Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:12

Steinar Gil: İqtidar da, müxalifət də dəyişməlidir - [fotolar]


Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006) Steinar Gil
Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006) Steinar Gil

-
- Baş naziriniz kimdir?
- Artur Rasizadə.
- (Gülür..) Hələ də odur?! Mən səfir olanda da o idi.. Bax görürsünüzmü?!

Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006) 72 yaşlı Steinar Gillə telefonla danışırıq. Söhbətinin vurğusu budur ki, Azərbaycan yaxşıya doğru dəyişməsi üçün həm iqtidardakı adamlar dəyişməlidir, həm də müxalifətdəki. Gili Azərbaycanda insan haqlarının fəal müdafiəçisi kimi tanıyırlar.

«Mən gedəndən nə xarici işlər naziri dəyişməyib, nə Hacıbala (Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı-red.), eyni adamlardır hakimiyyətdə. Gənclər gəlməlidir hakimiyyətə».

Gil Azərbaycandan sonra Litvaya səfir gedib. 2011-ci ildən isə təqaüddədir. Oslodakı evində xanımı ilə yaşayır. Kitablar tərcümə edir, arabir Azərbaycan haqqında mühazirələr deyir.

Steinar Gil nəvəsiylə birlikdə
Steinar Gil nəvəsiylə birlikdə

Deyir ki, təqaüd ona nəvələri və övladları ilə daha yaxından ünsiyyətə imkan verir.

Keçmiş səfir deyir ki, Azərbaycanda baş verənləri uzaqdan izləyir və kədərlənir ki, o gedəndən sonra Azərbaycanda insan haqlarının vəziyyəti daha da pisləşib. Hər fəal həbs olunanda məyus olur:

«Azərbaycan xalqına özümü yaxın hiss edirəm. Mehriban, qonaqpərvər xalqdır.. Daha yaxşı həyata layiq ola bilərdi bu xalq».

Deyir ki, indi də Azərbaycanda səfir olsaydı, yenə də insan haqlarını müdafiə edər, yenə də əvvəlki kimi fəal olardı. Steinar Bakıda olanda mitinqlərə qatılar, həbs olunanların məhkəmələrinə gələrdi...

«Mənə qarşı repressiyalar ola bilərdi Azərbaycanda. Hətta persona-non –grata elan oluna bilərdim. Amma yolumdan dönməzdim».

Gildən soruşuruq ki, bəs Norveçin Bakıdakı indiki səfirinin insan haqları ilə bağlı mövqeyindən razıdırmı? Deyir ki, həmkarı haqda şərh verə bilməz:

«Mən nə Norveçin Azərbaycandakı indiki səfiri, nə də başqa ölkələrin səfiri haqqında şərh verə bilmərəm. Bircə onu deyə bilərəm ki, Norveç hökumətinin insan haqları ilə bağlı mövqeyi dəyişməyib».

Gil Azərbaycanda müxalifətin də dəyişməsinin tərəfdarıdır: «Əli Kərimi, İsa Qəmbər.. Eyni adamlardır illərcə. Dəyişmək lazımdır. Müxalifətə də gənclər qoşulmalıdır..»

- Yeni yaranmış ReAL hərəkatı var, onlar haqqında nə deyə bilərsiz.

- Onların fəaliyyətini yaxından izləmirəm. Amma müxalifətdə dəyişiklik olarsa, ümumilikdə ölkədə də dəyişiklik olar. Gürcüstanın təcrübəsi göstərir ki, həm iqtidarda, həm müxalifətdə gəncləşmə faydalıdır. Bundan başqa əhalinin əhvalı da dəyişməlidir.

Arxiv fotosu
Arxiv fotosu

- Nəyi nəzərdə tutursuz?

- Əhali qəbul etməlidir ki, dəyişiklik lazımdır. Qısa müddətdə Azərbaycanda dəyişikliyin olası inandırıcı deyil. Hesab edirəm ki, neft gəlirləri azaldıqca və əhalinin iqtisadi vəziyyəti pisləşdikcə insanlar dəyişiklik istəyəcəklər.

- Belə fikirlər eşidirik ki, Azərbaycan xalqı Qərb tərzli demokratiyaya hazır deyil. Nə düşünürsüz bu haqda?

- Razı deyiləm. Azərbaycan xalqı təhsillidir, internetdə çıxışı var, səyahət imkanları var. Sadəcə olaraq insanlar risk etmək, iş yerlərini itirmək, həbsə düşmək istəmirlər.

Steinar Gil deyir ki, Azərbaycanın maliyyə ehtiyatlarının azalması, Dövlət Neft Fondunun vəsaitlərinin xərclənməsi də təhlükəli tendensiyadır: «Norveçdə Neft Fondunun vəsaitlərinin- biz ona «Pensiya Fondu» deyirik, yalnız dörd faizini xərcləyə bilirik. Bundan artığını xərcləmək qanunla qadağandır».

Gildən soruşuruq ki, Azərbaycana yenidən qonaq gəlmək istəyirmi? Gülür, deyir ki, əgər viza ala bilsə, mütləq gələcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG