Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:42

'Freedom House' Fikrət Hüseynliyə görə çağırış etdi


Fikrət Hüseynli

Ukraynada azərbaycanlı jurnalistin saxlanmasına cavab olaraq ABŞ-da mənzillənən «Freedom House» insan haqları təşkilatı bəyanatla çıxış edib.

«Ukrayna hökuməti həm Hüseynlini həbsdən buraxmalı, həm də İnterpolun saxlama orderi əsasında hər hansı ekstradisiya proseduruna son verməlidir. Bu order faktiki cinayəti deyil, Azərbaycanda jurnalistlərə qarşı təqibləri üzə çıxarır», – qurumun Avrasiya proqramlarının direktoru Marc Behrendt deyib.

«İnterpolun Hüseynlinin yanlış hərəkətlərinə dair ittihamları Azərbaycanın və digər avtoritar hökumətlərin siyasi opponentlərinin, jurnalistlərin və insan haqları fəallarının təqibində İnterpol sistemindən necə sui-istifadə etdiyini göstərir. İnterpol bu cür sui-istifadə hallarına yol verməməkdən ötrü hər bir xahişi diqqətlə araşdırmalıdır», – o, sözlərinə əlavə edib.

Oktyabrın 17-də Ukraynada Borispol Şəhər Məhkəməsinin Niderland vətəndaşı olan jurnalist Fikrət Hüseynli barəsində 18 günlük həbs-qətimkan tədbiri seçdiyi bildirilib.

F.Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. O, bir neçə gün Ukraynanın paytaxtında qalıb.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

Azərbaycanın hüquq-mühafizə orqanları hələlik F.Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.

F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.

F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən – 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG