Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Prokuror 'Nardaran məhbusları'na 180 il həbs cəzası istədi


Nardaran. Foto illüstrasiya
Nardaran. Foto illüstrasiya

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyatdan sonra həbs olunan və terrorçuluq, kütləvi iğtişaşların təşkili, dövlət çevrilişinə cəhd kimi əməllərdə suçlanan daha 12 nəfərin məhkəməsi yekunlaşır. Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, «Nardaran işi-3» üzrə mühakimə olunan şəxslərə ümumilikdə 180 il həbs cəzası istəyib.

Prokuror deyib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən ilahiyyatçı Zülfüqar Mikayılovun 18 il, Ruzi İsmayılovun 16 il, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Ramil Seyfullayev, Mübariz İbrahimovCabir Əliyevin hər birinin 15 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar BünyadovElxan Həsənovun hər birinin isə 14 il azadlıqdan məhrum edilməsini istəyib.

***Buna da bax-Vəkili: 'Abbas Hüseynovun sağlıq durumu qaydasındadır, amma...'

Prosessual qaydalara görə, dövlət ittihamçısından sonra vəkillər çıxış etməlidir. Müdafiəçilər çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası onlara sentyabrın 25-nə qədər vaxt verib.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm halları bu qarşıdurmada baş verib.

***Buna da bax-Nardaran məhbusları 'qaçmağa meyllilər' siyahısında...

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu günlərdə isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG