Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 20:31

30 sutka alan cəbhəçinin şikayəti təmin edilməyib


Üzeyir Abbasov

Bu gün, sentyabrın 14-ü ötən həftə 30 sutka inzibati həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Üzeyir Abbasovun işindən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb. Onun deməsinə görə, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib:

Buna da bax:​ Vəkil 30 sutka alan cəbhəçi ilə görüşüb

Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev

“Verdiyim vəsatətlərə heç bir münasibət bildirmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı. Hətta qanunun normalarına zidd olaraq, Üzeyir Abbasovun məhkəməyə qədər 61 saat saxlanılması kimi açıq- aşkar pozuntuya qiymət verilmədi. Şikayətə bu formada baxılacağı gözlənilən idi. Sadəcə bizə bu mərhələni keçmək lazım idi. Prosesdən sonra mənimlə söhbətində Üzeyir Abbasov saxlanma şəraitindən müəyyən şikayətlər etdi. Belə ki, 2 nəfərlik yataq dəsti olan kamerada 4 nəfər cəza çəkir. Nəticədə çarpayıda növbə ilə yatırlar. Məntəqə əməkdaşları bunu cəzaçəkmə müəssisəsində saxlananların normadan artıq olması ilə əsaslandırırlar. Bundan başqa, Üzeyir Abbasovun telefon danışıqları hüququndan tam istifadə etməyə imkan verilmir”.

Vəkil deyib ki, bu məsələlərlə bağlı müvafiq orqanlara müraciət olunacaq.

Vəkilin bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Buna da bax: Ali Məhkəmə cəbhəçi müəllimin şikayətini təmin edib

Xatırlatma

Müdafiə tərəfinin bildirməsinə görə, Üzeyir Abbasov sentyabrın 2-si saxlanıb. Onun Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparıldığı deyilir. Vəkilinin açıqlamasına görə, Üzeyir Abbasov saxlanmasına səbəb kimi prezidentlə bağlı bir karikaturanı paylaşmasını göstərib:

“Üzeyir Abbasov deyir ki, polisdə ona səhifəsində olan bir sıra statusları pozdurublar. Sonda O, ABŞ-ın Azərbaycandakı səfirliyinə gedib. Onu qəbul etməyiblər. Ancaq baş verənlərlə bağlı şüşə arxasından məlumat verib. Onu bundan sonra yenidən saxlayıblar”, – müdafiə tərəfinin məlumatında vurğulanırdı.

AXCP üzvünə sentyabrın 5-i məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs verilib.

Buna da bax:​ Cəbhəçi gənc polisdə ona xəbərdarlıq edildiyini deyir

Üzeyir Abbasov İnzibati xətalar məcəlləsinin 535.1-ci maddəsinə görə, (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) təqsirli bilinib.

Həmin vaxt müdafiə tərəfinin açıqlamasına Daxili İşlər Nazirliyindən də münasibət almaq mümkün olmamışdı.

AXCP-nin 10-dan çox üzvü uzunmüddətli həbs cəzalarına layiq görülüb. Partiya onların siyasi sifarişlə, şərlənərək həbs edildiyini düşünür. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar siyasi məhbus sayılan şəxslərin törətdikləri əmələ görə, məsuliyyətə alındıqlarını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG