Kuba lideri Fidel Castro-nun külü 9 günlük matəm mərasimlərindən sonra basdırılıb. Dekabrın 4-də Kubanın Santyaqo şəhərində Santa İfigeniya məzarlığında qapalı dəfn mərasimi keçirilib. Bu barədə Kubanın dövlət mətbuatı xəbər verir.
Əvvəlki xəbərlərdə F.Castro-nun qalıqlarının azadlıq uğrunda mübarizə aparmış Jose Marti-nin mavzoleyinin bir neçə addımlığında basdırılacağı deyilirdi.
Kuba lideri F.Castro noyabrın 25-də 90 yaşında vəfat edib. 10 ildir hakimiyyətdə olmasa da, F.Castro ictimai həyatdan uzaqlaşmamışdı. Yerli və beynəlxalq məsələlərə dair köşə yazıları yazır, Havana yaxınlığındakı iqamətgahında xarici qonaqları qəbul edirdi.
Dekabrın 3-də onun qardaşı, ölkənin indiki prezidenti Raul Castro kütləvi mərasim keçirərək, Kubanın sosialist ideologiyaya sadiq qalacağına söz verib.