Amerika prezidenti Corc Buş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanalarının olmasını etiraf edib. Həmin həbsxanalarda terrorda şübhəli bilinənlər saxlanılıb və sorğu-sual edilib. Corc Buş deyib ki, terrorçuların harada gizlənməsi, onların planları barədə ən mühüm informasiya mənbəyi elə terrorçuların özləridir. Birinci dəfədir ki, Amerika hökuməti gizli həbsxanaların olmasını etiraf edir. «Human Rights Watch» təşkilatı 11 sentyabr terrorunun beşinci ildönümü ərəfəsində çıxış edən ABŞ prezidentinin dediklərini alqışlayıb.
Son bir neçə ildə MKİ-nin terrorda şübhəli bilinən onlarla adamı həbs edərək Amerikadan kənarda olan həbsxanalarda saxlaması barədə məlumat yayılıb. Bu həbsxanaların yeri isə heç vaxt məlum olmayıb və onların mövcudluğu da Buş administrasiyası tərəfindən inkar edilib.
Cənab Buşun sözlərinə görə hal-hazırda həmin gizli mərkəzlərdə saxlanan 14 məhbus Amerikanın Kubadakı Quantanamo hərbi həbsxanasına köçürülüb. Onlar hərbi məhkəmədə mühakimə olunacaqlar. Bu məhbusların arasında 11 sentyabr hadisələrində şübhəli bilinən Xalid Şeyx Məhəmməd və 2 Əl Qyidə lideri Ramzi Binalshibh və Abu Zübüydəh də var.
Bu vaxtacan gizli həbsxanaların şərqi Avropada olması barədə məlumatlar yayılsa da Corc Buş bildirib ki, o həbsxanaların yerini və istintaqın hansı yollarla aparıldığını deməyəcək. Onun sözlərinə görə istintaq sərt şəkildə aparılsa da məhbuslarla ədalətli və insani davranılır: «Mən açıq şəkildə bütün dünyaya və Amerika xalqına bildirirəm ki, Birləşmiş Ştatlar heç kəsə işgəncə vermir. Bu bizim qanunlarımıza və dəyərlərimizə ziddir. Mən buna heç vaxt icazə verməmişəm, heç vaxt da verməyəcəyəm».
Cənab Buşun çıxışından əvvəl Amerika Müdafiə Nazirliyi məhbuslarla rəftar barədə yeni göstəricilərini nəşr edib. Bu göstərişlərə görə, Cenevrə Konvensiyasına uyğun olaraq, məhbuslara işgəncə verilməsi və onlarla qeyri-insani rəftar qadağan edilir.
«Human Rights Watch» hüquq müdafiəsi təşkilatı bildirir ki, o məhbusların Amerika hərbi həbsxanasına köçürülməsi qərarını bəyənir. Təşkilatın Vaşinqton bölməsinin direktoru Tomas Malinovski deyir ki, bu qərar Birləşmiş Ştatların insan haqlarını qoruyan bir dövlət kimi nüfuzunu bərpa edəcək. Lakin Malinovski «Azadlıq» radiosuna verdiyi müsahibəsində onu da deyib ki, 5 il ərzində terrorizmdə şübhəli bilinənlərin gizli həbsxanada saxlanılması Amerikanın dünyadakı mövqeyinə xeyli xələl gətirib.