Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:00

"Atam aliment olmuşdu"


Çinarə Ömray
Çinarə Ömray

-

"Bizim əlimizdən ağaclar meşədən qaçmaq istəyirdi"

"Mənə elə gəldi ki, onun üzündə yekəqarın bir molla yeriyir"

"Xeyr xanım, Günay Əliyeva adına heç bir ödəniş yoxdu"

Çinarə Ömray

Hekayə

HƏYATDA ƏN ŞİRİN ŞEY SAQQIZDIR

Necə maraqlıydı o gün! İlk dəfəydi qrup uşaqlarıyla yığışıb belə harasa gedirdik.

Meşədə top-top oynamaq, sonra uşaq kimi qaçdı-tutdu oynamaq, tərləmək və üstündən buz kimi su içmək. Özü də bulaq suyu.

Xoşbəxt olmaq elə qəşəngdi, adam hər gün xoşbəxt ola kaş, heç olmasa, altıncı və bazar günləri.

Bulaq suyu elə bil ilk sevgimiz kimidi, lap uşaqlığımız kimi. Hərdən uşaq olmaq istəyir adam, dükandan saqqız oğurlamaq istəyir, bunun tullanıb-düşməyi var hələ. Elə xoşum gəlir atılıb-düşməkdən.

Biz də belə elədik. Bir neçə saat uşaq olduq hamımız. Özü də çox nadinc uşaq. Ağaclar bizim əlimizdən meşədən qaçmaq istəyirdi.

– Yox, Emil düz oynamadı – biri deyir.

– Əli cığallıq elədi – o biri deyir.

– Top gətirmək sırası Aygündədi – bu birisi deyir.

– Biz qazandıq, biz qazandıq... Uraaa... – bunu da mən deyirəm.

Səsimiz meşəni başına almışdı, bütün ağaclar bizim səsimizə yuxudan durdular. Quşlar bizə baxıb gülürdü. Bir dovşan üzümüzə elə baxırdı, elə bil dovşan bizik.

Bizim bir müəllimiz var, Həsən müəllim. O da şalvarının balağını corabının içinə salıb bizimlə yan-yana top-top oynayırdı. Elə həvəslə oynayırdı, elə bil heç vaxt uşaq olmayıb, elə dünyaya 55 yaşında gəlib. Həsən müəllim yeri gələndə cığallığından da qalmırdı.

Uşaqlardan biri Həsən müəllimə deyir:

– Ay müəllim, bəs deyirdiniz, hər işdə dürüst olmaq şərtdi? Bəs niyə oyunu pozursuz? Axı bizim komanda udub.

– Ay bala, mən indi sizin müəlliminiz Həsən deyiləm. İndi mən də sizin tayınızam.

Hamımız gülmüşdük Həsən müəllimə. Əslində, elə hər şey uşaq idi o gün, ağaclar da, yarpaqlar da, sərçələr də... Ayağımız altında can verən otlar kimi biz də taqətdən düşmüş, yerə sərilmış palazın üstünə quş budağa qonan kimi qonmuşduq.

Təbiət o qədər sakitiydi ki, vallah, adam qorxurdu. Adətən, filimlərdə belə olur, əvvəl səssizlik, qəfil vəhşi heyvanlar cumur üstünə. Bəs mən nə düşünürdüm? Üstümə nə cumur cumsun, heyvan yox, lap insan cumsun üstümə, yenə də palazın üstündən qalxan deyiləm. Axı yorulmuşam.

Bir şey də var ki, meşənin sakitliyi insanın yorğunluğunu sanki oğurlayırdı, adamın ruhuna laylay deyirdi, sakitlik elə bil saçımı sığallayırdı, əzizləyirdi. Meh oynamaqdan yorulmuş, tərləmiş bədənimizə qəribə bir rahatlıq verirdi.

Sərin meh həsrət qaldığımız doğmaların bədən hissi idi elə bil. Adam qucaqlamaq istəyirdi mehi. Düzü, bir ara istədim qucaqlayam, sonra düşündüm ki, pis başa düşərlər.

Mənim bir dostum da var, Gülnar adında. Siz Allah, keçmişimin əlindən canımı qurtarıb meşəyə gəlmişik, bu da deyir ki, hərə uşaqlığından nəsə danışsın. Bir xatirə, məsələn.

Məndə danışmağa hal qalıb? Doğrudan, maraqlı fikirdi, amma bir şərtlə, mən danışmayacam heç nə. Siz danışın ancaq. Onsuz da hamı yorulmuşdu, heç kimin yerindən qalxmağa halı yox idi. Vaxtı belə yola vermək daha gözəl olardı.

Elə Gülnarın özündən başladıq. Mən bildim ki, Gülnar çox narahatdı, onu nəsə sıxır içində, ona görə danışmaq istəyir. Lap bəhanə axtarır.

Hamı sırayla danışacaq deyə, tez yerimi dəyişib keçdim axıra. Qoy hanını dinləyim, özüm danışmayım. Növbə mənə çatanda, onsuz da, gecə düşüəcək, çıxıb gedəcəyik evə.

Ay da, Gülnar bir yana qalsın, bizdə bir Əli var, onun keçmişi məni lap dəli elədi, vallah. Əli kefqom bir uşaqdı. Baxanda elə bilirsən, dünya vecinə deyil. Özüm də məəttəl qaldım Əliyə, əməlli-başlı ciddi söhbət eləyirdi. Siz Allah, Əli hara, ciddi danışmaq hara?! Lap məəttəl qaldıq.

– Mənim elə də gözəl xatirələrlə dolu uşaqlığım olmayıb ki... Nə danışım? – Əli birinci belə dedi.

Birdən-birə Əlinin o şən üzündə elə bil hüzur düşdü. Təsəvvür elə, qəflətən yas mağarı quruldu Əlinin üzündə.

Mənə elə gəldi ki, onun üzündə yekəqarın bir molla yeriyir, başında ağ papaq. Cavan uşaqlar əlində qab-qacaq ora-bura qaçırdılar, gəlib-gedənlərə çay verirdilər. Hüzür yeri necə olur, bax, elə.

– Ola bilməz bu qədər illər yaşıyasan yaddaqalan heç nə olmaya – Həsən müəllim dedi – yalandan da olsa, bir şey danış, növbə sənindi.

Əli gözünü təxminən, bayaq bizə baxan dovşanın dayandığı yerə dikib danışmağa başladı. Dedi, birinci sinifdə oxuyurdum, o vaxtı heç nə anlamırdım. Birdən-birə anam mənə dedi ki, daha babamgildə qalacağıq, bura bizim təzə evimizdi.

Qardaşım uşaq idi, mən də ondan bir az böyük. O zamanlar bizim üçün həyat babamın işdən gələndə aldığı saqqız qədər şirin idi, "Kinder-surpriz"-dən çıxan oyuncaq qədər maraqlı. Onda dizlərimdə olan yaralara görə ağlayardım, indi yadıma düşəndə ağlamağıma gülməyim gəlir.

O zaman biz hələ təzə köçmüşdük babamgilə. Atam tez-tez gəlib qardaşımla məni aparar, bir az gəzdirib gətirərdi. Sonra yavaş-yavaş atam gec gəldi, axırda birdəfəlik kəsdi gəlməyi.

Atam gəlməsə də, biz böyüyürdük. Atamın əvəzinə babam bizə “oğlum” deyirdi ki, darıxmayaq. Canımızda o hissin yeri boş qalmasın deyə, babam nələr eləmirdi bizim üçün.

İndi anlayıram ki, mən o vaxt atamdan ötrü yox, oyuncaqdan ötrü darıxırammış. İndi dərk edirəm ki, uşaq olub böyüməyi arzu etmək, böyük olub uşaq olmağı arzulamaqdan daha gözəldir.

Anam məni döyəndə atam düşürdü yadıma, elə bilirdim ki, uşağı atası döyə bilər ancaq. Anam məni çağıranda səsi qulağıma kişi səsi kimi gəlirdi.

Qonşu uşaqlarda olan oyuncaqların bizdə olmadığını görəndə ürəyim atamı istəyirdi. Hələ o da yadımdadı ki, bir gün bağçadan gələndə vitrində gördüyüm bir oyuncağı almasını istədim anamdan.

Anam bir söz dedi:

– Qoy atan alimenti ödəsin, söz, alacam.

Mən heç bilmirdim aliment nədi. Amma bilirdim ki, hər nədisə pul deməkdi. Pul da mənim üçün oyuncaq deməkdi. Tez-tez anama deyirdim ki, mənə nə vaxt aliment alacaqsan?

Bu söz məni üşüdür, nədənsə. Alimenti deyirəm. Boynumun dalı qızışır elə bil bu sözü eşidəndə. Atam mənim üçün aliment olmuşdu. Atama aliment deyirdim.

Amma nə atam gəlirdi, nə də aliment. Hər baxçadan gələndə anam yolumuzun üstündə olan banka girib – indi bilirəm ki, ora bank deyirlər – soruşurdu ki, Günay Əliyeva hesabına ödəniş olub?

Hər dəfəsində eyni söz:

– Xeyr, Günay xanım, hələ heç bir ödəniş yoxdu.

Hər şeyə aliment kimi baxırdım. Evdə qab-qacağı oyuncaq kimi oynadırdım. Elə bil, bu sözü yeyirdim, amma doymurdum, aliment sözünü.

Ürəyim istəyən oyuncaqları hamısı satılmışdı, istəyirdim satıcıya deyəm ki, o yuxarıdan ikinci kuklanı satma, sabah gəlib alacam, Günay Əliyeva adına pul köçəndə.

Dostum Akifin atası aldığı oyuncaq silah artıq dəbdən düşmüşdü, köhnəlmiş oyuncaqlarını mənə verirdi, azarımı öldürürdüm. Amma yenə də, düşünürdüm ki, aliment gəlsin, çoxlu oyuncaqlar alacam. Hərdən balaca qardaşıma da oyuncaq kimi baxırdım, saçını yolurdum.

Mən böyüdükcə böyüyürdüm, amma Günay Əliyeva adına hesab böyümək bilmirdi. Bir ara qardaşımla başımızı nəylə qatsaq yaxşıdı? Anam parçadan oyuncaq gəlincik tikirdi bizə, sonra əlinə geyinib o gəlinciyin diliylə danışır, bizi güldürürdü.

Allah haqqı, anamın tikdiyi gəlinciyə gülmək qonşu uşaqların oyuncaqlarından da maraqlı gəlirdi mənə. Gülməyə bəhanə axtarırdıq onsuz da.

Əli bunları danışdıqca elə bil ağaclar şirin yuxuya gedirdi, meşədən heç quşların da səsi gəlmirdi. Ağaclar bir-birinə söykənib Əliyə qulaq asırdı elə bil.

Uzaqda bir ərik ağacı vardı, deyəsən, yorulmuşdu ayaq üstə dayanmaqdan, çiynini gavalı ağacına söykəyib Əliyə baxırdı. Mənim gözlərim belə şeylərə çox diqqətlidi, nədənsə. Gözlərim, qəşəng gözlərim.

Əli danışırdı ki, mən birinci sinifdə oxuyanda qardaşımın dörd yaşı var idi. Hələ də Günay Əliyeva adına aliment gəlməmişdi. Hər dəfə darıxanda anam məni banka aparırdı, guya başım çıxır. Nədənsə, anamdan çox bankda işləyən kişiyə inanırdım.

– Xeyr xanım, Günay Əliyeva adına heç bir ödəniş yoxdu.

Anamın üzü qocalmışdı bir az, qırışlar əmələ gəlmişdi, mənim istəklərimsə dəyişmişdi, qardaşım da deyirdi:

– Ata da pis, aliment də pis. Mən maşın istəyirəm.

Anam bizə deyirdi ki, gecələr yatmazdan əvvəl əllərini Allaha açıb nə dua etsən onu da verər sənə. Anam eşitməsin deyə o yatandan sonra hər gecə Allah babaya dua edirdim.

Birinci çoxlu oyuncaqlar istəyirdim, sonra alimenti, sora da atamı. Yox, atamı istəmirdim. Guya küsmüşdüm. Ay uşaqlıq! Gülməyin mənə!

Allah baba, sabah oyanaq ki, çoxlu pulumuz olub. Anam mənə həmən vitrində gördüyüm qırmızı maşından da alsın, qonşu Akifin oyuncaq silahından da, Şəfanın rəngli karandaşlarından, Raminin üstü maşın şəkilli bahalı çantasından da alsın.

Hətta bir gecə necə ürəkdən istəmişdimsə, gecə yuxumda görmüşdüm ki, atam hardasa uzaqlardan gəlib, bizə aliment də gətirib.

Bu yuxuya necə inanmışdımsa səhər açılan kimi anamın əlindən tutub güclə aparmışdım həmən banka. Yol boyu da içimdə Allaha yalvarmışdım ki, kaş o kişi olmasın yerində, başqa xala olsun və desin:

– Bəli, Günay Əliyeva adına ödəniş var .

Həmən gün Allahdan da küsmüşdüm. Allah baba yaxşı adam olsaydı, bizə aliment göndərərdi. Nə var ki, burda, böyüyəndə qaytaracaqdım onsuz da.

Lap böyüyəndən sonra həmişə Günay Əliyeva adına pul da qoyardım, nə yaxşı olardı, onda qardaşıma deyərik ki, qaqa, aliment gəldi.

Anam dizlərini yerə qoyub məni qucaqlıyıb ağlayırdı hər dəfə, anam ağladıqca mən böyüyürdüm. Atamsa bizə bir uşaqlıq aliment borclu.

Bizim üçün ata sözü – aliment, aliment sözü – həyata keçməyən uşaq arzuları, uşaqlığım – Günay Əliyeva adına ödəniş yoxdu.

Hamı bir anlığa donub qalmışdı Əlinin danışdıqlarından. Ağaclar da, otlar da başlarını aşağı dikib dayanmışdılar. Sanki utanırdılar. Qəflətən bir ərik ağacı başından yerə dəydi, elə bil ürəyi getdi.

– Axşamın küləyi başladı, durun yavaş-yavaş yığışıb gedək, – Həsən müəllim əlini Əlinin sağ çiyninə qoydu – bu gün sizlə burda gizlənqaç oynadıq.

Uşaq olanda mən də çox sevirdim bu oyunu. Amma böyüdükcə anladım ki, həyatla gizlənqaç oynamaq olmur.

Həyat bizi hər yerdə tapır, harda gizlənsək belə.

Mənim də atam olmayıb, səhərlər babamı işə yola salanda mənə saqqız almağını tapşırırdım. Doğrudan da, həyatda ən şirin şey saqqızdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG