Evin həbsxanasının 209-cu bölməsi Kəşfiyyat Nazirliyinin nəzarətindədir. Bura İran hökumətinin başqa heç bir qurumu yaxın düşə bilmir.
Tehrandakı bu həbsxana əvvəllər ev olub. Özü də Baş nazirin evi. 1921-ci ildə Seyyid Ziyəddin Təbatəbai həmin evdə yaşayıb. Amma indi həbsxanada olanlar burda ev şəraitindən əsər-əlamət görmürlər.
Bura içəridən baxmaq imkanı olan vəkil Əbdülfətah Soltanidir. Amma o, müdafiə etdiyi şəxsə baş çəkmək üçün 209-cu bölməyə gəlməyib. Özü məhbus kimi orda 7 ay yatıb. 5 kvadratmetrlik sahədə iki ay ətraf dünyadan tam xəbərsiz həyatını o, əməkdaşımız Gülnaz İsfəndiyariyə verdiyi müsahibədə belə xatırlayır: «Ailəmlə və vəkilimlə əlaqəm biryolluq kəsilmişdi. İki ay televizor, radio, qəzet və ya kitab üzü görmədim. Quran və ola bilsin, dua kitabından başqa. Həbsxana hücrəsində ətraf aləmdən xəbərsiz qalmaq psixoloji işgəncənin ən pis növüdür. Ordakıların çoxu burda qalmağa dözməyərək istənilən şeyi boynuna götürməyə hazırdır».
Çox vaxt siyasi və ya təhlükəsizliklə bağlı tutulanlar məhkəməsiz və ittihamsız bir aya qədər 209-cu bölmədə saxlanır. Gündəlik sorğu-sualların isə sürəkli olduğu söylənir.
209-cu bölmədəki bəzi keçmiş məhbuslar, o cümlədən Soltani Evin həbsxanasının başqa məhbuslarına hardasa həsəd apardıqlarını deyirlər.
BMT İnsan Haqları Şurasına müraciət edən dörd hüquq təşkilatından biri – İran İnsan Haqları Fəallarının Avropa üzrə sözçüsü Sadiq Naqaşkar 209-cu bölməyə heç Evin həbsxanasının rəhbərliyinin də yaxın düşə bilmədiyini deyir: «Bu bölmə Evin həbsxanasının ən dəhşətli yeridir və ona Kəşfiyyat Nazirliyindən başqa heç kəs nəzarət etmir. Müstəntiqlər tutulanlara istədikləri kimi təzyiq edirlər».
Ötən il İranın millət vəkillərinin bir qrupu Evin həbsxanasına baş çəksə də, onları 209-cu bölməyə yaxın buraxmayıblar. Deputat Əkbər Aləmi bölmənin qapılarının bağlanmasının burda nələr baş verdiyi barədə şübhələri artırdığını deyib.
İranda qeyri-rəsmi həbs yerləri olması barədə ötən illər məlumatlar artıb. Bu cür həbs yerləri həbsxana hakimiyyətinin nəzarətində deyil və güman olunur ki, təhlükəsizlik qurumları onları idarə edir. Ölkənin islahatçı siyasətçiləri və insan haqları fəalları onların bağlanmasını tələb edirlər. Ötən il İnqilab Qvardiyasının nəzarətindəki 59-cu həbsxananın bağlandığı xəbər verilmişdi.
Soltani həbs yerlərinin təhlükəsizlik qurumlarının nəzarətində olmasını qanunsuz adlandırır: «Qanuna görə, Kəşfiyyat Nazirliyinin həbs yeri saxlamaq hüququ yoxdur. Onun sorğu-sual keçirmək hüququ yoxdur. O, öz istintaqını aparmalı və topladığı məlumatları polisə verməlidir. Polis isə məhkəmənin qərarı əsasında həbs keçirə bilər».
İnsan haqları təşkilatları tanınmış dissidentlərin, o cümlədən, dinin dövlətdən ayrılmasına çağıran Ayətullah Kazemeyni Borocerdinin və tələbə fəallarının burda saxlandığını deyirlər.