Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:16

Deputat: 'Erkən prezident seçkisinin keçirilməsi ehtimalı böyükdür'


Referendum
Referendum

Konstitusiyaya dəyişiklik layihəsi, növbədənkənar prezident seçkisinin keçirilmə ehtimalı, müxalifətin referendum əleyhinə aksiyaları və bankların durumu bu gün medianın əsas mövzusudur.

KONSTİTUSİYA İSLAHATLARI ZAMANIN TƏLƏBİDİR

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycanın idarəçilik ənənələrində yeni səhifə açılır» sərlövhəli məqalədə sentyabrın 26-da keçirilməsi gözlənilən referendum barədə düşüncələr müzakirəyə çıxarılır.

Məqalədə bildirilir ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycan tarixində yeni səhifə açacaq və dövlət sisteminin əsaslarını müəyyən edəcək.

Müəllifin yazmasına görə, ümumxalq səsverməsi keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüsü siyasətçilər birmənalı dəstəkləyir: «Siyasi ekspertlər bildirirlər ki, müasir dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin, o cümlədən icra hakimiyyəti orqanlarının işinin təkmilləşdirilməsi və ictimai münasibətlərin tənzimlənməsi ilə bağlı konstitusiya islahatlarının həyata keçirilməsi zamanın tələbidir. Həmçinin referendum Azərbaycanda sabitliyin qorunmasına xidmət edir».

Yazıda hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadənin də düşüncələrinə yer verilib: «Təklif olunan dəyişikliklər 2 qrup məsələləri həll edəcək. Birinci qrup demokratiyanın dərinləşməsi, insan hüquq və azadlıqlarının dövlət tərəfindən təminatı, ikinci qrup isə dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsidir».

Deputat qeyd edib ki, seçkilərdə yaş məhdudiyyətinin götürülməsi 18 yaşı tamam olan hər bir kəsin mütləq parlamentin üzvü seçiləcəyi anlamına gəlmir. Söhbət, seçilmək hüququnun tanınmasından gedir.

Deputat Rövşən Rzayev də deyib ki, Konstitusiyaya dəyişiklikləri ölkənin mövcud inkişafından və günün tələbindən doğub: «Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər inkişaf dövrünün bir mərhələsidir».

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

REFERENDUMDAN SONRA PREZİDENT SEÇKİSİ?

«Yeni Müsavat» qəzeti deputat Qüdrət Həsənquliyevlə müsahibə dərc edib.

Müsahibədə Konstitusiyaya dəyişikliklər layihəsini dəyərləndirən deputat referendumdan sonra növbədənkənar prezident seçkisinin keçiriləcəyini də istisna etmir: «Məlumatım yoxdur. İntuisiya və proseslərin təhlilinə əsasən fikirlər bildirmək mümkündür. Mənim qiymətləndirməmə görə, növbədənkənar prezident seçkisinin keçirilməsi ehtimalı böyükdür, nəinki 2018-ci ili gözləmək. Hesab edirəm ki, həm Azərbaycandakı, həm də beynəlxalq şərait buna imkan verir. Şərtlər uyğundur».

«Növbədənkənar parlament seçkiləri də keçirilə bilərmi» sualına isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Q.Həsənquliyev belə cavab verib: «Buna gediləcəyini düşünmürəm. Parlamenti buraxmaq üçün gərək hüquqi əsaslar da olsun. İndiki parlamentdə çoxluq birmənalı şəkildə iqtidarın tərəfindədir. Ona görə də hansı bir əsas olacaq ki, parlamenti buraxmaq üçün? Parlament prezidentin hansısa təyinatına iki dəfə ard-arda yox deyəcəksə, Nazirlər Kabinetinin hesabatını qəbul etməyəcəksə, bu halda buraxıla bilər. Belə bir şeyin olması isə inandırıcı görünmür».

Pul
Pul

BANKLAR İNAMI NECƏ QAYTARMALI

«Exo» qəzetində «Azərbaycanda bir bank belə şəffaf işləmir» sərlövhəli məqalə oxumaq olar.

Ekspertlərdən Əkrəm Həsənov ölkədə bankların vəziyyətini qəzetə belə dəyərləndirib: «Bütünlükdə demək olar ki, Azərbaycanda bir bank belə şəffaf fəaliyyət göstərmir. 33 bankdan ancaq 8-i az-çox düzgün çalışır».

Ekspert deyir ki, maliyyə institutlarının şəffaf işləməsi şərtdir: «İllik və rüblük icmallar olmalıdır, risklərin idarə edilməsi barədə danışılmalıdır. Amma banklar bu tələblərə tam həcmdə əməl etmirlər».

O, daha sonra ölkədən pulların qanunsuz çıxarılması məsələsinə toxunur. Ekspertin deməsinə görə, bunun ən aydın nümunəsi Beynəlxalq Bankla bağlı gedən məhkəmədə özünü göstərir. Ə.Həsənov qeyd edir ki, xadiməyə, sürücüyə kreditlər verilməsi bu pulların ölkədən çıxarılmasına xidmət edib.

Ekspert vurğulayır ki, indi banklara inam yoxdur. Əsas problem də bundan qaynaqlanır. Ə.Həsənovun gəldiyi nəticəyə görə, bankların işi şəffaf qurulmayana qədər onlara etimad olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG