Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:27

Böyükçölün yeni romanında müsbət erməni obrazları da var


Kəramət Böyükçöl
Kəramət Böyükçöl
Gənc yazar Kəramət Böyükçöl “Səkkizinci gün” adlanan yeni roman yazıb.

Bu onun debüt romanı olan “Çöl”dən sonra yazdığı ikinci irihəcmli əsəridir.

O, yeni romanla bağlı “Oxu zalı”na bunları deyib:

- Romanın mövzusu iki-üç milyon illik insan tarixini əhatə etməyə çalışır. Ermənilərin Şuşanın Quşçular kəndinə hücumundan başlanan insan tarixi ibtidai icma quruluşuna qədər gedib çıxır.

Quşçulardan olan Əvəz və Ülkər qonşu erməni kəndi Noraguğdan Qurgen və Siranuşla yaxın dostdular. Lakin ermənilər Quşçulara hücum edir və kənd yandırılır. Adamlar kənddən çıxıb Ağdam tərəfə üz tuturlar. Bu zaman Qurgen və Siranuş evlərindən çıxıb Əvəzgilə köməyə gedirlər. Dostlarını xilas edirlər. Ancaq yaxınlığa düşən mərmi onları uzağa atır. Hadisə nəticəsində dərin bir quyuya düşürlər.

Əslində bu tarixin, zamanın quyusudur və adları çəkilməsə də insanların yaşam tərzindən tarixin bütün ictimai-siyasi formasiyaları gəlib keçir. Qurgen, Siranuş, Ülkər və Əvəz Xəzər dənizi sahilində üst-başlarını çırpa-çırpa ayağa qalxırlar. İçləri hələ formalaşmayıb, nə nifrətləri var, nə sevgiləri. Onlar ayrı bir dünyaya düşüblər. İndi onların milləti də yoxdur. Sadəcə insandılar.

Bu dörd nəfərin yaşı iki milyon ildən yuxarıdır. Həmin adları da yoxdur, başqadır. Dünyada başlayan hər bir hadisə onlar üçün ilkdir. İlk yalan, ilk sevgi, ilk ayrılıq, ilk dava, ilk xəyanət, ilk ölüm və s. Hər şey onlar üçün təzədən başlayır. Onlar tarixin içindən keçib gəlirlər. Əsərdə tarixlə dialoqa girilir. Bütün bu yaşananlar həmin insanların düşdüyü quyudan çıxmaq cəhdidir. Tarix bu dörd nəfər insanın timsalında bədii boyalarla əks olunub. Və onlar düşdükləri quyudan çıxanda itmiş yaddaşları özünə qayıdır.

- Demək, əsərdə ermənilərin də müsbət obrazları var?

- Var. Ancaq erməni-azərbaycanlı məsələsi yoxdur. Çünki millət anlayışı itib. Çünki millətçilik qurtaran yerdə insan başlayır. Əsərdə əsas rolu insan oynayır. Əsərin mərkəzində insan dayanır. İnsan hər şeydən qiymətlidir. Burda insan danışdırılır. Bu insanın dərdi nədir? Bu insan nə düşünür? Onun fikri, düşüncəsi nədir? Quşçular kəndi yananda bir erməni kişi uzaqdan baxıb nə düşünür? Bir erməni qızı nə fikirləşir? Və s.

- Roman niyə “Səkkizinci gün” adlanır?

- Posmodernist əsərdir. Bu ad mistik xarakter daşıyır. Yeddi rəqəmi müqəddəsdir. Allah dünyanı altı günə yaradıb və yeddinci gün istirahət edib. Əsərdə isə “səkkizinci gün” başlayır. Ancaq burda göstərilmir səkkizinci gündə nə baş verəcək. Sadəcə, bu günün başlanması haqqında məlumat verilib. Əsər yad planetlərin yer kürəsi uğrunda apardığı mübarizə ilə qurtarır. Bax bu, səkkizinci gün deməkdir. Ona görə ki, yer kürəsi öz qədrini bilmədi. Artıq göylər yerə sahib çıxır.

- Bəs əsərin müasirliyi, bu günlə bağlılığı nədədir?

- Əsərdə obrazlar tarixin içindən keçib gəlsə də burada baş verən hadisələr tamamilə bu günlə əlaqələndirilir və bu günün problemlərinin nədən başlandığını təyin edir. Bu, əslində yaddaşdır və bura insan təfəkkürünün formalaşdığı quyudur. Yəni yaddaşın quyusudur. Günahlarımızın hardan başladığını göstərilir...

Yeni roman payızda çap olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG