Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:13

Abbas Hüseynova görə prokurorluğa müraciət olunub


Abbas Hüseynov

Ombudsman Aparatı Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovla əlaqədar Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciət edib. Söhbət A.Hüseynovun saxlandığı Qobustan həbsxanasında işgəncəyə məruz qalması (rəis və əməkdaşlar tərəfindən döyülməsi, 40 dərəcədən artıq istidə açıq havada dəmir dirəyə bağlanıb saatlarla bu vəziyyətdə saxlanması, soxulcanlarla dolu cərimə kamerasına atılması və s.) haqda şikayətindən gedir.

Bu haqda Ombudsman Aparatı Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə AzadlıqRadiosuna bildirib.

***Buna da bax-Prokuror 'Nardaran məhbusları'na 180 il həbs cəzası istədi

«Milli Preventiv Qrupun əməkdaşları həbsxanada Abbas Hüseynovla görüşüblər. Konfidensial qaydada onun şikayətini dinləyiblər. Onun müraciətini, başçəkmənin nəticələrini tədqiq eləmişik. Özünün də müraciətlərini nəzərə almaqla, aidiyyəti üzrə qurumlara – Baş Prokurorluğa və Penitensiar Xidmətə məktub göndərmişik», – R.Rumzadə bildirib.

A.Hüseynovun vəkilləri də onun işgəncə şikayəti ilə əlaqədar Ombudsman Aparatına müraciət edib. Vəkil Yalçın İmanovun sözlərinə görə, bir aydan çox vaxt keçsə də, Ombudsman Aparatından müraciətlərinə heç bir cavab gəlməyib.

R.Rumzadə bildirib ki, hüquq-mühafizə orqanlarına göndərdikləri müraciətə cavab alan kimi onlar da öz növbələrində vəkillərin məktublarını cavablandıracaqlar.

***Buna da bax-Həbsdən buraxılan 14 Nardaran məhbusu kimlərdir

«Abbas Hüseynovla görüşdə iki əməkdaş iştirak edib – biri həkim, o biri hüquqşünas. Başçəkmə nəticəsində real nə varsa, onların heç biri diqqətdən kənarda qalmır, təhrif olunmur. Bizim işimiz insanlara kömək etməkdir. Əgər adamlar bizə etimad göstərirlərsə, onu doğrultmağa çalışırıq», – Milli Preventiv Qrupun rəhbəri belə deyir.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG