Avropa İnvestisiya Bankı (EIB) Trans-Adriatik Boru Xətti (TAP) layihəsinə maraq göstərir.
Bunu «Cənub Qaz Dəhlizi» QSC-nin rəhbərliyi ilə görüşdən sonra EIB-in Mərkəzi və Cənub-Şərqi Avropa Departamentinin rəhbəri Flavia Palanza deyib.
«Report»un xəbərinə görə, F.Palanza bildirib ki, EIB TAP və Trans-Anadolu Boru Xətti (TANAP) layihələrini maliyyələşdirməyi planlaşdırır.
«Bu layihələrin əhəmiyyətli olduğunu düşünürük və son qərarın maliyyələşmə üçün şərait yaradacağına inanırıq», - deyən EIB rəsmisi konkret məbləğ haqqında məlumat verməsə də, bu rəqəmin 2 milyard avro civarında olacağını ifadə edib.
TAP «Cənub Qaz Dəhlizi» layihəsinin əsas komponentidir. TANAP layihəsi də bu dəhlizə daxildir.
Layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Qaz kəmərinin 2020-ci ildən tam istismara verilməsi planlaşdırılır.