Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:31

Son bir ildə Azərbaycan Beynəlxalq Bankı (ABB-nin) aktivlərinin 25 faizi «ərisə» və kredit portfeli 1 milyard 424 milyon manat «daralsa» da, bu maliyyə qurumu 31 qurumdan ibarət bank sistemi aktivlərinin 35,3 faizinə sahib olmaqla, ilin birinci yarısında özünün öncül mövqeyini qoruyub.

Ağır devalvasiyadan sonra kredit borclarına görə vətəndaşları banklarla baş-başa buraxan hökumət ABB-nin sağlamlaşdırılmasına son 3 ildə 15 milyard manat yönəldib. Bakıdakı bankdan başqa Gürcüstan və Rusiyada da törəmə bankları, başqa kommersiya şirkətləri olan bu qurum ayrılan vəsaitdən necə yararlandığını illik maliyyə hesabatında ictimaiyyətə açıqlamağa tələsmir. ABB yeganə kommersiya bankıdır ki, 2017-ci ilin birinci yarısını necə başa vurduğunu da ictimaiyyətə bildirməyib. Hökumətsə gələn il bankı özəlləşdirmək barədə düşünür.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Bank auditor axtarışındadır

Bu ilin avqustunda ABB törəmə şirkətləri ilə birgə tender elan etmişdi. Həmin tenderdə 2017-ci ilin 9 aylıq maliyyə göstəricilərinə auditor baxışı gerçəkləşdirilməli və illik dövrdə birləşdirilmiş maliyyə hesabatlarının auditinin təşkil olunmalıydı. Sözügedən tender sentyabrın 19-da baş tutsa da, audit yoxlamasını aparacaq şirkətin adı hələ də açıqlanmayıb. Tenderin baş tutmaması haqda hər hansı rəsmi məlumat da yoxdur. Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli AzadlıqRadiosu-nun bu haqda sualını cavabsız qoyub. O, ABB-nin maliyyə hesabatlarının açıqlanması ilə bağlı problemlərə də aydınlıq gətirməyib.

ABB-nin maliyyə göstəricilərini Mərkəzi Bankın hesabat və statistik bülletenləri, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) bank sektorunun aylıq icmal göstəriciləri əsasında təhlil edən iqtisadçı Qulu İbrahimli sağlamlaşdırma tədbirlərinin bankın ümumi durumuna müsbət təsir göstərdiyini düşünür.

Buna da bax:​ Monteneqrodakı Azərbaycan şirkəti: əvvəl SOCAR, indi 'Ataholding'

Ekspert: «Mərkəzi Bankdan alıb, özünə qaytarıb»

«2015-ci ildən bu yana Mərkəzi Bankdan (AMB) «Aqrarkredit» QSC-nin istiqrazlarının alınması yolu ilə ABB-yə ayrılan 10 milyard manatın yarısı elə həmin AMB-yə illik 5 faizlə depozitə qoyulmuşdu. Qalan 5 milyard manatın bir hissəsi (1,4 milyard manat) bankın AMB-dəki sərbəst, məcburi ehtiyatlar və bloklaşdırılmış hesablarında, az bir hissəsi isə özünün kassa hesabında saxlanılmışdı. Pulun qalanı da ABB-nin Mərkəzi Bankdan götürdüyü kreditlərin bağlanmasına, ABB-nin özünün, «ABB-Moskva» və «ABB-Gürcüstan» filiallarının borclarının qaytarılmasına xərclənib.

ABB-nin özündən ekspertin iddia etdiyi bu rəqəmlərlə bağlı şərh almaq mümkün olmayıb.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

ABB aktivlərinin 10 milyard manatdan çox olduğunu açıqlayıb

Bankın saytında isə maliyyə hesabatı deyil, 2017-ci il iyulun 1-nə olan bəzi maliyyə göstəriciləri açıqlanıb. Burada qeyd olunur ki, onun aktivləri 10,6 milyard manatdır. Bunun 3 milyard 711 milyon manatı müştərilərə verilən kreditlərdir. Daha 3 milyard 50 milyon manat maliyyə təsisatlarında depozit kimi saxlanılır. Bank müştərilərdən 5 milyard 178 milyon manat əmanət cəlb edib. Balansın digər vacib göstəriciləri (qalan 2,4 milyard manatlıq aktivlərin yerləşməsi, kapitalın və öhdəliklərin tam tərkibi), eləcə də yarım ilin zərərlə, yaxud mənfəətlə başa vurulması haqda məlumat verilmir.

MBNP bank sektorunun maliyyə durumuna dair yarımillik hesabatında bank aktivlərinin azalmasını mayda ABB-nin problemli kreditlərinin daha bir hissəsinin «Aqrarkredit» QSC-yə ötürülməsi ilə izah edib. Həmin ay bankların toplam kredit portfelində 916 milyon manat həcmində azalma baş verib.

Gələn il ABB-ni özəlləşdirmək istəyirlər

ABB-nin 9 aylıq maliyyə hesabatının auditinin aparılmasına münasibət bildirən iqtisadçı Qulu İbrahimli bildirib ki, bu, problemli aktivlərin «Aqrarkredit» QSC-yə ötürülməsinin ilkin nəticələri və restrukturizasiya planının bu ilin sentyabrında başa çatdırılması ilə bağlı hökumətə və kreditorlara təqdim olunmaq üçün gərəkdir.

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

Sentyabrda xarici öhdəliklərin restrukturizasiyası başa çatandan sonra maliyyə naziri Samir Şərifov ABB-nin özəlləşdirilməsinə 2018-ci ildə başlamağın mümkünlüyünü dilə gətirmişdi.

İqtisadçı Qubad İbadoğlu bu perspektivə şübhəylə yanaşır:

«Maliyyə bazarında sağlam rəqabət mühiti yaranmayınca, Azərbaycana, o cümlədən bank sektoruna normal investor gəlməyəcək. Heç bir ağıllı investor dövlət mülkiyyətində olan subyektlərin həyata keçirdiyi bank xidmətlərinin bir bankın nəzarətində cəmləşdiyi ölkəyə sərmayə qoymaz. «Kapital bank» ASC-nin inzıbati resurslardan istifadə imkanlarının artırılması, onun bazar ekspansiyası ümumi bank bazarında sağlam rəqabət imkanlarını məhdudlaşdırıb. Bundan ən çox ziyan çəkənsə ABB-dir».

İqtisadçının fikrincə, investorlar indiki şəraitdə ABB-nin özəlləşdirilməsində iştirak etməyə maraq göstərməyəcəklər: «Maliyyə bazarlarına nəzarət edən qurum nümayəndələrinin banklara sahib olduğu ölkədə aparılan özəlləşdirməyə yalnız onların özünün və komprador burjuaziyanın marağı ola bilər».

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Sentyabrın əvvəlində ABB-nin 2 milyard 383,4 milyard dollar məbləğində xarici öhdəliyini dövlət öz üzərinə götürüb. Borcları dövlət ödəyəcək, çünki ABB səhmlərinin 95 faizinə özü nəzarət edir.

ABB-nin milyardlarla manatlıq kreditlərinin qaytarılmayacağı 2015-ci ilin əvvəlində məlum olub. Və bankın problemli kreditləri dövlətə məxsus «Aqrarkredit» Bank Olmayan Kredit Təşkilatına ötürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG