Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:21

Yalçın İmanov 'ölkədə sabitliyi pozmaqda' suçlanır


Yalçın İmanov
Yalçın İmanov

Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının İntizam Komissiyasında izahat verib. Buna səbəb isə onun cəzalandırılması üçün Penitensiar Xidmət rəhbərliyinin Vəkillər Kollegiyasına müraciət etməsidir.

Avqustda Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədov şikayət məktubunda vəkil Y.İmanovun hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun həbsxanada işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edir.

«...MÜNBİT ŞƏRAİT YARADIR»

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər, qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.

***Buna da bax-Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]

Ədliyyə polkovniki O.Məmmədov iddia edir ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla «sabitliyi pozmağa çalışır, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir».

«Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır», – Penitensiar Xidmətin rəis əvəzinin sözləridir.

O.Məmmədov «Nardaran məhbusları»nın yaxınlarının avqustun 6-da Qobustan həbsxanasının, avqustun 9-da isə Penitensiar Xidmətin inzibati binasının qarşısına toplaşmasına görə də vəkili günahlandırır.

«AĞ YALANDIR»

Y.İmanov isə şikayət məktubunda haqqında yazılanların böhtan olduğunu deyir:

***Buna da bax-Vəkil: 'Abbas Hüseynov çətinliklə yeriyir...'

«Məsələn, Kollegiyaya şikayətində yazır, guya mən Taleh Bağırovun həyatından narahat olan yaxınlarına avqustun 5-də demişəm ki, orderi göndərsəm də, hələ onunla görüşə icazə verilməyib, bununla da müvəkkilimlə görüşməkdən yayınmışam. Guya mən heç avqustun 8-nə qədər heç görüş üçün müraciət etməmişəm. Ağ yalandır. Mən Taleh Bağırovla görüş üçün iyulun 29-da müraciət eləmişəm. Oqtay Məmmədov isə mənə 6 avqust tarixli məktubla cavab göndərib. Özü də həmin məktubda mənim 29 iyulda müraciət etdiyimi də göstərib. Əgər mən avqustun 8-nə qədər müraciət etməmişdimsə, onun özü mənə 6 avqust tarixli məktubu necə göndərib? Cavab gəlib çıxmırdı deyə, avqustun 7-də dəfələrlə Penitensiar Xidmətə zəng elədim. Həmin gün axşam bildirdilər ki, görüşə icazə verilir. Ertəsi gün də həbsxanaya gedib hüquqlarını müdafiə etdiyim şəxslərlə görüşmüşəm».

A.Hüseynova qarşı işgəncələrin ictimailəşdirilməsi məsələsinə gəlincə, Y.İmanov deyir ki, müvəkkili onunla yanaşı, digər vəkili Fariz Namazlıya, həbsxanada onunla görüşən Penitensiar Xidmətin şöbə rəisinə, Ombudsman Aparatının əməkdaşlarına, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təmsilçilərinə də işgəncələrdən danışıb, yazılı izahat verib.

«MƏNİ CƏZALANDIRMAQ NİYYƏTİ GÜDÜR»

«Vəkillər Kollegiyasına şikayət məktubu ilə yanaşı, Cəmil Həsənlinin, Əli Kərimlinin, Oqtay Gülalıyevin Abbas Hüseynova işgəncələr haqda «Azadlıq» qəzetinin, AzadlıqRadiosunun saytlarında gedən fikirlərini də çap edib qoşublar. Bu da bir daha göstərir ki, işgəncə iddialarını araşdırmaq əvəzinə, ona siyasi rəng verirlər. Şikayətdə əksini tapmış «ölkədə sabitliyi pozmaq», «gərginlik yaratmaq», «bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaratmaq» kimi ifadələr də bunun sübutudur. Bu şikayət böhtandan başqa bir şey deyil və məni cəzalandırmaq niyyəti güdür», – Y.İmanov belə deyib.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin «siyasi məhbus» kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etməkləri ilə izah edib. Ancaq Kollegiya bunları danıb, hər bir vəkilin qurumdan uzaqlaşdırılmasına fərqli səbəblər göstərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG