Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Monteneqrodakı Azərbaycan şirkəti: əvvəl SOCAR, indi 'Ataholding'


"Ataholding" web screenshot

Bu Balkan ölkəsinə daşınmaz əmlak, turizm və bank sektoruna yüz milyonlarla Avro sərmayə qoyan Azərbaycan şirkətinin payçıları dəyişib.

Əslində burada heç kəs yeni deyil: «Azmont İnvestments» şirkətinin Direktorlar Şurasının (DŞ) üzvlərindən ikisinin və icraçı direktorunun bu il Monteneqroda təsis etdikləri «ARM Capital Management» şirkəti 8,22 faizlik paya sahib olub. Bu haqda Monteneqronun şirkətlər reyestrində məlumat verilir.

Buna da bax:​ 'AtaHolding' əvvəlcə şirkətlərin adlarını dəyişdi, sonra ləğv etdi

Əvvəl SOCAR getdi, sonra “Ataholding”

Herseq Novi-də «Portononi» dəbdəbəli otel və lüks villalar kompleksini inşa edən «Azmont İnvestments» şirkətinin əsasına 2012-ci ildə SOCAR – Azərbaycanın dövlət neft şirkəti qoymuşdu. Sonradan şirkətdəki payları «Azerbaijan Global İnvestments» (AGİ) MMC aldı. Alqı-satqının təfərrüatları isə açıqlanmadı. Bu şirkətin qurucuları isə Azərbaycanın məşhur investisiya şirkətləri - «Paşa Holdinq» (hazırda onu layihədə «Paşa Development» MMC təmsil edir), «Ataholding» və «Synergy Group»dur. Bu il «Ataholding» şirkətin payçıları arasından gedəndən sonra AGİ-də iki ortaq qalıb. Amma yeni ortağın “Ata Holdinq”lə əlaqəsi var.

Yeni payçı kimdir?

«ARM Capital Management» MMC bu ilin mayında payların 80 faizi «Azmont İnvestments» MMC-nin və AGİ-nin DŞ sədri Ahmet Erentoka, qalan 20 faizi isə bərabər şəkildə Rəşad RəsulluRəşad Əliyevə məxsus olmaqla yaradılıb.

Buna da bax: Monteneqroda yeni şirkət yaradıldı

Bu şirkətin «ADC» MMC adlı bir törəmə şirkəti də var. Onların nə işlə məşğul olması haqda bilgi yoxdur. “ARM Capital Management” MMC-nin ortaqlarından biri - Rəşad Rəsullu hələ də "Ataholding" İdarə Heyətinin sədr müavinidir.

Sərmayə 650 milyon avro olacaq

Avqust ayında «Azmont İnvestments» MMC-nin DŞ üzvü Rəşad Əliyev bəyan etmişdi ki, ümumi dəyəri 650 milyon avro olan «Portononi» layihəsinə 221 milyon avro sərmayə yatırılıb. Layihənin 2018-ci ildə başa çatdırılacağı gözlənilir.

Buna da bax:​ Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

«Azmont İnvestments» MMC həm də Monteneqrodakı «Portonovi Hospitality Management», «Rare Developments», «Portonovi Resort Management Company» və «Nova Banka» şirkətlərinin sahibidir.

AzadlıqRadiosu Azmont İnvestments MMC-nin Direktorlar Şurasının üzvü və yeni payçısı Rəşad Rəsulluya «Azmont İnvestments» MMC-yə yeni ortaqların gəlməsi səbəblərini soruşsa da, cavab ala bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG