Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:26

Bu il martın 1-ə qədər ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35.1 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, onların 37.7 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 266.7 manatdır.

İşsizlik statusunu məşğulluq xidməti orqanları verir. İqtisadiyyatda işsiz işləmək istəyib iş tapmayan sayılır. Ancaq işsiz statusu alanlardan yalnız 3 min 929 nəfəri buna görə müavinət alıb.

Ən çox işsiz Bakıda qeydə alınıb – 15 min 905 nəfər.

Bu göstərici Abşeron iqtisadi rayonunda 1784, Gəncə-Qazax iqtisadi rayonunda 2375, Şəki-Zaqatala iqtisadi rayonunda 985, Lənkəran iqtisadi rayonunda 990, Quba-Xaçmaz iqtisadi rayonunda isə 1365 nəfərdir.

Aran iqtisadi rayonunda 7822, Yuxarı Qarabağ iqtisadi rayonunda 1608, Kəlbəcər-Laçın iqtisadi rayonunda 1397, Dağlıq Şirvan iqtisadi rayonunda da 852 nəfər rəsmi işsiz statusu alıb.

Naxçıvan Muxtar Respublikasında isə rəsmi işsizin olmadığı bildirilir.

Ölkə mətbuatında bir neçə dəfə Naxçıvan Muxtar Respublikasında insanların iş ardınca qonşu Türkiyəyə getməsi ilə bağlı yazı dərc edilib. Mətbuatın yazdığına görə, hər gün belə insanlarla dolu bir neçə avtobus Naxçıvandan Türkiyəyə yola düşür.

Ekspertlər deyirlər ki, Azərbaycanda rəsmi işsiz statusu almaq iş tapmaqdan daha çətindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG