Keçid linkləri

Təcili xəbərlər
2022, 20 May, Cümə, Bakı vaxtı 05:24

Dünya xəbərləri

NATO məntəqəsi nəyimizə lazımdır?

Igor Dodon

«NATO-nun Moldovada rabitə qovşağı yaratmaq planı təxribatdan başqa bir şey deyil». Bunu Moldova prezidenti Igor Dodon Azad Avropa/Azadlıq radiolarına müsahibəsində deyib.

Mülki heyətdən ibarət rabitə qovşağının yaradılması haqda razılaşmanı NATO ilə Moldovanın baş naziri imzalayıb. Razılaşma noyabrda—I.Dodon hakimiyyətə gəlməzdən əvvəl əldə edilib.

Prezident I.Dodon Rusiyaya meyl göstərir. Ölkəni idarə edən nazirlər kabineti isə Qərbə, NATO-ya inteqrasiyaya tərəfdardır.

Baş nazir Pavel Filip ölkənin Xarici İşlər Nazirliyini qovşağın açılması işini sürətləndirməyə, aprel ayında başa çatdırmağa çağırıb.

Prezident I.Dodon isə Azad Avropa/Azadlıq radiolarına müsahibəsində deyib ki, neytral ölkə olan Moldovaya nə NATO-nun rabitə məntəqəsi, nə də Rusiyanın rəhbərlik etdiyi alyans lazımdır. Onun «Rus alyansı» dedikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (CSTO) nəzərdə tutduğu güman edilir.

Bütün xəbərləri izləyin

Tacikistanda hökumətə qarşı etirazlarda bir nəfər öldürülüb

Xoroqda etiraz aksiyası

GBAO-da vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı

Tacikistanın Qorno-Badaxşan Muxtar Vilayətində (GBAO) etirazlar zamanı bir nəfər öldürülüb. Bu haqda ölkənin Daxili İşlər Nazirliyi mayın 17-də məlumat yayıb. Ötən gün təhlükəsizlik qüvvələri vilayətdə siyasi liderlərin istefasını istəyən etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

GBAO hakimiyyəti vilayət başçısını, Xoroqun merini və digər rəsmiləri istefaya göndərməkdən imtina edəndən sonra bir qrup gənc Xoroqda yürüşə başlayıb.

Daxili İşlər Nazirliyi etiraz liderlərindən biri, 1993-cü ildə doğulmuş Zamir Nazrişoyevin “yaralandığını və xəstəxanada keçindiyini” bildirib. Məlumatda təhlükəsizlik qüvvələrinin “silahlı hücumu” dəf etdikləri vurğulanır. Etirazçılar vilayət administrasiya binalarına doğru yürüş etmişdilər.

Radio Ozodi isə yazır ki, müxtəlif mənbələr Nazrişoyevin başqa şəraitdə öldüyünü iddia edir. Başqa detallar açıqlanmır.

Radionun əldə etdiyi videoda etirazçılara qarşı rezin güllələrə və gözyaşardıcı qaza əl atdığı görünür. Mənbələr iki nəfərin xəsarət aldığını, xəstəxanaya aparıldığını təsdiqləyib.

GBAO-da vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı.

Bu insidentdən sonra minlərlə adam Xoroqda mərkəzi meydana yığışaraq Ziyobekovun ölümündə günahı olanların məsuliyyətə cəlb edilməsini tələb edib.

Bu qətlin istintaqının hələ başa çatmadığı bildirilir.

Əl-Cəzirənin jurnalisti öldürülüb

Fələstinlilər Şirin Əbu Aklenin fotolarını qaldırıb

Qətərdə yerləşən telekanal İsraili ittiham edib

Mayın 11-də səhər İordan çayının qərb sahilindəki Cenin şəhərində İsrailin reydini işıqlandırarkən Əl-Cəzirə televiziyasının jurnalisti güllələnərək öldürülüb.

Ərəbdilli telekanalın Fələstində tanınmış qadın müxbiri Şirin Əbu Akle aldığı güllə yarasından keçinib.

Yerusəlimdə yerləşən Əl-Qüds qəzeti üçün işləyən digər fələstinli jurnalist də yaralanıb, vəziyyəti sabitdir.

Qətərdə yerləşən telekanal İsraili ittiham edib.

İsrail ordusu qüvvələrinin Cenində əməliyyat zamanı güclə atəş və partlayıcı hücumuna məruz qaldığını, cavab atəşi açdığını bildirir.

Ordunun məlumatına görə, “hadisə araşdırılır, jurnalistlərin fələstinli silahlılar tərəfindən vurulması ehtimalı nəzərdən keçirilir”.

İsrailin Xarici işlər naziri Yair Lapid reportyorun ölümünü kədərli hadisə adlandırıb. Onun sözlərinə görə, Fələstin Hakimiyyətinə ölümün birgə patoloji təhqiqatını təklif edib.

“Münaqişə zonalarında jurnalistləri qorumaq lazımdır, hamımız həqiqətin üzə çıxarılması üçün məsuliyyət daşıyırıq”, – o, tvitində yazıb.

Leonid Kravçuk vəfat edib

Leonid Kravçuk, 2019-cu il

Zelenskinin sözlərinə görə, Kravçuk sovet idarəçiliyindən müstəqilliyin ilk xaotik illərində ölkəni idarə edən müdrik lider olub

Sovet İttifaqından ayrılandan sonra Ukraynanın ilk prezidenti olmuş Leonid Kravçuk 88 yaşında vəfat edib.

Mayın 10-da Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi bu xəbəri Telegram-da təsdiqləyib, amma detalları açıqlamayıb.

Kravçukun sağlıq problemləri vardı, ötən il ürək əməliyyatı keçirmişdi.

Ukrayna mediası mayın 10-da xəbər verir ki, 1991-94-cü illərdə Ukrayna prezidenti olmuş Kravçuk uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Zelenskinin sözlərinə görə, Kravçuk sovet idarəçiliyindən müstəqilliyin ilk xaotik illərində ölkəni idarə edən müdrik lider olub.

Kravçuk Ukraynanın 1991-ci ildə müstəqillik elan etməsində aparıcı rol oynayıb. Dekabrın 8-də Rusiya və Belarus liderləri ilə birlikdə Sovet İttifaqının rəsmən dağıldığını elan edən sazişi imzalayıb.

Müstəqilliyə qədər o, Kommunist Partiyasının başçısı kimi Ukraynanı idarə edirdi. Ölkə müstəqillik əldə edəndən sonra ilk prezident seçkisində Kravçuk 60 faizdən çox səs yığıb.

O, prezident postunda Ukrayna ərazisindəki sovet nüvə silahlarının Rusiyanın nəzarətinə keçməsinə razılıq verib. Birləşmiş Ştatlar da bu sazişi dəstəkləyib.

Verxovna Radanın keçmiş spikeri Dmitro Razumkov Kravçukun ölümünü “bütün Ukrayna üçün böyük itki” adlandırıb.

Altı gün öncə Belarusun ilk postsovet prezidenti Stanislav Şuşkeviç 87 yaşında vəfat edib.

Ukrayna iqtisadiyyatı üçün azalma proqnozu

Kiyev regionu, 19 aprel, 2022-ci il

Rusiyanın blokadası Ukraynanın kənd təsərrüfatı sektoruna ağır zərbə vurub

Bu il Rusiyanın işğalı fonunda Ukrayna iqtisadiyyatında 30 faiz azalma gözlənir. Bu proqnozla mayın 10-da Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) çıxış edib.

Bank martda, müharibə başlanandan dərhal sonra Ukrayna iqtisadiyyatı üçün 20 faizlik azalma proqnozu vermişdi.

Mərakeşdə illik konfransını açan AYİB bu açıqlamaları yayıb.

2023-cü ildə isə Ukrayna iqtisadiyyatında 25 faizlik artım gözlənir. Martdakı proqnoz 23 faiz idi.

Rusiyanın blokadası Ukraynanın kənd təsərrüfatı sektoruna ağır zərbə vurub. Ölkə əsas buğda və günəbaxan yağı ixracatçısıdır.

Döyüşlər həmçinin Ukraynadan Avropanın avtomobil istehsalçılarına kabel ixracını dayandırıb.

AYİB Qərbin sanksiyalar tətbiq etdiyi Rusiya iqtisadiyyatının bu il 10 faiz azalacağını, gəlin il isə sıfır artım görəcəyini proqnozlaşdırır. Bu rəqəmlər martdan bəri dəyişməyib.

‘Azovstal’dakı hərbçilər işğalçılara qarşı mübarizəni davam etdirəcəklərini deyirlər

Svyatoslav Palamar (solda), 8 may 2022

Mariupoldakı “Azovstal” polad zavodunda məskunlaşan sonuncu ukraynalı döyüşçülər Rusiya işğalçıları ilə sağ qalana qədər döyüşəcəklərini deyiblər.

Bu fikirləri Azov alayının komandir müavini Svyatoslav Palamar mayın 8-də keçirdikləri onlayn mətbuat konfransında deyib:

“Rusiya işğalçılarını dəf etmək üçün sağ olduğumuz müddətdə mübarizəmizi davam etdirəcəyik”.

Beynəlxalq ictimaiyyətə müraciət edərək yaralı əsgərlərin zavoddan təxliyə olunmasına yardim etmələrini xahiş edərək "bizim çox vaxtımız yoxdur, intensiv atəşə məruz qalırıq" deyə bildirib.

Hər iki tərəfin rəsmiləri bir gün əvvəl "Azovstal"dan mülki şəxslərin təxliyyəsinin başa çatdığını bildiriblər.

Genişlənən yeraltı tunellər və bunkerlər şəbəkəsində təqribən 2000 ukraynalı müdafiəçisi olan Azovstal münaqişədə simvolik dəyər qazanıb.

Rusiya qüvvələrinin Mariupol şəhərinin bu hissəsinin dəfələrlə ələ keçirmək cəhdləri uğursuz olub. Bir müddət əvvəl Rusiya prezidenti Putin müdafiə nazirinə Azovstala hücum əməliyyatlarının dayandırlması göstərişini verib.

Amma Ukrayna tərəfinin məlimatına görə, bundan sonra da Rusiya zavod ərazisini müxtəlif növ silahlardan daha da intensiz atəşə tutmaqda davam edib. Bildirilir ki, bununla Rusiya 9 may Qələbə Gününə Mariupolu tam nəzarətə almaq və bunu uğur kimi təqdim etmək istəyir.

Sibirdə baş verən yanğınlar nəticəsində ən azı 800 evin yandığı bildirilir

Abakanda yanğın, 7 may 2022

Məlumatlara görə, yanğın nəticəsində yaşayış olan 500 ev, 300 tikili, 60 avtomobil yanıb.

Rusiyanın Sibir bölgəsində baş verən irimiqyaslı təbii yanğınlar yüzlərlə evi məhv edib. Son məlumatlara görə, 10-dan çox insan həlak olub. Sibir.Realii-nin məlumatına görə, ən çətin vəziyyət Krasnoyarsk diyarındadır.

Fövqəladə vəziyyət elan olunan bu bölgədə son məlumatlara görə, ən azı 7 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb. Bundan başqa 6 yanğınsöndürənin dəm qazından zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Bundan əlavə, 800-dən çox bina (500-dən çox yaşayış olan ev, 300 bina və 60 avtomobil) yanıb. Yanğın bölgənin bir sıra ərazilərini əhatə edib.

Krasnoyarsk diyarının hakimiyyət orqanlarının məlumatına görə, mayın 8-də səhər saat 7-də təxminən min hektar ərazi yanmaqda davam edir. NGS.24 teleqram kanalının məlumatına görə, Uyarda yanğın qurbanları ilə görüşdə qubernatorun nümayəndəsi Vladimir Şaeşnikov bildirib ki, yanan evlərin 95%-i “köhnə kiçik evlərdir”. Jurnalistlərin sözlərinə görə, rəsmi nümayəndənin dediyi bu ifadə insanları hiddətlənib.

İstintaq Komitəsi rayon ərazisində baş vermiş yanğınlar faktı ilə bağlı “Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə iki cinayət işi açıb. Bundan əvvəl səlahiyyətlilər yanğınların əsas səbəblərinin elektrik naqillərindəki naqillərin üst-üstə düşməsi və güclü küləyi nəticəsində yaranan qısaqapanma, həmçinin otların yanması və yanğınla ehtiyatsız davranması olduğunu bildirib.

Omsk vilayətində yanğınlar 100-ə yaxın yaşayış binasını və onlarla qeyri-yaşayış binasını məhv edib. Orada da ölənlər də var. Məlumata görə, ən çox Nazyvaevsk şəhəri zərər çəkib.

Regional elektrik şəbəkələrinin rəisi saxlanılıb. Bundan başqa şəhərin merinin saxlanması barədə də məlumat verilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrkutsk vilayətində, iki kənddə baş verən yanğın 41 ev və bir məktəbi məhv edib.

İki nəfərin öldüyü bildirilir. Xakasiyanın paytaxtı Abakan şəhərində yanğın nəticəsində 30 binaya ziyan dəyib, 500-dən çox bağ sahəsi yanıb, azı bir nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kuzbassda yanğınsöndürənlər Tyajinski rayonunda evlərdə yanğını söndürərkən 3 nəfərin cəsədini aşkar ediblər.

Bu rayonda ümumilikdə 50-dən çox ev yanıb. Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan və Təbii Sərvətlər Nazirliyinin rəhbəri Aleksandr Kozlov Krasnoyarsk diyarına yollanıb. Təbii Sərvətlər Nazirliyi bildirir ki, onlar daha sonra Kemerovo, Omsk və İrkutsk vilayətlərinə gedəcəklər.

90 nəfərin zirzəmisinə sığındığı məktəbə hava zərbəsi endirilib

Ukrayna

Rusiya hərbçiləri Lisiçansk yaxınlığındakı Beloqorovka kəndində məktəbə hava zərbəsi endirib. Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, demək olar ki, təxliyyə olunmağa imkan tapmayan bütün kənd sakinləri həmin məktəbin zirzəmisində gizlənirmiş. O, məktəbin zirzəmisində 90-a yaxın adam olduğunu, onlardan 30-a yaxınının dağıntılar altından çıxarıldığını və xilasetmə əməliyyatının davam etdiyini qeyd edib.

Qaydai son bir həftədə bu kənddə davamlı döyüşlərin getdiyini deyir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hava zərbəsi nəticəsində yanğın baş verib. Xilasedicilər bir neçə saatdan sonra yanğını söndürüblər. Məlumata görə, dağıntılar altından iki cəsəd çıxarılıb və həlak olanların sahı dəqiqləşdirilir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Rəsmi Moskva Ukraynaya qarşı başladığı müharibəni "xüsusi əməliyyat" adlandırır. Bunun əksini deyənlər cinayət məsuliyyətinə cəlb edilib.

Britaniya Moskva birjasının statusunu ləğv edir

MOEX

Britaniya Moskva Birjasının (MOEX) rəsmən tanınmış fond birjası statusunu ləğv edib. Bu addım Rusiya Bankının xarici investorlara qadağalarına cavab olaraq atılıb. Bank isə Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin Moskvaya maliyyə sanksiyalarından sonra bu məhdudiyyətləri tətbiq edib.

Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi (HMRC) mayın 5-də "rəsmən tanınmış fond birjaları"nın siyahısını yeniləyib, MOEX-in statusunun ləğv olunduğunu, qərarın dərhal qüvvəyə mindiyini bildirib.

Seçim qalmayıb...

"Moskva Birjası xarici investorlara məhdudiyyətləri qaldırmadığından Böyük Britaniyanın da onun rəsmən tanınmış statusunu ləğv etməkdən başqa seçimi qalmır", – Xəzinədarlığın Maliyyə katibi Lüsi Freyzer deyib.

"Bu məhdudiyyət Rusiya aktivlərinə pul axınını dayandıracaq, Rusiyaya yeni investisiya qoyulmayacağına aydın mesaj verəcək", – o vurğulayıb.

Rəsmən tanınmış birja statusu britaniyalı rezidentlərə birjada qiymətli kağızların alqı-satqısı zamanı müəyyən vergi imtiyazları verir.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan sonra Britaniya da ABŞ, Avropa İttifaqı və bir çox digər müttəfiqlər kimi, Moskvaya, Prezident Vladimir Putinə və ailəsinə, Rusiya şirkətlərinə, milyarderlərə, hökumətin aparıcı rəsmilərinə sanksiyalar açıqlayıb.

Türkiyədə inflyasiya 70 faizə çatır

Türkiyədə bazar

Ötən ay istehlakçı indeksi 69.97 faiz artıb

Apreldə Türkiyədə illik inflyasiya 70 faizə yaxınlaşıb. Bu, qlobal enerji qiymətlərinin artması, lirənin zəifləməsinin ərzaq, nəqliyyat və digər vacib ehtiyacları bahalandırması fonunda baş verib.

Rəsmi statistika agentliyinin dərc etdiyi dataya görə, ötən ay istehlakçı indeksi 69.97 faiz artıb.

Ərzaq və alkoqolsuz içkilərin qiyməti bir il öncəylə müqayisədə 89 faiz, nəqliyyat qiymətləri isə 106 faizədək yüksəlib.

Bu rəqəmlər Türkiyədə 2002-ci ilin əvvəlindən ən yüksək inflyasiya həddidir. Müxalifət partiyaları hələ onların problemin real miqyasını əks etdirmədiyini deyir.

Bahalanma Prezident Receb Tayyib Ərdoğan və hakim partiyasından narazılığı gücləndirir. Amma Ərdoğan yüksək faiz dərəcəsinə qarşı çıxır. Mərkəzi bank ötən ilin sonunda faiz dərəcəsini bir neçə dəfə azaldıb.

Bu isə türk lirəsinin bir il öncəylə müqayisədə 40 faizədək dəyər itirməsinə səbəb olub.

ABŞ Bankı uçot dərəcəsini qaldırdı

ABŞ Federal Ehtiyat Sistemi

Federal Ehtiyat Sistemi və ya FED uçot dərəcəsini 50 bənd qaldıraraq 0.25-0.5 faizdən illik 0.75-1 faizə qaldırıb

ABŞ-ın mərkəzi bankı rolunu oynayan Federal Ehtiyat Sistemi və ya FED uçot dərəcəsini 50 bənd qaldıraraq 0.25-0.5 faizdən illik 0.75-1 faizə qaldırıb.

Mart ayında FED uçot dərəcəsini 25 bənd qaldırmışdı. Dərəcənin birdən-birə 50 bənd qaldırılması 2000-ci ildən bəri ilk dəfədir ki, baş verir.

Bu da xəbər verilir ki, maliyyə tənzimləyicisi uçot dərəcəsinin 2022-ci il ərzində daha 50 bənd qaldırılması məsələsini nəzərdən keçirir.

Federal Ehtiyat Sistemi habelə bildirib ki, iyulun 1-dən dövlət strukturlarının borc öhdəlikləri, dövlət istiqrazları və ipoteka ilə təmin olunmuş qiymətli kağızlar portfeli ixtisar olunacaq.

Xəbər verilir ki, FED-in bu elanından dərhal sonra birjadakı əsas indekslər enib, ardınca enişə uyğun tarazlanıb.

Məlumatda bildirilir ki, ABŞ-da iş yerlərinin artması və işsizliyin azalması davam edir.

Buna baxmayaraq koronavirus pandemiyasının nəticələrinə və enerji qiymətlərinin artımına görə inflyasiya yüksək olaraq qalır.

FED habelə bəyanatında Rusiyanın Ukraynaya müdaxiləsini xatırladır və bildirir ki, bu hadisənin ABŞ iqtisadiyyatı üçün nəticələri hələki naməlumdur.

Qeyd olunur ki, hərbi əməliyyatlar inflyasiya üzərinə gərginliyi artırır və bu səbəbdən iqtisadi fəallığın yavaşıyacağı gözlənilir.

ABŞ bankları bir-birilə qısamüddətli kreditləşməni FED-in uçot dərəcəsi əsasında aparırlar.

Uçot dərəcəsinin artırılması neft, qaz və metalların, habelə başqa malların qiymətlərinin düşməsi faktoru sayılır.

Stanislav Şuşkeviç 87 yaşında vəfat edib

(Soldan) Leonid Kravçuk, Stanislav Şuşkeviç və Boris Yeltsin, 8 dekabr, 1991-ci il

İxtisasca fizik olan Şuşkeviç 1991-ci ildə Belarus Ali Şurasının sədri seçilib. Elə həmin gün ölkənin adı Belarus Respublikası elan olunub

Müstəqil Belarusun ilk lideri Stanislav Şuşkeviç COVID-19-dan ağırlaşmadan vəfat edib.

Onun ölümü haqda həyat yoldaşı irina Telegram-da məlumat yayıb.

Belarus Ali Şurasının keçmiş sədri Şuşkeviç ötən ay koronovirusun omikron ştamından müalicə almağa başlamışdı.

İxtisasca fizik olan Şuşkeviç 1991-ci ildə Belarus Ali Şurasının sədri seçilib. Elə həmin gün ölkənin adı Belarus Respublikası elan olunub.

1991-ci il dekabrın 8-də Şuşkeviç Rusiya və Ukrayna prezidentləri Boris YeltsinLeonid Kravçukla birlikdə Belarusda Sovet ittifaqının dağılması haqda Belovej sazişini imzalayıblar.

Şuşkeviç 1994-cü il prezident seçkisində məğlubiyyətlə üzləşib. O, Alyaksandr Lukaşenka rejiminə qarşı çıxırdı. Amma son illər aktiv siyasi həyatda deyildi.

Ukraynada yol qəzasında azı 16 nəfər həlak olub

Hadisə yeri

Məlumata görə, yanacaq maşını, avtobus və bir avtomobil toqquşub, maşınlar alışıb

Mayın 3-də Ukraynanın qərbində avtobus yanacaq maşını ilə toqquşub, azı 16 nəfər həlak olub.

Rivne vilayətindəki qəzada daha 6 nəfər xəsarət alıb. Məlumatı Ukrayna Dövlət Polisinin mətbuat xidməti yayıb.

Məlumata görə, yanacaq maşını, avtobus və bir avtomobil toqquşub, maşınlar alışıb.

Mayın 3-də axşam Prezident Volodimir Zelenski gündəlik müraciətində Rivnedə “dəhşətli yol qəzası” baş verdiyini deyib.

O, ölənlərin sayının 17 olduğunu söyləyib, daha çox qurbanın ola biləcəyini sözlərinə əlavə edib.

Bu qəzanın Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə birbaşa əlaqəli olduğu görünmür. Zelenski müraciətində müharibəylə bağlılıqdan danışmayıb.

İsveçrə qəzeti 'Putinin oğulları'ndan yazır

Vladimir Putin idmançı Alina Kabayevanı Dostluq ordeni ilə təltif etdikdən sonra, 08 iyun 2001

İsveçrənin "SonntagsZeitung" qəzeti iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin 2015 və 2019-cu illərdə doğulmuş iki oğlu var. Yazıda uşaqlardan birinin İsveçrədə doğulduğu bildirlir.

Nəşrin məlumatına görə, bu uşaqları keçmiş olimpiya çempionu Alina Kabayeva dünyaya gətirib və bir çox Qərb mediası son vaxtlar onun Putinlə yaxınlığı barədə yazıb.

İsveçrə qəzeti mənbə kimi hər iki doğuşu qəbul etdiyi bildirilən həkimin tanışına istinad etdiyini vurğulayır.

Qəzet yazır ki, mənbə dostununun və həkimin adının aıqlanmamsını xahiş edib.

Məqalədə bildirilir ki, Putinlə gənclik illərində tanış olan həkim çoxdan İsveçrəyə mühacirət edib.

Mənbə bildirir ki, hər şeyin gizli saxlaması üçün 2015-ci ildə körpənin doğulduğu yer İsveçrənin Luqano şəhəri seçilib. Amma bu, tamamilə uğurlu olmayıb: Kabayevanın bir oğlan dünyaya gətirməsi (bəzi məlumatlara görə, əkizlər, bu, SontaggsZeitung-a görə, doğru deyil) sonra bir sıra media orqanları tərəfindən xəbər verildi. Sonra Putinin ata ola biləcəyi ilə bağlı fərziyyələr səsləndi. Kremlin sözçüsü Dmitri Peskov o vaxt bunu təkzib edib.

Dörd il sonra Alina Kabaeva yenidən ana olub, lakin bu dəfə Moskvada. Bir mənbənin dediyinə görə, bu, "prezidentin qərarı" idi.

İddia olunur ki, hər iki hamiləlik zamanı Kabayeva bir neçə dəfə Luqanoya baş çəkib, lakin Putin onun yanında olmayıb.

Bu yaxınlarda The Wall Street Journal da yazmışdı ki, Kabayeva İsveçrədə çox vaxtını "hündür divarları və helikopter meydançası olan" malikanədə keçirib. İsveçrə nəşri Kabayevanın və ya Putinin nümayəndələrindən heç birinin şərh almayıb.

“The Wall Street Journal”ın bu həftə anonim mənbələrə istinadən yazdığı məqalədə qeyd olunur ki, ABŞ Milli Təhlükəsizlik Şurası bu yaxınlarda Kabayevaya qarşı sanksiyaları dayandırıb. Məlumatda o da vurğulanır ki, Amerikanın yüksək rütbəli məmurları Rusiya prezidenti Vladimir Putinin reaksiyasından və Rusiya ilə münasibətlərin daha da kəskinləşməsindən ehtiyat edibdilər. Məqalədə iddia olunur ki, idmançı Kabayeva Putinin uşaqlarının anası ola bilər.

Bundan əvvəl ABŞ və digər Qərb ölkələri Katerina Tixonova və Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq ediblər. Bildirlir ki, sanksiya siyahısına düşən iki xanım Rusiya prezidentinin birinci nigahından olan qızlarıdır.

Kreml faktiki olaraq belə olduğunu etiraf edərək, sanksiyalarla bağlı xəbərlərə cavab olaraq Qərbi rusiyalı siyasətçilərin ailə üzvlərinə məhdudiyyətlər qoyduğuna görə qınayıb. Eyni zamanda, Qərb ölkələri Putinin “böyük uşaqları”na qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıblar. Buradan belə qənaətə gəlmək olar ki, Putinin sanksiyalar tətbiq olunmayan azyaşlı uşaqları da var.

Kreml heç vaxt Putinin övladları ilə bağlı hər hansı xəbəri ətraflı şərh etməyib, məsələni ictimai maraqların bir hissəsi kimi tanımaqdan imtina edib. Eyni zamanda Putin nəvələrinin olduğunu deyib. Prezidentin digər iddia edilən qızı, 18 yaşlı Yelizaveta Krivonoqixin anası Svetlana Krivonoqix də sanksiya siyahısına daxil edilməyib.

Palmar: 'Azovstal'ın bunkerindən 20 nəfər təxliyə edilib

Mariupol, "Azovstal" zavodu 25 aprel 2022

İtaliya mətbuatının yazdığına görə, Mariupoldakı mülki insanların təxliyyə olunması ilə bağlı Roma Papasının bir müddət əvvəl üç dəfə Moskvaya etdiyi müraciətinə müsbət cavab verilməyib.

İki aydan bəri Rusiya ordusu tətəfindən mühasirədə saxlanılan Mariupoldakı "Azovstal" metallurgiya zavodunun sığınacağından şənbə günü 20 nəfər təxliyyə olunub.

Bu barədə elə zavodun sığınacağında Rusiya ordusuna müqavimət göstərən "Azov" alayının komandir müavini Svyatoslav Palamar videomüraciətində məlumat verib.

Onun sözlərinə görə, Azovstal ərazisində bir müddət “səssiz rejim” fəaliyyət göstərib. Bu da bir neçə qadın və uşağın zavodun ərazisindən çıxarılmasına imkan yaradıb.

Palamar ümid etdiyini bildirib ki, təxliyə olunanlar razılaşdırılmış istiqamətə - Ukraynanın nəzarətində olan Zaporojyeyə aparılıb.

Rusiyanın “RİA Novosti” və TASS xəbər agentlikləri “Azovstal”dan 25 mülki şəxsin, o cümlədən altı uşaqın təxliyyə olunduğunu bildiriblər. Teleqram kanalları bundan əvvəl BMT və Qırmızı Xaç nümayəndələrinin iştirakı ilə Mariupol yaxınlığında mülki əhalinin zavoddan təxliyyəsi ilə bağlı danışıqlara başlandığını yazıblar. Kiyev məlumatı təsdiqləməyib.

Aprelin 26-da BMT-nin baş katibi Antonio Quterreş Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Danışıqlardan sonra Rusiya tərəfi bəyan edib ki, Putin Mariupoldan mülki əhalinin çıxarılmasının təşkilində BMT və Qırmızı Xaç Cəmiyyətinin iştirakına razılıq verib.

İtaliya mətbuatının yazdığına görə, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Roma Papası Fransisk diplomatik kanallarla humanitar dəhliz təşkil etmək xahişi ilə Moskvaya üç dəfə müraciət edib. Mariupoldan olan mülki vətəndaşları və hətta Vatikan gəmisində dəniz yolu ilə evakuasiya təşkil etməyi təklif edib. Amma iddia olunur ki, Rusiya hər üç dəfə Fransisin nümayəndələrinə insanların zavoddan təhlükəsiz çıxışına zəmanət vermədiyini deyib.

Verilən məlumatlara görə, metallurgiya zavodunun ərazisi istisna olmaqla Mariupol şəhəri Rusiya ordusunun nəzarətindədir. "Azovstal" metallurgiya zavodu ərazisi isə Ukraynanın “Azov” batalyonunun nəzarətində qalır. Zavodun sığınacağında hərbçilərdən başqa, bir neçə yüz yaralı, həmçinin uşaqlı mülki vətəndaşlar var. Zavodun ərazisində dəqiq neçə nəfərin qaldığı bəlli deyil.

Ukrayna israr edir ki, zavodda olan hər kəs Kiyevin nəzarətində olan əraziyə təxliyə olunsun. Rusiya hakimiyyəti hərbçilərin təslim olmasını, mülki şəxslərinsə rus qoşunlarının və ya separatçıların nəzarətində olan əraziyə getməsini istəyir. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Putinlə bu yaxınlarda söhbətində Mariupolun tam nəzarətə götürüldüyünü deyib. Azovstalın ələ keçirilməsinə isə bir neçə gün lazım olacağını bildirib. Prezident buna cavab olaraq zavodun sənaye zonasına hücumu yersiz adlandırıb və onun ləğv edilməsini əmr edib.

Mariupol rəsmilərinin məlumatına görə, rus qoşunlarının şəhərə genişmiqyaslı hücumu nəticəsində indiyə qədər 20 mindən çox sakin həlak olub.

Rusiyanın Ukraynaya silahlı müdaxiləsi prezident Vladimir Putinin göstərişi ilə fevralın 24-də başlayıb. Kiyev Moskvanı mülki infrastrukturu məqsədyönlü şəkildə məhv etməkdə ittiham edir. Rusiya tərəfi yalnız hərbi obyektlərə hücum etdiyini iddia edir. BMT-nin son məlumatlarına görə, müharibə başlayandan bəri 200-dən çoxu uşaq olmaqla, üç minə yaxın mülki ukraynalı həlak olub. Üç mindən çox insan yaralanıb. Təşkilatın hesabatında qeyd edilir ki, mülki əhalinin ölüm və xəsarət almasının əsas səbəbi artilleriya atəşi, raket və hava zərbələri, çoxsaylı reaktiv yaylım atəşi sistemi ilə atəşə tutulmasıdır.

Pentaqon Putini 'azğınlıq' və 'qəddarlıqda' ittiham edir

Putin

Con Kirbi hesab edir ki, Ukraynada baş verənlərə əxlaqlı bir insanın, tədbirli və yetkin bir liderin haqq qazandıra biləcəyini düşünmək çətindir

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi aprelin 29-da keçirdiyi brifinqdə Vladimir Putinin Ukrayna ilə bağlı siyasəti haqqında kəskin danışıb.

Xüsusilə, o, Rusiyanın ABŞ və Qərb ölkələrinin təhdidləri, habelə Ukraynadakı nasistlərlə bağlı bəyanatlarını “qəribə” və “absurd” adlandırıb.

Kirbi hesab edir ki, bu vəziyyətdə Rusiyanın özü təcavüzkardır.

“Bu ritorikanı onun (Vladimir Putinin) əslində Ukraynada etdikləri ilə uzlaşdırmaq çətindir: günahsız insanlar başının arxasından güllələnir, əlləri arxadan bağlanır, hamilə qadınlar öldürülür, xəstəxanalar bombalanır. “Demək istəyirəm ki, bu, sadəcə olaraq həyasızlıqdır”.

Kirbi Putini “azğınlıq” və “qəddarlıq”da günahlandıraraq, əlavə edib ki, onun üçün Ukraynada baş verən hadisələrə nəzər salmaq və əxlaqlı bir insanın və tədbirli, yetkin bir liderin buna haqq qazandıra biləcəyini düşünmək çətindir.

“Mən onun psixologiyası haqqında danışa bilmərəm, amma düşünürəm ki, hamımız onun pozulmasından danışa bilərik”, - Con Kirbi bildirib.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Pentaqonun Rusiyaya qarşı bəyanatlarını “Ukrayna hakimiyyətinin ədəbsiz yalanlarına” əsaslanaraq “təhqiredici” və “qəbuledilməz” adlandırıb.

Antonovun sözlərinə görə, ABŞ Kiyev rejiminin cinayətlərini hiss etmir.

2022-ci ilin martında ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” hesab etdiyini bildirib. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının bu cür ritorikasını qəbuledilməz və bağışlanmaz” adlandırıb.

Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisinə soxulub və hələ də müharibə davam edir. Amma rəsmi Moskva Rusiya ordusunun Ukraynaya hərbi təcavüzünü müharibə deyil, "xüsusi əməliyyat" adlandırır. Ölkədə bunun əksin deyənlərə qarşı isə cinayət işi açılır.

Filtrasiya düşərgəsində bir gəncin iki Rusiya əsgərindən eşitdikləri: 'On nəfəri gülələdim və daha sonra saymadım - maraqlı deyildi'

Ukraynadan olan məcburi köçkünlər Polşa sərhəddində

Mariupolun otuz mindən çox sakini Rusiya filtrasiya düşərgələrindən keçib. Belə məlumatları Donetsk Regional Hərbi Administrasiyası təqdim edir.

Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisovanın sözlərinə görə, Mariupol yaxınlığında Rusiyaya məxsus dörd belə düşərgə var.

Rusiya Federasiyasının hərbi və xüsusi xidmət orqanları uzun sürən dindirmələr, sənədlərin yoxlanılması və döymələrin yoxlanılması zamanı qaçqınlar arasında ukraynalı dövlət qulluqçuları, hərbçilər, SBU və polis əməkdaşlarını axtarırlar. Sorğu-suallardan keçə bilməyənlərin taleyi məlum deyil.

Ukrayna hakimiyyətinin fikrincə, “etibarsızların” bəziləri Sibirə və ya Uzaq Şərqə deportasiya edilir.

"Nastoyashcheye Vremya" 17 yaşlı Mariupol sakini ilə danışa bilib. O, ailəsi ilə birlikdə “süzgəcdən” keçib, sonra Kiyevin nəzarətində olan əraziyə çıxıb.

-Filtirasiya düşərgəsi qəsəbə deyil. Sadəcə yüzlərlə maşından ibarət bir cərgə var idi. Heç tualetə də gedə bilmirsən. Ayaqların şişir, bütün bədənin ağrıyır. Biz iki gün, iki gecə qaldıq. Dedilər ki, filtrasiya 14 yaşından başlayır. 12 yaşlı bacım və anam maşında qaldı. Atamla mən bu filtrasiyaya gedəndə başa düşdüm ki, mənim üçün çox çətin olacaq. Ukraynadan necə imtina edə bilərəm? İki əsgərin söhbətini heç vaxt unutmayacağam:

-Filtrdən keçməyən insanlarla bağlı nə etdin?

- On nəfərini gülələdim və daha sonra saymadım - maraqlı deyildi.

-Məni birinci əməliyyat otağına buraxdılar. Sənədləri götürdülər, skan etdilər, barmaq izlərini götürdülər. Eyni zamanda mobil telefon yoxlanıldı. Otaqda silahlı beş əsgər var idi və mən tək idim. Cox qorxulu idi. Döşəkdə uzanmış əsgər: "Bəyənmirsən? Qabaqda daha çox qadın olacaq. Bir şey taparıq" deyəndə ayaqları boşalmağa başladı. Mən onların xoşuna gəlmədim və məni sadəcə qovdular. Atamın yerində gözləməyə icazə vermədilər.

Dedilər ki, Berdyanska gedin. Orada atam filtrasiyadan necə keçdiyini söylədi. Ən xoşagəlməz sullar veriblər ona. Həm də təkcə hökumət haqqında deyil, Ukrayna və bütün vəziyyət haqqında. O, nə edir və bundan sonra nə etməyi planlaşdırır? Və hətta: "Niyə qulağını kəsmirsən?" Telefonda yoxlamaq üçün heç bir əsas olmadığını, hətta SİM kartın da olmadığını anlayanda onun kim olduğunu soruşmağa başlayıblar. Atamın dedikləri onların xoşuna gəlməyib. Onu itələməyə başlayıblar, başına ağır bir şeylə vurublar. Sonra nə olub, atam xatırlamır. O küçədə oyanıb.

17 yaşlı Mariupol sakininin dediyinə görə, Berdyanskdan Zaporojyeyə gedən yolda Rusiya ordusunun qurduğu 27 nəzarət-buraxılış məntəqəsindən keçiblər. Hamısı eyni idi.

Ukrayna bayrağını görəndə gözlərimizə inanmadıq. Atam dedi ki, bu növbəti təxribat ola bilər. Sakit və səbirli olmalısan. Keçid məntəqəsində atam səssizcə maşını göstərdi. Başqa bir filtrasiya düşərgəsindən qorxduq. Amma bizim qeydiyyatımızı görüb soruşmağa başladılar:

"Mariupol sakinləri, orda nə var? Hansı dəhşətləri yaşadınız?" – biz başa düşdük ki, bunlar bizimkilərdir, biz artıq öz torpağımızdayıq. İşğalçı belə gözəl ukrayna dilində danışa bilməz.

Onların şevronlarını gördük, formalarını gördük. Orada hətta səma da fərqli idi. Təmiz idi. Partlayışlar səbəbindən yuxarı sıçrayan və havada qalan o tozların heç biri yox idi. Həyatımızı yaxşılaşdıracağımıza ümidimiz var. Bütün bu dəhşətlərdən sonra biz buna layiqik. Biz həqiqətən yaşamaq istəyirdik.

Ukrayna Ombudsmanın hələ aprelin 17-də verdiyi məlumata görə, müharibə başlayandan indiyə qədər 808 min ukraynalı zorla Rusiyaya aparılıb, onlardan 153 mini isə uşaqlardır.

Müharibə şərəitində rəsmi şəxslərin açıqladığı bu rəqəmləri tez bir zamanda təsdiqləmək və təkzib etmək olduqca çətindir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Moskva bu hücumu müharibə deyil, Ukraynada xüsusi əməliyyat adlandırır. Bunun əksini deyənlər isə cəzalandırılır.

Mariupolda son vəziyyət

Ukrayna, Mariupol şəhəri, 24 aprel 2022

“Azovstal” səhra xəstəxanasına endirilən aviazərbələr nəticəsində yaralananların sayı 170 nəfərdən 600 nəfərə çatıb. Bu barədə Mariupol meri Vadim Boyçenkoya istinadla məlumat yayılıb.

Ukrayna media mərkəzində keçirdiyi brifinqdə mer deyib ki, Rusiya qoşunlarının genişmiqyaslı hücumu başlayandan bəri şəhərdə 20 mindən çox sakin həlak olub.

Boyçenkonun sözlərinə görə, “Azovstal” zavoduna sığınan mülki adamların demək olar ki, nə suyu, nə qidası, nə də dərmanı qalıb.

"Mariupoldan çıxmağı bacaran yerli sakinlər deyirlər ki, bu şəhər cəhənnəmdir. Azovda isə vəziyyət daha da pisdir. Yemək, su, dərman demək olar ki, yoxdur. İnsanlar xilas üçün yalvarırlar. Zaman günlərlə yox, saatlarla keçir"-Boyçenko bildirib.

Onun sözlərinə görə, 300-ə yaxın şəhər sakini əvvəlcə Azovstal bomba sığınacaqlarında gizlənib, lakin sonra onlara Rusiyanın bombardmanlarından ən çox zərər çəkən şəhərin sol sahilindən olan qaçqınlar da qoşulub.

Hazırda zavodda nə qədər mülki vətəndaşın olduğu dəqiq məlum deyil.

"Çoxlu sayda qadın, uşaq, qoca evakuasiya olunmağı gözləyənlərdir. Biz bütün beynəlxalq ictimaiyyətdən səy göstərmələrini xahiş edirik. Və ümid edirik ki, davam edən prosedurlar və danışıqlar nəticə verəcək və insanlar xilas olacaq", - Boyçenko bildirib.

Twitter 3 milyon rubl cərimələndi

İki gün öncə Meta Platforms 4 milyon rubl, TikTok sosial şəbəkəsi isə 2 milyon rubl cərimələnmişdi

Moskvada məhkəmə Twitter sosial şəbəkəsini hökumətin qanunsuz hesab etdiyi kontenti pozmadığına görə cərimələyib.

Aprelin 28-də çıxarılmış məhkəmə hökmündə deyilir ki, Twitter həmin məlumatları pozmadığına görə 3 milyon rubl cərimə ödəməlidir. Söhbət Molotov kokteylinin hazırlanması haqda təlimatdan, Nasist svastikasını təbliğ, Rusiyanı, onun milli himni və bayrağını təhqir etdiyi bildirilən məlumatlardan gedir.

İki gün öncə Meta Platforms 4 milyon rubl, TikTok sosial şəbəkəsi isə 2 milyon rubl cərimələnmişdi. Onlar Rusiyada qanunsuz hesab edilən LGBT kontentini pozmadıqlarına görə məhkəmə belə bir qərar çıxarıb.

Məhkəməyə Roskomnadzor media tənzimləyicisi müraciət edib. Bu qurum Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan ölkədə sosial mediaya və azad sözə təzyiqləri gücləndirib.

Aprelin 26-da Moskva yaxınlığında başqa bir məhkəmə Meta Platforms şirkətinə göstəriş verib ki, Rusiyada Instagram və Facebook sosial şəbəkələrində bəzi postlara çıxışı məhdudlaşdırsın. Həmin postlarda Rusiyada siyasi repressiyanın monitorinqini aparan OVD-Info-nun məlumatlarına istinad olunur.

Prezident Vladimir Putin sosial media platformalarını və digər texnologiya nəhənglərini ölkənin İnternet qanunlarını pozmaqda ittiham edir. O, xarici şirkətləri Rusiyada ofis açmağa, rusiyalıların şəxsi datasını bu ölkənin ərazisində saxlamağa vadar etməyə çalışır.

Tənqidçilər isə bu təzyiqin “İnternetin bütövlüyü”nə dəxli olmadığını deyir, hakimiyyəti fərqli düşünənləri boğmaq cəhdində suçlayır.

İlon Mask Twitter-i aldı

Mask bildirir ki, onun hətta “ən qatı düşmənləri” belə bu sosial şəbəkənin iştirakçısı olaraq qalacaqlar

Dünyanın ən zəngin adamı olan İlon Mask Twitter sosial şəbəkəsinə malik şirkəti alıb.

O aprelin 25-də bu barədə razılaşma əldə olunduğunu yazıb. Twitter korporasiyası da bu xəbəri təsdiq edib.

Şirkətin Maska 44 milyard dollara satıldığı xəbər verilir. Direktorlar şurası bu barədə qərarı yekdilliklə qəbul edib.

Alqı-satqı aktının 2022-ci ilin sonunadək yekunlaşdırılacağı gözlənilir.

Bu razılaşma haqqında elə Twitter-də yazan Mask bildirir ki, onun hətta “ən qatı düşmənləri” belə bu sosial şəbəkənin iştirakçısı olaraq qalacaqlar, çünki “söz azadlığı elə bu deməkdir”.

Amerika istifadəçilərinin bir qismi bu sövdələşməyə qarşı çıxır və Maskı tənqid edirdilər.

Onlar bildirirdilər ki, sosial şəbəkənin bir nəfər tərəfindən alınması onun platformasında müxtəlif ictimai və siyasi qruplara qarşı nifrətin qızışdırılmasına meydan açacaq.

Aprelin 4-də xəbər verilmişdi ki, Mask Twitter-ə aid səhmlərin onda birini alaraq şirkətin ən böyük səhmdarına çevrilib.

Elə həmin gün Twitter səhmlərinin qiyməti 9.2 faiz artmışdı.

Ukrayna Rusiyaya Mariupolda 'real Pasxa atəşkəsi' təklif edib

Hazırda Rusiya ordusunun mühasirəsində olan Mariupoldakı Azovstal ərazisindəki yeraltı sığınacaqda qalan ailələr və uşaqlar

Ukrayna - aprelin 24-də, pravoslav xristianların qeyd etdiyi Pasxa bayramında - Rusiyaya Mariupoldan və Ukrayna hərbçilərinin müdafiəni davam etdirdiyi Azovstal zavodunun ərazisindən insanların evakuasiyası üçün yenidən Pasxa atəşkəsi təklif edib.

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bu gün sosial şəbəkələrdə belə yazıb:

“Mən Rusiya Federasiyasına qalmış reputasiyası qalıqları barədə düşünməyi təklif edirəm. Bunun üçün cəmi üç “Mariupol addımı” lazımdır.

1. Mariupolda əsl Pasxa atəşkəsi elan edin.

2. Dərhal mülki şəxslər üçün humanitar dəhlizi verin.

3. Danışıqların xüsusi raundu ilə razılaşın ki, biz hərbçiləri götürək/mübadilə edək”.

Ukrayna tərəfi bundan əvvəl də Mariupoldakı vəziyyətlə bağlı xüsusi danışıqlar üçün təkliflər irəli sürüb, lakin Rusiya bu təkliflərə cavab verməyib. Bir gün əvvəl Mariupoldan humanitar dəhliz təşkil etmək cəhdi isə uğursuz olub. Bunu hər iki tərəf bunu etiraf edib.

Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqudan Mariupolun qalan hissəsinə nəzarətin yaradılması ilə bağlı hesabat aldıqdan sonra Azovstala hücum etməməyi əmr edib.

Həmin gün Rusiya BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada Pasxa atəşkəsi ilə bağlı təklifini (aprelin 19-u) qəbul etməyib və bildirilib ki, bu möhlət Ukrayna qoşunlarının yenidən qruplaşmasına imkan verəcək. Son məlumatlara görə, Rusiya qoşunları Azovstal ərazisinə zərbələr endirməkdə davam edirlər.

Aprelin 24-də səhər saatlarında Azovstaldakı Ukraynanın Azov Hərbi Alayının komandir müavini Svyatoslav Palamar, Mariupoldan insanları azad olunması bağlı bir daha videomüraciət edib:

“Bu gün Pasxa bayramıdır və buna baxmayaraq düşmən hava bombaları atmağa davam edir, dəniz artilleriyası atəş edir, silahlar atəşə tutur, düşmən tankları vurmağda davam edir, piyada qoşunlar ə5razini tutmağa çalışır. ... Bu zaman, siz Pasxa şəkillərini göndərəndə, Mariupolda düşmən günahsız uşaqların başına bombalar yağdırır”.

Mariupoldan olan yüzlərlə mülki şəxsin zavod ərazisində gizləndiyi bildirilir.

Rusiya hərbçiləri mülki əhalinin Azovstaldan çıxmaq üçün humanitar dəhliz verməyə hazır olduqlarını bəyan ediblər, lakin eyni zamanda zavod ərazisində olan Ukrayna hərbçilərinin təslim olmasını tələb edirlər.

Rusiya əsgərinin zorladığı ukraynalı qadın başına gələnləri danışdı
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Aprelin 24-də Beynəlxalq Qırmızı Xaç Komitəsi Mariupoldakı mövcud vəziyyətlə bağlı dərin narahatlığını bildirərək mülki əhalinin və yaralıların təxliyyə olunması üçün təcili humanitar dəhliz açmağa çağırıb.

Mariupolda döyüşlər 2 aya yaxındır ki, davam edir və bu müddət ərzində şəhərin böyük hissəsi - Donetsk vilayətinin cənubundakı mühüm liman dağıdılıb. Minlərlə dinc sakinin öldüyü təxmin edilir (dəqiq sayı müəyyən etmək mümkün deyil). Şəhərin böyük hissəsi hazırda Rusiya hərbçiləri və “DNR” separatçılarının nəzarəti altındadır.

Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Rusiyaya məxsus təyyarələr, Suriyanın Hmeymim hərbi bazasında, 4 aprel 2016

Türkiyə Suriyaya uçan Rusiya hərbi və mülki təyyarələri üçün hava məkanını bağlayıb.

Bu barədə şənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinadla Reuters məlumat yayıb.

Rusiyanın Suriyada hərbi kontingenti, o cümlədən döyüş təyyarələri var. Çavuşoğlunun sözlərinə görə, uçuş üçün icazə üç ay müddətinə verilir, bu müddət apreldə başa çatıb və uçuşlar dayandırılıb.

Türkiyənin xarici işlər naziri bu addımın səbəblərini açıqlamasa da, hərbi gəmilərin Bosfor boğazından keçməsinə hazırkı qadağanı xatırladıb - Türkiyə bunu Ukraynadakı müharibə ilə bağlı tətbiq edib. Rusiyadan Suriyaya ən qısa yol Türkiyə hava məkanından keçir.

Türkiyə üzərindən yolun bağlanması o deməkdir ki, İran və İraq üzərindəki hava məkanından istifadə etmək lazım gələcək.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişədə vasitəçilik səylərini davam etdirir.

Onun sözlərinə görə, işçi alt qruplarda danışıqlar davam edir, həmçinin Ukrayna və Rusiya prezidentlərinin Türkiyədə görüşlə bağlı ilkin razılıq var.

Rusiyanın Odessaya atdığı raket 3 aylıq körpə, ana və nənənin həyatına son qoyub

Rusiyanın Odessaya atdığı raket zərbəsindən dağılan ev, 23 aprel 2022

Aprelin 23-də Rusiyanın Ukraynanın Odessa şəhərini raket atəşinə tutması nəticəsində insan təlafatı və dağıntılar olub. Raket zərbəsindən bir ailədə üç aylıq körpə, ana və nənə həlak olub. Ailə başçısı, Odessa sakini Yuri Qlodan məlumatı təsdiqləyib.

Valeriya Qlodan (Yavkina), qızı Kira və adı açıqlanmayan anası dünyasını dəyişib. Valeria Qlodanın İnstaqramdakı son yazılarından birinin - hamiləlik zamanı çəkdiyi fotoşəkilin altında artıq on minlərlə başsağlığı yazısı var. Onun Instagram-dakı son girişi müharibə haqqında hekayə və Vladimir Putini dayandırmağa çağırışdır.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Odessanın raket atəşinə tutlması nəticəsində 8 nəfər həlak olub.

“Qrata” nəşrinin qeyd etdiyinə görə, bunlar müharibənin 2 ayında cəbhə xəttindən uzaqda yerləşən Odessada həlak olan ilk mülki şəxslərdir.

"Üç aylıq uşaq öldürüldü. Müharibə bu uşaq bir aylıq olanda başladı. Təsəvvür edirsiniz? Bütün bunlar nə ilə bağlıdır? İylənmiş alçaqlar. Onları başqa necə adlandırmaq olar? Başqa söz yoxdur", - Zelenski bu sözləri aprelin 23-ü axşam saatlarında Kiyev metrosunda keçirdiyi mətbuat konfransında deyib.

Odessaya atılan raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb və bir neçə mənzili dağıdıb. Dağıntıların təmizlənməsi davam edir. Rusiyanın Teleqram kanallarında bunun Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketin fraqmentləri ola biləcəyi ilə bağlı iddialar yer alıb.

Yayımlanan video isə birbaşa raket zərbəsi versiyasını təsdiq edir.

Ukrayna Hava Hücumundan Müdafiə Komandanlığının məlumatına görə, şəhər Xəzər dənizi üzərindən, yəni Odessadan yüzlərlə kilometr uzaqlıqda uçan təyyarələrdən bir neçə qanadlı raketlə vurulub.

İki raket hərbi obyektə və yaşayış binalarına düşüb. Rusiya Müdafiə Nazirliyi Odessa yaxınlığındakı hərbi aerodromun “dəqiq silah”la vurulduğunu bildirib. Mesajda raketin yaşayış binasına düşməsi və dinc sakinlərin ölümü ilə bağlı heç nə deyilmir.

Bu gün Rusiyanın Ukraynaya təcavüzünün başlamasından düz iki ay keçir. Rusiyanın Ukraynaya hərbi təcavüzü aprelin 24-də başlayıb.

Ukraynada ATƏT missiyasının bir neçə əməkdaşı əsir götürülüb

ATƏT maşınları, Luqansk, Stansiya keçid məntəqəsi , 22 noyabr 2022

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində Xüsusi Monitorinq Missiyasının (XMM) bir neçə əməkdaşının əsir götürülməsindən danışıb. İndi təşkilat missiya üzvlərinin azad edilməsi ilə bağlı danışıqlar aparır.

"ATƏT Donetsk və Luqanskda müəyyən sayda XMM personalının həbsdə olmasından çox narahatdır. Biz onları azad etmək üçün bütün mövcud rabitə kanallarından istifadə edirik", - ATƏT əlavə təfərrüat vermədən bildirib.

Britaniyanın ATƏT-dəki səfirinin müavini bildirib ki, Donbasdakı separatçılar missiyanın əməkdaşlarını hədələyiblər və Xüsusi Monitorinq Missiyasının avadanlıqlarını müsadirə etməyə cəhd ediblər.

Rusiya rəsmisi: Moldova ilə quru əlaqəsi yaratmaq strateji məqsəddir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Bundan əvvəl ATƏT Rusiyanın separatçıların nəzarətində olan Ukrayna ərazilərində monitorinq missiyasının işini uzatmaqdan imtina etmək qərarını tənqid edib.

Mart ayında ATƏT təhlükəsizlik məqsədilə Donbassdan 500-ə yaxın əməkdaşını təxliyə etməli olub. Martın 3-də isə XMM zabiti Marina Fenina Xarkovda atışma zamanı həlak olub.

Rusiya ordusu fevralın 24-də Ukraynaya hücum edib və müharibə 60-cı gündür ki, davam edir. Rusiya Ukraynaya qarşı hərbi təcavüzü müharibə deyil "xüsusi əməliyyat" adlandırır. "Xüsusi əməliyyat" a müharibə deyənlər isə cəzalandırılır.

9 may Latviyada Ukraynada həlak olanların xatirəsi günü kimi yad ediləcək

latviya, sovet əsgərinə qoyulmuş abidə

Latviya Seymi mayın 9-u faşizm üzərində Qələbə günü əvəzinə Rusiyanın Ukraynaya hərbi təcavüzü qurbanlarının anım günü elan edib.

Həmin gün ölkədə matəm elan olunacaq və bütün bayram tədbirlərinə qadağa qoyulacaq.

Bundan əvvəl mayın 9-u Riqada “Sovet ordusunun əsgərlərinə - Sovet Latviyasını faşist işğalçılarından azad edənlərə abidə” memorial kompleksinin yaxınlığında qeyd olunurdu.

Bu tədbirdə on minlərlə insan iştirak edirdi. Bayramın formatı bir çox suallar doğursa da həmin gün Rusiyadan olan musiqiçilərin konsertlə çıxış edirdi, çöl mətbəxi qurulurdu, Rusiya bayraqları və "Berlinə" şüarları asılırdı. Qeyd olunur ki, bundan sonra 9 may Latviyada heç vaxt belə olmayacaq.

Vahid Ələkbərov istefa verib

Vahid Ələkbərov

71 yaşlı milyarder istefanın səbəblərini açıqlamayıb

Rusiyanın ən böyük özəl neft şirkəti – Lukoil-un əsasını qoymuş Vahid Ələkbərov aprelin 21-də vəzifəsindən istefa verib.

Bundan bir gün əvvəl Avstraliya və Britaniya onu və bir neçə başqa Rusiya maqnatını Moskvanın Ukraynaya qarşı müharibəsinə görə sanksiya siyahısına salmışdı.

71 yaşlı milyarder aprelin 21-də açıqladığı bəyanatda bildirir ki, Lukoil şirkətinin prezidenti və direktorlar şurasının üzvü vəzifələrindən istefa verir.

Bəyanatda istefanın səbəbləri açıqlanmayıb.

Bu da qeyd olunur ki, müvafiq istefa ərizələri direktorlar şurasının sədrinə təqdim olunub.

Şura bildirir ki, Ələkbərov səhmlərin nəzarət paketinə malik olmasa da, şirkətdə 3.12 faiz paya və şirkətlə bağlı fondlardakı səhmlərin 5.43 faizinə sahibdir.

Milliyyətcə azərbaycanlı Vahid Ələkbərov Lukoil şirkətinə 1993-cü il, aprelin 5-dən başçılıq edirdi.

Davamı

XS
SM
MD
LG