Xidmətin bununla bağlı noyabrın 20-də yaydığı məlumatda həmin şəxsin Raşid Beqlaryan olduğu bildirilir.

O, Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış əsirlərə və başqa şəxslərə işgəncə verməkdə şübhəli sayılır: "Beqlaryan Raşid Aramayisi Azərbaycan Cinayət Məcəlləsinin 112 (Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (İşgəncə), 115.2 (Müharibə qanunlarını pozma), 279.1(Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) və 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunaraq həbs edilib. İşgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb".

Hələlik, ittihamlara onun və vəkillərinin ayrılıqda münasibətlərini öyrənmək mümkün olmayıb.

Madat Babayan
Madat Babayan

Azərbaycan Xocalı faciəsi ilə bağlı araşdırma aparır

1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi ilə bağlı yeni məlumatlar araşdırılır.

Bunu noyabrın 2-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlayıb.

DTX bildirir ki, bu ilin sentyabrında keçirilmiş "lokal xarakterli antiterror tədbirləri" nəticəsində terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Madat Babayan Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində saxlanıb.

"İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı, həmçinin bildirib ki, 1992-ci ilin fevralında Xocalı faciəsinin törədilməsində iştirakçı olub... Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib", - məlumatda vurğulanır.

M.Babayanın, habelə vəkilinin rəsmi açıqlamaya münasibəti bəlli deyil.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 31 il öncə baş verən Xocalı faciəsi zamanı 613 nəfər öldürülüb, 1275 insan əsir və girov götürülüb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

İraq prezidenti Azərbaycanda səfərdədir

İraq prezidenti Azərbaycanda
İraq prezidenti Azərbaycanda

İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib.

İraqın lideri Əbdüllətif Camal Rəşidi hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.

Əbdüllətif Camal Rəşidinin yaxın zamanda Azərbaycan prezidenti İlham Əliyevlə də görüşəcəyi gözlənilir.

Mədət Quliyev TŞ katibinin müavini, Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub

soldakı Mədət Quliyev və sağdakı Vüqar Mustafayev
soldakı Mədət Quliyev və sağdakı Vüqar Mustafayev

Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncam ilə Vüqar Mustafayev Mədət Quliyevin əvəzinə müdafiə sənayesi naziri təyin olunub. Qeyd edək ki, Vüqar Musatafayev buna qədər müdafiə sənayesi nazirinin müavini vəzifəsini icra edib.

Prezidentin rəsmi internet saytında dərc olunan başqa bir sərəncamda isə Mədət Quliyevin Təhlükəsizlik Şurası katibinin müavini təyin olunduğu qeyd olunur.

Mədət Quliyev müdafiə sənayesi nazirliyinə qədər DTX-nın rəisi, Penitensiar Xidmətin rəhbəri kimi vəzifələrdə çalışıb.

İctimai fəal sərbəst buraxılıb, amma polisdən şikayətçidir

Cəlil Zabidov
Cəlil Zabidov

Noyabrın 17-də səhər saatlarında Azərbaycanın Yardımlı rayonunda saxlandığı deyilən Cəlil Zabidov və onun qohumlarının axşam saatlarında sərbəst buraxıldığı bildirilir.
Zabidov özü AzadlıqRadiosuna bildirib ki, noyabrın 17-də səhər o, oğlu, qardaşı və qardaşı oğlu ilə birgə saxlanıb:

“Hərdən Yardımlı şəhərinin mərkəzinə gedirəm, orada yol boyu maşınımdan göyərti və tərəvəz satıram. Orada başqa insanlar da ticarət edir. Bugün, noyabrın 17-də səhər qardaşımla ora gedəndə bizi saxladılar. Üstəlik, azyaşlı olan oğlum və qardaşım oğlu da saxlandı. Onlar bizimlə birlikdə mərkəzə dərs hazırlığına gedirdilər”.

Onun sözlərinə görə, “formal olaraq” saxlanılmasının səbəbi “qanunsuz küçə ticarəti” ilə izah edilib.

“İnsanları nə vaxtdan xırda ticarətə görə saxlamağa başlayıblar? Azyaşlı uşaqların saxlanması tamamilə qanunsuzdur” - deyə Zabidov vurğulayıb və əlavə iddia edib ki, polisdə onun telefonu sındırılıb.

Rayon prokurorluğuna...

O dediyinə görə, protokolu imzalamaqdan imtina edib və şöbəni tərk edərək polisin hərəkətindən şikayət etmək üçün rayon prokurorluğuna gedib.
Zabidov hesab edir ki, saxlanılmasının əsl səbəbi sosial şəbəkələrdəki fəaliyyəti olub.
O qeyd edib ki, saxlandığı ərəfədə Masallı rayonunda intihar etdiyi bildirilən müharibə veteranının fotosunu paylaşıb.

Bundan əlavə, o, dövlətin bayraq meydanlarının tikintisinə böyük məbləğlərin xərcləməsini tənqid edən video yayıb. Videoda, bu vəsaitlərin gənclərin təhsilinə yönəldilməsinin zəruriliyi qeyd edilib.

Cəlil Zabidovun dediklərinə Daxili İşlər Nazirliyi və Baş Parokurorluqdan, hələlik, münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl

İctimai fəal Cəlil Zabidovun ailə üzvləri ilə birlikdə Yardımlı rayon Polis Şöbəsinə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, noyabrın 17-də səhər saatlarında Yardımlı rayonunun mərkəzində polis əməkdaşları C.Zabidovu zorla avtomobilə mindirərək aparıblar: "Qardaşını da aparıblar. Cəlilin qardaşı oğlu hazırlığa gedirdi. Onu da maşına mindirib aparıblar".

Fəalın yaxınlarının fikrincə, bu, onun sosial şəbəkələrdə məmurlarla bağlı yazdığı tənqidli fikirlərlə bağlıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Turan"a bildirilib ki, C.Zabidov qardaşı ilə birlikdə qanunsuz küçə ticarəti ilə əlaqədar polis şöbəsinə dəvət ediliblər: "Əməllərinə uyğun olaraq inzibati protokol tərtib edildikdən sonra buraxılacaqlar".

İctimai fəal C.Zabidov buna qədər bir neçə dəfə həbs də edilib. Sonuncu belə olay ötən ilin yanvarında olmuşdu. Onda Zabidov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka inzibati həbs cəzası almışdı.

Bir dönəm müəllim işləyən C.Zabidov 2020-ci ilin mayında isə Yardımlı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 5 ay həbsə məhkum edilmişdi. Zabidov Yardımlı sakinlərindən birinə qarşı xuliqanlıqda günahlandırılmışdı. Həbsindən öncə o, sosial şəbəkələrdə və müxtəlif internet kanallarında Yardımlıda problem saydığı məsələlərdən bəhs edirdi. C.Zabidov materialları daha çox Facebook-dakı "Korrupsiyaya yox de" səhifəsində yayımlayırdı.

Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim tənqidi mövqeyi və dinc siyasi fəaliyyətinə görə təqib edilmir.

Mingəçevirdə 6 məktəblinin hepatitə yoluxduğu ehtimal edilir

Təcili yardım. Foto arxiv.
Təcili yardım. Foto arxiv.

Mingəçevir şəhərində şagirdlərin kütləvi hepatit xəstəliyinə yoluxduğu ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a bildirilib ki, dördü oğlan, ikisi qız olmaqla, altı nəfər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib: "Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib".

Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə deyilib ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, uşaqlar noyabrın 16-da axşam saatlarında Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə çatdırılıb və səhhətləri orta stabil olaraq qiymətləndirilir.

Hələlik, uşaqların yaxınları ilə isə danışmaq mümkün olmayıb.

'Meydan hərəkatı'ndan 35 il keçir

Bakıda Lenin meydanında mitinq. 1989
Bakıda Lenin meydanında mitinq. 1989

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir.

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağla bağlı Azərbaycan SSR-ə SSRİ daxilində ərazi iddialarına etiraz olaraq mitinqlər başlayıb.

Az vaxt ərzində yüz minlərlə insan meydan hərəkatına qoşulub. Hərəkatın təşkilatçıları hesab ediblər ki, Kreml bu məsələdə qızışdırıcı və yanlış yol tutub. Fasiləsiz mitinqlər dekabrın 5-nə kimi davam edib və həmin gün sovet ordusunun sərt müdaxiləsi ilə dağıdılıb. Nümayişlərin təşkilatçıları və fəalları istintaqa cəlb edilib, bir çoxu həbs edilib. Lakin həbslər uzun sürməyib.

1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sonra həmin gün rəsmi qaydada qeyd edilməyə başlayıb. Beləliklə, 1992-ci ildə noyabrın 17-si bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.

Ondan bir il əvvəl, 1991-ci ildə isə Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ildə qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil. Bəzi müxalifət qüvvələri bunu indiki hakimiyyətin Meydan hadisələrində iştirak etməməsi və qısqanclıq kimi dəyərləndirir. Hakimiyyət rəsmiləri isə belə dəyərləndirməni əsaslı saymır.

Qubad İbadoğlunun həbs müddəti uzadılıb

Qubad İbadoğlu
Qubad İbadoğlu

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədrinin həbs müddəti daha 3 ay uzadılıb.

Noyabrın 16-da Nərimanov rayon Məhkəməsində istintaq orqanının bununla bağlı təqdimatına baxılıb.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, məhkəmə vəsatəti təmin edib.

Vəkilin sözlərinə görə, müstəntiq və prokuror həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin davam etdirilməsi zərurəti ilə əsaslandırıb.

Z.Sadıqova qeyd edib ki, Q.İbadoğluya qarşı yeni ittihamlar da irəli sürülə bilər: "Qubad bəy bildirir ki, həbsdə saxlanması və ona qarşı ittihamları əsassızdır".

Bu açıqlamaya Baş Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

ADR sədri Q.İbadoğlu bu il iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilmişdi.

O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə əlavə ittiham da irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ona qarşı bütün ittihamları qəbul etmir, məhkəmədə onları "saxta" adlandırıb.

Fətullah Gülən də ona ittihamları yalanlayıb.

İqtisadiyyat İnstitutunun direktoru həbs edilib

Müşviq Atakişiyev
Müşviq Atakişiyev

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin qurumun nəzdində Doktorluq dissertasiya şurasının sədri Müşviq Atakişiyev həbs olunub. O, Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinin sifarişində şübhəli bilinir.

Bu barədə bu gün, noyabrın 16-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

T.Əhmədov 2011-ci ildə öldürülüb. Həmin vaxt M.Atakişiyev Təfəkkür Universitetinin rektoru vəzifəsində çalışıb.

Məlumata görə, T.Əhmədovun qəsdən öldürülməsi faktı ilə bağlı bu ilin aprelində Dəyanət Quliyev saxlanılıb. Hazırda daha iki nəfər bu cinayət işi üzrə istintaqa cəlb edilib.

İddiaya görə, "M.Atakişiyevin T.Əhmədovu... rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsinə... şübhələr müəyyən edilib".

Digərləri işdə həmin ittiham üzrə icraçı gedirlər.

M.Atakişiyev Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya, hələlik, M.Atakişiyev, onun vəkillərindən və işdə adı çəkilən digər tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.

İlham Əliyev: Fələstində məktəbin inşa edilməsi gündəlikdədir

Prezident İlham Əliyev Fələstin lideri Mahmud Abbası Bakıda qarşılayır. 2011
Prezident İlham Əliyev Fələstin lideri Mahmud Abbası Bakıda qarşılayır. 2011

Azərbaycanın Fələstində məktəb inşa etməsi gündəlikdədir. Eyni zamanda, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərmək niyyətindədir.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Fələstin lideri Mahmud Abbasa məktubunda bildirib.

Azərbaycan sözügedən agentliyə bundan əvvəl maliyyə yardımları edib. Builki sonuncu yardımın həcimi 1.6 milyon dollar təşkil edib.

Məktubda deyilir ki, keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılmış müsbət addım idi: "Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir".

İ.Əliyev Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümidvar olduğunu bildirib: "Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir".

Məktub noyabrın 15-i Fələstinin milli bayramı münasibəti ilə göndərilib. 1988-ci il noyabrın 15-də Fələstin Dövlətinin yaradıldığı elan edilmişdi.

Azərbaycan ötən il həm Fələstində diplomatik nümayəndəlik, həm də İsraildə səfirlik açıb.

Xatırlama

HƏMAS silahlı radikalları bu il oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, azı min 200 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb.

Fələstin rəsmiləri indiyə kimi 11 mindən çox Qəzza sakininin öldürüldüyünü açıqlayıb.

ABŞ və Avropa İttifaqı (Aİ) HƏMAS-ı terrorçu təşkilat sayır.

İsrail-Fələstin münaqişəsi ötən əsrin ortalarında başlayıb. Onda BMT orada həm İsrail, həm də Fələstin dövlətinin yaradılmasını dəstəkləsə də, bir çox ərəb ölkələri İsraili tanımayıblar.

Məhkəmə saytın fəaliyyətini dayandırıb

Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dia.az saytının fəaliyyətinin dayandırıldığı bildirilir.

Bu barədə həmin saytın rəhbəri Məhəmməd Ərsoy (Zamanov) AzadlıqRadiosuna danışıb.

Onun sözlərinə görə, səhhəti ilə əlaqədar məhkəmədən prosesi 10 günlük təxirə salmasını istəsə də, onun xahişi təmin edilməyib: "Dünən, noyabrın 14-də iştirakım olmadan məhkəmə prosesi keçirilib və elə ilk prosesdə qərar qəbul edilib".

O bildirib ki, qərardan Ali Məhkəməyə şikayət verəcək: "Mənim hüquqlarım kobud pozulub və mən hüquqlarımın bərpasını tələb edəcəyəm. Ümid edirəm ki, məhkəmə sistemində aparıldığı deyilən islahatlar bizə də şamil ediləcək və biz Avropa İnsan Haqları Məhkəməsinə üz tutmadan ölkə daxilində məsələ öz həllini tapacaq".

Media Agentliyi saytı məhkəməyə verib

Media reyestrində qeydiyyat üçün müraciət etməyən saytların artıq məhkəməyə veriləcəyi bildirilir.

dia.az saytının (bloqun) rəhbəri Məhəmməd Zamanov (Ərsoy) da AzadlıqRadiosuna bildirib ki, Medianın İnkişafı Agentliyi onlara qarşı "media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi" iddiası ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: "Mənə məhkəmədən məktub gəlib ki, noyabrın 14-də məhkəmə var. Məktubda qeyd olunub ki, reyestr üçün müraciət etmədiyimə və müddət bitdiyinə görə mənim jurnalist, saytın da media qurumu kimi fəaliyyətinə icazə verilməsin".

"Deyə bilərlər ki, bu vaxta qədər niyə..."

M.Zamanovun sözlərinə görə, onun məhkəmədə haqlı olduğunu sübut etmək üçün yetərli arqumenti var: "Mənə deyə bilərlər ki, bu vaxta qədər niyə reyestr üçün müraciət etməmisən? Amma oxşar tənqidçi saytlar var, mən onların başına nələr gəldiyini gördüm və ona görə də müraciət etmədim. Onlar müraciət ediblər, amma nə olsun? Eyni qərarı onlara da tətbiq ediblər, qeydiyyata almadılar. Onda mən niyə müraciət edim?".

O vurğulayıb ki, sayt fəaliyyətini davam etdirir: "Mən onsuz da artıq noyabrın 5-dən elan etmişəm ki, mən jurnalist yox, bloqerəm, dia.az da artıq sayt deyil, bloqdur".

MEDİA-nın cavabı

Medianın İnkişafı Agentliyindən (MEDİA) "Turan"a məsələ ilə bağlı bildirilib ki, qurum nizamnaməsinə uyğun olaraq, "Media haqqında" Qanunun tələblərini pozan media subyektləri barədə qanunvericiliklə müəyyən olunmuş tədbirləri həyata keçirməkdədir.

Başqa saytlardan isə, hələlik, məhkəməyə verildiyini açıqlayan olmayıb.

2022-ci il oktyabrın 14-də Azərbaycan jurnalistlərinin Media Reyestrində qeydiyyatı başlayıb. Qeydiyyat altı ay ərzində aparılıb və bu ilin aprelində bitib.

Xatırlatma

Milli Məclis 2021-ci il dekabrın 30-da "Media haqqında" yeni qanunu qəbul edib.

Prezident İlham Əliyev "Media haqqında" qanunu ötən ilin fevralın 8-də imzalayıb.

Bəzi media ekspertləri, bir çox jurnalistlər, ayrı-ayrı beynəlxalq qurumlar bu qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Onların qənaətinə görə, yeni qanunda reyestr amilinin yer alması media orqanlarının fəaliyyətinin nəzarətə götürülməsinə yol açacaq. Rəsmilər bu tənqidləri düzgün saymırlar.

Bakıda HƏMAS radikal qruplaşmasının saxladığı girovlara azadlıq istənilib

Bakıda keçirilmiş aksiyada
Bakıda keçirilmiş aksiyada

Noyabrın 14-də Bakıda HƏMAS radikal qruplaşmasının saxladığı girovların azadlığa buraxılması çağırışı ilə aksiya təşkil edilib.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat verib.
HƏMAS-ı AmerikaBirləşmiş Ştatları və Avropa İttifaqı terror təşkilatı kimi tanıyıb.

Aksiyada bir sıra ölkələrin Bakıdakı səfirlikləri, həmçinin Azərbaycan parlamentinin üzvləri iştirak edib.

Orada girovluqda olan israilli uşaqların fotoları nümayiş etdirilib və uşaq ayaqqabıları düzülüb. İşrirakçılar havaya qırmızı rəngli şarlar buraxmaqla onlara dəstəklərini ifadə ediblər.

HƏMAS silahlı radikalları bu il oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, 1400 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb.

Fələstin rəsmiləri indiyə kimi 11 mindən çox Qəzza sakininin öldürüldüyünü açıqlayıb.

Qəzzadakı səhiyyə rəsmiləri və yardım təşkilatları bildirirlər ki, dağıntılar altından cəsədlər çıxarıldıqca, ölü sayı da artacaq.

İsrail-Fələstin münaqişəsi ötən əsrin ortalarında başlayıb. Onda BMT orada həm İsrail, həm də Fələstin dövlətinin yaradılmasını dəstəkləsə də, bir çox ərəb ölkələri İsraili tanımayıblar.

Azərbaycan sənayesində azalma artır

Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Bu ilin 9 ayında Azərbaycanda sənaye istehsalı azalıb.

Dövlət Statistika Komitəsi bildirir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 55.6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.6 faiz az sənaye məhsulu istehsal edilib. "Neft-qaz sektorunda məhsul istehsalı 2.4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7.4 faiz artıb", - DSK vurğulayır.

Azərbaycanda 2022-ci ildə də sənaye istehsalında azalma olmuşdu. Onda azalma 1.1 faiz təqdim edilmişdi.

Bəxtiyar Hacıyevin istintaqı başa çatıb

B.Hacıyev
B.Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə vəkil Rövşanə Rəhimova məlumat verib. Onun sözlərinə görə, B.Hacıyevə Cinayət Məcəlləsinin səkkiz maddəsi üzrə ittiham verilib.

Bunlar 192.1 (qanunsuz sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin... leqallaşdırılması), 206.1 (qaçaqmalçılıq), 213.1 (vergidən yayınmaq), 221.2.2 (hakimiyyət nümayəndəsinə müqavimətlə xuliqanlıq ), 289.1 (məhkəməyə hörmətsizlik ), 320.1 (... rəsmi sənədin saxtalaşdırılması...) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə edilməsi) maddələridir.

Vəkil qeyd edib ki, növbəti mərhələdə işlə tanışlıq və məhkəmənin keçirilməsi gözlənilir.

B.Hacıyevin istintaq müddəti son dəfə oktyabrın 3-də növbəti ilin yanvarın 28-dək uzadılmışdı.

Xatırlatma

B.Hacıyev 2022-ci ilin dekabrın 9-da həbs olunub. Ona əvvəlcə Cinayət Məcəlləsinin (CM) 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham verilib. Bir neçə dəfə həbs müddəti artırılan ictimai fəala daha sonra əlavə ittihamlar verilib.

O, öz həbsini "qanunsuz" və "siyasi sifariş" adlandırıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənlərlə razılaşmırlar.

Davamı

XS
SM
MD
LG