Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:22

Abbas Hüseynov: 'Mən dəli deyiləm, normal məhbuslarla qalmaq istəyirəm'


Nardaran məhbusu Abbas Hüseynov

"Mən dəli deyiləm, normal məhbuslarla birlikdə qalmaq istəyirəm. Döydülər, işgəncə verdilər, gördülər alınmadı. İndi də iki psixoloji problemləri olan adamın yanına salıblar. Məni öldürmək planları varsa, açıq elan eləsinlər, bilim", – Nardaran məhbusu Abbas Hüseynov oktyabrın 5-də saxlandığı Qobustan həbsxanasında vəkili ilə görüşərkən bunları deyib.

Vəkil Yalçın İmanovun sözlərinə görə, Abbas Hüseynov bir həftə aclıq edib. Buna səbəb isə həftədə iki dəfə yaxınları ilə telefon danışıqlarına nəzarət edilməsi olub.

Buna da bax:​ Yalçın İmanov 'ölkədə sabitliyi pozmaqda' suçlanır

A.Hüseynov bu məsələ ilə əlaqədar həm həbsxananın rəisinə, həm də Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib. Penitensiar Xidmətin rəisinə məktubunda Qobustan həbsxanasına gətiriləndən başına gələnləri, o cümlədən işgəncəyə məruz qalmasını ətraflı yazıb.

“GUYA KAMERADA ŞİƏ TƏRİQƏTİNİ YAYIR”

"Sentyabrın 29-da Abbasa bir qərar təqdim ediblər, orada yazılıb ki, radikal şiə olduğundan və ictimai asayişi pozmaq ehtimalına görə onun telefon danışıqları nəzarət altında saxlanılır, dinlənilir. Daha sonra Abbasa töhmət verilib. Guya, saxlandığı 8 nəfərlik kamerada radikal şiə təriqətini yayır, hakimiyyət əleyhinə təbliğat aparır, bu da kameradakılarda narahatlıq yaradır. Halbuki, kamera yoldaşlarının Abbasdan şikayəti olmayıb", – Yalçın İmanov bildirib.

Buna da bax:​ Abbas Hüseynova görə prokurorluğa müraciət olunub

Müdafiəçinin sözlərinə görə, ötən həftə həbsxanaya Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlib. Nardaran məhbusu ona kameradakı dözülməz vəziyyətdən danışıb. Abbas vəkilinə deyib ki, bundan sonra həbsxanada ona münasibət daha da pisləşib. Oktyabrın 3-də onu daha iki məhkumun olduğu kameraya köçürüblər: "Həmin məhbuslardan da biri həbsdə olarkən kamera yoldaşının üstünə qaynar su tökdüyünə görə cəzası daha 6 il artırılıb. Digərinin də psixoloji problemləri var, təbii ehtiyaclarını elə kameranın içində ödəyir".

A.Hüseynov vəkilinə onu da deyib ki, oktyabrın 4-də Penitensiar Xidmətin rəis müavini Mirsaleh Seyidov həbsxanada onunla görüşüb: "Abbasa bildirib ki, problemi həll olunacaq, başqa kameraya köçürüləcək. Bu gün mən Abbasla görüşəndə hələ həmin kamerada idi. Amma görüşdən sonra həbsxananın rəisi ilə əlaqə saxladım. Bildirdi ki, problem artıq həll olunub".

Abbas Hüseynovun dilə gətirdiyi digər məsələlərə Penitensiar Xidmət rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ Prokuror 'Nardaran məhbusları'na 180 il həbs cəzası istədi

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax: Vəkili: ‘Abbas Hüseynovun sağlıq durumu qaydasındadır, amma...’

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG