Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:54

Kaş hamımızı öldürəydilər, ancaq qadınlarımızı aparmayaydılar...


Kəramət Böyükçöl
Kəramət Böyükçöl
-

...Əvəzin Qurgenə qardaş sevgisi vardı. Bu sevgi Əvəzin bütün qohumlarına sirayət eləmişdi. Qurgenin də qohumları Əvəzgilin ailəsini az istəmirdilər. Qurgen təpənin başında durub əlləriylə başına döyürdü...


Kəramət Böyükçöl


SƏKKİZİNCİ GÜN

(Yeni romandan parça)


Altıncı gün

Şuşanın başı çox ucadı. Şuşa yuxarıdan Quşçulara baxırdı. Elə bil adamlar Şuşaya boylanıb saat öyrənirdilər, vaxtı dəqiqləşdirmək istəyirdilər.

Ancaq Şuşada vaxt işləmirdi, elə heykəl kimi donub qalmışdı. Aşağı Quşçular kəndinin üstünə döşənən dəli bir səs başqa yerə getmirdi, eləcə kəndin üstündə dayanmışdı. Güllələrin səsi idi. Adamlar evlərində yarpaq kimi əsirdilər.

Kəndin cəmi üç-dörd işığı yanırdı, o da yolda ağacların başına bağlanmış zəif elektrik lampaları.

Azərbaycanın kiçik hərbi hissələri kəndin kənarında yerləşirdi, ancaq hələlik yerlərini nişan vermək istəmirdilər; elə hərdənbir dağın başında qradın səsi gəlir və bir də göyün üzündə topun uğultusu eşidilirdi.

Get-gedə qaranlıq quduz it kimi kəndə cumurdu. Ətraf kəndlər də qara örtük kimi gecəni başına çəkib mürgüləyirdi. Hamı yatmışdı.

Əslində heç kəs yatmamışdı. Əvəz yatmış uşaqlara baxdı, kaş arvad-uşağı vaxtında çıxaraydım burdan deyə fikirləşdi. Bakıda bacısıgilə apara bilərdi. Aparmadı uşaqları, uşaqlıq elədi. Dedi, igid oğullarımız kəndimizi qoruyar. Getmək fikrindən vaz keçdi. Sərçələr ağacların başında cikkildəşirdi.

Elə bil nəsə duymuşdular, ayın yorğunluğundanmı, havadakı qoxudanmı nəsə anlamışdılar. Əvəz həyətə düşdü, ağlına gəlməzdi ki, ermənilər Quşçulara hücum eləyər. Ən azı Qurgen qoymazdı bunu.

Qurgenlə tonlarla çörək kəsib, haqq-salam var. Oğlu bilsə necə qarşılar? Əvəz Qurgenin oğlunun ad günündə bir quzu bağışlamışdı. Uşaq Əvəzə öyrəşmişdi, günlərlə, bəzən aylarla Quşçularda qalırdı.

Qurgen oğlunun baxışlarından keçib dostunun evinə necə hücum eləyə bilər? Əvəz Qurgenlə Xankəndində həkimə getdiyini həmişə xatırlayırdı. Həkim ikisinin də qan təzyiqini ölçdü. Əvəzlə Qurgenin təzyiqi eyniydi. Həkim nəbzlərini saydı.

- İkinizinki də yetmiş beşdir - həkim dedi - qonşusunuz? - həkim məətəl qalmışdı.

- Kəndimiz qonşudu - Əvəz cavab verdi - arası iki kilometrdi.

Həkim dedi, eyni hava, göy, yağış, bulud, torpaq sizi oxşar edib. Əvəzin oğlu Qurgenə dayı deyirdi, görən kimi qucağına atılırdı.

Qarşı dağdan toplar guruldamağa başladı. Qrad göyün sinəsinə bir cız çəkdi. Elə bil göy ağrıdı, qurd kimi uladı. Kənd camaatı ermənilərin niyyətini qabaqcadan bilməsəydilər yəqin ki, yağış yağacağını düşünüb ot tayalarının üstünü çadırla örtərdilər. İtlər qəfl səslərini kəsdilər. Quşlar yuvasından “pırr” eləyib uçdular. Qonşunun evi od tutub yanırdı.

Ev Əvəzin kiçik qardaşı Mirzənin idi. Mirzə kəndin kənarındaydı, özünümüdafiə qüvvələri ilə birgə qazdıqları xəndəkdə gizlənmişdi. Bir tərəfdən də qonşu arvadları başlarına döyə-döyə Əvəzgilin həyətinə doluşurdu. Əvəz qonşuların simsar yeriydi. Əvəzin erməni tərəfdən dostları çoxdu. Qurgeni burda - Quşçularda hamı yaxşı tanıyırdı. Ancaq simsarlıq burda işə yaramazdı, simsarlıq burda silahdı, gücdü.

- Qorxmayın, həmişə belə olur, bizi Moskvaya qovurlar, istəyirlər rusa baş əyək yenə - Əvəz arvad-uşağa toxdaqlıq verdi.

Gecənin qara yaylığı altında gizlənmiş kənd camaatı qəflətən qışqırmağa başladılar. Allah onlara xilas olmaq üçün səs verdi, dil verdi, ancaq fikir vermirdi. Əvəzgilin həyətinin ayağına düşən top gülləsi elə partladı ki, elə bil adamların qulaq pərdələri deşildi. İtlər ulamağa başladılar.

Yer titrəyirdi. Sanki ağaclar kökündən qopacaqdı, göylər sınıb yerə töküləcəkdi, dağlar qorxudan yıxılıb kəndə sarı sürünəcəkdi, yırğalana-yırğalana axan sular adamlara sığınmaq üçün kəndə dolacaqdı.

Sular qablara, çəlləklərə yığılacaqdı, dolçalara töküləcəkdi, nəyin bahasına olursa olsun xilas olacaqdı və doğurdan da xilas olmaq bu məqamda çox vacibdi. İnsanlar xilas olmaq üçün dağlara, çaylara, ağaclara sığınırdı. Dağlar, çaylar, ağaclar da insanlara sarı gəlirdi. Təbiət öz canının parasını axtarır və tapan kimi ona qovuşub bütövləşmək istəyirdi. Təbiət tam olmaq arzusundaydı. Uşaqları Əvəzə sığınmışdı, qonşu kişilər, qadınlar da onun yan-yörəsində.

Bilirdilər ki, Əvəz bilən adamdı. Harda bir sirr varsa Əvəz hökmən onu bilməmiş olmaz deyirdilər. Əvəzin bir ayağı həmişə erməni kəndlərində olub. Onun gəzən ayağı lap İrəvana qədər gedib çıxırdı. Həmişə ordan pal-paltar, yemək üçün yağ alıb gətirirdi. Ağdamda, Ağcəbədidə satdırardı. Kənddə o qıy da yayılmışdı ki, Əvəzin Xankəndində bir aşnası var, deyirdilər yupyumuru bir gəlindi. Lap o da dəqiqləşmişdi ki, ondan bir oğlu da var.

Guya Əvəz o qadınla Fransaya, düz Parisin özünə gedəcəkdi - bu təzə xəbərdi. Əvəzin arvadı - Ülkər bunları bilmirdi. Bu məqamda xəbər tutsaydı belə yəqin ki, çox sevinərdi. Çünki camaat belə şeyləri bildiyindən Əvəzin kölgəsində dayanmağı xilas yolu hesab eləyirdi. Ta bilmirdilər ki, atılan güllələr onun kölgəsini deşik-deşik eləyib və ordan qan əvəzinə qorxu axır. O deşilən yerdən sızan qorxu adamların bənizin ağabbaq eləmişdi. Əvəz nə qədər eləsə də o kölgəni yamamaq olmazdı.

***

Qurgen bilirdi ki, bu gecə Quşçulara hücum eləyəcəklər. Yaşadığı kənd - Noraguğ Aşağı Quşçularla qonşu. Əvəzə xəbər eləməyə cəhd eləsə də mümkün olmamışdı, nə öz tərəfinin adamları, nə də bu tərəfdəkilər onu həmişə ürək açıqlığı ilə gedib-gəldiyi kəndə buraxmadılar.

Nə qədər yalvardısa xeyri olmadı. Ürəyi qana döndü. Təpənin başına çıxıb uzaqdan yanan kəndə tamaşa elədi. Bəlkə bu alovun içində Əvəzin evi var? O evin içində Əvəzin uşaqları qışqırırlar. Qurgen dostunun harayına çata bilmirdi. Qurgenin arad-uşağı da intizar içində. Kiçik oğlu yuxu vaxtından xeyli keçsə də yata bilmirdi. Ad günündə Əvəzin ona bağışladığı quzu öz dilində nalə çəkirdi.

Quzu elə bil doğulub boya-başa çatdığı kəndin başına gələn ah-naləni unuda bilmirdi. Dərindən fikirləşsən, aydın olardı ki, bu erməni kəndində təkcə o quzu mələyirdi. Quzuyla birlikdə Qurgenin arvadı, qızları, oğlanları da için-için ağlayır, göz yaşlarını saxlaya bilmirdilər.

Elə bil heyvan dilini bilirdilər. Sonradan quzunun səsinə erməni qoyunlarının səsi də qoşuldu, qonşu həyətdəki qoyunlar da mələməyə başladılar. Səslər çoxaldı. Qoyun mələrtiləri Quşçulardakı məsum gecəni ağlayırdılar sanki. Elə bil kəndin bütün qoyunları mələyirdi. Əvvəlcə quzu tək mələyir, qurtaran kimi dalınca bütün qoyunlar ağlayıb susurdular. Bu müdhiş mahnının nəqarətini Əvəzin Qurgenin oğluna bağışladığı quzu ifadə eləyirdi.

Çox şeyləri bilirdi Qurgen. Dəfələrlə istəmişdi keçsin bu tərəfə. Ancaq bu tərəfdə onu gözü götürməyənlər vardı. Azərbaycandan Qurgenin qəlbini zorla ayırdılar, ayağından yolu zorla kəsdilər.

Səbəb bu idi ki, Qurgen Azərbaycanı niyə çox istəyir? Camaat arasında bu fikirləri yaradan Azərbaycan prezidentinin yaxın bir qohumu idi. Adını belə qoymuşdu ki, erməni bizim düşmənimizdi və guya Qurgenin Əvəzgilə tez-tez gedib-gəlməyi kəşfiyyat xarakterlidi.

Onun məqsədi var, yoxsa erməni belə mehriban olmaz. Vəziyyət belə idi. Ermənilər də Əvəzi sevmirdilər. Onlar da Əvəzi kəşfiyyatçı hesab eləyirdilər. Bunun hamısı üç-dörd adamın fitvasıydı. Hər şeyi öz ürəkləri ilə ölçürdülər, elə bilirdilər hamı onlar kimidi, xəbər aparıb-gətirəndilər.

Əvəzin Qurgenə qardaş sevgisi vardı. Bu sevgi Əvəzin bütün qohumlarına sirayət eləmişdi. Qurgenin də qohumları Əvəzgilin ailəsini az istəmirdilər. Qurgen təpənin başında durub əlləriylə başına döyürdü.

Qoyunlar mələməkdən damaq olmuşdu. Qurgenin iti Əvəzin itinin balası idi. İt də anası üçün hürürdü, hürürdü yox ağlayırdı. Erməni kəndində ağacların çoxu Tuğ kənddən gətirilmişdi. Ağaclar öz anaları üçün əsirdilər, əsirdilər yox yarpaq dəsmalları ilə havadan göz yaşlarını silirdilər. Qurgenin qohumları da təpənin başındaydı. Xeyli adamdı. Heç nə eləyə bilmədiklərinə görə peşimançılıq çəkirdilər. Nəfəslərini külək edib yanan kəndi söndürmək istəyirdilər. Qurgen Fransaya, Rusiyaya söyürdü, bunlar girdi aramıza deyirdi. Fransa top qoydu yollarımıza. Bir şeyə daha peşmandı Qurgen. Kaş bu gecə Əvəzgildə olaydı, onunla bir yerdə yanaydı, ya da dostunu götürüb xilas olaydı. Qurgen torpağı ovuclayıb havaya səpdi, torpağa diz çökdü.

- Bəlkə mən orda olsaydım, erməni əsgərlərinin bir-ikisini başa sala bilərdim, lap mənə satqın desələr də, lap güllələsələr də.

Əvəz havada işıq saçan güllələrə baxdı. Bu güllələr Qurgenin yanından gəlirdi. Evlərin dam örtükləri də şaqqıldaya-şaqqıldaya yanmaqda. Kəndin adamlarının əksəriyyəti Əvəzgilin həyətindəydi. Əvəz dedi, topa dayanmaq olmaz, üstümüzə top düşər. Elə bu zaman bir əsgər özünü tələm-tələsik adamların arasına atdı.

- Onlar postu keçdilər - dedi - qabağını ala bilmirik, hamısı rus tanklarıdı.

Əvəz üzünü camaata tutdu.

- Ay camaat, bəs neyləyək? Elə qalıb yerimizdə ölək bəlkə?

Yerdən səs gəldi.

- Yox, kəndi tərk etmək lazımdı, yanımızda arvad var, uşaq var, ərlik qızlarımız var.

Əvəz düşündü ki, düz deyir. Boş yerə qurban vermək lazım deyil. Müharibə təkcə güc yox, həm də ağıldı. Onsuz da o qansızlar heç birimizə rəhm eləməyəcəklər. Uşaqların, qadınların göz yaşları onları daha da vəhşiyə çevirəcək. Yaxşısı budur, heç olmasa uşaqların xətrinə kənddən çıxaq. Əvəz onu da fikirləşdi ki, kənddən çıxsaq, deyəcəklər kəndi nahaq boşaltdınız, getməsək də uşaqlarımızla birlikdə torpağa gömüləcəyik, qadınlarımızı da əsir aparacaqlar. Son anda qərara gəldi ki, bu kənddən bu gün çıxsaq, bir gün geri dönə bilərik, ancaq ölənləri qaytarmaq olmur, insan hər şeydən qiymətlidir.

Bəs Quşçulardan necə çıxsınlar? Gecə vaxtı Ağdama hansı yolla getmək olar? İki kənd - Aşağı Quşçu və Yuxarı Quşçu. Onların lap yaxınlığında Şuşanın ən böyük kəndi Malıbəyli yerləşir. Quşçular və Malıbəyli ilə üzbəüz Xankəndidi. Aradan çay və Şuşa-Ağdam yolu keçir. Ondan bir qədər aşağı Əsgəran rayonunun mərkəzidir. Quşçuların arxa tərəfində - Ağdamın Abdal və Gülablı kəndləri arasında Əsgəran rayonunun ermənilər yaşayan Kətik, Noraguğ və başqa kəndləri var. Əsgəranın ermənilər yaşayan Şüşükənd də Quşçulara yaxındı. Quşçulardan aşağı dərədə Pirəməki və Həsənabad adlı azərbaycanlılara məxsus məntəqələr var. Onları hələ işğaldan dörd il qabaq ermənilər Azərbaycandan alıb, yerinə də öz adamlarını köçürüblər. Əvəz iki əliylə başını tutmuşdu. Bir dəqiqənin içində yolların hamısını fikrindən keçirdi. O biri tərəfdən əsgər insanları daha da vahiməyə salırdı.

- Onlar çoxdular, vəhşi kimidilər, güllə ilə vurduqdan sonra adamın başını kəsirlər, kənddən tez çıxmaq lazımdı.

Əvəz ürəyində çək-çevir elədi. Ola bilər ki, bu agentdir. Ancaq kimin? Bizimkilərin, yoxsa ermənilərin? Bəs onu nə üçün öldürməyiblər? Bəlkə göndəriblər ki, bizi vahiməyə salsın? Bu da müharibədi, tankların, təyyarələrin ölüm saçan güllələrindən daha dəhşətli müharibə. Əvəz düşündü ki, bəlkə onun sözünə baxmayaq, çıxmayaq kənddən. Bəs sonra necə olacaq? Fikirlər Əvəzin beynində güllələr kimi ötüşürdü. Görəsən, Qurgen haradadı, baş verənlərdən xəbəri varmı? Bəlkə bir çarə qıla bilərdi? Adamlar pərən-pərən olub həyətdə qışqırırdılar. Yanan evlərin alovu hər tərəfi işıqlandırırdı. Bir azdan beş-altı əsgər də gəlib çıxdı.

- Bakıya xəbər vermişik, hələ bir şey yoxdur - əsgərlərdən biri dedi.

Digər əsgər:

- Mən Ağdama kəsə bir yol bilirəm, orayla gedə bilərik.

Ancaq necə? Adamların çoxu yaralıdır. Bəs onlar necə olsun? Qərara gəldilər ki, kənddən çıxsınlar. Əvəz dedi, bir yerdə getmək təhlükəlidir, birdən ələ keçərik. Kiçik dəstələrə bölünmək lazım. Dəstələr biri-birini nəzarətdə saxlasınlar. Yan-yana, böyür-böyürə getməliyik. Əvəz kənddə ölülərin düz otuz nəfər olduğunu dəqiqləşdirdi. Onları apara bilməzdilər. Burda qoyub getsələr, ailələri çətin ki, meyidlərdən əl çəksin. Neyləmək olardı? Ancaq başa salmaq lazımdı, biz həmişəlik getmirik, uzağı iki-üç günə öz ordumuzla kəndə qayıdacayıq.

Qurgen Quşçular kəndinin daha da alovlandığını görürdü. Elə bil ay yaddan çıxmışdı, itlər qradın səsinə hürürdülər. Qurdun, çaqqalın qoxusu yadda qalmamışdı, itlər barıt qoxusunu iyləyirdilər. Pişiklər də sıçanı yadırğamışdılar, gilizləri güdürdülər. Buludlar ətəyini yerə vura-vura əsirdi. Topların tüstüsü buludları yamsılayırdı, gedib-gedib yorulurdu, qaramtıl kölgə kimi yerə düşürdü. Kəndin itləri də ümidsiz hürürdü, səsləri bomboz. Qurgenin ürəyindən qara qanlar axırdı. Təpənin üstünə xeyli adam toplaşmışdı.
Gözləri Qurgenin ağzında idi. Görəsən nə deyəcək?

- Gəlin biz də gedək - sağ tərəfdə dayanmış saqqallı kişi dedi.

- Nəyə gedək, köməyə? - Qurgen soruşdu.

- Hə, bizimkilərə kömək edək, həm də çoxlu mal-heyvan gətirərik, azərbaycanlıların qoyunları ha kökdü. İndi qoyub qaçıblar, yaxşı yorğan-döşəkləri də var, yığıb hamısını gətirək.

Qurgen:

- Daha nə gətirək, hə?

- Arvadlarını, qızlarını gətirək.

Qurgen sağ əlinin arxasıyla onun ağzının üstünə birin çəkdi. Kişi yerə sərildi.

- Murdar! - Qurgen dedi.

- Sən şipyonsan - kişi cavab verdi - azərbaycanlıların xavar aparıb gətirənisən, mən bu məsələni yuxarılara deyəcəm, şəxsən komandirin özünə çatdıracam. Sən onlara dil vermisən, onlarla əlaqən var, onlardan pul alırsan. Orda sənin çoxlu dostların var. Sən satqınsan.

Qurgen istədi öldürsün kişini. Nədənsə fikrindən vaz keçdi. Düşündü ki, adamların çoxu dəyişib, satqınçılıqla məşğuldular. Kənddə əsas dolanışıq yeri bu cür işlərdi; istədiyi adamları ləkələmək, şər-böhtan atmaq. Çörək pulunu belə işlərdən qazanırlar. Ayrı iş yeri yoxdu. Bu da həmin bədbəxtlərdən biri. İşi-gücü Azərbaycan kəndlərinin mal-qoyununu yağmalamaq olub.

Kişinin ürəyi soyumadı.

- Bizimkilərin planlarını azərbaycanlılara sən deyirsən, postlarımızın yerini nişan verirsən.

Kişini acıqlananlar çox oldu. Hər kəs bir ucdan bəsdir, kəs səsini dedilər.

- Biz o kənddən pislik görməmişik, bulaqlarımız bir olub, ağaclarımız eyni vaxtda çiçəkləyib, eyni bulud kəndlərimizə yağıb, eyni qurd davarlarımıza təpib, eyni düşmənlər də bizi bir-birimizdən elədi - bir erməni arvadı dedi.

Qurgenin arvadı Siranuş əlavə elədi.

- Beynəlxalq təşkilatlar gələcəkdi, gəlsəydi belə olmazdı bəlkə.

Bayaqkı erməni arvadı:

- Onlar gəldi ki, belə oldu, o təşkilatlar bizim qonşuluğumuzu anlaya bilməzlər, duya bilməzlər. Mənim qızım Quşçularda gəlindi. Təşkilat bunu nə bilir? Nə başa düşür? İndi qızım necə oldu görən? Nəvələrimə əlim çatmır, səsim yetmir.

Yerbəyerdən insanlar dilləndi.

- Moskva eləyir.

- Amerika eləyir.

- Fransa var bu işin içində.

- Onları bizim kəndimizə kim gətirdi?

1993 - Azərbaycanlı məcburi köçkünlər Kəlbəcəri tərk edir.
1993 - Azərbaycanlı məcburi köçkünlər Kəlbəcəri tərk edir.

Əvəzgil kənddən çıxmışdı artıq. Bir-birlərinə toxuna-toxuna, balaca daşlara sığına-sığına üzü Ağdama tərəf irəliləyirdilər. Kənardan baxan olsaydı, onları külək yuvarlayan kətiyyənə bənzədərdi. Təkcə Ülkər kətiyənə oxşamırdı. Əlləri ilə sinəsinə basdığı çörək bağlaması onu daha da ağır eləmişdi. Bağlançağa dörd-beş çörək büküb götürmüşdü. Çörəyin qoxusu evi əvəz eleyirdi. Elə bilirdi ki, evindədi, indi süfrəyə çörək doğrayıb qoyacaq. Get-gedə insan hənrtisi torpağa çökürdü. Heç kəs başını yuxarı qaldırmırdı. Hamı qorxurdu. Əlləri bir-birinə toxunanda toxtayırdılar, əllərin istiliyi adamlara təsəlli gətirirdi.

Əvəz Ülkərə pıçıldadı:

- İtlər zəncirdə bağlı qaldı?

- Yox, açıb gəldim.

- Bəs niyə gəlmədilər?

- Küt eləyib atmışam, başları qarışsın, onlar gəlsəydi hürüb yerimizi nişan verəcəkdilər - dedi və soruşdu - görən itləri öldürəcəklər?

- Yox, öldürməzlər, onların iti bizim itin balasıdı, itlərimiz eynidi.
Lap uzaqda qalmışdı kənd. Günəş kimi yanırdı. Sağ qalan əsgərlər yol gedənləri müşaiyət edirdilər. Bir əsgər xeyli irəli gəlib gedəcəkləri yolu qabaqcadan müəyyənləşdirdi. Havada soyuqluq vardı, qar da bir yandan. Soyuq üzlərdəki qorxunu da dondurmuşdu. Elə bil bu gecədən bir avtoqraf kimi gələcəyə əmanət eləyirdi. Ola bilərdi ki, insanlar bu gecəni unutsunlar. Amma üzlərdəki qorxu tablosu get-gedə öz yerini dərinləşdirirdi. Bu lazım olacaqdı. Ən azı məhkəmələr cinayət işini üzlərdə donub qalmış qorxunu oxumaqla müəyyən edəcəkdilər. Prezident onlarla görüşəndə bu müdhiş gecədən yadigar qalmış qorxudan utanacaqdı. Ən əsası o idi ki, bu qorxu Quşçular kəndinin əbədi xəritəsi olacaqdı və adamlar nə vaxt bu kəndə qayıtsalar o kəndin pasportu kimi göstərəcəkdilər. Bu qorxunun tərcüməsi yoxdur. O bütün dillərdə oxunur, ingilis, fransız, fars, türk, rus və başqa dillərdə bu qorxu asanlıqla başa düşülür. Adamlar üzlərindəki qorxunun düşüb itməyindən ehtiyat edirdilər. Qorxurdular ki, düşüb itər və onun yerinə mənasız bir gülüş qonar. Və o gülüş də prezidentin qarşısında dişlərini ağardar. Bu qorxunu Bakıya aparacaqdılar, hamıya göstərəcəkdilər, şəkillərini çəkib Avropaya göndərəcəkdilər. Bu qorxunu onların üzünə allah yazmışdı. Allah yazan yazılar qəbir evinəcən gedir. Silinmir, itmir. Əvəz bilirdi ki, nə vaxtsa prezidentlə görüşəcək. Prezdent onu tərifləyəcək, ev də verəcək, yaxasından orden də asacaq. Ancaq heç nə onun üzündəki qorxunun şəklini silə bilməyəcəkdi.

Prezident:

- Sən vətən uğrunda böyük qəhrəmanlıq göstərmisən. Vətən sənə sağ ol deyir.
Əvəz dəqiq bilirdi ki, prezidentə həqiqəti deyə bilməyəcək. Qəlbində, içində olan sözləri açıb söyləməyə çəkinəcək. Deyə bilməyəcək ki, sən bizi niyə umud elədin? Niyə bizi tək qoydun? Kəndimizi sən yandırdın, cavanlarımızı güllənin qabağına sən verdin, gəlinlərimizi, qızlarımızı sən əsir apartdırdın. Şübhəsiz ki, Əvəz bu sözləri dilə almayacaqdı və yəqin ki, prezidentə təxminən bu cür cavab verəcəkdi.

- Cənab prezident, sizə təşəkkür edirəm, əməyimi çox yüksək qiymətləndirdiyiniz üçün sağ olun. Mən əminəm ki, bizim güclü ordumuz var və lazım gəlsə biz bu orduyla tezliklə Quşçular kəndini geri alacağıq.

Əvəz belə çıxış edəcəkdi. Orda ölənlər, odun, alovun içində od tutub diri-diri yananlar yadına düşməyəcəkdi. İnsan çox namərddir, unutqandır. Və əgər Əvəz Quşçularda şəhid olsa bu gün onun yanında sürünən Ülkərin çıxışı da eynən bu cür olacaqdı.

- Cənab prezident, mən ərimin şəhid olması ilə fəxr edirəm, lazım gəlsə onun əlindən yerə düşən avtomatı özüm götürüb Quşçular kəndini azad edərəm.

Bəlkə Ülkər çox yaxşı geyinəcək və şəhid arvadı kimi ona yardımlar göstəriləcək. Ülkər Quşçular kəndiylə bağlı bütün tədbirlərdə lap başda oturacaq, xatirələr söyləyəcək və ola bilsin ki, günlərin bir günü Quşçularla bağlı xatirə gecəsinə çağrılmayanda küsəcək, inciyəcək. İnsan belədir.

Ən yaxşısı və ən gözəli o günlər üçün bu qaranlıq gecədə allahın üzlərə yazdığı müdhiş qorxunu qoruyub gələcəyə aparmaqdı. Üz ürəkdən etibarlıdı. Ondan heç nəyi silmək mümkün deyil. Bundan sonrakı həyatında bu qorxunu heç nə ilə əvəz eləmək olmayacaq, lap tərif desən belə üzdəki qorxu şəkli bunun yalan olduğunu deyəcək. Prezident Əvəzin yaxasından orden asanda bu qorxu onu çaşdıracaq və geri çəkiləcək. Prezidentin yan-yörəsi nə qədər çalışsa belə bu qorxunu Əvəzin üzündən yuya bilməyəcək.

***

AzTV Azərbaycanı idarə eləyirdi, adamların başının altına yastıq qoyurdu, adamlar onunla yatıb, onunla dururdular. Prezident televizorda tez-tez görünməsə də onun köhnə lentlərini göstərmək kifayət idi ki, adamlar toxtaq olsunlar. AzTV ölkənin daimi prezidenti idi. Camaat ona baxmamış çörək yeyə bilmirdi. Xalq ondan ilham alırdı.

- Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar.

- Düşmən cavab atəşi ilə susdurulub.

- Bizimkilər yüz erməni məhv etdilər.

- Bizimkilər Bakıya düz bir maşın erməni qulağı gətirdilər.

Prezidentin işi-gücü yerlərdə hakimiyyətini gücləndirmək idi. Bunun üçün hər bölgədən yaltaqlar tapdırırdı. Yaltağın biri bir maşına bərabər tutulurdu. Hansı bölgənin yaltağı azdısa prezident o bölgədən küsürdü, bir az soyuq olurdu o tərəfə. Bu soyuğu qızdırmaq üçün adamlar təbii şəkildə, öz-özünə yaltağa çevrilirdilər. Prezident ən çox yaltağı Qarabağdan tapmağa ümidli idi. Qarabağdakı yaltaqlar həlledici səsə malik idilər. Gəncə, Şamaxı, Lənkəran yaltaqları az olsa da kifayət eləyirdi. Adamların əlləri əkindən-biçindən, dəzgahdan, pambıq yığmaqdan, silahdan-sursatdan ayrılıb əl çalmağı öyrənirdilər. Adamlar əllərinə heç nə götürmürdülər ki, əlləri hazır vəziyyətdə dayansın. Elə kişilər vardı ki, hər gecə ailəsi ilə birlikdə əl çalırdı. Bunu işverən qonşulara görə eləyirdi, fikirləşirdi ki, bəlkə prezidentin qohumlarına çatdırarlar, bir iş-güc sahibi olar. Balaca çağaya da əl çalmaq öyrədirdilər. Körpənin əlindən oyuncağı alırdılar ki, uşaq əl çalmağı yaxşı öyrənə bilsin.

- Mənim balam bir əl çalsın - analar körpələrinə belə deyirdilər - ay allah, bundan beş dənə ver.

O biri arvad:

- Mənim balam da bir əl çalsın görüm - sonra - ay allah, buna qurban olum, əməlli-başlı öyrənib.

Arvadın biri o biri arvada belə deyirdi.

- Ay gəlin, heç sənin körpən əl çala bilir?

- Çalır xalası, yaxşı əl çalır, atası öyrədib, atası yaxşı əl çalandı.

- Bir çal görüm, xala baxsın.

Uşaq bəzən əlinə yox, başına əl çalırdı. Tərgidə bilmirdilər. Bu pis əlamət hesab olunurdu. Qara günə işarə idi. Uşaq hərdən oyuncağını götürüb öz başına vururdu. Oyuncağı alan kimi əlləriylə başına döyəcləyirdi. Qonşu arvadları bunu görə bilərdilər. Birdən elə anlayardılar ki, uşaq müxalifətçidi, ona görə uşağı nəzarətdə saxlayırdılar. Uşağa əl çaldırıb, sonra süd, yemək verirdilər. Uşaq yemək vaxtı gələndə başlayırdı əl çalmağa. Əl çalmaq dolanışıq, ruzi-bərəkət, çörək yeriydi. Bu təcrübəni uşaqlıqdan anlamaq lazımdı. Çünki prezidentin qəti göstərişi vardı, hamı əl çalmalıdır, əl çalmayan məndən deyil. Hətta prezident sarayda çıxış eləyəndə bir gözü həmişə adamların üzündə olurdu. Hamıya fikir verirdi və bir gün ona da fikir verdi ki, zalda bir nəfər onun çıxışına əl çalmır.

Prezident:

- Üçüncü cərgə sağ tərəfdən dördüncü adamı aydınlaşdırın.

Bu işlə məşğul olan şəxslər heç bir saat keçmədi ki, məsələnin aydınlaşdırdılar.

- Cənab prezident, biz o işlə məşğul olduq, məlum oldu ki, o adamın qolları yoxdur.

Bu əl çalmalar hələ Bakıdan gəlib Quşçulara çıxmamışdı. Ancaq burda da əl çalmaq vardı. Bir uşaq o biri uşağı yıxanda əl çalırdılar. Xoruz toyuğu, pişik pişiyi, cöngə inəyi, yabı madyanı basanda əl çalırdılar. Fərq bircə orasında idi ki, Quşçulardakı bu əl çalmalar hələ siyasiləşməmişdi. Bakıda isə mərdin yaltağa çevrilmək məqamıydı. Şırtıq səsləri şəhəri başına götürmüşdü; ağacın meyvəsinə əl çalırdılar, doğulan körpəyə əl çalırdılar, ölənnən-gedənin dalınca əl çalırdılar, kim vəzifəyə gəlirdi əl çalırdılar, kim vəzifədən gedirdi əl çalırdılar, tutulana da əl çalırdılar, türmədən çıxana da.

Get-gedə Quşçular kəndi uzaqda qalırdı. Adamlar kol-kosun arxasında gizlənə-gizlənə hara getdiklərini unudurdular. Hara getsələr belə istəyirdilər ki, ayaqlarının altında torpaq olsun, ağaclar onlara tanış gəlsin və başlarının üstündəki buludlar arasında kədərli-kədərli yer kürəsini süzən ay dayansın və əlləri tutduqları əldən ayrılmasın. Qarşıdan atəş səsləri eşidilirdi, təpənin arxasından atırdılar. Düz getmək olmazdı. Əvəz yavaşca sağ tərəfə döndü, əyilə-əyilə hərəkət elədi. Əvəzin qaraltısını görən adamlar da onun kimi hopbana-hopbana o istiqamətə hərəkət eləməyə başladılar. Hamı başını itirmişdi. Kənddən çıxdıqlarına görə aralarında peşman olanlar da vardı. Döndükləri tərəfdən də güllələr açılırdı. Əvəz aşağı əyilib torpağı qucaqladı. Bir az öncə yağışda islanmış torpağın qoxusu ona xoş gəldi. Ülkərin arxada yerə sindiyini ayaqları ilə hiss eləyirdi. Qolları ilə qonşularını yanında duyurdu. Qabaqdakı atıcıların erməni olduqlarını görürdü. Bura Hadrutun erməniləri gələ bilərdi.

- Yüz faiz onlardı - Əvəz tanıdı.

Qurgenin o kənddə qohumları çoxdu. Bəlkə qardaşları onların içindədi? Ancaq tanışlıq versə belə xeyri yoxdu. Bəlkə Qurgenin üzü dönüb? O, daha Qurgen deyil, başqa bir adamdı. Qurgen keçmişdə qaldı. Əvəz irəlilədicə arxa tərəfdəki dəstələrdə iniltilər eşidirdi. Bəzən qara kölgələr hərəkətsiz dayanırdılar və həmin kölgələrdən xırda kölgələr ayrılıb arxada qaralırdılar. Hərəkət etmirdilər. Onlar keçmişdə və ya on dəqiqə əvvəldə qaldılar. Bəzən o qaraltıları güllələr yerində oynadırdı. Güllələnən adamlar yenə səslərini çıxarmırdılar. Bəlkə səslərini çıxarmamaqla yanındakıları xilas etmək üçün sonuncu sədaqətlərini ifadə edirdilər. Analar qucağındakı körpələri bərk-bərk tutmuşdular, buraxmaq istəmirdilər. Sinələrinin altında gizlətmişdilər. Dəstələrin kənar tərəfində kişilər idi. Cavan oğlanlar dəstəni əhatəyə almışdılar. Əvəz sağ tərəfdən yenə sola döndü. Üzü kəndə - Quşçulara tərəf gedirdi. Bəlkə kəndə qayıtsınlar? Mümkün deyildi. Kəndin yerində bir tonqal heykəli ucalmışdı. Elə bil hər şey göyə qalxırdı və elə bil Əvəz alovun qarşısında səcdə edirdi, alova baş əyirdi, alova ibadət eləyirdi. O alovun içində hər şey vardı; məscid də, kitabxana da, məktəb də, insan da. Kənddən çıxa bilməyən nə vardısa hamısı o alovun içindəydi. Bütün qaraltılar kənd tərəfə baxıb ağlayırdılar. Başlarına yağan güllələr nəzərləri hərdən alovdan ayırırdı. Qarşıda ayaq üstə adamlar görünürdü. Deyəsən, müasirəyə düşmüşdülər. Əvəz yerində o qədər fırlnadı ki, elə bil torpağın üstünə “o” hərfi yazdı. Bu dairənin ətrafında qəh-qəh çəkərək onlara tərəf irəliləyən silahlı erməni əsgərləri vardı.

Əvəz pıçıltı ilə:

- Vay, deyəsən, tutulduq - dedi.

Yanındakı qonşusu:

- Kaş hamımızı öldürəydilər, ancaq qadınlarımızı aparmayaydılar.

Əvəz yanındakı dairədə fırlanırdı, çevrə qapanmışdı. Bir çıxış yolu qalmamışdı. Elə bil sindikləri bu küdrü Titanik gəmisi idi, hər tərəf isə quduzlaşmış okean suları. Yeganə quru yer isə üstünə uzandıqları torpaq. Bir çıxış yolu da vardı ki, kim istəsə özünü bu torpaqdan ata bilərdi. Əvəzə elə gəldi ki, altındakı kiçik torpaq parçası suyun üzərində yırğalanır. Aşa da bilərdi bu torpaq, ağzı üstə çevrilə də. Bəlkə də uzaqdakı gəmilər qəzaya uğramış bu torpaq parçasına tamaşa eləyirdi. Həzin, kədərli bir təbəssümlə vidalaşırdılar. Şuşa, Ağdam, Ağdərə kənardan bu gəmiyə baxıb köks ötürürdü. Bu bir parça torpaqda ağzı üstə uzanmış adamlar bilirdilər ki, heç bir çıxış yolu qalmayıb. Bəziləri rahatca yuvarlanıb özlərini suların qoynuna ata bilərdilər. Bu torpaq gəmiylə birlikdə batmaq ölümlərin ən gözəli. Əvəz yerə çəkdiyi dairənin içində hərlənirdi. Artıq atəş açan adamlar onlara çatmaqda idi. Əks tərəfdən də atəş səsləri gəlirdi. Əvəzin dalağı sancdı. Quşçular tərəfdən gələn adamlar onlara atəş açmırdılar. Əks tərəfdəkilər isə bir dəqiqə belə dayanmırdı. Artıq adımların bəzilərində səs yox idi. Deyəsən, yatmışdılar. Qaraltıların bəzilərində uşaq səsləri gəlirdi. Qəribədir, böyüklər yatsalar da hələ uşaqlar yatmamışdılar.
XS
SM
MD
LG