-
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər moderator.az-a açıqlamasında I Avropa Oyunlarından sonra Azərbaycanda yaranacaq sosial-iqtisadi və siyasi mənzərə ilə bağlı fikirlərini bölüşüb:
«Avropa Oyunları bitəndən sonra Azərbaycan seçkiöncəsi vəziyyətə daxil olacaq. Qarşıdan parlament seçkiləri gəlir. Bu isə istər-istəməz nisbi də olsa ictimai-siyasi aktivliyin artmasına gətirib çıxardacaq. Bilirsiniz ki, ölkə bu seçkilərə maliyyə-iqtisadi böhran və sosial-iqtisadi narazılıq fonunda daxil olur.
Hakimiyyət daxilində də maraqlı proseslər gedir. Dünya bazarında neftin qiyməti aşağı düşdüyü üçün Azərbaycana gələn neft pullarının da miqdarı azalıb. Bu səbəbdən də hakimiyyət daxilində də maraq toqquşmaları güclənib. Azərbaycan hakimiyyəti ilk dəfədir ki, iş adamlarına qarşı genişmiqyaslı əməliyyatlar keçirir. Bu da həm sosial-iqtisadi, həm də ictimai-siyasi vəziyyətə təsir edəcək. Bir sözlə, Oyunlardan sonra ölkədə bir sıra sahələrdə gərginliyin artmasına şahid olacağıq. Eyni zamanda demokratiya, insan haqları, seçkilərə bağlı xarici təşkilatların da təzyiqi artacaq. Bu təzyiqlər isə Azərbaycanın ABŞ və Qərblə münasibətlərinə təsirsiz ötüşməyəcək».
ƏLİYEV SON ŞANSI DA ƏLDƏN VERDİ
«Azadlıq» qəzeti yazır: «Əliyev son şansı da əldən verdi, siyasi məhbusların azad edilməməsi hakimiyyəti bitirdi».
Məqalədə oxuyuruq: «Hakimiyyətin yürütdüyü siyasət öz müdafiəçilərini də arqumentsiz qoyub. Dünənə qədər hakimiyyəti beynəlxalq tribunlardan tərifləyənlər də, yerli fürsət güdənlər də pərt vəziyyətdə qalıb. Çünki, hakimiyyətin ard-arda danışdığı yalanlar, vədlərə əməl etməməsi bütün lobbiçilərini «ağ bayraq» çıxarmağa məcbur etdi. Xüsusilə, siyasi məhbus məsələsində hakimiyyət həm özünü ifşa etdi, həm də özünün yaratdığı qurumları mat vəziyyətinə saldı».
Qəzet daha sonra yazır ki, hakimiyyət siyasi məhbuslarla bağlı «İşçi Qrup» yaratmaqla Azərbaycanda siyasi məhbus problemi olduğunu etiraf etdi: «Üstəlik, İlham Əliyevlə ABŞ dövlət katibinin müavini Victoria Nuland arasında da bu məsələnin həlli ilə bağlı razılıq əldə olunmuşdu. Amma sonrakı proseslər göstərdi ki, Əliyev hakimiyyəti nə İşçi Qrupun yaradılmasında, nə də beynəlxalq razılaşmalarda səmimi deyil.
Amma hakimiyyətin hüquq müdafiəçiləri tez-tez əlamətdar günlərdə əfv olacağının anonsunu verir. Hər dəfə deyirlər ki, siyahı hazırlanıb və prezidentə təqdim edilib. Sonuncu dəfə böyük əfv sərəncamı 28 mayda gözlənilirdi və hakimiyyətə loyal münasibəti ilə seçilən adamlar da optimist vədlər verirdi. Nəticədə əfv sərəncamı imzalanmadı və İlham Əliyev «tarixdə qalmaq» yolunu tutdu. Bütün bunlardan sonra son ümid kimi «Qurtuluş günü»nü önə sürdülər. Bildirildi ki, prezidentə siyahı təqdim edilib və sürpriz əfv sərəncamı olacaq. Amma İlham Əliyev atasının adı ilə bağlı olan gündə də əfv sərəncamı vermədi».
Məqalənin sonunda deyilir ki, bu gün şərlənərək həbs olunmuş 100-ə yaxın adam İlham Əliyevin dustaqlarıdır:
«Əslində bu, İlham Əliyev üçün son şans idi. O, siyasi məhbusları azad etməklə ziyanın yarısından qayıda bilərdi. Amma Əliyev dünyaya ən pis mesajı verdi və bundan sonra məsumluq donu geyinmək mümkün olmayacaq».
«YANAN DAŞLA BİR NEÇƏ DƏFƏ MƏŞQ ETDİK»
ANS-də oxuyuruq: «100 milyonluq möhtəşəm açılışın qəhrəmanları danışdı».
Söhbət iyunun 12-də başlanan Avropa Oyunlarının açılışından gedir: «...möhtəşəm səhnə tərtibatı ilə yadda qalan şou öz füsunkarlığı ilə seçilirdi. Amma bu möhtəşəmliyi bir qədər də qeyri-adi edən tarixi əfsanəvi qəhrəmanları canlandıran Aydəmir və Nərgiz idi. Dövlət Rəqs Ansamblında fəaliyyət göstərən bu gənclər iki ay müddətində gün ərzində 4-5 saat məşq etdiklərini dedilər.
«Avropa Oyunlarının açılış mərasiminin bədii rəhbəri Dimitris Papaioannou-dur. Onun dediyinə görə, ona nə gözəllik, nə də boy-buxunlu şəxs lazımdır, ona əsasən təbilik lazım idi. Çünki kameralar çəkəcək və neçə milyon insan buna baxacaq. Ona insanlara o enerjini çatdıra biləcək insanlar lazım idi. Məhz həmin gün biz ora gedəndə onun tərcüməçisi bildirdi ki, artıq Dimitris Papaioannou öz seçimini edib», –rəqqasə Nərgiz Nəsirzadə bildirib.
Aydəmirsə tapşırığın elə də asanlıqla ərsəyə gəlmədiyini etiraf edib: «Orada qaya ilə yer arasında məsafə 30 metr idi. Təqdimatdan öncə yanan daşla bir neçə dəfə məşq etdik. Məşqlərə yeni başlayanda əllərim yanırdı. Yanan daşla o qədər məşq etmişdim ki, artıq özləri mənə deyirdilər ki, əlin yananda daşı burax. Amma bunu etmirdim, bu iş mənə tapşırılıbsa, bunun öhdəsində layiqincə gəlməliyəm».