Azərbaycan xəbərləri
Gənc fəal Etibar Salmanlının evinə polis gəlib
Etibar Salmanlı hesab edir ki, polisin onu axtarmasına səbəb martın 6-da şəhərin mərkəzi küçələrində «11 mart –Böyük Xalq Günü» adlı «Facebook» kampaniyasına qoşulmaq üçün vərəqələr yayması və bloqqer kimi fəallığıdır. O, güman edir ki, evlərinə gələnlər Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarıdır.
Etibar Salmanlı bildirir ki, polisə yalnız rəsmi çağırış gəldiyi təqdirdə gedəcək.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, Suraxanı rayon Polis İdarəsinin heç bir əməkdaşı Salmanlının yaşadığı ünvana getməyib:
«Görünür, bu gənc də son günlər vüsət alan polisə «qarayaxma» kampaniyasında adını hallandırmaqla ictimai diqqət cəlb etmək istəyir. Amma uğursuz cəhddir».
Bütün xəbərləri izləyin
Baş redaktorun həbs müddəti artırıldı
Fevralın 9-da "Hürriyyət" qəzetinin və HürriyyətTV-nin baş redaktoru Vüqar Məmmədovun məhkəməsi olub.
Hüriyyət.org-un məlumata görə, baş redaktorun həbs müddəti 3 ay 13 gün uzadılıb.
Hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan baş redaktor ittihamı qəbul etmir.
20 noyabr
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb
Noyabrın 20-də Səbail rayon Məhkəməsində "Hürriyyət TV"nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətinə görə, ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb. Hakim Ülviyyə Şükürova vəsatəti təmin etməyib.
Müdafiə tərəfinin fikrincə, məhkəmə zamanı V.Məmmədovun ürək ağrılarının güclənməsi, təzyiqinin düşməsi səbəbindən davamlı qaytarması bir daha sübut edir ki, onun sağlıq durumunda ciddi problem var.
31 oktyabr
'Hürriyyət'in baş redaktoru Vüqar Məmmədov həbs edilib
Oktyabrın 31-də "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) hakim önünə çıxarılıb. Bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə V.Məmmədov 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.
Vurğulandığına görə, o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
"Hürriyyət" Səbail rayon Məhkəməsinin bu qərarını sifarişli və tamamilə əsassız hesab edir.
30 oktyabr
'Hürriyyət TV'nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb
"Hürriyyət TV" internet televiziyasının, eyniadlı qəzetin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) saxlanılıb.
AzadlıqRadiosunun məlumatına görə, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları bu media orqanlarının yerləşdiyi redaksiyada əməliyyat keçirib. Redaksiyada axtarış aparılıb, kompüterlər, sənədlər götürülüb.
"Vüqar Məmmədovla yanaşı, başqa əməkdaşlar da saxlanılaraq DTX-ya aparılıb. Lakin onlar sonradan buraxılıb", – AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.
V.Məmmədovun saxlandığını onun yaxınları da AzadlıqRadiosuna təsdiqləyib. Əlavə ediblər ki, redaksiyadan sonra evdə də axtarış aparılıb.
"Hürriyyət"in redaksiyasında əməliyyat keçirilməsi, baş redaktorunun saxlanması barədə məlumatlara DTX-dan şərh almaq mümkün olmayıb.
V.Məmmədov 2023-cü ilin iyununda "Hürriyyət TV"nin efirində qadağan edilmiş məlumatın yayılmasında günahlandırılaraq 1 ay həbs olunmuşdu.
V.Məmmədov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun, hazırda xaricdə yaşayan hüquqşünas Qurban Məmmədovun bacısı oğludur.
Q.Məmmədov barəsində Baş Prokurorluqda araşdırma gedir. O, bəzi digər mühacirlər kimi, dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanır.
Xaricdə yaşayan bəzi bloqerlər barədə bu və digər ittihamlarla qiyabi həbs qərarı çıxarılıb. Onlar ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.
Tahir Budaqov 47 günün başçısını əvəz edəcək
Bu gün, fevralın 9-da Tahir Budaqov Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsindən azad edilib. O, prezidentin başqa bir sərəncamı ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
T.Budaqov 2015-ci ildən DSK-ya rəhbərlik edirdi. O, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəridir.
Həmin vəzifədən öncə isə o, Bakının qonşu Nizami rayonuna rəhbərlik edib.
DSK-nın açıqladığı rəqəmlərə, bir qayda olaraq, müstəqil ekspertlər şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanda DSK SSRİ dönəmində olduğu kimi fəaliyyət göstərir, rəqəmləri hökumətin maraqlarına uyğunlaşdırır. Həmin ekspertlər, üstəlik, hesab edirlər ki, bu hal Budaqovdan öncə də elə belə olub.
Amma DSK-da belə tənqidləri əsassız sayırlar.
Xatırlatma
Ötən il dekabrın 29-da prezident Elxan İbrahimovu Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etmişdi. O, həmin vəzifəyə noyabrın 12-də təyin edilmişdi.
Həmin vaxt E.İbrahimovun cəmi 47 günün tamamında vəzifəsini itirməsi yerli mediada ona qarşı tənqid və iddiaların yönəlməsinə səbəb olmuşdu. Amma onun özü bu məsələyə münasibət bildirməmişdi.
Naxçıvana yeni baş naziri təyin olunub
Prezident İlham Əliyevin təqdimatı əsasında Naxçıvan Ali Məclisinin qərarı ilə Cabbar Musayev muxtar respublikanın yeni baş naziri təyin olunub. C.Musayev indiyədək Naxçıvan şəhər İcra başçısı vəzifəsində çalışıb.
C.Musayevdən öncə baş nazir Ceyhun Cəlilov idi. Ötən il noyabrın 12-də C.Cəlilov prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndəsi təyin edilib. 2022-ci ildən yaradılan bu vəzifəni ona qədər Fuad Nəcəfli tuturdu. Prezident onun fəaliyyətindən narazılığını dilə gətirmişdi.
Xatırlatma
1995-ci ildən Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun dörd il öncə, 2022-ci ildə istefaya göndərilməsi muxtar respublikada dəyişikliklərə səbəb olub. Həmin il dekabrın 22-də prezident Əliyev ora öz səlahiyyətli nümayəndəsini göndərdi. Daha sonra muxtar respublikada bir çox vəzifəli şəxslər mənimsəmə və başqa ittihamla istintaqa cəlb edildilər.
Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə, Ermənistan və İran İslam Respublikası ilə qonşudur.
AAYDA sədri dəyişdi
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı prezident İlham Əliyev bu gün, fevralın 6-da sərəncam imzalayıb.
Onun başqa bir sərəncamı ilə Vüsal Nəsirli həmin qurumun sədri təyin edilib. O, bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.
Son illər bu nazirlikdən əlilliyin təyinatı ilə bağlı çoxsaylı şikayətlər olub. Bir sıra müharibə veteranları şikayətləniblər ki, "Qarabağ döyüşlərində müxtəlif xəsarət alsalar da, əlillik statusu ala bilmirlər". Nazirlik şikayətlərin bir çoxunu əsassız sayıb.
1978-ci ildə doğulan V.Nəsirli 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə isə həmin nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Saleh Məmmədov...
S.Məmmədov AAYDA sədri vəzifəsini 2017-ci ildən tuturdu. O, bu müddət ərazində ayrı-ayrı məsələlərlə bağlı bəzən həm bir sıra ekspertlərin və həm də dövlət başçısının özünün tənqidləri ilə üzləşib.
Azərbaycanda yol tikintisi və təmiri ilə bağlı daim şikayətlər eşidilib. Habelə, bu sahədə korrupsiya hallarına yol verilməsi ilə bağlı iddialar səslənib. Amma cavabdeh şəxslər və hüquq-mühafizə orqanları belə iddiaları, əsasən, doğru saymayıblar.
Üstəlik, bəzi ekspertlər də hesab edirlər ki, Azərbaycanda bir sahədə dönüş yaratmaq və pozuntu hallarını aradan qaldırmaq hansısa kadrlardan tam olaraq asılı deyil. Onların fikrincə, uğur bütünlükdə ölkə miqyasında islahatlardan asılıdır. İslahatlar məsələsi isə Azərbaycanda illərdir mübahisə mövzusuna çevrilib.
Bakıda müəllim güllə yarası alıb
Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında bir müəllimənin odlu silahla vurulduğu bildirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 10-cu sinif şagirdi saxlanılıb.
Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək müəlliməyə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
Məsələyə saxlanan şagirdin yaxınları və zərərçəkən tərəfdən münasibət almaq mümkün olmayıb.
Şahidlərin "Report"a verdiyi məlumata görə, hadisə tənəffüs zamanı baş verib. Bildirilir ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.
Müəllim əməliyyat olunub
"İdrak" liseyindən Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya olunan 1997-ci il təvəllüdlü qadın üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.
"Trend"in xəbərinə görə, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
"Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - qurumun rəsmisi əlavə edib.
Hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb.
Bundan əvvəl Azərbaycanda müəllimlərin şəxsi zəmində odlu silahdan öldürülməsi halı baş verib. Amma yaxın tarixdə hansısa şagirdin məktəbə gələrək odlu silahdan müəlliminə xəsarət yetirməsi kimi insident xatırlanmır.
Bununla belə, son illər Azərbaycanda yeniyetmələr arasında cinayətlərin artması ilə bağlı açıqlamalar var. Rəsmi məlumatlara görə, 2024-2025-ci tədris ilində məktəblilər tərəfindən və ya məktəblilərə qarşı 40-dan çox cinayət hadisəsi qeydə alınıb.
Kürdəmirdə ictimai fəalın 30 sutka həbs edildiyi bildirilir
Fevralın 3-də Kürdəmir rayon Məhkəməsinin qərarı ilə ictimai fəal Mövsüm Məmmədovun 30 sutka həbs edildiyi bildirilir.
Əlavə edilir ki, M.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (informasiyanın istifadə edilməsi, yayılması və mühafizəsi) maddəsi ilə ittiham olunur.
Bu barədə onun yaxınları məlumat verib. Onların bildirməsinə görə, M.Məmmədov fevralın 2-də sosial şəbəkədə polisə aparılması ilə bağlı status paylaşıb: "Daha sonra onun polisə getməsi ilə bağlı olan və başqa tənqidi statusları silinib".
Bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
M.Məmmədov sosial şəbəkələrdə mövcud hakimiyyəti kəskin tənqid etməsi, Kürdəmir rayonunun problemləri ilə bağlı yazıları ilə tanınırdı.
Bundan əvvəl də Azərbaycanda sosial şəbəkələrdə tənqidi statuslarına görə fəalların polisə aparılması, orada haqlarında protokol tutularaq məhkəmələrə göndərilmələri və sutkalıq həbs olumalarına dair çoxsaylı şikayətlər səslənib. Amma rəsmilər, bir qayda olaraq, iddia edirlər ki, ölkədə heç kim fikir və tənqidi mövqeyinə görə təqib olunmur.
Orxan Baxışlı 30 sutka həbs edilib
AXCP Gənclər Komitəsinin fəalı Orxan Baxışlı bu gün, fevralın 3-də Xətai rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
Ona İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.
AXCP-nin bir üzvünün saxlandığı, daha birinin isə yerinin bilinmədiyi deyilir
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir üzvünün saxlandığı, başqa birinin isə yerinin bilinmədiyi deyilir.
Bu barədə AXCP-dən məlumat veriblər.
Partiyadan bildirildiyinə görə, Quba rayon şöbəsinin fəalı Elmar Fərzəliyevi dünən, fevralın 2-də polis saxlayıb. "Elmar Fərzəliyevin narkotiklə şərlənməsi haqqında xəbər var", - partiyadan qeyd edilib.
Məlumatı Daxili İşlər Nazirliyi və başqa cavabdeh rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Partiyadan əlavə edildiyinə görə, fevralın 2-də səhər bir tanışı ilə görüşmək məqsədilə evdən çıxan Gənclər Komitəsi fəalı, keçmiş məhbus Orxan Baxışlıdan isə bir gündür heç bir xəbər almaq mümkün olmayıb. "Ailəsi müvafiq qurumlara müraciət etsə də, hələ heç bir cavab ala bilməyiblər…", - partiyadan vurğulanıb.
Bu məlumata da rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.
O.Baxışlı bundan əvvəl də həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilib. O, 2018-ci ilin mayında həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. O.Baxışlı onda 6 il azadlıqdan məhrum edilmişdi. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə qədər azaltdı.
O.Baxışlı 2021-ci ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. O, onda ittihamı qəbul etməmişdi və bunu siyasi saymışdı.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın bir neçə üzvü sutkalıq, 20-dən çox fəalı isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
'Tərtər işi'ndə adı hallanan Şəfahət İmranov prokuror oldu
Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr verib.
Baş Prokurorun digər əmri ilə hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.
"Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanuna uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib", məlumatda əlavə edilib.
Ş.İmranovun adı bundan əvvəl "Tərtər işi" ilə bağlı bir çox hallarda çəkilib. Məhkəmənin gedişində zərərçəkənlərlə yanaşı, təqsirləndirilən şəxslər və onların vəkilləri də bir sıra yüksəkvəzifəli şəxslərin çağırılıb şahid qismində dindirilməsindən ötrü dəfələrlə vəsatət qaldırmışdılar. Onların arasında həmin dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıxovun, korpus komandiri Hikmət Həsənovun, hərbi prokuror Xanlar Vəliyevin, onun müavini Şəfahət İmranovun, Hərbi Prokurorluğun müstəntiqlərinin və başqa şəxslərin adları olsa da, məhkəmə bunların heç birini çağırmayıb.
Onların bəziləri də mediaya açıqlamalarında bu məsələlərlə bağlı günahlandırılmalarını qəbul etməyiblər.
2025-ci il aprelin 8-də X.Vəliyevin səlahiyyət müddəti başa çatıb. Prezidentin təqdimatına əsasən, Milli Məclisin qərarı ilə o, Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Xatırlatma
2017-ci ildə Azərbaycanda yüzlərcə hərbi qulluqçu dövlətə xəyanət işi üzrə istintaqa cəlb edilib, onların bir çoxu müxtəlif cəzalar alıb. İstintaqın gedişində bəzi hərbi qulluqçuların da işgəncə nəticəsində həlak olduğu bildirilir. 2021-ci ilin dekabrında şərti olaraq "Tərtər işi" adlanan işin istintaqı yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.
İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrupda 13 nəfərin işi əlavə məhkəməyə göndərilib. Onlara da müxtəlif cəzalar kəsilib. Onlar, əsasən, ittihamları qəbul etməyiblər.
Üstəlik, işgəncə nəticəsində öldüyü deyilən hərbi qulluqçuların yaxınları da indi iddia edirlər ki, əsl günahkarlar məsuliyyətdən qıraqda qalıb.
Bakıda ət bahalaşıb
Azərbaycanda dana əti bahalaşmaqda davam edir. Ölkə vətəndaşlarının AzadlıqRadiosuna bildirməsinə görə, dana ətinin qiymətində son bahalaşma xüsusilə paytaxt Bakıda özünü daha aydın göstərir. Onların deməsinə görə, əgər Bakıda ötən ilin sonunda bir kiloqram sümüklü ət əsasən 16 manat 50 qəpiyə satılırdısa, indi bu, 17 manat 50 qəpiyə - 18 manata yüksəlib.
Rayonlarda da dana ətinin qiymətində bahalaşma olduğu qeyd edilir. Amma paytaxt Bakı ilə müqayisədə bunun cüzi olduğu bildirilir.
Ət satışı yerlərində bunu ölkədə iribuynuzlu mal-qaranın azalması ilə izah edirlər. Adlarının çəkilməsini istəməyən fermerlər isə paralel olaraq mal-qara yeminin bahalaşmasını və müxtəlif xəstəlikləri də səbəb göstərirlər.
Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma ekspertlər Azərbaycanda ətin bahalaşmasının artıq tendensiya halını aldığını deyirlər və bunu, əsasən, ölkədə son 10 ildə pambıqçılığın inkişafı adı altında örüş yerlərinin azaldılması ilə izah edirlər.
Dövlət Statistika Komitəsinin (DSK) hesabatına görə, quş əti də daxil, ölkədə ət istehsalı sabit qalıb. Qurumun açıqlamasına görə, son üç ildə ölkədə iribuynuzlu mal-qaranın sayı 220 min azalıb, ötən il 2 milyon 435 min baş təşkil edib.
AXCP üzvünün 30 sutka həbs edildiyi deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Anar Ərkivan 30 sutka inzibati qaydada həbs edilib. Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Açıqlamaya görə, A.Ərkivanı yanvarın 30-da saat 12:00 radələrində Bakı şəhərində kirayədə yaşadığı evdən çıxarkən beş-altı nəfər mülkigeyimli şəxs saxlayaraq 13-cü polis bölməsinə aparıblar: "Daha sonra Sabunçu rayon Məhkəməsi onu İnzibatı Xətalar Məcəlləsinin 535.1 (Polis əməkdaşının qanuni tələbinə tabe olmama), 510 (Xırda xuliqanlıq) maddələri ilə ittiham edərək 30 sutka həbs edib".
AXCP bu ittihamları saxta hesab edir, A.Ərkivanın şərlənərək həbs olunduğunu bildirir.
Bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvləri oxşar ittihamlarla vaxtaşırı inzibati qaydada həbs edilir. Partiyanın hazırda da 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Azərbaycanın qızıl alış-verişi
Ötən il Azərbaycan 326.2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 54 faiz və ya 114.4 milyon ABŞ dolları çoxdur.
İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub.
Son bir ildə qızılın 64 faizdən çox bahalaşması Azərbaycanın da bu qiymətli metala marağını artırıb. 2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının möhkəmləndirilməsi məqsədilə 6 milyard 259.7 milyon ABŞ dolları dəyərində qızıl idxal etdiyi bildirilir.
İstehsalda da artım var
Azərbaycanda ötən il qızıl istehsalı 11.3 faiz artaraq 2 min 965.1 kiloqram təşkil edib.
Bu ilin əvvəlində də qızıl bahalaşmaqda davam edib. Ekspertlər bunu dünyada qeyri-sabitliyin artması ilə izah edirlər.
Amma son bir gündə əmtəə bazarlarında qızılın qiyməti nisbətən ucuzlaşıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə (31.1 qram) fevral füçerslərinin qiyməti 2.29 faiz azalaraq 5 min 231 ABŞ dollarına bərabər olub.
Valyuta ehtiyatları və əhalinin güzəranı...
Bu ilin əvvəlində Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156.4 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkənin valyuta ehtiyatları 14 milyard 165.5 milyon ABŞ dolları və yaxud 20 faiz artıb.
Amma ölkənin imkanları ilə vətəndaşların şəxsi imkanları arasında ziddiyyətlərin olması ilə bağlı tez-tez cəmiyyətdə mübahisələr olur .Bu müzakirələrdə xüsusi olaraq vurğulanır ki, Azərbaycanda əhalinin əmək haqları qonşu ölkələrlə müqayisədə azdır.
Həbsdə olan jurnalist Şəmşad Ağanın anasının dəfnində iştirakına razılıq verilib
Bakı Ağır Cinayətlər Məhkəməsi "MeydanTV işi" üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) anası Zərifə Ağayevanın dəfnində iştirak etməsinə icazə verib.
77 yaşlı Z.Ağayevanın xəstə olduğu bildirilirdi.
Məhkəmənin qərarında vurğulanır ki, icazə yanvarın 29-dan hesablanmaqla üç günlük verilib.
Ötən il oktyabrın 12-də Ş.Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin həbsdən qardaşı qızının yas yerinə buraxılması ilə bağlı vəsatətini Xətai rayon Məhkəməsi təmin etməmişdi.
Ş.Ağa 2025-ci il fevralın 5-də MeydanTV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
2025-ci il avqustun 28-də "MeydanTV işi" üzrə ittihamlar ağırlaşdırılıb və bu iş üzrə həbs olunanlara qarşı daha yeddi maddə əlavə olunub.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 340 siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Ceyhun Bayramov Çində həmkarı ilə görüşüb
Bu gün, yanvarın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Van İ ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə ikitərəfli, çoxtərəfli münasibətlərin cari vəziyyəti, inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər: "Nazirlər... əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar".
"Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib.", - Azərbaycan XİN bildirir.
C.Bayramov Çinə yanvarın 27-də gedib.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib. Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.
Üstəlik, onlar hesab edirlər ki, Çinlə yaxınlaşma ABŞ ilə əməkdaşlığa xələl gətirə bilər.
82 milyon manatlıq əmlaka həbs qoyulub
İbtidai istintaqı yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib. Onun 32 milyon 635 min manatının ödənilməsinə nail olunub, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.
Bu barədə baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 2025-ci ilin yekunları ilə bağlı Baş Prokurorluğun geniş kollegiya iclasında bildirilib.
"Bundan başqa, icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manatın ödənilməsi təmin edilib", - məlumatda vurğulanır.
22 yanvar
Əməliyyat müşavirəsi
2025-ci ildə zərərin ödənilməsi məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlaka həbs qoyulub.
Bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Vurğulanıb ki, hesabat dövründə baş idarə 174 şəxs barəsində 104 cinayət işini baxılması üçün məhkəmələrə göndərib: "İstintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub".
Xatırlatma
Azərbaycanda bir çox müxalifət partiyaları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətindən heç də razı deyillər. Onların fikrincə, idarə ciddi və köklü korrupsiya hallarının üzərinə gedə bilmir, ya xırda, ya da gözdən düşən məmurlar məsuliyyətə cəlb edilirlər. Bunu onlar bundan ötrü ölkədə siyasi iradənin olmaması ilə izah edirlər. Hərçənd rəsmilər bunun əksini söyləyirlər.
Üstəlik, korrupsiyaya yol verdiyi bildirilən bəzi məmurların "maddi ziyanın ödənilməsi" nəticəsində uzunmüddətli həbslərdən kənarda qalması halları da cəmiyyətdə əlavə mübahisələrə səbəb olur.
Gömrük büdcə proqnozunu yerinə yetirməyib
2025-ci ildə gömrük xətti ilə büdcə daxilolmaları 6 milyard 369.9 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Hesabatda vurğulanır ki, Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar əvvəlki il ilə müqayisədə 4.2 faiz və ya 278.8 milyon manat azalıb.
Ötən il DGK xətti ilə dövlət büdcəsinə 6.6 milyard manat köçürülməsi proqnozlaşdırılırdı.
Beləliklə, DGK 2025-ci ildə büdcə üzrə proqnozunu yerinə yetirə bilməyib.
Buna DGK rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Amma ümumilikdə 2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39 milyard 131.1 milyon manat təşkil etməklə əvvəlki ilə nisbətən 5.3 faiz və ya 1 milyard 969.3 milyon manat çox icra olunub.