Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:00

Boşanmanın xatirəsi "bir tay corab"


Kuklasıyla oynayan suriyalı uşaq.
Kuklasıyla oynayan suriyalı uşaq.

-

"Anasının “Axşam atan vəkillə danışıb ərizə yaz hər həftə qızımızı gətir evimizə görək” sözü sanki ona yeni nəfəs, yeni ruh vermişdi. O bu andan etibarən qərar verdi: “İl yarımdan sonra ilk dəfə qızımı görə bilərəm".

Çinarə Ömray

BİR TAY CORAB

Bu dəfə də alınmamışdı. Bu onu çox incidirdi. İçində özünə yuva quran sevgi onu heç rahat buraxmırdı. Günlərdi evdə qapalı qalmışdı. Bir özü, bir də boşalmış siqaret qutuları, içilmiş şərab şüşəsi. Niyə özünə bu qədər əzab verirdi ki? Özü özünümü cəzalandırırdı? Axı o da insandı, qəlbi var. Heç dözə bilmirdi. Təskinliyi bir tay corab idi.
O tay coraba sığmışdı neçə illik həsrəti, xatirələri, acıları. Hər o corabı iyləyəndə əzablarının, acılarının, həsrətinin qoxusunu alırdı. Bir də ən böyük sevgisinin ilğım kimi içindən keçən havasına köklənirdi…
Hər axşam özünə verdiyi və sabah açılınca unutduğu sözlərinin də sayı gündən günə çoxalırdı. O, bu axşam qətiləşdirmişdi:
– Daha bəsdir. Səhər oyanıb hər şeyi qaydasına qoyacam. İşimə də gedəcəm, həyatımı da qaydasına salacam. Bu cür yaşamaq olmaz. Sabahdan içkiyə də son qoyam, gərək. İşə də vaxtında gedəm.
Sabahın ilıq şüaları pərdənin arasından evə süzürdü. O elə axşamdan necə yatmışdısa, eləcə də qalmışdı. Yatağı səliqəsiz otaq dağınıq idi. Külqabıda siqaret kötükləri axşamtərəfi metrodakı sıxlığı xatırladırdı; Kötüklər külqabıda tıxaclanmışdı. Hətta kitab dolabındakı sevdiyi kitabın üz qabığındakı Ramiz Rövşən də təəssüf dolu baxışlarla bir gəncin bir otaqda məhv olmuş həyatını izləməkdən heç də məmnun olmadığını deyir. Yanında “dayanan” Mikayıl Müşfiqin də baxışları sanki “Özünü belə məhv etmə, cavansan” deyirdi. Ömər Xəyyam isə o rəfdən boylanaraq demək istəyirdi:


Şad ol, ömrü vurma kədərlə daşa,
Bu zalım dünyada sən adil yaşa.
İndi ki dünyanın sonu yoxluqdur
Zənn et yoxsan, ömrü azad vur başa.

Onun əsəbləri o qədər oyaq idi ki, sanki bu sözləri eşidirdi. Hövlank yuxudan ayıldı. Bütün ağrıları, əzabları göz qapaqlarına çökmüşdü. Gözünü açdı, başının kür ağrısı və halsızlıq göz qapaqlarının açılmasına mane olurdu. Cəld əlini balışının altına salıb həmən corab tayını axtardı. Tapmayınca bir anda qəzəbləndi, halsızlığını, baş ağrısını bir anlıq unudub cəld ayağa qalxdı. Əvvəlcə yatağının altına, sonra stolun üstünə baxdı. Yox idi. Əlindən oyuncağı alınmış uşaq kimi hiss etdi özünü. Bilmirdi hara getsin, kimdən soruşsun. Axı ondan buna qalan tək o corab tayı idi. Təsəllini, heç vaxt göyərməyəcək ümidini təkcə o corab tayında görürdü.

Buna da bax: "Mən Həsənin qatiliydim"


Həyəcanlı halda anasını səslədi:
– Ana, qızımı görməmisən? Axşam mənimlə yatmışdı, səhər oyandım gördüm ki yoxdur. Sən Allah, bax gör hara gedib, tapmıram.
– Özünə gəl, bala! O sənin qızın deyil, axı. Qızının bir tay corabıdır sadəcə. Artıq yetər. Mən də anayam. Hər gün qram-qram, zərrə-zərrə gözümün önündə məhv olursan. Dözə bilmirəm. At bu zibilə qalmış içkini, çıx bu otaqdan. Əyyaş otağına oxşayır otağın, bir bax.
– Ana qızımı ver. Haradadır? Sən gizlətmisən, hə? Ana, ver qızımı, yalvarıram sənə. Hara apardın onu? Məndən onu almayın.
– Dur keç hamama. Üzünü qırx, mən də otağını qaydaya salım. Bax, anayam axı, mənim də içim parçalanır. Məni saymırsan, heç olmasa atana yazığın gəlsin. Səni belə görəndə Allahdan özünə ölüm arzulayır. Hər şeyi o zəhrimar şüşəyə qurban verirsən. Belə eləmə, oğul. Bütün itirdiklərini ona görə itiribsən. Bax, sənin düşmənin odur, insanlar yox. Sən ondan qaç, insanlardan yox. Sən qızının bir tay corabı üçün həyatını məhv edirsən. Biz səni bu yaşacan böyüdüb gətirmişik və gözümüz görə-görə məhv olursan. Onda biz nə edək? O corab tayı məndədir. Qalx özünü qaydaya sal, o zibilə qalmış şüşədən bir ayrıl, adam içinə çıx. Day bir tay corabla, bir şüşəylə avaralanma. Dur, get icraya tələb elə. Qızınla görüş al. Corabla yaşamaqdan yaxşıdır bu. Heç olmaya həftədə bir üzünü görərsən. Elə bilirsən biz istəmirik onu görmək? Burnumuzun ucu göynəyir balamdan ötəri. Amma başımız hey sənin bu dərdini çəkməyə qarışıb. Atan vəkillə də danışıb, qalx ayağa, oğul balam.
Anası doluxsuna-doluxsuna bunları deyib Fəqanın alnından öpüb otaqdan çıxdı. Səhər-səhər ayıq başla anasının dedikləri ağlına batmışdı. Bir az uzaq görünsə də əslində qızını görə biləcək, qucaqlıya biləcək fikri onu çoxdan ağuşuna almışdı. Bir anlıq qızını otağında, qucağında təsəvvür etmişdi. Ən böyük arzusu idi qızıni qarnının üstə uzadıb onla göz-gözə baxa bilmək… o bunu edə bilərdi əslində. Anasının “Axşam atan vəkillə danışıb ərizə yaz hər həftə qızımızı gətir evimizə görək” sözü sanki ona yeni nəfəs, yeni ruh vermişdi. O bu andan etibarən qərar verdi: “İl yarımdan sonra ilk dəfə qızımı görə bilərəm. Bəlkə artıq o ATA da deyə bilir, gülür, qığıldanır, məni tanıyacaq görəsən?” kimi fikirlər ona daha da həvəs verirdi. Ayağa qalxıb hamama keçdi. Hər şeyi, ağrı-acısını unutmaq üçün içdiyi, çəkdiyi nə vardısa hamısını su ilə yuyub aparmaq istəyirdi. Güzgüdə özünə baxdı, saçı uzanmış, üzünü saqqal basmışdı. Günlərlə evdə, qaranlıq otaqda qalmaqdan və havasızlıqdan bənizi də saralmışdı. Özü özünə “mən dəyişəcəm. Mən qızım üçün dəyişəcəm”- deyə söz verdi.

Buna da bax: "Azərbaycanda boşanmalar artıb"


Artıq hamamdan başqa bir adam kimi çıxmışdı. Otağına gəlib səliqəli paltarını da geyindi. Buna ən çox sevinən anası idi. Sevincək yan otağa keçib:
– Ay kişi, Fəqan qalxdı. Üzünü də təmizləyib. Balam özünə qayıdıb, deyəsən. Bax, sən də artıq heç nə demə, danlama. Nə var özüm danlamışam səhər. Vəkillə olan söhbəti de, qoy ürəyi açılsın, – dedi.
– Arxayın ol ay arvad, mən uşaq deyiləm ki..
Əhməd kişi vecinə də deyilmiş kimi qəzetini oxumağa başladı. Biruzə verməsə də, əslində içində yoldaşından çox sevinirdi Fəqanın bu dəyişikliyinə.
– Ay oğul, anan qurban, gəl süfrəyə. Ac qarına işə getmə, – heç nə olmamış kimi anası Fəqana səsləndi.
Fəqan salam verib süfrəyə əyləşdi. Amma atasının, anasını necə incitdiyinin fərqində idi və sanki utanırdı onların üzünə baxmağa. Atası isə heç nə olmamış kimi:
– Ay bala axşam vəkillə danışdım. İşə gedəndə yol üstü dön ora, bir ərizə yazıb qol çək qoy həll eləsin. Uşağı həftədə bir dəfə görə bilərik.
Fəqanın içi-içinə sığmırdı sevindiyindən.
– Yaxşı ata, arxayın ol. Mütləq.
Fəqan otağına girib pencəyini götürüb çıxmaq istədi. Birdən gözü çarpayısının üstündəki bir tay uşaq corabına sataşdı. Anası qoymuşdu. Tez onu götürüb burnuna tərəf apardı və dərindən qoxusunu içinə çəkdi. Sonra öpüb səliqə ilə bükdü və pencəyinin iç cibinə, ürəyinin üstünə qoydu. Sanki bu corab tayı orda olanda onun ürək ritmini tənzimləyirdi. Masanın üzərindəki sevdiyi yazarın kitabını gördü. Axşam sərxoş olanda külqabının yerini tapmayıb, külü kitabın üstünə tökmüşdü. Yazıçı kitabın üz qabığından ona elə baxışlarla baxırdı ki… Elə bir əlacı olsaydı birdəfəlik acıq edib çıxıb gedərdi onlardan, bir də nəinki qapılarını açmazdı, heç onun üzünə də baxmazdı. Fəqan tez pəncərəni açıb külü çölə tökdü. Əli ilə buna tərs-tərs baxan yazarın üzünə bir sığal da çəkdi və rəfdəki dostlarının arasına qoydu. Amma o yazarın incik, qəzəb dolu baxışları qapıdan çıxanacan onu təqib etdi.
İlk işi vəkillə görüşmək idi. Bu səhər başqa bir səhər idi, sanki. Onunla bərabər hava da gülürdü bu gün, havada uçan sərçə də göz vururdu sanki ona, insanlar daha gülər üzlü idi. Hamı ayrı bir sevincli idi bu gün onun gözündə. Metronun girişində dayanan o kor qadın da elə bil bu gün gülümsəyərək dilənirdi.
Vəkillə görüşüb sənədlərə qol çəkdi. Vəkil onu əmin etmişdi ki, qızını mütləq görəcəksən. İşə bir qədər rahat getdi.
Günlər belə keçirdi. Artıq hər şey qaydasına düşmüşdü. ətrafındakılar da Fəqanın sürətlə dəyişdiyinə inana bilmirdilər. Hamıya bunun səbəbi maraqlı idi.

Buna da bax: "Atam aliment olmuşdu"


Artıq məhkəmə də olmuşdu. Qərar qəbul olunmuşdu da. Həftədə bir gün Fəqan qızıyla görüşəcəkdi. Günlər beləcə keçirdi. Zaman azaldıqca Fəqanın həyəcanı yerə-göyə sığmırdı. Ətrafda hər şey dəyişirdi. Fəqan başını işinə qatmışdı. Hərdən də işin qızğın yerində qızı gəlirdi ağlına, tez əlini pencəyinin iç cibinə atırdı , o yan bu yana baxıb başını aşağı əyib o corabı iyləyridi, sonra ətrafa baxırdı ki, görən heç kim görmədi?
Hər şey sürətlə dəyişirdi . Bu zaman müddətində otaqda pəncərənin qırağına qoyulmuş dibçəkdəki o balaca gül də böyümüşdü, metronun çıxışında dilənən o kor qadının qucağındakı uşaq da böyümüşdü, üstünə kül tökdüyü yazar da onu 5 dəfə oxuduğu üçün barışmışdı Fəqanla. Bir tək böyüməyən o tək tay corab idi…
Fəqanın sürətlə belə dəyişməsi anasını da xoşbəxt etmişdi. Oğlu hər gün işdən vaxtında gəlir, vaxtında yeyib, vaxtında yatırdı. O, bir tay corabla da xoşbəxt ola bilirdi. Çünki əmin idi, yaxın zamanda qızını görəcəkdi. Növbəti həftənin şənbə günü görüş günü idi. Vaxt azaldıqca Fəqanın həyəcanı, ürək döyüntüsü daha da artırdı. O, daha çox darıxırdı. Hərdən elə düşünürdü ki, qızını görə bilməyib öləcək. Ya da qızını görməyə gedəndə qəzaya düşəcək. Elə qorxurdu ki, nə isə olar birdən qızını görə bilməz.
Sabah şənbə günüdür. Fəqan işdə otaqda gəzir. Bir yerdə dayana bilmir. Qızını görəcəyini düşündükcə ürəyinin döyüntüsü qulağını batırırdı. Hərdən də ona elə gəlirdi ki, ürəyi yerindən çıxıb gedib. Tez pencəyinin düyməsini açıb sinəsinə baxır, yerində olduğunu görürdü. Bu nə pis hissdir. Zaman daraldıqca sanki ölün saatım yaxınlaşır. Bu zaman telefonuna zəng gəlir. Fəqan baxır ki vəkildir. Əli əsir düyməni basa bilmir, telefon əlindən yerə düşür, sonra yenidən cəld telefonu götürüb düyməsini basır.
– Alo, –həyəcanlı halda deyir.
– Fəqan bala , salam.
– Salam.
– Nolub? Kim qovur səni? Niyə təngnəfəssən, belə?
– Yox, hər şey qaydasındadır. Buyurun.
– İcradan gəlirəm. Nə isə sənədlər hələ gəlib bura çıxmayıb. Bu həftə qaldı, bala. İnşallah, gələn həftə görəcəksən qız balanı. Ürəyini sıxma. Bu qədər dözübsən, bir həftə də gözləyək. Olur belə şeylər.
– Yaxşı, nə edək, gözləyək də.
– Oldu, bala, hələlik. Bir xəbər olsa deyəcəm.
– Oldu. Hələlik.
Fəqan elə bil bir az toxtamışdı, sevinmişdi sanki görüşün gələn həftəyə qalmasından. Özü özünü anlaya bilmirdi. Bu qədər varlığıyla istədiyi bir şeyin uzanması onu necə sevindirə bilərdi? Ürəyi sakitləşdi bir az. Dərindən bir nəfəs alıb su içdi. Sonra əlini cibinə atıb corabı götürdü köksünə sıxdı və öpdü. Yenə də cibinə qoydu. Günlər beləcə ötürdü. Corab tayı ona qızı olmuşdu, balası olmuşdu, dərd ortağı, sirdaşı olmuşdu. Kiçicik bir corab tayı içində necə illərin dərdini, həsrətini gəzdirirdi. Böyük bir insan ürəyinin tab gətirmədiklərinə dözmüşdü o körpə corab tayı. Qırmızı rəngdə əllə toxunmuş bu corab tayının hər ilməsində bir xatirə, bir uşaq təbəssümü, bir ata iztirabı, bir ananın yarım qalmış arzuları, bir nakam qalmış sevgi, gülüşü üzündə yarımçıq qalmış körpə, bir ümid işığı, bir nənə sevgisi, bir baba əzabı, bir insan hayqırtısı var idi.
Artıq şənbə gününə sayılı saatlar qalmışdı. Səhər açılmaq üzrəydi. Fəqan hələ də yatmamışdı. Ürəyi qapının yanındakı ayaqqabı dolabında döyünürdü. Elə tələsirdi ki, ürəyini geyinib qızını görməyə getsin. Otağın işığı yandı, ayaq səsləri isə dayanmadan sanki ritm vururdu. Gah oturur, gah da pəncərəni açırdı, elə bil havası çatmırdı, boğulurdu, sanki. Düşünəndə ki, bir neçə saatdan sonra qızını görəcək daha da həyəcanlanırdı, ağır bir yük çökürdü üstünə sanki.
Səhər açılmışdı. Vəkil zəng etdi ki, gəl görüşüb birgə gedək, qarşı tərəf də saat 10-da uşağı icraya gətirəcək. Fəqanın ayaqları əsirdi. O özünü cəmləyib bir il yarımdan sonra ilk dəfə qızını görməyə gedəcəkdi. Dərindən bir nəfəs aldı. Corabı, sədaqətli corabı cibindən çıxarıb qoxladı və öpdü. Və əlindəki coraba baxıb “Mənə dua et qızım, sənin böyümüş halınla görüşməyə gedirəm” – dedi və corab tayını otağında çarpayısının üstünə qoyub getdi. Qapıdan çıxanda anası arxasıyca su atdı:
– Get oğlum, qızımızı gətir, biz də görək, – dedi.
Fəqan küçədə gedir, amma sanki nə isə çatmır, sanki günəş də ona küskün baxırdı, hava da incik idi ondan, elə bil. Ürəyi də ondan küsüb üzünü yana çevirib tərsinə döyünürdü. Səbəb nə idi, bəs? Axı bu onun ömründə ən xoş anı idi. Qızını görməyə gedirdi. Birdən anladı, sanki sol yarısı yox idi. İlk dəfə idi ki, o evdən corabsız çıxmışdı . Qayıdıb onu götürmək istədi, amma saata baxdı, gecikirdi. Tələsik taksiyə əyləşdi və icraçıların oturduğu yerə getdi. Ora çatana qədər arıq bir neçə dəfə ölüb dirilmişdi sanki. Taksidən düşdü. Vəkil həyətdə idi. Amma nədənsə üzündə qəribə bir narazılıq, bir ifadə var idi. Fəqan ürək edib nə isə soruşa bilmirdi. Elə salamlaşıb sakitcə dayanmışdı. Vəkil:
– Fəqan, gəl burda oturub bir çay içək, – dedi.
Bu sanki ölüm hökmü verilən birinə əlavə yarım saat bağışlamaq kimi gəldi Fəqana. Tez razılaşdı. Amma nə isə xoşagəlməz bir halın olmasını anlamışdı.
Vəkil çaydan bir qurtum içib:
– Bilirsən, Fəqan, sizi çoxdandı tanıyıram. Atanı da, səni də nə qədər istədiyimi bilirsən. Yəni son nəfəsimə qədər əlimdən gələni eləməyə hazıram. O sənin qızındı. Bunu heç bir fakt dəyişmir. Nə etsələr də belə o sənin qızındır.
– Nə olub axı?
– Təranə qeyri qanuni yolla uşağı ölkədən çıxarıb. Bilirsən mənə də maraqlı qaldı ki, bunu necə ediblər. Amma edə biliblər. Harasa xarici ölkəyə aparıblar. Sənin icazən olmadan onun buna haqqı yoxdur. Bax biz müraciət etdik. Axtarışa verəcəklər, uzağı bir aya uşaq da, anası da ölkəyə deportasiya olunacaq.
Vəkil dayanmadan danışırdı. Fəqan isə sözün əsil mənasında çökmüşdü. Dərk edə bilmir, anlaya bilmirdi olanları. Vəkili öz-özünə danışan qoyub stoldan qalxdı. Vəkil onu arxadan nə qədər səsləsə də eşitmədi. O qədər yolu piyada necə gəldiyindən də xəbərsiz idi. Evə çatanda artıq axşam olmuşdu. Özünü çarpayısındakı qırmızı corab tayının üstünə atdı. Onu qucaqlayıb körpə uşaq kimi ağlamağa başladı. O artıq dərk etmişdi ki, ona qalan bu corab tayı olacaq…

Yazıçı Çinarə Ömray.
Yazıçı Çinarə Ömray.

Və o günü xatırladı. Anası 2 aylıq körpəni evdən götürüb çıxmaq istəyəndə bu qoymamışdı. Uşağın corabının bir tayı Fəqanın əlində qalmışdı. Qadını isə əlindən çıxıb uşaqla bərabər evi tərk etmişdi.
Düşündü, dərdli sifətinə qəribə bir təbəssüm yayıldı:
“Qızım böyüyəcək, göyçək Fatimə kimi corabının bir tayını axtara-axtara gəlib məni tapacaq…”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG