Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:46

Həbsdən buraxılan 14 Nardaran məhbusu kimlərdir?


"Nardaran işi", prosesi zamanı məhkəmənin qarşısı, Azərbaycan Bakı, 9 yanvar 2017
"Nardaran işi", prosesi zamanı məhkəmənin qarşısı, Azərbaycan Bakı, 9 yanvar 2017

2015-ci il noyabrın 26-da keçirilən Nardaran əməliyyatından sonra həbs olunanlardan 14-ü buraxılıb. Onların cəzanın çəkilməmiş hissəsindən azad edilməsi haqda məhkəmə qərar çıxarıb.

O zaman saxlanılanların çoxu qəsəbə sakinləri idi. Həbs olunanlardan 43 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və başqa ağır ittihamlar verilsə də, qalanları CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsilə il yarımdan 6 ilə qədər azadlıqdan məhrum edildilər.

Qəsəbə sakinlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, azadlığa buraxılanlar əsasən yüngül maddələrlə məhkum olunanlardır. Onların da cəza müddətinin bitməsinə bir neçə ay qalmışdı.

ŞAHBAZOVLAR AİLƏSİNDƏN BURAXILAN VAR

Sakinlər həbsdən buraxılan şəxslərdən bir neçəsinin adını da açıqlayıb – Nadir Qədirov, Akif Nuriyev, Atabala Şahbazov, Seyidağa Ağayev, Həsən Quliyev, Mehman Əliyev.
Adları çəkilən şəxslərdən Atabala Şahbazovun özü ilə yanaşı, üç oğlu da həbsdədir. Onlardan biri – Əli Şahbazov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Quliyev və daha 10 nəfərlə birlikdə "Nardaran işi-2" üzrə mühakimə olunur.

Əli Şahbazov məhkəmədə bildirib ki, Nardaran hadisələrindən sonra atasını silahla şərləyib həbs ediblər. Daha sonra onu polis bölməsinə çağırıb təklif ediblər ki, qardaşlardan biri ittihamları üzərinə götürsün, atanı buraxsınlar. Əli Şahbazovun dediyinə görə, o, ağır maddələrlə olan ittihamı üzərinə götürməyə razılaşsa da, atasını buraxmayıblar. Onu da qanunsuz silah saxlama suçlaması ilə həbs ediblər.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və digərlərinin məhkəməsində daim iştirak edən Fail Şahbazov isə 2016-cı ilin noyabrında həbs olunub. 2 il 9 ay həbs cəzası alan Fail Şahbazov həbsindən əvvəl bildirmişdi ki, məhkəmədə fəal iştirakına görə təqib olunur. Daha bir qardaş Natiq Şahbazov isə bu ilin mayında həbs olunub - o da qanunsuz silah saxlama suçlaması ilə.

Nisbətən yüngül maddələrlə ittiham edilib həbs olunan Nardaran sakinlərinin bir qismi Taleh Bağırovgilin məhkəməsində şahid qismində ifadə vermişdi. Bildirmişdilər ki, onlardan qanunsuz silah tapılması haqda deyilənlər yalandır. Onları Nardaran hadisələrindən sonra həbs edib, təzyiq yolu ilə Taleh Bagırovun əleyhinə ifadə alıb, bunun da müqabilində nisbətən yüngül ittiham veriblər.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.


Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu günlərdə isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG