Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:48

Mən Həsənin qatiliydim


Gənc yazar Çinarə Ömray
Gənc yazar Çinarə Ömray

-

"Həsən evə gəlib Münəvvərlə oğlunun birini görəndə az qaldı dəli olsun. Sonra anasıyla oğlunun çayda batdığını eşidəndə dizləri yerə gəldi. Düşmənin acıyıb buraxdığı halda öz doğmaca Bərgüşadı, babasının adaşı, qardaşı, yoldaşı Bərgüşad doğmalarını almışdı əlindən."

Çinarə Ömray

MƏCNUNXANA

- Mənə bu da azdı, yoxe, o göydəki kişi də qəbul eləmir məni, o kişi bir yana, o yekəliyində dəniz də vurub atdı çölə. Nə bəxtsiz, nə lazımsız adamam mən. Al, öldür məni, al, al, öldür, –deyə-deyə, əlində bir taxta parçasıyla üstümə şığıyan adamdan qorxub qapıya sığınmışdım ki, orta məktəbdən sinif yoldaşım, Psixoloji xəstəxananın baş həkimi Məcnun özünü çatdırdı. Bu kobud, girdəsifət kişiyə qışqırıb, məni xata-bəladan sovuşdurdu. Kişi bizdən aralanıb dilinin altında danışa-danışa həyətdə bir daşın üstündə oturdu. Elə hey bir gözüm ondaydı, yaman qorxmuşdum. Məcnun rəng-rufumu görüb:

- Bax, görürsən? İnadını yerə qoymursan ha. Sənə, gəlmə, dedim. Ay qız, sən qorxağın yekəsisən, bir iki dəfə də gəlsən, özünü burda yatızdırmalı olacam. Çıxaq otağa, su iç, özünə gəl. Gör hələ necə qorxubsan. Sarılıq tutmasan yaxşıdı. Elə bil dünən telefonda məni diri-diri yeyən qız bu deyildi. Gəl dil pəhləvanı, gəl, - dedi, hiss elədim ki, özü də sarısını udub.

Məcnun danışır, özünü döyüşdə qalib komanda kapitanı kimi hiss edib, fərəhlənə-fərəhlənə qabaqdan gedirdi. Amma bilmirdi ki, mən bir şeyi başıma qoydumsa, məqsədimə çatmamış ondan əl çəkən deyiləm. Otağa çıxanda artıq ürək döyüntülərim də, qorxum da keçib getmişdi. Suyu içə-içə pəncərədən bayaq üstümə gələn adama baxıram.Məcnun isə dayanmadan danışır:

- Bax, istədyin xəstənin işini verim, al oxu, istədyin araşdırmanı elə, amma bu sarsaq fikri ağlından çıxart. Qızım, onların adı üstündə, pisixi problemi olan insanlardı. Nə danışacaqsan axı sən onlarla? Normal adamlar deyil axı. Burda onlarla o cür xəstə var. Axşam telefonda da dedim, dinləmədin məni. Vallah sənə qurbandı hər şey, amma qorxuram. Nəsə xətər dəyər sənə deyə, qorxuram.

Buna da bax: "Atam aliment olmuşdu"

Qızım, - hələ orta məkəbdən sevdiyi xitabla sözünə davam elədi, - mən bircə bunu bilirəm: dünyanın bütün xəstələri nə vaxtsa sağalacaq, amma sənin bu inad xəstəliyin heç vaxt sağalmıyacaq, ən pisi də odur ki, mən sənin dostun ola-ola səni mualicə edə bilmiyəcəm.

***

- Məcnun, demədin axı o adam kim idi elə. O, hamının qarşısına elə qaçır?

- Qızım, sən ağıllanmıyacaqsan? Dedim axı, sağlam biri olsaydı, burda bir işi olmazdı.

- Kim gətirib onu bura? Niyə belə olub? Axı niyə o dedi ki, allah da qəbul etmir onu, dəniz də.

- Narahat olma, dediyi dəniz sən deyilsən, - güldü, yenidən üzünə qayğılı ifadə yayıldı. – Görünür, əl çəkən deyilsən. Diyan işini gətirsinlər, baxaq.

Məcnun tibb bacısının gətirdiyi kağızlara baxa-baxa dedi:

- Maraqlı bir şey yoxdu. Yəni sən istəyən maraqlı biri deyil. Nə deyim axı burdan sənə? Ancaq xəstəliyi barədə yazılıb. Bildiyimiz pisixi xəstədir, o qədər.

-Bəs qohumdan-əqrəbadan, oğuldan-uşaqdan kimsəsi yoxdu?

- Var, oğlu var. Şənbə günləri gəlir. Amma onu da tanımır. Heç oğlu tərəfə baxmır da. Eləcə, o daşın üstündə oturub gəlib-gedənin qarşısına qaçır ki, öldür məni. Adamları qorxudur deyə, görüş günləri onu çölə buraxmırıq.

- Onunla danışa bilərəm?

- Qızım, sən həqiqətən ağlını qaçırmısan. Beş dəqiqə qabaq mən olmasam, qorxudan ürəyin dayanacaqdı. Heçkimlə danışmır ki o. Sadəcə, ilk gördüyü adamın üstünə qaçır, vəssalam. Bütün sutkanı susur.

- Məcnun, qurban olum,mənə izn ver... Qoy onunla danışmağa cəhd edim. Bilirsən ki, sən “hə” deməyincə əl çəkən deyiləm.

- Vallah, deyirəm, buranın havasındandı, nədi, darvazadan içəri girən dəli olur. Gül kimi qız idi, hayıf tez itirdim.

- “Hə” de. Bax, səni and verirəm Qurana, çörəyə, kitaba, duza, suya, Herodota, dənizə…

- Uzağa getmə, sonuncunun xətrinə… - Məcnun dedi, nədənsə üzü qızardı, sonra üzünü Həsənin xəstəlik tarixçəsinin arxasında gözləyib, mızıldandı: - Get, nə bilirsən elə.

***

Bu gün ilk gündür ki, burdayam. Məcnunun ağzıyla desəm, Dəli Həsən dayı bu dəfə üstümə qaçmadı. Əynimdə Məcnunun verdiyi ağ xələt vardı: “Xəstələr ancaq bu ağ xələtlərdən qorxur biraz. Dənizçinin ehtiyat kəməri gərək üstündə ola”, - Məcnun demişdi, özü də “Dəniz”i xüsusi vurğuyla deyib, yenə qızarmışdı.

Üçmərtəbəli bina böyük bir həyətin tən ortasında yerləşir. Ətrafı yaşıllıqdır. Səliqə ilə sıralanmış ağaclar, əkilmiş güllər ayrı bir sakitlik, rahatlıq qatır həyətə. Xəstələr həyətdə gəzişir, bir-biri ilə söhbət edir, gah gülür, gah ağlayırlar.

Artıq bir həftədir gəlirəm bura. Kənarda oturub hamını və hər şeyi müşahidə edirəm. Bu bir həftədə artıq bir qeyd dəftəri doldurmuşam. Həsən dayıyla da demək olar ki, dostlaşmışıq. Düzdü, mənimlə heç nə danışmasa da, yaxınlaşdığımı görən kimi yanını skamyadan ayırmadan bir az yana sürüşüb mənə yer ayırır. Mən də ona bildiyim maraqlı əhvalatları danışıram. Özünü dinləmirmiş kimi aparır, amma bilirəm ki, dinləyir və bu ona maraqlı gəlir.

Ona hər gün bir əhvalat danışırdım. Bir müəllimimdən eşitmişdim ki, insanlar hansı əhvalata reyaksiya verirlərsə (yaxşı, ya pis), demək, bunun bir başa onların həyatlarıyla əlaqəsi var. Bəlkə də ona görə ayrı-ayrı mövzularda ona əhvalatlar danışırdım. O isə, sadəcə, dinləyərdi. Heç vaxt danışmazdı. Yox-yox, danışa bilirdi. Bir neçə dəfə “allah da istəmir məni, dəniz də atdı qırağa məni. Adamlar da yiyə durmur. Vallah mən eləmədim. Hamsın adamlar elədi. Onlar mənə dedilər. İnandım…” kimi rabitəsiz cümlələr qururdu. Nə qədər sual versəm də, bundan artığını demirdi. Amma olsun. Mən yenə də onunla danışırdım. Bilirdim ki, bir gün o da mənə öz hekayəsini danışacaq və bilirdim ki, onun danışacağı hekayə mənim danışdıqlarımın, oxuduqlarımın hamısını vurub param-parça edəcək.

Yazın ilıq havası bura ayrı bir gözəllik qatmışdı. Həyətdə bir-birinə toxunmadan yaşayan onlarla planet, onlarla dünya gəzişirdi. Elə istəyirdim ki, hamısının bir-bir nə düşündüyünü öyrənə bilim.

Gözəl xala… Üzünün yarısından ələm asılıb, yarısı gülür. Qırmızı dənizlə Qara dənizin birləşməsi kimi. Həmişə qabağıma gəlib, bir kağız uzadır mənə, mən də ona bu kağızdan təyyarə düzəldib verirəm. Elə xoşbəxtcə uçurardı ki, onu. Gülə-gülə arxasınca qaçar, “məni qoyub getmə” deyərdi.

Həsən dayı məni görcək daşın yanından qalxıb, gəlib yanımda oturdu. Dinib-danışmadan ağzını açıb, dinləməyə hazır olduğunu nümayişkəranə şəkildə sərgilədi və baxışıyla məni tələsdirdi. Təzəcə başlamaq istəyirdim ki, Gözəl xala əlindəki dəftər vərəqilə özünü yetirdi. Həsən dayı:

- Get burdan. Mənim növbəmdi. Bayaq sənə düzəltdi də.

- O əzildi. Sən pis oğlansan, nolacaq ki, düzəltsin, uçub gedəcəm də. Qorxma, mənim təyyarəm bomba atmır. Adamları müharibə olmayan yerlərə aparır…

Buna da bax: "Çinarə Yusifova. Yad ağacların arasında..."

Söz Gözəl xalanın ağzından çıxmışdı ki, elə bil Həsən dayının üstünə bombalar yağdı. İçindən yaralı aslanın nərəsi qopdu, sonra başını qucaqlayıb “müharibə, müharibə” deyə-deyə yel kimi otağına baş götürdü.

Arxasınca qaçmaq istədim, onun hələ də müharibə dediyini, dəli nərə çəkdiyini eşidirdim. Ancaq Gözəl xalanın bir yanı ələmli, bir yanı nəşəli üzündən keçəmmədim. Kağızını əlindən alıb təyarəsini düzəltdim. Adam bir kağız parçasıyla da xoşbəxt olarmış ilahi...

Yol boyu elə hey düşünürdüm. Deyəsən kələfin ucunu tapmışdım. Bəs nə idi onun hekayəsi? Sabah nəyin bahasına olur-olsun öyrənəcəkdim. Amma bəzən hər şey düşündüyümüz kimi olmur. Sabah gələndə Həsən dayı həmişəki yerində yox idi. Dedilər, dünəndən otağından çıxmayıb. Heç kimi də görmək istəmir. Məcnunin otağına qalxdım. O isə gülə-gülə:

- Dəli Həsəni görəndən məni unutmusan, Dəniz xanım, - dedi, üzü pörtdü, masadan bir kağız götürüb özünə yel verdi: - İsti də yaman tez gəldi ha… Yaxşı ki, sənin sərinliyin üstümüzdədi…

- Dəli olma, adam otağa qapanıb çıxmır. Onun nəsə müharibəylə bağlı həyat hekayəsi var.

- Qızım, sənin işin-gücün yoxdu? Dünyada milyonlarla insan yaşayır, hamısının da öz hekayəsi var. Sən hamısını bir-bir öyrənəcəksən?

- Yox… - bundan artığını deməyə utandım. Hiss elədim ki, özümdə deyiləm. Qəfildən danışmağa söz tapdım: - Yadında, keçən dəfə dedin ki, bir oğlu var. Görüşünə gəlir.

-Hə. Bir oğlu var. Bir müddət hər həftə gəldi. Maraqlanırdı. Amma bu kişi hər həftə görüş günü onca adamın içində oğlunun üstünə cumur, onu bu həyətdə qovalayırdı. “Kimsən sən? Nəyə gəlmisən? Sən qoymadın allah aparsın məni. Sən ailəmdən ayırdın məni. Düşmənsən sən”, - deyib, hücuma keçirdi. Yazıq oğlan bir ara da gəldi, daha gəlmədi. Əvvəllər arada zəng edib bizdən halını soruşurdu, son vaxtlar heç onu da eləmir.

Buna da bax: "Qarabağ haqda belə bayağı yazmaqdansa... heç yazmayaq"

Off, oğlundan da nəsə öyrənmək cəhdim boşa çıxmşdı. Özü də danışmaq istəmirdi. Yavaş-yavaş içimdə olan o ümid işığı da sönməyə başlayırıdı. Məcnun səsinə biraz mülayimlik qatıb:

- Bilirsən, qızım, belə insanlar öz dərdlərilə yaşayırlar. Onları bu həyatda yaşadan dərdləridir. Onlar bölüşə bilsələr, bundan qurtulub boşluğa düşərlər. Belə adamlar sarılıb yaşamağa heçnələri olmadığı halda hər şey edə bilərlər. Eləmə Dəniz, uzaq dur.

- Məni uzaqlaşdırmağın başqa yolunu tapmadın?

- Yaxşı, qızım, yaxşı. Get nə bilirsən elə!

Bir həftəydi ayağımı Məcnunxanadan kəsmişdim. Düzü, Məcnunun dediyi ağlıma batmışdı. Adamı daha da bədbəxt etməyə haqqım yoxdu, sonra özümü bağışlaya bilməzdim, havalanardım, Məcnun demişkən, elə oralıq olardım (hərçənd, bu, heç də pis olmazdı...). Səhər yenicə açılmışdı ki, telefonuma mesaj gəldi. Məcnundan idi:

- Səninki komasından çıxıb, özünü günə verir. Bir gözü də qapıdadı.

- Kim?

Həsən dayının şəklini atdı.

- Gəlim?..

- Qızım, səni tanımayana lənət. Mən bilirəm sən orda özünlə nə müharibələr aparırsan. Gəl, baş bəlası, gəl. Çox sakit görünür. Səhətində də irəliləyiş var. Bəlkə sən mualicə etdin onu. Elə biz də darıxmışıq…

***

Darvazadan içəri girmişdim ki, kiminsə gülümsəyə-gülümsəyə mənə sarı gəldiyini gördüm. O idi. Necə də dəyişmişdi siması. Əlimdən tutub həmişə oturduğumuz ağacın altına apardı. Cibindən bir dəsmal çıxarıb əvvəlcə oturacaqların tozun sildi (bunu məndən öyrənmişdi, düzü,utandım da) sonra o biri cibindən bir topa kağız çıxardı və mənim kimi oxumağa başladı. Çox qəribə idi. Rollarımızı dəyişmişdik sanki. Bu dəfə mən o, o isə mən idi. Hekayəni oxuyan da oydu bu dəfə:

- Həsən çox xoşbəxt idi. İki uşağı var idi. Hər şey o vaxtdan başladı. Arvadı öldü. İki uşaqla ortada qaldı. Bütün kənd dedi ki, get, baldızını al. Onun da sənə meyli var. Uşaqlarına da baxar. Qonşu arvad dedi ki, qıznan danışmışam, axşam çağı mənimlə bulağa gələcək, sən də gəl, qaçırt, özü də razıdı. Həsən ona inandı, sonra bulağın başında qızı görəndə daha da əmin oldu. Arvad qaş-göz elədi, Həsən də atnan gəlib qızı qolundan dartıb tərkinə aldı, qaçırtdı. Evə gələndə məlum oldu ki, adı yadımdan çıxan arvad Həsənə yalan deyibmiş, qız heç onu istəmirmiş. Qız dedi ki, kim bacısının ərinə göz dikər? Məni geri qaytar. Amma Həsən onu geri qaytarsaydı, bütün kənd ona pis baxardı. Axı adı yadımdan çıxan arvad bütün kəndə xəbəri yaymışdı. Bir gün Həsən örüşdə idi, hay gəldi ki, qız özünü evin ikinci mərtəbəsindən atıb. Həsən heyvanları da, çomağını da orda qoyub qaçdı evə. O, evə çatanda nə qız vardı, nə uşaqlar. Adı yadımdan çıxan qonşu arvad dedi ki, onları qardaşı apardı. Qızı xəstəxanaya, uşaqları da evə. Sonra polislər gəldi. Həsəni də apardılar. Qızı o evdə məcbur saxladığını, ona görə də qızın özünü öldürmək istədiyini dedilər. İntihar həddinə çatdırma. İnsan oğurluğu… Uşaqlarını ondan alıb qayınanasıgilə, ona da 6 il iş verdilər. Hər şey ondan sonra başladı.

Buna da bax: "Seymurun qəhrəmanı qaçır, Aqilin qəhrəmanı qalıb döyüşür..."

Həsən dayının əlində bir cəngə vərəq olsa da, elə bayaqdan bir vərəqin bir nöqtəsinə baxıb oxuyurdu. Əyilib vərəqə baxmaq istədim, tez vərəqi cırıb atdı.

- Bu günlük bu qədər, qalanı sabaha, –deyib, qalan vərəqləri sinəsinə basdı, balaca uşaq kimi tullana-tullana otağına tərəf getdi. Yerə tökülmüş kağız parçalarını birləşdirib baxdım. Ağappaq idi.

Bütün işlərimi bitirib xəstəxanaya tələsirdim. Sanki dünən orda yarımçıq qoyduğum romanımı oxumağa gedirdim. Qapıdan içəri girən kimi yenə də rollarımız dəyişdi, yenə o mənim qolumdan dartıb həmən yerə dartdı, oturduq və həmin vərəqləri çxarıb oxumağa başladı.

- Altı il dünəndən bu günə qədər tez keçməsə də, keçdi getdi. Həsən içəridən çıxdı, amma başqa kəndə getdi. O kənddən qorxurdu Həsən. Adını unutduğum qonşu arvad yenə onu aldadar deyə, qorxurdu. Başqa kənddə başqa bir qızla evləndilər. Həsənin anası da gəlib onlarla qaldı. Hələ əkiz oğlanları da oldu. Çox gözəl oğlanlar idi...

Həsənin səsi əsdi burda, ağlamaq istəyirdi, sonra ağappaq boş vərəq çəngəsini mənə uzadıb dedi:

- Həsən həyəcanlandı, oxuya bilmir. Al, sən oxu.

Mən nə oxuyacaqdım axı? Heç nə yazılmamışdı.

- Mən axı Həsənin xəttini oxuya bilmirəm, - dedim, - bunu ancaq özü oxuya bilər. O çox güclüdü. Oxuyacaq bunu. Mən ona inanıram.

- Hə, hə. O güclüdü. Oxuyacaq, oxuyacaq. Mən də bilirəm oxuyacaq.

- Aha, oxusun.

- İki oğlu oldu. Çox xoşbəxt idi. Hər şey gözəl idi. Kəndləri də gözəl idi. İki dağın ortasında yerləşən kənd ağacların, yaşıllıqların, güllərin ortasında itib-batrdı. Bir də yekə çayları var idi. Bərgüşad. Bilirsən, Həsənin babasına da o çayın adın qoymuşdulare. Bə nə! Bərgüşad idi adı. O çay həm də Həsənin babası idi. O günə qədər hər şey qaydasında gedirdi. Ta ki o gün Həsən pulunu alıb evə bazarlıq etmək üçün rayon mərkəzinə gedənəcən. Elə orda birdə hay düşdü ki, kəndlərinə düşmən hücum edib. Hamını qırıb töküblər. Hekayənin bu yerində sözü veririk Həsənin arvadı Münəvvərə. Qoy kənd yerini o danışsın, sonrasını Həsən özü davam edər. Razısan?

- Hə, razıyam danışsın.

- Onda buracan olanı cırıb ataq ki, heç kim oxumasın, - deyib vərəqi cırıqlayıb yerə tökdü.

Təzə vərəq, təzə abzas.

- Mən Həsənin arvadı Münəvvərəm. Biz çox xoşəxt idik. Evdə yaşlı qayınanam, əkiz oğlum, ərim, bir də mən yaşayırdıq. Amma hər şey o gecə dağıldı. Müharibə getdiyini bilirdik, amma onların bizim kəndə girəcəyini heç ağlımıza gətrmirdik. Həsən o gün evə bazarlıq etmək üçün rayon mərkəzinə getmişdi. Birdən hay düşdü ki, düşmənlər kəndə hücum edir, qaçın, canınızı qurtarın. Kimin maşını vardısa, hamı içinə doluşub çıxırdı kənddən. Kəndi toz-tozanaq basmışdı. Qonşulardan adını unutduğum bir neçəsi gəlib qayınanama dedilər ki, gəlin, bizim maşında yer var, siz də minin gedək. Yazıqdı o uşaqlar, körpədilər. Qayınanam qoymadı. Dedi, evin böyüyü Həsəndi. O gəlməyincə bir addım da o tərəfə qoymaram. Nə özüm, nə də uşaqlar. Kənddə bir-iki yaşlıdan və bizdən başqa heç kim qalmamışdı. Bir neçə saatın içində haylı-küylü kənd xarabalığa dönmüşdü. Bir neçə heyvan, bir neçə gedə bilməyən yaşlı adam, bir də bizim ailə qalmışdı. Özüm də hamiləydim. Yaxınlarda ana olacaqdım.

- Dayan-dayan, burda saxlayaq. – Həsənin üzü qayğıkeş görkəm aldı. - Hamilədi, çox danışmasın, yorular. Burda saxlıyaq, ardını sabah danışar. Bu vərəqi də cırıb ataq ki, heç kim oxumasın.

Onun hər dediyi ilə razışalmaq məcburiyyətində idim. Bu dəfə müəllif o idi. İstədiyi yerə qədər danışa, istədiyi yerdə dayana bilərdi.

Artıq həyatımın bütün anlamı bu xəstəxana idi. Evə gedib bir iki yazı yazır, Həsənin oxuduqlarını düşünür, ardını özümdən uydurur, sabahı gələndə isə uydurduğum bütün variantlar göyə sovrulur, daha təəccüblü şeylər eşidirdim. Sanki bu bir-neçə günü mən də kənddə onlarla yaşayırdım. Həsənin arada yersiz gülmələrini, ağlanacaq hadisələrə qəhqəhə çəkmələrini saymasaq, normal biriylə danışırammış kimi gəlirdi mənə. Hadisələri elə gözəl, ardıcıllıqla danışırdı ki.

Bu gün də Münəvvərin söhbətinin davamı üçün xəstəxanaya tələsirdim. Təzə çatmışdım ki, Həsənin bikef oturduğunu gördüm. Yaxınlaşıb salam verdim, niyə bikef olduğunu soruşdum və ən əsası:

- Bəs kağızların hanı?

- Bu gün Münəvvər özünü yaxşı hiss eləmir. Hamilədi axı. Mən də onu otağımda qoydum, dedim, eybi yox, sağal, sabah danışarsan.

- Hə yaxşı, gəl, biz biraz burda gəzək, bəlkə sağaldı?

- Yox, o, sabah sağalacaq. Eşitdin məni?

- Əlbəttə, əsas odur sağalsın.

- Sənin adın nədi?

Dəniz demək istədim, ancaq onun ilk gün üstümə gələrkən dediyi sözləri xatırlayıb ağlıma gələn ilk adı dedim:

- Runay.

Qəhqəhə çəkib güldü.

-Niyə gülürsən (özümü də gülmək tutdu).

-Atan pəltək olub yəqin. “G” deyə bilmiyib, “R” deyib, ya da piyan olub. Hahahahhahahha…

- Pəltək deyil, amma yəqin piyan vaxtına düşüb.

- Yaxşı, mən gedim Münəvvərin yanına. Sən də çox qalma, get adını düzəltdir, yoxsa hamı sənə güləcək. Səni çox istədiyimdən deyirəm a!

- Yaxşı. Sabah gələcəm. Hələlik.

O, yenə o bədənlə balaca, şıltaq uşaq kimi tullana-tullana otağına sarı getdi. Məcnun da burda yox idi deyə, mən də evə qayıtdım.Sabahı səbirsizliklə gözləyirdim.

Yeni gün yeni hekayə. Hava biraz tutqun idi. Bu gün sanki nəsə olacaqdı. İçimdə qəribə bir həyəcan vardı. Günəş də bunu hiss edib buludların arxasında gizlənmişdi. Buludlar isə dolmuş bir cüt göz kimi boşalmağa hazır dayanmışdılar. Bu gün buludlar Həsənin gözlərinə oxşayırdılar.

Mən ora çatanda həyətdə Həsən təkcanına oturmuşdu. Salamlaşıb yanında oturdum.

- Adını dəyişmə.

- Niyə?

- Qoy gülsünlər də. Amma sən hamıdan fərqlisən, adın da fərqli olsun.

- Yaxşı.

- Dəyişməyəcəksən ki?

- Yox.

- Bax, Münəvvəri də gətrmişəm, hava soyuqdu deyə, cibimdə saxlamışam bayaqdan. Üşüməsin deyə. Dayan, indi çıxardacam, danışacaq.

- İstəyirsən, keçək, otaqda danışaq. Soyuq olar sənə.

- Yox, bura yaxşıdı, içəridə danışanda boğuluram.

- Yaxşı, gözəllər gözəli Münəvvərə de ki, danışsın. (Bu söz onun döşünə yağ kimi yayıldı. Əlbəəl üzündən oxunurdu.)

- Mən Münəvvərəm, demişdim deyəsən, Həsənin arvadı. O vaxt hamiləydim. Düşmənlərin hücum etdiyi gündən danışırdım axı. Hə, hamiləydim onda. Evdə də qayınanam, bir də 4 yaşlarında əkiz oğlum var idi. Bütün kənd getmişdi, qayınanam isə nə özü getdi, nə məni, nə uşaqları qoydu gedək. Elə hey deyirdi ki, Həsənsiz heç hara gedə bilmərik. O özü gəlib aparacaq bizi. Nə binin nəslindəndiyee, o, elə-belə oğul deyil. Harda olsa, özünü çatdıracaq. Artıq hava da qaralırdı. Evin bir küncünə sıxılıb qalmışdıq. Həyətin ortasında başqa dildə danışan adamlar qışqırışır, əli silahlılar isə evlərə od vurub yandırıdılar. Biri bizim evə girdi, əlindəki avtomatın arxası ilə qapını vurub açdı. Sonra hündür səslə nə dedisə, ona oxşar bir neçəsi də gəldi. Biz hamımız evin bir küncünə sıxılıb, qorxudan əsə-əsə onlara baxırdıq. Onlar əllərimizi bağlayıb, yalvarışlarımıza da baxmadan sürüyə-sürüyə aprdılar bizi. Uşaqlar ağlaşır, qayınanam yalvarır, amma onlar bizi eşitmirdilər. Arada mən yeriyə bilməyib yıxıldım. Biri məni döydü. Sonra yenə qalxızıb apardı. Artıq çayı keçmişdik. Başdan-ayağa su idik. Tez-tez çönüb uşaqlara baxırdım. Yazıqlar ağappaq idilər. Qorxularından ağlamırdılar da. Çayı keçib, xeyli aralanmışdıq ki, artıq nə qayınanam, nə də mən gedə bildik. Oradaca çökdük. Nə qədər etdilərsə də, sürüyüb aparmağın mənasız olduğunu görəndə ikimizi də döydülər o ki var, sonra da öz dillərində bir-birinə nə dedilərsə, orda da buraxıb getdilər. Mən aldığım zərbələrdən huşumu itirdim. Ayılanda hava qaralmışdı. Qayınanam uşaqları bağrına basıb başımın üstündə oturmuşdu. Dedi, bala, burda qalmaq qorxuludu, gəl, bir təhər keçək çayı o tərəfə, evimizə gedək. Həsən harda olsa gələcək.

- Sən dayan, Münəvvər, ağrıyırsan axı. – Həsən dilləndi, yenə qayğılanmışdı. – Yorulmusan, həm də sən bir az dincəl, indi mən danışım, sonra istəsən, yenə sən danışarsan.

- …Hə-ə, Həsən rayon mərkəzinə elə təzə çatmışdı ki, hay düşdü, nəymiş, bəs onların kəndinə hücum ediblər. Əvvəl inanmadı, sonra kəndçiləri Lafet Teymuru görəndə hər şeyi anladı. O, Həsənə dedi ki, bütün kənd çıxdı, amma anan Səriyyə arvad dedi, Həsən gəlməyincə nə mən, nə də uşaqlar bir addım atan deyilik. Nə qədər elədim ki, gedək biznən, Həsən də gələr, razılaşmadı. Səriyyə arvadın nə qədər tərs olduğunu sən ki məndən yaxşı bilirsən.

Həsən dəli olmuşdu, o an nə edəcəyini bilmirdi. Üzü kəndə tərəf getdi, amma artıq yollar bağlanmışdı. Geri qayıdıb, meşə yoluyla davam elədi. Kəndlərinə çatdı, heç kəs yox idi. Kənd tüstülənirdi. Elə bil, yekə odun sobasının tüstüsü çıxırdı kənddən. Qorxa-qorxa kəndə girib, öz evlərinə getdi. Heç kəs yox idi. Ev dağınıq, qapı-pəncərə sınıq, amma heç kim yox idi. Yenidən meşəyə qayıtdı, meşə yolu ilə rayona tərəf getdi ki, bəlkə orda qarşılaşar ailəsiylə. Amma yox idi heç kim. Hava da qaralmışdı. O yolla bir də geri qayıtdı Həsən.

Həsən dayı sözünə ara verib üzünü sağ yanına, arvadına tutdu:

- Münəvvər, dincəldinsə, sən danış indi. Gözlə, mən danışdığım vərəqi cırım atım, sonra sən danış. (Əlindəki boş vərəqi çırıb yerə atrdı.)

Yeni vərəq, yeni abzas.

- Mən Həsənin arvadı Münəvvərəm. Deyirəm, birdən yadınızdan çıxar. Biz iki uşaq, yaşlı qayınanam, bir də mən gecənin o vaxtı tək qalmışdıq. Qayınanamı dinləməkdən başqa çarəm yox idi. Çayı keçib evə getməli idik. İkimiz də əmindik ki, Həsən bizi orda gözləyir. Qayınanama dedim ki, gəl, bu şallarla uşağın birini sənin kürəyinə şəlliyim, birini də öz kürəyimə, çayı helə keçirək. Çay da, maşallah, nə enliyində. Qayınanam razılaşdı. Uşaqları belimizə şəlliyib, çaya girdik yenidən. Heç birimizdə hal qalmamışdı, amma bilirdik ki, çətini çayı keçənəcəndi. Həsən hardadısa, bütün arzularımız, ümidlərimiz kimi çayın o tərəfindədir. Biz də var gücümüzlə ora irəliləməyə çalışırdıq. Çayı yarılamışdıq ki, oğlumun səsi gəldi: “Ana, qoyma, ana, boğuluram”. Kürəyimdə bu uşaqla nə geri qayıda, nə də irəli gedə bilirdim. Qaranlıq da göz deşirdi. Qayınanamı səslədim: “Ana, ay ana. Ana, nooldu?”

Səs gəlmir, ancaq oğlum çığırır: “Ana, qoyma, boğuluram”. Mən suda qaçmağı onda kəşf etdim. Adam övlad üçün suda qaça da, hətta uça da bilərmiş. Çayı keçib kürəyimdəkini o taya qoyub yenə çaya girdim,ancaq artıq oğlumun səsi kəsilmişdi. Qaranlıqda özümü suya ha çırpdım, balamı tapa bilmədim. Su aparmışdı balamı da, qayınanamı da. Geri qayıdıb bu biri oğlumu bağrıma basdım. Uşaq suyun içində əsirdi. Qaranlıq kənd, çay, suda axan övladım, anam. Neynəyim axı mən, allahım. Qorxa-qorxa evimizi gəlib çatdım. Tez uşağı soyundurub tapdığım bir adyala bükdüm. Bu an kiminsə ayağının ucunda, qorxa-qorxa evə girdiyini hiss elədim. Qeyri-ixtiyari “Həsən, sənsən?” - dedim. O da elə bil bunu gözlüyürmüş, tez yanıma qaçdı. Hə, şükür, tapdım sizi. İlahi, min şükür. Bu meşəylə iki dəfə rayona gedib-gəlmişəm, tapmayıb, havalanmışdım. Bəs anamla o biri oğlum hanı?

Əhvalatı danışdım.“Onlar çayda boğuldu”,- dedim...

- Runay, Münəvvər pis olur. Qoy aparım uzansın, sabah danışar. – Həsən dayı deyib, əlindəki vərəqi cırmadan durub getdi.

İlahi, bu nə faciədir belə? Dərk edə bilmirəm. Görəsən bu, həqiqətəndə belə olub, ya onun təxəyüllüdür? Açıqda qalan ətə mikroblar hücüm edən kimi, suallar hücum edirdi beynimə. Əvvəl bir, sonra iki, sonra on, sonra yüz, sonra milyonlarla sual beynimə hücum edib onu yeyib-bitirirdi. Ancaq sabahı gözləməkdən, nəinki sabahı, bu hekayənin sonunu gözləməkdən və bitdikdən sonra onun doğruluğunu araşdırmaqdan başqa yolum yox idi. Bu qədərini gözləmirdim. Axı bunca acını bir insan necə çəkə bilərdi? Sanki bir film idi, çox seriyalı bir filim. Ən həyəcanlı yerində dayanır, sabah birdə o yerdən davam edirdi. İndi mən sabahkı seriyanın həyəcanı ilə yaşayırdım. Bir pisixi problemləri olan adam məni özündən asılı hala salmışdı. Sanki idarəetməm onun əlindəydi. O “bitdi” dedikdə bitməsiylə razılaşır, “davam” dedikdə davamını dinləyirdim.

Səhər durar-durmaz xəstəxanaya yollandım. Həyətdə oturub onun oyanmasını gözlədim. Otağının pəncərəsindən məni görüb gəldi.

- Salam.

- Salam.

- Adını dəyişdin?

- Yox.

- Düz elədin, dəyişmə. Gülürlər, gülsünlər də, qoy sənin adın da özün kimi fərqli olsun.

- Yaxşı, dəyişməyəcəm. Hekayən dünən yarıda qaldı. Münəvvər necədi?

- Gözlə, gedim Münəvvəri oyadım, gələk.

- Gözləyirəm.

- Amma ağlama, ha. Yaxşı? Münəvvərin yanında dünənki kimi ağlama. O hamilədi, pis olur.

- Yaxşı. Söz verirəm. Ağlamayacam.

Həsənin qayıtması bəlkə yüz il çəkdi…

- Biz gəldik - Münəvərlə Həsən.

- Xoş gəldiniz. Oturun.

- Biz sənə hekayəmizin ardını danışmağa gəldik.

- Mən də səbirsiziklə gözləyirdim.

- Həə, Həsən evə gəlib Münəvvərlə oğlunun birini görəndə az qaldı dəli olsun. Sonra anasıyla oğlunun çayda batdığını eşidəndə dizləri yerə gəldi. Düşmənin acıyıb buraxdığı halda öz doğmaca Bərgüşadı, babasının adaşı, qardaşı, yoldaşı Bərgüşad doğmalarını almışdı əlindən. Axı bu, necə ola bilərdi? Amma elə hal idi ki, heç cür nə övladını, anasını əlindən alan Bərgüşaddan, nə də düşməndən hesab sora bilirdi. O, arvadını, bətnindəki körpəni, balaca oğlunu da itirməmək üçün bu kənddən çıxmalıydı. Onlar gecənin bir yarısı meşəylə yola çıxdılar. Münəvvər deyir ki, meşənin hər yerindən oğlum qışqırırdı: “Ana, kömək elə”, “ana, boğuluram, kömək elə”. O səsin müşayiəti ilə qarşılarına çıxan meyitlərin üstündən adlayaraq güclə gəlib əsgərlərimizin yanına çıxa bildilər. Əsgərlərə çatar-çatmaz Münəvvər huşunu itirdi. Həsən oğlumu da qucağına alıb hiss etmədiyi ayaqlarını sürüyə-sürüyə maşına oturdu. Sonra gözünü xəstəxanada açdı...

***

Onları Bakıya gətirmişdilər. Oğlu da, Münəvvər də, o da eyni otaqda yatırdı. Amma iki əksikləri var idi - anasıyla oğlu. Günlər keçdikcə özlərinə gəlirdilər. Bircə Münəvvərin ağrıları və gecələr “oğlum” deyib çığıraraq yuxudan dəli kimi qan-tərin içində dik atılmaları keçmirdi. Həkimlər dedilər ki, Münəvvər bətnindəki uşağı saxlamaq gücündə deyil. Doğuşa bir ay var. Amma erkən doğuş etməlidir. Həsən oğluyla qapının ağzında gözləyir, həkimlərin gətirəcəyi şad xəbərəcən can verəcəyini düşünürdü. Neçə saatdan sonra otaqdan çıxan həkim papağını çıxardaraq “hər ikisini itirdik” dedi. Həsənə elə gəldi ki, “hər ikisi” deyəndə söhbət anasıyla oğlundan gedir. Tez üzünü həkimə tutub: “Biz onları kənddə, çayda itirmişik, siz mənə Münəvvərlə uşağımdan xəbər verin”, - ödünü-ökbəsini yeyə-yeyə dedi. Həkim isə:“Elə onları deyirəm də. Onları da itirdin, - dedi soyuqanılıqla. Sonra davam etdi: – Çox döyüblər, qarnında təpik izləri var. Ciyəri partlamışdı. Buracan da necə gəlib çıxıb, heyrətə gəlmişik hamımız”.

Ayılanda şəhərdəki qohumları yanındaydı, bir də oğlu. Sonra oğlunu böyütdü. Amma bacarmırdı. Hər saniyə itirdikləri ilə yaşayırdı. Oğluna da o sevgini verə bilmirdi. Amma oğlu yenə də böyüyürdü. 10-cu sinifdə oxuyurdu.

Bir səhər Həsən yuxusundan oyanıb, gecə gördüyü yuxunu xatrlamağa çalışdı. Gecə Münəvvər, iki oğlu və anası onu köməyə çağırırdı. Onlar Bərgüşadın o tayında qalmışdılar, bu oğluyla Həsən isə bu tayında. O tayda onların buna ehtiyacı vardı,“gəl, bizə kömək elə”,- deyib, ağlaşırdı dördü də.

Həsən heç nə demədən qalxıb geyindi, gəlib yatmış oğlunun alnından öpüb evdən çıxdı. Oğlunun da onun dalınca gəldiyindən xəbəri olmadı. O, dəniz sahilinə çatıb soyundu,sonra dənizin ürəyini yara-yara dərinlərə getdi. Bütün çaylar dənizə axmırmı? Deməli, doğmalarına da qovuşacaq. Bunu bilməyə nə vardı ki!

Gözünü açanda nə anası, nə arvadı, nə də uşaqları vardı. Ağ xələtli həkimlərlə oğlunu gördü. Sonra oğlunu öldürməyə cəhd elədi. Bərgüşadın bu tayında onu heçnə saxlamasın deyə, əvvəlcə oğlunu öldürüb ora yollamaq, sonra özü getmək istəyirdi. Yenə də alınmadı. Çünki Həsən lənətli idi, allah onu istəmirdi öz yanına alsın… – Həsən dayısözünü qəfildən kəsib, əllərimdən tutdu, qarşımda diz çökdü. – Yalvarıram sənə. Öldür məni, Runay, qızım, öldür məni. Bax, məni orda anam, uşaqlarm, Münəvvər gözləyir, yalvarıram, kömək elə, gedim onlara, nolar, yalvarıram...

Yenə imdadıma Məcnun yetişdi. Pəncərədən baxırmış demək. İki köməkçisi ilə Həsəni məndən güclə ayırdılar, iynə vurub sakitləşdirdilər.

Məcnunun otağında oturub əsirdim. Tibb bacısı otağa girib mənə su və sakitləşdirici verdi. Məcnun danışmırdı. Deyəsən mənə xeyli acıqlanmışdı. Ancaq danışıb daha da yaralamaq istəmirdi.

- Məcnun, acıqlanma mənə, yalvarıram. De görüm, onun oğlunun, ya başqa birisinin nömrəsi varmı sizdə?

- Hə, var. Var ay allahın dəlisi, var. Get görüm haracan gedəcəksən.

***

- Alo…

- Salam, Həsən bəyin oğludu?

-Bəli. Nə olubki atama? Yaxşıdı? (həyəcanı burdan da görmək olurdu)

-Narahat olmayın, yaxşıdı. Sizinlə görüşüb danışa bilərik? Bir neçə sualım olacaq sizə.

- Atamla bağlıdırsa, hara desəniz, gələrəm.

Yer təyin edib görüşdük. Özüm haqda məlumat verdim, sonra elə yenicə olub-keçənləri ona danışmaq istəyirdim ki, televiziyada verilən xəbər ikimizi də divara mıxladı:

“Bu gün günorta radələrində Bakının … pisixi xəstəxanasında xəstələrdən biri binanın damına çıxaraq intihar edib. İntihar edənin kimliyi araşdırılır...”

Mən bir insan qatili idim...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG