Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:02

'Ölkəni divdən xilas etmək' - Cırtdan haqda nağılın dekonstruksiyası


Çinarə Ömray
Çinarə Ömray

"- Dəlibaş nə üçün oyaq?
- Çünki anası hər gün ona yatmazdan əvvəl neftin hara getdiyi ilə bağlı nağıllar danışardı.
Div düşünür ki, onsuzda bunlar ölüm ayağındadı, qoy elə danışım. Bir neçə saatlıq ömrü var. Həqiqəti bilib ölsün".

Çinarə Ömray

Dəlibaşın nağılı və ya cırtdanın dekonstruksiyası

hekayə

Biri var idi çoxu yox idi. Yer üzündə Azərbaycan adlı bir məmləkət var idi. Zamanla böyük keçmişə, böyük tarixə malik olan, böyük bəlalar, böyük müharibələr qalibi olan bu məmləkət nə oldusa sanki birdən – birə Allahın qəzəbinə tuş gəldi. Sanki hansısa bir qüvvə öz bədd duasını tökdü bu məmləkətin üstünə. Bu böyük məmləkət bölündükcə bölündü. Müharibələr, su basqınları, zəlzələlər qara bulud kimi aldı bu məmləkətin başını. Bu məmləkətin adamları bir də o xəbərə ayıldılar ki, bəs ölkəni bir div ələ keçirib. Div əvvəl onlara hər şeyi qaydasına salacağına söz versə də sonralar hər şey tam əksi oldu...

Bu div burda qalsın, ona sonra qayıdarıq. İndi isə sizə kimdən deyim, nədən danışım bu məmləkətin ən vahiməli adı olan bir gölündən. Bu göl çox xataları, çox hadisələri udmuş, çox adamın qorxu mənbəyi olmuşdur. Kim-kimi qorxudar, kim-kimi hədəliyərdisə deyərdi “Səni öldürüb cəsədini də QANLI GÖLə ataram”. Bu Qanlı gölün çox adamı vahiməyə salmış, çox adamın arzusunu udmuşdu. Bəlkə elə buna görə də xalqın dilində bu göl haqqında qəribə əfsanələr dolaşırdı. Kimi deyirdi o göl neçə günahsız adamın qanından yaranıb. Kimi o gölü şeytan yuvası, kimi də sadəcə göl adlandırırdı. Bu gölün ərafında isə böyük bir qəsəbə salınmışdı. Havaların soyuyan, payızın bic-bic gülümsəyən, qanlı gölün bu ərəfələr sükuta boğulan günlərinin birində qəsəbənin ağsaqqalarından biri həyətdə iş görərkən qulağına iki səs gəlir. Ağsaqqal əlini saxlayıb səsi dinşəyir. Bulardan biri göl tərəfdən, digəri qonşu tərəfdən gəlirdi. Ağsaqqal bir az da dinşədikdən sonra bu səslərin birinin sevinc, digərinin ağlamaq səsi olduğunu tam dəiqləşdirir. Öz-özünə: - Bu nədir belə? Allah axırını xeyir eləsin. " Sevinclə şər qardaşdır"- deyirlər. Amma bu nə idi belə. Bir gedib maraqlanım.- deyir.

Ağsaqqal ilk sevinc səsi gələn tərəfə gedir. Səs onu qəsəbənin sayılıb-seçilən, ziyalı bir ailəsinə aparıb çıxardır. Qapını döymək istəyir. Amma qapı açıq olur. Ağsaqqal həyətə keçməklə Filankəsovların sevincinə şərik olur. Ailənin oğul övladı dünyaya gəlib. Ağsaqqal baba da sevinərək bir igidin, bir əsgərin, bir oğulun sayının artdığına görə əvvəl ailəni, sonra da bu məmləkəti təbrik edib:

- Əsgərin mübarək məmləkətim!-deyir.

Bu sevincə başı necə qarışırsa ikinci səsi unudur. Bunlar burda 40 gün, 40 gecə şadyanalıq etməklərində olsun mən sizə kimdən deyim, nədən danışım, ölkəni talan edən Divdən.

Buna da bax: Nidaçı Sərvərlə Gülnaz mühacirətə gedir

Div verdiyi vədə naxələf çıxır. Hər gün xalqın malını bir az da talayıb yeyir. Adı üstündə divdir bu.Yeməklə doymaz ki... Xalq isə qorxusundan səsini çıxartmayıb bir şeylə təsəlli tapır:

- Canımıza gələn malımıza gəlsin. Bizi, balalarımızı yeməsin də, malımızı yesə də olar.

Həəə, xalqı burda öz fikirləri ilə baş-başa qoyaq keçək vahiməli Qanlı gölə. Ağsaqqal baba 40 gün, 40 gecəlik qonaqlıqdan başı yenicə açılmışdı ki, Qanlı göl ərafından gələn o qəmli səsi yenidən eşitdi. Bu zaman barmağını dişləyib dedi:

- Həə, görürsən. Başım sevincə necə qarışıbsa bu səsi unutmuş, heç arxasınca da getməmişəm – deyir.

Ağsaqqal baba ayağa qalxıb üzü səs gələn tərəfə gedir. Səsə yaxınlaşdıqca onun daha çox bir ağlamaq səsinə oxşadığını eşidir. Səs onu taa gölün qırağına qədər gətirib çıxardır. Ağsaqqal baba yaxınlaşdıqca gölün qırağında bir tülkünün oturub asta-asta ağladığını görür. Əvvəlcə bütün toyuq-cücəsinin qatili olan bu tülküyə düşmən gözü ilə baxıb, yanından düz keçmək istəyir. Sonra bir özünə, bir saqqalına baxıb düşünür:

- Yoox, bu mənə yaraşmaz – və tülküyə yaxınlaşır:

- Nə olub tülkü lələ? Kənddə toyuq-cücə qurtarıb deyə ağlayırsan?

- Ehh, rəhmətdiyin oğlu təki dərdim toyuq-cücə dərdi olaydı.

- Nolub bəs?

- Mən elə bir dərdə düşmüşəm ki, tək mən yox ee, o başımızda duran div də bu dərdə düşüb özünün belə xəbəri yoxdu. Bilsə mənlə bərabər o da ağlayardı.

Ağsaqqalı daha da maraq bürüyür. Dərhal:

- Axı nə olub ? De biz də bilək də.

- Heç nə, nə olacaq canınız qurtarır.

- Nədən axı?

- Bu gün məndən gələcəkdə də, bir çox bəlalardan.

- Niyə axı Tülkü lələ? Bir de görək nə olub.

- Nə oldusa o soyuq Noyabr günü oldu. 40 gün, 40 gecə bundan qabaq noyabrın 25-i idi. Sizin kənddə bir ailə var. Bilmirəm tanıyırsan ya yox.

- Hələ bir de görək tanıyaram. Mən saqqalımı bu kənddə ağartmışam. Tanımadığım ailə yoxdu.

- Filankəsovları da tanıyırsanmı ağsaqqal ?

- Hə, niyə tanımıram. Kəndimizin ən sevimli, tərbiyəli ailələrindəndi.

- Ehh, onların sevimliliyinə nə deyim mən...

- Ey, Tülkü lələ ağıllı ol.

- Nə ağıl eee, burda son anlarımı yaşayıram.

- Bir danış bitir görək Filankəsovlarla nə işin var axı.

- Həə, onu deyirdim axı. Düz 40 gün, 40 gecə bundan əvvəl, noyabrın 25-i idi. Filankəsovlarda bir uşaq dünyaya gəldi.

- Hə, o oğulbalanımı deyirsən?

- Onu deyirəm, həə. Mənim xoş günlərimin qənimini. O dünyaya gələn gün mənə qeybdən səs gəldi ki, sən get özünü as. Filankəsovlarda bir körpə dünyaya gəlib və bu körpə dünyadakı bütün tülkülərdən də bic və çoxbilmiş olacaq. Bu xəbərdən sonra mən ağlamayım neynəyim ay ağsaqqal ? Və bu gün o çoxbilmiş körpənin 40-ı çıxan gündür. Daha mən buranı tərk edirəm.

Tülkü bunu deyib gedir. Ağsaqqal bilmir bu xəbərə sevinsin, kədərlənsin, inansın ya inanmasın. Durub evə qayıdanda yolda fikirini dəyişib yolunu Filankəsovlardan salır. Tülkünün bəhs etdiyi bu körpəyə bir də baxmaq istəyir. Filankəsovlarda yenə sevinc, şadyanalıqdır. Ailənin sevinci bütün kəndi də sevincə bürüyüb. Ağsaqqal ailəni bir dəfə təbrik edib bu igidi görmək istəyir:

- Oğul balanı gətirin bir mən də görüm.

Uşağı gətirirlər. Ağsaqqal əyilib uşağa baxmaq istəyərkən tülkünün sözlərini bir daha xatrlayır. Ağsaqqala baxıb bic-bic gülümsəyən körpə birdən ağsaqqala göz vurur. Ağsaqqalı sanki bir anlığa tok silkəliyir. Ona elə gəlir ki, gözünə görsənir. Əyilib bir də baxanda uşaq yenə ağsaqqala göz vurub ardıca dodağının bir tərəfini qaldıraraq kinayəylə gülümsəyir. Ağsaqqala elə gəlir ki, qucağında tutduğu körpə deyil, 40 yaşında böyüməyən bir kişidir. Tez ürəyində bir neçə dəfə " bismillah" deyib uşağı anasına verir. Geriyə də baxmadan evlərinə gedir. Ağsaqqal düz bir həftə yata bilmir. Hər gözünü yumduqca uşağın ona göz vurub ardınca gülümsəməsini xatırlayır. Və gün keçdikcə tülkünün dediklərinə inanmağa başlayır. Aylar illəri, illər də ayları qova-qova gedirlər. Filankəsovlar övladlarının ilk addım sevincini, sonra ilk danışıq sevincini, sonra ilk məktəb sevincini yaşayır. Qanlı göl haqqındakı əsfanələrin, əhvalatların sayı da günü-gündən kənddə artdıqca artır. Ağsaqqalınsa bir gözü uşaqda olur. Çünki heç kimin bilmədiyi tək olan həqiqəti ağsaqqal bilir. Beləcə illər, illərlə qaçdı-tutdu oynayır. Ta ki, bu qaçdı-tutduya bir xəbər bu məmləkətə də illərə də "Dur !"- deyir. Bir anın içində bütün məmləkətə xəbər yayılır ki, qocaman div dünyasını dəyişib. Bu xəbərə sevinən də üzülən də olur. Amma heç kim ağsaqqal qədər fikirə qərq olmur. Ağsaqqal dərhal tülkünün sözünü xatrlayır: “Bu uşağın doğulması bizim sonumuzdur. Elə Divin də. Əgər o bilsə ki, belə bir bəla gəlib yer üzünə ürəyi dayanıb ölər”. Tülkünün dediyi kimi də olmuşdu. Bəlkə də böyük Div hardansa öyrənmişdi bu oğlan haqda. Nə bilmək olar. Xalq gah yas saxladı, gah sevindi. Amma bu sevinci də Allah bu xalqa çox görmədi. Nəsə Allah da son zamanlar bu xalqla heç düz gəlmirdi. Ya xalq Allahı hirsləndirəcək nəsə etmişdi, ya da... Yeni xəbər işıq sürəti ilə məmləkətin hər yanına yayıldı. Bundan sonra xalqa böyük Divin oğlu hökmdarlıq edəcək. Xalqın buna etiraz etməyə gücü yox idi. Onsuz da illərdi köləlik etməyə alışmış xalq üçün nə önəmi vardı ki, kimə qul olsun... Hə, xalqı da bala divi də qoyaq bir kənara. Sizə kimdən deyim, nədən danışım bizim bu qəhrəmanımız olan cıqqılı Oğlandan. Bu oğlan böyüdükcə Qanlı göl tərəfə daha çox meyl edib, gününün yarısını orda keçirirdi. Çox qorxmaz və dəcəl uşaq idi. Günlərin bir günü burda balıq tutmaq üçün özünün hazırladığı qarmağı fırladıb suya atmaq istəyir. Amma elə olur ki, qarmaq hərlənib, fırlanıb gəlib öz əlinə girir. Bunu görən atası çox qorxur. Nə edəcəyini belə bilmir. Oğlan isə çox sakit və təmkinli halda:

- Niyə qorxursan ki, ata. Dart çıxart da.

Atası bu balaca uşağın bu təmkininə, dözümünə heyrətlənmiş, ürəyi əsə-əsə bu qırmağı dartıb çıxartmışdı. Bu dəfə tək atanı yox, ətrafda olan hamını heyrət bürümüşdü. Bu cəsarətli və qorxubilməz uşaq bir dəfə də olsa ağlamamışdı. Bu cür cəsarəti ilə tez-tez ətrafını, dostlarını təcübləndirir, ağsaqqal babanı da nə vaxt görürdüsə ona göz vurub gülümsəyirdi. Hər dəfəsində də sanki ağsaqqalın canına üşütmə düşürdü. İllər öncəki həmin günü xarlayırdı. Bu oğlana Dəlibaş deyirdilər. Məktəbdə də biliyi, parlaq zəkası ilə müəllimlərinin sevgisini qazanan bu uşaq günü-gündən daha çox uğura imza atır, daha çox ətrafına dost toplaya bilirdi. Artıq qəsəbənin ən dəcəl və eyni zamanda ən ağıllı oğlanına çevrilirdi. Zaman beləcə axıb gedirdi. Bir gün cıqqılı Dəlibaş məhəllə uşaqları ilə sözləşib meşəyə odun yığmağa gedirlər. Əvvəl Dəlibaşın anası razı olmur. Deyir “Pir mənimdi, kəramətinə bələdəm”. Amma Dəlibaş anasını razı salmağın yollarını tapır. Gedirlər odun yığmağa. Az gedirlər, çox gedirlər, mikrarayon, kvartal düz gedirlər. Ancaq odun yığmağa bir meşə tapmırlar ki, tapmırlar... Çünki meşələrin hamısı kəsilib yerində göydələn tikilib. Çoxbilmiş Dəlibaş deyir :

- Evdən çıxıb buracan gəlmişik. Gəlin bu köhnə meşəliyin yerindəki binanın tinində bir siqaret çəkək sonra qayıdarıq.

Buna da bax: Mən Həsənin qatiliydim

Elə təzəcə siqareti yandırırlar ki, gözlərinə "Dağüstü park" görsənir. Çoxbilmiş Dəlibaş yenə deyir:

- Budey tapmışam. Odun yoxdu, yoxdu, gedəy ordan çiçək dərək.

Gedirlər ordan çiçək dərməyə. Amma burda çiçəkdən çox quşlar var idi. Çoxbilmiş və doslarının təbiətin bu füsunkar mənzərəsinə baxmağa başları necə qarışdısa bir də gördülər artıq şər qarışıb, axşam düşüb. Yolu azan doslar Çoxbilmişə üz tuturlar:

- Ay Dəlibaş, hara gedək? İşıq gələn tərəfə ya quşlar gedən tərəfə?

Dəlibaş:

- Quşlar gedən tərəfə getsək zibilə düşərik. İşıq gələn tərəfə də bizdən əvvəlki nağıldakılar getmişdilər heç xeyir tapmamışdılar. Ən yaxşısı gəlin evmizə gedək.

Sonra axşam gəlir, uçub gedir quşlar, amma yağmır yağışlar. Doslardan biri ədəbiyyatçı olduğuna görə elə orda qalıb gecənin gözəlliyini izləməyi məsləhət bildi. Hətta təklif etdi ki, sabahacan onlara yeni yazdığı şeirlərindən də oxuyacaq, darıxmağa qoymayacaq. Digər dost nə işıq gələn tərəfə, nə də quşlar gedən tərəfə getməyi məsləhət görüb deyir :

- Ən yaxşısı dönər iyi gələn tərəfə gedək.

Ümumi qərara gələ bilmirdilər. Ədəbiyyatçı dost onlara bunlardan əvvəlki Cırtdanın nağılını danışdı. Bir az divi, sonra da o biri Cırtdanı müzakirə etdilər. Dəlibaş deyir:

- Nənəmin facebbok statusu necə bu nağıla uyğun gəlir ee...

- Hansı status?

- Nənəm o gün belə status paylaşmışdı. “Uzunun ağlı topuğunda, balacanın isə özü boydası yerin altındadır”. Bax elə divlə cırtdan o statusa uyğundu.

Gecə yarılayır, hava da soyumuşdu. Mən düşünürdüm ki, nağılımda bunları hansı tərəfəsə göndərib başlarına bir oyun gətirim. Elə bu yerdə Dəlibaşınn doslarından biri Dəlibaşa dedi:

- Ay çoxbilmiş, donub öldük burda. Bu müəllif də bizi nə o yanlıq edir nə buyanlıq.

- Sən müəllifə nə baxırsan ee.. Hara getmək istəyirsənsə onu de gedək.

- Necə yəni bizi o yazır axı. Gedəcəyimiz yolu da o cızacaq. Məsələn: müəllif istəsə bizi bu dəqiqə quşlar gedən tərəfə yönləndirə bilər.

- Yaxşı bəs müəllif bizi “quşlar” gedən tərəfə yönləndirməklə nə demək istəyər ki? - Məsələn: bizi onlar tərəfə yönəldib, bir kef məclisinə çıxarda bilər. Sonda da onu deyə bilər ki, “Hamımız beş dəqiqəlik həzzin məhsuluyuq. Qul olmağa ehtiac yoxdu!”

- Yaxşı bəs başqa nə edə bilər sənin bu müəllifin?

- Başqa da bizi işıq gələn tərəfə yönəldə bilər.

- Eh, onu bilirik də. Məncə buracan gətirib sonunu eyniləşdirməz.

- Kim dedi ki, sonunu eyniləşdirəcək?

- Bəs?

- İşıq gələn tərəfə aparıb bizi “Milli məclis”in binasına çıxara bilər.

- Hə, nolsun. Bunla nə demək istəyər?

Bu sualar Dəlibaşın tam ürəyindən idi. Əslində solçu olan Dəlibaş çoxdandır ki, Divi yenmək üçün planlar cızır bunun üçün də ətrafına dostlar yığmağı düşünürdü. Ona görə də müəllifin adından istifadə edib dostlarına dolayısıyla həqiqəti başa salmağa çalışırdı

- Məsələn: deyə bilər ki, Divdən canınızı qurtardınız keçən dəfə. Hünərinizə baxıram icazəsiz gördüyünüz bu Milli Məclis məmurlarından canınızı qurtarın görüm, qurtara bilirsinizmi?

- Səncə müəllif bizim danışığımızı eşidir?

- Həə. Amma məncə bizi dinləyib sonda yenə də düşündüyü kimi yazacaq. Ancaq siz siz olun icazə verməyin taleyinizi hansısa müəllif yazsın. Hamımız öz taleyimizi özümüz yazmağı bacarmalıyıq.

- Bunu necə edək, ay çoxbilmiş Dəlibaş?

- Baxın, neçə illərdi Divin əsarətində yaşayırıq. Bütün malımızı, mülkümüzü yeyib talayır. Biz isə qoyun kimi gözümüzü döyüb ona baxırıq. Halınızdan razısınızmı?

- Yox. Amma nə edə bilərik? Bizə nə məsləhət verirsən?

- Gəlin birləşək. Qorxmayaq heç nədən. Çıxaq divin qarşısına.

- O bizi zindanlara salar. Öldürər, yeyər bizi.

- Qorxaq olmayın da belə. Onsuz da evdən çıxmışıq. Yəni bir yola çıxmışıq gəlin bir olub Divin üzərinə gedək və onu yenək.

- Səncə bacararıq? Çoxbilmiş Dəlibaş artıq məqsədinə doğru iri addımlarla yaxınlaşdığını hiss edirdi. O dostlarına dedi:

- Hə, niyə bacarmırıq. İndi gəlin belə edək. Gedirik evə. Hər kəs bu danışdıqlarımızı özünün on dostuna danışır. Və kim bizlə bir olub divi məhv emək istəyirsə bizə qoşulur. Görün onda nə qədər adam oluruq, həm də biz çox div tək. Bir ağlınıza vurub düşünün də. Divi hiylə ilə məhv edirik. Cırtdanın nağılını xatırlayın da. Cırtdan qədər də yoxuq deyirsiniz? Çoxbilmiş Dəlibaş elə enerji ilə, elə inamla danışır ki, hər kəsi ətrafında cəmləyə bilir.

Buna da bax: Boşanmanın xatirəsi "bir tay corab"

Sabah açılır. Hamı evinə dağılır. Amma bir qərar ilə: “üç gün sonra hərə ona inanan 10 dostu ilə bura gələcək” Bunlar getsinlər dostlarını inandırmağa. Sizə kimdən deyim, nədən danışım divlə xalqdan. Div ona qarşı çıxan bütün adamları tutub udurdu. Hamı deyirdi ki, divin qarnında yekə və qaranlıq bir zindan var. Udduğu bütün adamları o zindanda saxlayır. Nə zaman div ölsə və qarnı yarılsa bütün ordakı adamlar azadlığa çıxacaqlar. Dəlibaşın adı gedib divin qulağına qədər çatmışdı. Div Dəlibaşı ha hərləyib fırlasa da uda bilmirdi. Axı necə udsun , ləqəbi üstündə Çoxbilmiş idi o. Dəlibaş dostları ilə təyin olunmuş gündə meşədə görüşdülər. Bu dəfə gedəcəkləri ünvan bəlli idi. Divin sarayı. Onlar güya yolu azmışlar kimi gedib divin sarayına girirlər. Div bunları görüb çox sevinir. Öz-özünə deyir:

- Adam-badam iyisi gəlir, yağlı adam iyisi gəlir. Elə çoxdandı bunları axtarırdım. Sonra tez üz mimkasını dəyişib uşaqlara çevrilir:

- Nə yaxşı gəlmisiniz?

- Yolumuzu azmışıq.

- Gəlin süfrəmə qonaq olun.

O uşaqları yedizdirib tez yuxuya vermək sonra da ciblərinə narkotik atıb qarnındaki zindana salmaq istəyirdi. Ona görə də tez-tez gəlib onlara baxır və deyirdi:

- Kim yatmış, kim oyaq?

- Hamı yatmış Dəlibaş oyaq.

- Dəlibaş nə üçün oyaq?

- Çünki anası hər gün ona yatmazdan əvvəl neftin hara getdiyi ilə bağlı nağıllar danışardı.

Div düşünür ki, onsuzda bunlar ölüm ayağındadı, qoy elə danışım. Bir neçə saatlıq ömrü var. Həqiqəti bilib ölsün. Div çoxbilmiş Dəlibaşa “Neftin hara geməsi ilə bağlı” nağılı danışır. Üstündən bir az keçir. Div yenə gəlir:

- Kim yatmış, kim oyaq?

- Hamı yatmış, Dəlibaş oyaq.

- Dəlibaş nə üçün oyaq?

- Çünki anası hər gün yatmazdan qabaq ona Divin xalqı necə talaması haqqında nağıllar danışarmış.

Buna da bax: "Atam aliment olmuşdu"

Div yenə eyni məntiqlə düşünür və hər şeyi çoxbilmiş Dəlibaşa danışır. Axı div hardan bilsin ki, çoxbilmiş Dəlibaş telefonu ilə facebookda canlı yayıma girmiş, telefonu da otağın gizli bir küncündə yerləşdirmiş və bütün xalq bu an onu izləyir. Bir qədər keçəndən sonra div yenə soruşur:

- Kim yatmış. Kim oyaq?

Yenə çoxbilmiş başını qaldırıb deyir:

- Hamı yatmış Dəlibaş oyaq

Div soruşur:

- Dəlibaş indi niyə oyaq?

- Çünki hər gün yatmazdan əvvəl anası ona Div babanın parkında yerləşən Div bulağından su gətirərdi.

Div bir az düşünür sonra deyir ki, bunun boyda böyük bir maneəni yolumdan götürmək üçün ora gedib o suyu gətirməyə dəyər. Və yollanır suyu gətirməyə. Axı div hardan bilərdi ki, canlı yayımda onu izləyən və bütün hiylələrindən xəbərdar olan xalq əli daşılı onu Div parkındaki Div bulağının yanında gözləyir. Div gedən kimi çoxbilmiş Dəlibaş da dostlarını oyadıb deyir:

Getdi qayıda bilsə bizi yeyəcək. Gəlin qaçaq xalqın onu necə məhv etdiyinə baxaq. Bu mənzərəni qaçırtmaq olmaz.

Uşaqlar özlərini ora çatdıranda artıq div son daş zərbəsinin gücündən gözlərini yumurdu. Elə gözlərini yumar-yummaz xalq onun qarnını yardı. İçindəki bu günə qədər udduğu bütün günahsız adamları azadlığa çıxartdılar. Burda nağıl qurtardı. Xalq o gündən sonra Çoxbilmiş Dəlibaşı və dostlarını özlərinə yol görsədən və rəhbər seçib şad-xürrəm yaşadılar. Göydən alma yerinə çiçəklər töküldü. Qanlı göl də güllü göl oldu. Xalq isə öz səhvini burda anladı. Anladı ki, onlar həmişə yalnış döngələri döndülər.. dərs almaq dedikdə nifrət və qorxmaq anladılar.. Ona görə qaranlıqdan və it səsindən qorxub, işıq gələn tərəfə gedib, divin süfrəsinə düşdülər... ... və div arzularını, ümidlərini əlindən alıb yedi.

Nağılı danışdı: ÖMRAY

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG