Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

Azərbaycanda əhali artımı getikcə zəifləyir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycan əhalisi yaşlanır. Çoxuşaqlı ailələrin azalması əhalini qocaldır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 22-də bildirib ki, əhalinin tərkibində 65 yaş və ondan yuxarı olanların xüsusi çəkisi 90-cı ildə 4.8 faiz idisə, artıq bu rəqəm 5.8 faizə yüksəlib.

«Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın (2014-2025-ci illər) layihəsinin müzakirələrinə həsr olunan tədbir çərçivəsində nazir deyib ki, onlar bu rəqəmin daha da artacağını gözləyirlər.

CƏMİ 756 KÖRPƏ AİLƏDƏ DÖRDÜNCÜ, BEŞİNCİ UŞAQDIR

Statistik təhlillər göstərir ki, son dövrlərdə Azərbaycan ailələrində üçüncü, dördüncü, beşinci uşaqların doğum səviyyəsi aşağı düşüb. Belə ki, 2013-cü ildə doğulan 173 minə yaxın körpədən yalnız 756-sı ailənin dördüncü, beşinci uşağıdır.

apa-nın məlumatına görə, Səlim Müslümov bu rəqəmi çox aşağı sayıb. Nazir bildirib ki, keçmişdə Azərbaycan cəmiyyəti üçün uşaqların çoxluğu daha xarakterik olub:

«Yüksək iqtisadi inkişaf, sürətin artması Azərbaycan parametrlərində tədricən Avropaya yaxınlaşmasına səbəb olur. Bunu heç kəs inkar edə bilməz. Belə bir şəraitdə Azərbaycanda nikahların sayının artması hesabına çoxuşaqlı ailələrin sayının düşməsi kompensasiya olunur. Ümumilikdə ölkə əhalisinin 1.3 faizlik artımı var. Hər min nəfərə 13 nəfər artım var. Bu da onu göstərir ki, 2020-ci ilədək Azərbaycan əhalisi 10.2 milyona qədər artacaq. Belə şəraitdə isə insanların məşğulluq məsələsi önə çıxacaq».

«ARTIQ HƏR KƏS HƏYATDAN ZÖVQ ALMAQ İSTƏYİR»

Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşı, demoqraf Adilə Gözəlova AzadlıqRadiosuna müsahibəsində deyir ki, bütün dünyada ailədə 4-cü, 5-ci, 6-cı uşaqların doğulması azalıb: «21-ci əsrdə insanların dəyər sistemində uşaqlar vacibdir, ancaq birinci yeri tutmurlar. Ata-ana əlində nəyi var uşağına verir. Artıq hər bir insan özü yaşamaq istəyir, həyatdan zövq almaq, gəzib-dolaşmaq istəyir».

Adilə Gözəlova deyir ki, bir çox ailə uşağının təhsil qayğısına qalır, bu isə kifayət qədər pul deməkdir: «Hər kəs ailədə uşağının sayını öz gəlirinə uyğunlaşdırmaq istəyir. Ailələr hesab edirlər ki, savadsız uşaq böyütmək kasıb uşaq böyütmək deməkdir. Mütəxəssislərin fikrincə, kasıbçılığın birinci amili təhsilin olmamasıdır. Görürsünüzmü, dünyada da uşağa yaxşı təhsil verməyə can atırlar. 5 uşağın beşinə də yüksək təhsil vermək olar?».

Azərbaycanda əhalinin 5.8 faizini 65 yaş və ondan yuxarı olanlar təşkil edir.
Azərbaycanda əhalinin 5.8 faizini 65 yaş və ondan yuxarı olanlar təşkil edir.

CAVANLAR OLMASA…

Ancaq müsahibimiz əhalinin yaşlaşmasını da yaxşı hal saymır, onun fikrincə, gənclər tərəqqi, inkişaf deməkdir: «Cavanların sayının azalması tərəqqinin yolunun bağlanması deməkdir. İnkişaf həmişə cavanların çiynindədir. Qocaların olması yaxşıdır, nəsildən nəslə ötürücü şeylər var ki, onlar asan olur. Ancaq cavanların çoxluğu inkişafın sürətlənməsi deməkdir. Onlar təzə texnologiyaları əldə edir, aparıcı qüvvə olur».

«Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın (2014-2025-ci illər) layihəsinin aprelin 22-də keçirilən müzakirəsində mütəxəssislər təklif ediblər ki, beşdən artıq uşağı olan ailələrə müavinətin verilməsi qaydalarında dəyişiklik olunsun. Belə ki, beşdən artıq uşağı olanlara 2014-cü ilin yanvarın 1-dən hər uşağa görə 30 manat verilir. Ekspertlər buraya beşuşaqlı ailələrin də daxil edilməsini istəyirlər.

Adilə Gözəlova isə təkcə ailələri çoxuşaqlı modelə həvəsləndirməyi yox, həm də qocaların qayğısına qalmağı məsləhət görür. Onun dediyinə görə, qocalara yönəlik vəsaitlər artırılmalıdır: «Müəyyən tibb xərclərində qocaların payı nəzərə alınmalıdır. Nəqliyyat vasitələrinin vəziyyətini, yolları qocalara da uyğunlaşdırmaq lazımdır».

1961-ci ildə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı ailələrin sayına görə öndə gedirdi. Adilə Gözəlova deyir ki, Azərbaycanda həmişə bu tendensiya olub: «SSRİ-də ən çox doğum səviyyəsi bizdə idi. 41 faiz idi. Yəni 1000 nəfərə 41 uşaq doğulurdu. Ancaq indi təbii artım aşağı düşüb. Bu, inkişaf etmiş ölkələrdə gedən prosesdir. Hər yerdə uşaqların sayı azalıb. Buna qorxu ilə yanaşmaq lazım deyil».

Adilə Gözəlova deyir ki, hər 100 ailəyə 126 uşaq doğulursa, bu, əhali artımına xidmət edir.

Azərbaycanda istər kənd, istər şəhər yerlərində ailələr daha çox iki uşağa üstünlük verir.
Azərbaycanda istər kənd, istər şəhər yerlərində ailələr daha çox iki uşağa üstünlük verir.

KƏNDLƏR DƏ İKİ UŞAĞA KEÇİB

2009-cu il əhalinin siyahıyaalınmasına əsasən, Azərbaycanda biruşaqlı ailələrin sayı üçuşaqlı ailələrin sayından çoxdur. Ölkədə 396 min biruşaqlı ailə var, onun 226 mini şəhər, 169 mini kənd yerlərində yaşayan əhalinin payına düşür. Kənd yerlərində üçuşaqlı ailələr üstünlük təşkil edir. Onların sayı kənd yerlərində təxminən 140 min, şəhərlərdə isə 120 mindir. Statistika Azərbaycanda istər kənd, istər şəhər yerlərində ailələrin daha çox iki uşağa üstünlük verdiyini göstərir. Ölkədə 4 və daha çox usağı olan 126 min ailə var. Bunun 70 minə yaxını kəndlərdə yaşayır.

Statistikaya görə, hələ də kənd yerlərində 3, 4 və daha çox uşaq ailədə populyardır.

AİLƏLƏRİN 70 FAİZİNİ BİR- VƏ İKİUŞAQLI AİLƏLƏR TƏŞKİL EDİR

Ancaq bir və ikiuşaqlı ailələrin çəkisi 3, 4 və daha çoxuşaqlı ailələrin sayına nisbətən çoxdur. Yəni, təxminən 1 milyon 300 mindən çox ailənin 70 faizi bir- və ikiuşaqlı ailələrdir. Demoqrafiyada 2 uşaq ata-ananın əvəzçisi sayılır, 3 və daha artıq uşaq isə əhali artımına hesablanır. Statistika artıq Azərbaycanda nəinki qocalmanın başladığını, hətta əhali artımında da sürətin xeyli zəiflədiyindən xəbər verir.

Adilə Gözəlova söyləyir ki, ailələri bir uşaqla kifayətlənmədən çəkindirmək üçün dövlət tədbirlərinə ehtiyac var. Onun fikrincə, əsas problem çoxuşaqlı ailələrin yoxa çıxması yox, bir çox ailənin bir uşaqla kifayətlənməsidir: «Bu modelin getdikcə yayılmaması üçün indidən bunun qabağını almaq lazımdır. Stimullaşdırıcı tədbirlərlə, ya imtiyazlarla, ya da hansısa məhdudiyyətlərlə. Məsələn, banklar hansısa kredit növünü biruşaqlı ailələr üçün bağlı saya bilərlər».

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə bildirib ki, dövlət proqramı ilə əlaqədar olaraq hökumət təşkilatlarından 200-dək, QHT və vətəndaşlardan 500 təklif qəbul edilib. Hazırda işçi qrup bu layihələri dəyərləndirir və yaxın vaxtlarda ən aktual layihələr Nazirlər Kabinetinə təqdim olunacaq.

XS
SM
MD
LG