Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 13:38

İlqar Məmmədov həbsdən yazır


İlqar Məmmədov

«OpenDemocracy» saytı ReAL Hərəkatının lideri, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının siyasi məhbus saydığı İlqar Məmmədovun məktubunu dərc edib.

İ.Məmmədov Azərbaycan yataqlarına qoyulan xarici sərmayənin onun kimi siyasi məhbusları Əliyev rejiminin girovuna çevirdiyini yazır, məhz beynəlxalq tərəfdarları sayəsində «ağıllı diktatorlar»ın demokratları həbsdə saxladığını, eləcə də siyasi məhbusları məyus etdiyini deyir. Cənub Qaz Dəhlizi planının siyasi məhbuslara təsirindən danışır.

«Avropa Şurası mənim azadlığımın Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində qorumanın bütöv arxitekturasından ötrü vacib olduğunu bildirir, amma məni həbsə atanların cəzası hələ də verilməyib», – deyən İ.Məmmədov siyasi məhbusların durumunu və onları barmaqlıqlar arxasında saxlayanların cəzasızlığını Avropanın maraqlarıyla izah edir. O, Cənub Qaz Dəhlizinin (CQD) Qərbdən ötrü əhəmiyyətindən ətraflı danışır. Bu kəmərin sayəsində 16 milyard kubmetr Azərbaycan qazının Türkiyə və Avropa bazarlarına çıxarılacağını, üstəlik, həm Avropa Birliyi, həm ABŞ, həm də Türkiyənin sonralar kəməri Türkmənistana bağlamağa çalışdığını, bununla da Avropanın Rusiyadan asılılığını azaldacağını qeyd edir.

NECƏ OLUR Kİ, CQD REPRESSİYALARA TƏKAN VERİR?

İ.Məmmədov yazır ki, Cənub Qaz Dəhlizi layihəsi istənilən demokratik hakimiyyətin ürəyindən olardı. Hakimiyyətdə kim olur, olsun, bu layihəyə razılıq verər, sonra başqa əhəmiyyətli iqtisadi planlara baxardı. Amma inhisarlaşmanın olmadığı, rəqabətə əsaslanan iqtisadiyyat üçün bu layihə həyati əhəmiyyət daşımazdı.

Buna da bax-'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'

«Ancaq İ.Əliyevin güclə nəfəs alan atasını Türkiyənin hərbi hospitalından ABŞ-ın ən yaxşı klinikasına Rusiyanın dövlət təyyarələri aparandan sonra… bütün hakimiyyətə yiyələnən bu şəxs böyük qüvvələrlə hesablaşmağa, sonra da belə sövdələşmələrlə daxildəki siyasi dissidentləri basqı altında saxlamağa öyrəşdi». İ.Məmmədov belə yazır.

İ.Məmmədovun sözlərinə görə, İ.Əliyev Cənub Qaz Dəhlizini Qərbə hətta hədiyyə kimi təqdim etmək niyyətində imiş, bütün layihəni maliyyələşdirməyi planlayırmış. Və bunun müqabilində Qərb Azərbaycanda insan haqları və demokratiyadan danışmamalı imiş: «Yəqin bu siyasətə güvənərək, Azərbaycan hakimiyyəti 2013-cü ildən vətəndaş cəmiyyətinə görünməmiş hücumlara başladı».

Kəmər tikintisi
Kəmər tikintisi

«Yalnız neft ucuzlaşdığından layihənin Azərbaycana düşən payını 4 beynəlxalq maliyyə institutunun – Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankının köməyiylə ödəmək qərarına gəldilər».

ABŞ-IN QƏRARSIZLIĞI

İ.Məmmədov bütün bunlardan sonra Qərbin – ABŞ-ın, Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (EITI) qrupunun Azərbaycan qarşısında qoyduğu tələblərdən danışır. EITI Azərbaycanın vətəndaş cəmiyyətinə münasibətini dəyişməsini, basqılara son qoymasını, QHT-lərin maliyyələşdirilməsinə və qeydiyyatına dair qanunlarını ləğv etməsini istəyib, Azərbaycanı üzvlük statusundan məhrum edib.

Buna da bax-İlqar Məmmədovun qeyri-ReAl azadlığı

2016-cı ilin oktyabrında EITI Şurası toplanıb, Azərbaycandakı durumu müzakirə etməzdən öncə İ.Məmmədov da şuraya müraciət göndərib, ölkədəki durumdan danışıbmış. O, məhz vətəndaş cəmiyyətinə basqılara görə Azərbaycanın bu quruma üzvlük statusunun geri qaytarılmadığını vurğulayır. Amma ABŞ-ın şuradakı mövqeyinin çoxları kimi onu da məyus etdiyini yazır.

İ.Məmmədov ABŞ rəsmilərinin onun azadlığa buraxılmasıyla bağlı çağırış və təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayır. Amma ABŞ-ın EITI-dəki təmsilçisi Mary Warlick-in müzakirələr zamanı Azərbaycan hakimiyyətini müdafiə etdiyini də vurğulayır. Onun fikrincə, bu çıxış Vaşinqtonun Cənub Qaz Dəhlizinin tikintisinə nəyin bahasına olur, olsun nail olmağa çalışdığını göstərir.

AVROPANIN QƏRARSIZLIĞI

İ.Məmmədov Avropadakı qurumların onun və digər siyasi məhbusların həbsinə diqqətindən məmnunluğunu ifadə edir. Ancaq bu diqqətin də, hələ ki, nəticəsiz qaldığını, əksinə, beynəlxalq maliyyə institutlarının Cənub Qaz Dəhlizinə vəsait ayırdığını həbsdən təəssüflə izlədiyini bildirir.

İ.Məmmədov, ən yaxşı halda, EITI-nin martdakı görüşünə qədər əfv diləyən bəzi məhbusların buraxıla biləcəyini, beləliklə, İ.Əliyevin «kosmetik» islahatları və geosiyasi maraqlarını üstün tutan müttəfiqlərinin yardımı nəticəsində istədiyinə nail olacağını ehtimal edir.

«Azərbaycanın siyasi məhbusları CQD-nə xərclənən pullara dəyməyə bilər, amma Avropa dəyərləri bəlkə də dəyir», – deyən İ.Məmmədov yazır ki, «indi biz təzyiqlərə müqavimət yollarını və beynəlxalq şərtlərlə ayaqlaşmaq məsələsini gözardı etməməliyik. Çünki bizim dinc cəhdlərimizin bəhrəsiz olduğunu görənlər, ədalətsizliyə son qoymaqdan ötrü daha radikal vasitələrə əl atırlar», – deyə xəbərdarlıq edir.

XATIRLATMA

Azərbaycan hakimiyyəti «siyasi məhbus» terminini tanımır, ölkədə heç kəsin siyasi motivlərlə həbs olunmadığını deyir.

ReAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG