Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

Baş prokurorluq REAL-İran ‘xəfiyyə’ söhbətini araşdırır


REAL-ın seçki kampaniyası.
REAL-ın seçki kampaniyası.

Baş prokuror Zakir Qaralov haqqin.az və virtualaz.org saytlarında dərc olunmuş “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalədə əksini tapmış iddialarla bağlı ciddi araşdırmalar aparılmasına göstəriş verib.

Bunu Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Turan” Agentliyinin sorğusuna cavabında bildirib.

E.Sultanovun sözlərinə görə, araşdırmaları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparacaq. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Buna da bax:​ AŞPA prezidenti: 'İlqar Məmmədov azad edilməlidir'

Yanvarın 27-də haqqin.az və virtualaz.org saytları Eynulla Fətullayevin imzası ilə “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə dərc edib.

Məqalədə yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadənin REAL Hərəkatı rəhbərləri ilə görüşündən bəhs edir. İddia olunur ki, görüşdə gizli sövdələşmə olub, İran səfirliyinin nümayəndəsi REAL Hərəkatına pul verib.

“REAL İrandan ilk maliyyə yardımını qəbul edib! Bax bu, nəinki müxalif milli-demokratlar, eləcədə də liberal yönümlü müxalifət üçün inkişaf mərhələsində yeni dönüşdür”, məqalədə yazılır.

Buna da bax:​ İlqar Məmmədov həbsdən yazır

REAL: ”Artan nüfuzumuza növbəti təzyiq dalğasıdır”

Öz növbəsində, REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib ki, bu, REAL-a təzyiqdir.

“Açığı, belə cəfəng və absurd iddiaları gündəmə gətirmək, sadəcə REAL-a növbəti təzyiqdir. Hər hansı bir özünü jurnalist adlandıran kəsin sərsəmləmələrinə görə araşdırma aparmaq, ancaq təşkilatımıza təzyiqin artırılması deməkdir. REAL tam şəffaf fəaliyyət göstərən təşkilatdır. Heç bir araşdırmadan da çəkinmirik. Sadəcə, 8 gün bundan öncə, öz rəsmi saytımızda yaydığımız xəbərə don geyindirib sensasiya kimi qələmə vermək gülüncdür. Bu günə qədər REAL-ın ofisində 20-yə yaxın ölkənin səfir və səfirlik nümayəndələri görüşlərdə olub. Siyasi təşkilatın işlərindən biri də görüşlər keçirməkdir”.

N.Cəfərli bildirib ki, İran səfirliyinin nümayəndəsi özü görüş istəyib.

Buna da bax:​ Keçmiş səfir: 'İlqar Məmmədov nə qədər haqlı idi...'

“8 gün əvvəl görüş oldu, ölkələrimiz arasında münasibətlər, iqtisadi, mədəni münasibətlərin perspektivləri müzakirə olundu. Səfirlik nümayəndəsinə orada soydaşlarımızın durumu, İranın işğalçı Ermənistanla isti münasibətləri ilə bağlı iradlarımızı da bildirmişik, Azərbaycanın dünyəvi dövlətçiliyinin bizim üçün qırmızı cizgi olduğunu da demişik. Bir daha deyirəm, bu qondarma ittihamlar REAL-ın artan nüfuzuna görə növbəti təzyiq dalğasıdır”, deyə o qeyd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG