Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 04:10

Azərbaycanla gərginlik fonunda Ermənistan Qərbdə özünə müttəfiq axtarır


Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi Cermuxda
Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi Cermuxda

"The Guardian" qəzetinin iddiasına görə, 2022-ci il sentyabrın 12-də Ermənistan sərhədini keçərək 6 kilometr irəliləyən Azərbaycan silahlı qüvvələri Cermux şəhərini nəzarətdə saxlayan dağ massivini ələ keçirib.

"Azərbaycanlılar mövqelərini gücləndirirlər. Bizə elə gəlir ki, qar kəsincə, onların başqa planı var. Hər an yeni aqressiya gözləyirik. İndi oturduğumuz ofis onların görə bildiyi hədəfdir. Onlar bizə iqtisadi və psixoloji zərbə vurublar. Adətən, otel otaqlarının 90 faizi dolu olardı", - 9 min nəfər əhalisi olan Cermux şəhərinin sakini Vaaqn Arsenyan deyir.

"Ailələr köçüb getmək istəyir"

Onun sözlərinə görə, Azərbaycan qoşunlarının 5 kilometr aralıda olması turizm gəlirlərini 60 faiz azaldıb. "İqtisadiyyat olmayanda da ailələr köçüb getmək istəyir", - yenə Arsenyanın dedikləridir.

Sərfəli müttəfiqlər axtarmaq Ermənistan tarixinin ayrılmaz hissəsidir. Bu fikir XVII əsrdə yaşamış erməni diplomatı İsrael Orinin Cermux yaxınlığındakı abidəsinin üzərində də yazılıb. Ömrünü xalqının İran və Osmanlı imperiyalarından azad edilməsinə həsr edən Ori Ermənistanı qurtarmağa razı olacaq ölkələr axtarışında Avropanı gəzib. O, son nəticədə Birinci Pyotrun sarayına gələrək belə deyib: "Bizim başqa ümid yerimiz yoxdur, ümidimiz bir Allaha, bir də sizin ölkənizədir". (İsrail Orinin əsas arqumenti dinlə bağlı olub. O, müsəlmanlar arasında qalan xristian ermənilərin dindaşlarına qovuşmaq üçün daim yardıma ehtiyacları olduğunu vurğulayıb – red.).

"The Guardian" yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan da buna bənzər durumda qalıb. O, ermənilərin "türk" adlandırdığı azərbaycanlılardan qorunmaq üçün müttəfiqlər axtarışındadır. Di gəl, bu dəfə başı Ukraynada qarışmış Rusiyaya yox, Qərbə üz tutub.

Bu, silahlarının 98 faizini Rusiyadan alan və SSRİ dağılarkən, keçmiş sovet respublikaları arasında ən moskvayönlü respublika kimi tanınan ölkədən ötrü nəhəng dəyişiklikdir.

Baş nazir Nikol Paşinyan Yerevandakı Erməni Soyqırımı Memorialına gül dəstəsi qoyur.
Baş nazir Nikol Paşinyan Yerevandakı Erməni Soyqırımı Memorialına gül dəstəsi qoyur.

Paşinyan 2018-ci ildə məxməri inqilab nəticəsində hakimiyyətə gəlib. O, əvvəlcə Rusiya ilə təhlükəsizlik tərəfdaşlığına son qoymaq haqda düşünmürdü. Dənizə çıxışı olmayan, dörd sərhədindən ikisi - Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan, Moskvanın öz arxa həyəti kimi gördüyü Ermənistan Rusiyadan uzaqlaşmağı ağlından da keçirə bilməzdi.

Ancaq 2020 və 2022-ci illərdə daha yaxşı təlim görmüş və daha güclü silah və ordusu olan Azərbaycan Ermənistanı ard-arda ağır məğlubiyyətlərə uğratdı. Ötən ilin sentyabrında isə Azərbaycanın Dağlıq Qarabağ ərazisinin erməni əhalisi buranı tərk etdi. Başı Ukraynada başlatdığı savaşa qarışan Rusiya Ermənistanın müdafiəsinə gəlmədi və beləcə, güvənlik təminatlarını güvənsizləşdirdi.

Xalq arasında, özəlliklə Dağlıq Qarabağdan köçən ermənilər arasında Rusiya sülhməramlılarının xəyanətkar olması fikri yayğındır.

"Biz bura sizə görə ölməyə gəlmişik?"

Paytaxt Yerevanda, dövlətin verdiyi mənzildə yaşayan keçmiş polis zabiti Ruslan Hayrapetyan dəfələrlə Rusiya sülhməramlılarının yanına gedərək Azərbaycan tərəfinin fermerlərə hücumları ilə bağlı insidentlər haqda məlumat verdiyini, əvəzində isə ruslardan bu cavabı eşitdiyini deyir: "Siz elə bilirsiniz, biz bura sizə görə ölməyə gəlmişik?".

Onun arvadı Nina deyir ki, Azərbaycan 8 aylıq blokadadan sonra Dağlıq Qarabağa daxil olanda rusların edə bildiyi tək şey onların yaşadığı Martunidən Xankəndiyə gedən yolu açıb, oradan Laçın dəhlizi ilə Ermənistana keçmələrinə imkan yaratmaq olub.

Onun sözlərinə görə, şəhər rəhbəri onlara belə deyib: "10 saata azərbaycanlılar şəhərə girəcək. Qala da bilərsiniz, ancaq mən sizə 1915-ci il qırğınlarını xatırladım. Sizə işgəncə verəcəklər, sizi zorlayacaq, başınızı kəsəcəklər".

Qarabağı tərk edən etnik ermənilər rusiyalı sülhməramlıların və Azərbaycan sərhədçilərinin nəzarətində olan Laçın sərhəd-keçid məntəqəsində.
Qarabağı tərk edən etnik ermənilər rusiyalı sülhməramlıların və Azərbaycan sərhədçilərinin nəzarətində olan Laçın sərhəd-keçid məntəqəsində.

Ermənilər regionu tərk etmələrini etnik təmizləmə kimi görürlər. Paşinyan bir qrup britaniyalı jurnalistə müsahibəsində hazırda Ermənistanın hər yerinə səpələnmiş qaçqınların artıq heç vaxt geri dönə bilməyəcəyini düşündüyünü deyib.

Bu epizod Ermənistan-Rusiya münasibətlərində kəskin soyuma və onsuz da parçalanmış Ermənistan cəmiyyətində daha dərin qütbləşmə doğurub. Rusiya sülhməramlıları aprel ayında Dağlıq Qarabağı planlaşdırıldığından daha tez tərk etdilər. Ötən həftə Ermənistan parlamentinin spikeri Rusiyanın Ukrayna siyasətini tənqid edib. Nəticədə Moskvada rusofob ittihamlar səslənməyə başlanıb.

"Beynəlxalq hüquq ölüb"

Ermənistan parlamentinin üzvləri Azərbaycanın daha çox tələblər irəli sürməkdə qərarlılığından şikayətlənirlər. "Mənim peşəm - beynəlxalq hüquq ölüb", - hüquq məsələləri komitəsinin sədri Vladimir Vardanyanın sözləridir. O, imperializmin yeni dövrünün başlandığını və Ermənistan kimi ölkələrin əziləcəyini söyləyib: "Hər bir imperiya öz torpağını böyütməkdə maraqlı olub. Biz də hazırda Potsdam və Yaltada qurulan ənənəvi birliklərin artıq işlək olmadığı durumdayıq deyə, suverenliyimiz get-gedə daha da zəifləyir. Bu regionun gələcəyi ilə bağlı konsensusa gəlməyimiz vacibdir, axı konsensus olmasa, XIX əsrdəkindən daha imperialist dünya ilə üz-üzə qalacağıq".

QHT rəhbəri Tiqran Qriqoryan Dağlıq Qarabağdakı "fiasko"nun səbəbini Ukrayna müharibəsinin Rusiyanın başını qarışdırıb onu zəiflətməsində görür: "Azərbaycanla münasibətlər Rusiya üçün Ermənistan qarşısındakı öhdəliklərindən daha vacib olmağa başladı. Prezident İlham Əliyev də bu güc vakuumunu və iki ölkə arasındakı hərbi qeyri-tarazlığı görüb təhdid etməyə və get-gedə daha birtərəfli güzəştlər əldə etməyə başladı".

Ötən ay Paşinyan Tavuş əyalətindəki dörd kəndi 30 ildən sonra yenidən Azərbaycanın nəzarətinə qaytarıb. Bu, iki ölkə arasında sərhədlərin SSRİ-nin dağıldığı dövrdə mövcud olduğu şəkildə demarkasiyasının ilk addımı sayılır.

Ermənistan polisi torpaqların Azərbaycana geri verilməsinə qarşı keçirilən aksiyada etirazçını saxlayır.
Ermənistan polisi torpaqların Azərbaycana geri verilməsinə qarşı keçirilən aksiyada etirazçını saxlayır.

Müxalifətin sonu görünməyən təslimçilikdə ittiham etdiyi Paşinyan isə deyir ki, bunun alternativi müharibədir. Bu razılaşma kəndlilərin günlərlə etiraz etməsinə səbəb olub. Nəticədə paytaxtda 80 nəfər həbs edilib.

Həmin vaxt Britaniya da daxil, əksər ölkələrin tanımadığı erməni soyqırımının ildönümü qeyd edildiyindən emosiyalar onsuz da gərilmişdi. On minlərlə erməni əllərindəki güllərlə soyqırımı abidəsinə doğru hərəkət edirdi.

Ermənistanın siyasi xəttindəki bu kəskin dönüşə ən bariz misal ötən ilin fevralında 200 nəfərlik silahsız Avropa İttifaqı (Aİ) monitorinq missiyasının Ermənistana gəlməsidir. Onlar öz mavi bayraqları, cipləri və binoklları ilə Azərbaycan qoşunlarının hərəkətini izləyir və hesabatlarını Brüsselə göndərirlər. Missiya üzvləri gərginlik və dezinformasiya artan zaman durumu sakitləşdirdiklərini düşünürlər.

Missiyanın direktoru Markus Ritter qrupun məhdud məqsədləri barədə bunları deyib: "Biz vəziyyəti sakitləşdirə bilərik. Biz sabitləşdirici amilə çevrilmişik. [Missiyanın] yerləşdirilməsindən əvvəlki və sonrakı vəziyyəti müqayisə etsəniz, fərq var".

"Bizi qoyun kimi qəssabxanaya sürəcəklərindən qorxuram"

Ancaq Ermənistanın cənubunda Rusiya müşahidəçilərin işinə imkan vermir. "Bu, çarəsizlik içində özünə dost və müttəfiqlər axtaran ölkədir", - Ritter belə deyir.

İndi Ermənistan Hindistan və Fransadan silah alır. Aprelin 5-də isə Aİ və ABŞ Ermənistana, müvafiq olaraq, 270 milyon avro və 65 milyon dollar məbləğində yardım söz verib.

Bu yeni tərəfdaşlıq Ermənistanın Rusiya bazarları və enerji mənbələrindən kəskin asılılığının azaldılmasına yönəlib. Ancaq bu yardımın çox az olduğunu deyən bir erməni diplomatı gileylənib ki, "bizi qoyun kimi qəssabxanaya sürəcəklərindən qorxuram".

XS
SM
MD
LG