Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Sərhədsiz Reportyorlar «Azadlıq» qəzetinin bank hesabının dondurulmasını pisləyir


-
Sərhədsiz Reportyorlar təşkilatı “Azadlıq” qəzetinin bank hesabının dondurulması barədə məhkəmə qərarını kəskin pisləyir. Mərkəzi ofisi Parisdə yerləşən bu təşkilatın noyabrın 8-də yayılan bəyanatında məhkəmənin bu qərarı qəzetin boğulması istiqamətində addım adlandırılır: “Həddən artıq iri məbləğdə cərimələr və qəzetin tirajının qəsdən məhdudlaşdırılması cəhdləri redaksiyanı olduqca riskli vəziyyətə salıb. İndi isə üstəlik qəzetin bank hesabı dondurulub. Buna görə qəzetin mövcudluğu sual altına düşüb.

Azərbaycanda müxalifət qəzetlərinin əksəriyyəti bir-birinin ardınca bağlanıb. Yayım mediası hakimiyyətin total nəzarəti altındadır. “Azadlıq” qəzetinin bağlanması isə Azərbaycanda media plüralizminə öldürücü təsir göstərə bilər.”

Təşkilat qeyd edir ki, son aylar “Azadlıq” qəzeti bir neçə məhkəmə iddiaları ilə üzləşib. Son bir ildə qəzetə qarşı 10-dan çox məhkəmə iddiası qaldırılıb. İddiaçılar əsasən hökumətə yaxın adamlardır. Bu məhkəmə işləri əsasında da qəzet 65 000 manata yaxın cərimələnib.

Sonuncu dəfə isə Nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun iddiası üzrə qəzetə qarşı çıxarılmış 4 200 manatlıq cərimə cəzası icraya yönəldilib və noyabrın 5-də qəzetin bank hesabları dondurulub.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Sərhədsiz Reportyorlara bildirib ki, onlara qarşı məhkəmənin bu qərarı qanunsuzdur: “Biz hələ apelyasiya məhkəməsinə müraciət etmişik. Burada son qərar olmamış bank hesabının dondurulması qanunsuzdur. Hər halda biz qəzetin çapını davam etdiririk. Amma belə davam edərsə, biz çox uzağa gedə bilməyəcəyik.”

Qənimət Zahid Avropa qurumlarından Azərbaycanda müstəqil mediaya daha xiddi dəstək xahiş edib.
XS
SM
MD
LG