Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Vəkil: 'Abbas Hüseynov çətinliklə yeriyir...'


Abbas Hüseynov
Abbas Hüseynov

«Nardaran işi» üzrə həbs edilən Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında ağır işgəncələrə məruz qaldığı bildirilir.

Bu haqda avqustun 8-də Qobustan Qapalı Həbsxanasında A.Hüseynovla görüşən vəkili Yalçın İmanov məlumat yayıb.

Vəkil bu məsələ ilə bağlı bu gün, avqustun 9-da Baş Prokurorluğa şikayət edəcəyini də bildirib.

Y.İmanovun deməsinə görə, A.Hüseynov ona söyləyib ki, iyulun 22-də Qobustan həbsxanasına gətirilib və həmin gündən yenidən işgəncələrə məruz qalıb.

«YERDƏ İRİ SOXULCANLAR GƏZİR...»

Vəkilin bildirməsinə görə, A.Hüseynov deyib ki, həbsxanaya gətirildikləri gün digər «Nardaran məhbusu» Cabbar Cabbarovla əllərini arxadan qandallayaraq onları yerdə üzü üstə sürüyüblər. Buna etiraz etdiyinə görə, cərimə kamerasına (kars) salınıb. Məhbus vurğulayıb ki, «kars» müddəti iyulun 25-də başa çatsa da, bunu iyulun 29-na kimi uzadıblar.

««Kars»da vəziyyət dəhşətlidir, yerdə iri soxulcanlar gəzir, soxulcanlar unitazın böyür-başından çıxır, hər yer natəmizdir, döşəkağı kirdən qaralıb. Mən nəzarətçidən xahiş elədim ki, mənə balaca bir təmiz kağız parçası versin ki, namaz qıla bilim, onu da vermədilər», - deyə A.Hüseynov vurğulayıb.

***Buna da bax-Nardaranda əməliyyat keçirilən evin sahibi xərəkdə məhkəmə qarşısına çıxarılır

Vəkilin bildirməsinə görə, A.Hüseynov deyib ki, həbsxanada olduğu 17 gün ərzində ona əsassız yerə 4 töhmət verilib.

Y.İmanovun sözlərinə görə, A.Hüseynov həmçinin bildirib ki, iyulun 26-da rəislə görüşdürülmək adı ilə «kars»dan çıxarılıb, həbsxananın həyətindəki dəmir dirəyə bağlanıb.

«Təxminən 3 saata yaxın dirəyə bağlı vəziyyətdə saxlanıldım, əllərim arxadan qandallı vəziyyətdə, üzüm dəmir dirəyə yapışmış halda. Günün ən qızmar vaxtında. 3 saatdan sonra dirəkdən açıb, yenidən «kars»a saldılar», - A.Hüseynov əlavə edib.

A.Hüseynovun deməsinə görə, cərimə kamerasının müddəti yenidən artırılıb. Vəkilin məhbusa istinadən qeyd etməsinə görə, bu dəfə də ona deyiblər ki, karantində yer yoxdur.

Taleh Bağırovun yaxınları Qobustan həbsxanasının qarşısına toplaşdı
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

RƏİSİN OTAĞINDA

Y.İmanovun məhbusa istinadən həmçinin bildirməsinə görə, işgəncələr sonrakı günlərdə də davam edib.

A.Hüseynov vəkilə deyib ki, avqustun 5-də ona karantin müddətinin bitdiyi, kameraya köçürüləcəyi və rəisin onu qəbul edəcəyi bildirilib:

«Rəis Aftandil Ağayev məni qəbul etdi. Mən ona dedim ki, Aftandil müəllim, burda qanunsuzluqlar var, istəyirəm bu barədə sizə deyim. Aftandil Ağayev dedi ki, sən kimsən ki, mənə nəsə deyəsən, səni qəbul edim. Mən ona baş verən qanunsuzluqları ictimailəşdirəcəyimi dedim. Aftandil Ağayev mənə dedi ki, «bura girdinsə, burda hüquqlar bitir, səni də, sənin vəkillərini də...».

***Buna da bax-'Nardaran işi' məhkəməsində 'Azadlıq!', 'İstefa!' şüarları

Vəkilin bildirməsinə görə, A.Hüseynov deyib ki, rəisin otağında da döyülüb, təhqiredici ifadələr eşidib.

ACLIQ AKSİYASI

Vəkil Y.İmanov bildirir ki, «Müsəlman Birliyi» Hərəkatının lideri, ilahiyyatçı Taleh Bağırov da Qobustan Qapalı Həbsxanasına gətirilib. A.Hüseynov ona deyib ki, Taleh Bağırov da cərimə kamerasına salınıb. Üstəlik, məhbusun deməsinə görə, kamerada T.Bağırovun halı istidən pisləşib. Tələb etsələr də, ona həkim yardımı göstərilməyib. A.Hüseynov əlavə edib ki, həbsxanada qarşılaşdığı bütün bu haqsızlıqlarla bağlı 5 gün aclıq aksiyası keçirib.

Vəkil Y.İmanovun bildirməsinə görə, A.Hüseynov indi çətinliklə yeriyir, ayağının biri axsayır, otura bilmir.

Y.İmanov deyir ki, A.Hüseynovun «kars» müddəti avqustun 13-də başa çatır.

A.Hüseynovun konkret işgəncə şikayətinə hələlik Qobustan Qapalı Həbsxanasının rəisindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Ancaq qurumun mətbuat xidmətindən «Turan» agentliyinə bildiriblər ki, dünən, avqustun 8-də T.Bağırovun işgəncəyə məruz qalması ilə bağlı iddialara verdikləri cavab məsələyə aydınlıq gətirə bilər.

RƏSMİ AÇIQLAMA

Həmin açıqlamada qeyd edilirdi ki, T.Bağırovun işgəncəyə və qeyri-insani rəftara məruz qalması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur:

«O, hüquqlarını müdafiə edən vəkili və ailə üzvləri ilə görüş imkanına malikdir. Şəxsi təhlükəsizlik hüququ qanunvericiliyə uyğun tam təmin olunur. Səhhətində problemlər mövcud deyil, qeyri-qanuni hərəkətlərə və ya pis rəftara məruz qalmayıb. Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaradırlar. Bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər».

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG