Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 12:21

Bakının ilk tramvayı...


Bu rubrikada çap edilən yazılar sadəcə Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindəki həyatı əks etdirir və ya kimisə ittiham və ya təqdir etmək məqsədi daşımır.

Bakı tramvay işçilərinə yoldaşlıq salamları!

Tramvayın beş illiyi

1924-cü il 8 fevral Bakı şəhərinin tarixində unudulmayacaq bir gündür. Bu gün elektrik tramvayının yeni və zinətli vaqonları ilk dəfə olaraq hərəkətə buraxılmış və minik daşımağa başlamışdır.

O zamandan beş il keçmiş, biz indi, tamamilə qanuni olaraq bu yubileyi qeyd ediriz. Bərpa işlərinə yeni başladığımız bir dövrdə, bir neçə firqəçi yoldaşlar tərəfindən elektrik tramvayı çəkmək kimi cürətli və vaxtına görə çətin olan bir fikir doğdu. Pul yox, material və ləvazimatı toplamaq imkanı böyük şübhə altında idi. Lakin Vareyqis, Paruşin, Novikof, Krılof yoldaşların təşəbbüsü ilə komisyon düzəlmiş və imtiyaz əsasları üzrə olsa da tramvay çəkilməsi imkanını həll etmək bu komisyona tapşırmışdı. 1922-ci il dekabrın 22-də Vareyqisin Moskvaya getməsi sahəsində işə başlamaq üçün pul tapıldı.

“Sərf olunan qeyrətlər fəxr olacaq nəticələr vermişdir”

Yanvarın 16-sı unudulmaz bir gündür, çünki bu gün tramvay vaqonu ilk dəfə olaraq parkdan vağzal küçəsinə qədər gəldi. 18-də gecə şəhəri dolandı. İstər tramvay çəkməyə başlanan dövrdə, istərsə tramvaydan istifadə başlanan dövrdə bu işlərdə bütün əməkdaşlar kollektivi iştirak etmişdir. İndi işlər daha da tərəqqi edir, möhkəmlənir. Sərf olunan qeyrətlər tramvayı və Sabunçu yolu çəkmək uğrunda çalışan əməkdaşlara fəxr olacaq nəticələr vermişdir. Bu böyük müvəffəqiyyətdir. Qoy yeni beş ildə Bakı Şurasının bu qiymətli müəssisəsi daha da mükəmməlləşsin, tərəqqi etsin. Qoy tramvay çəkmək uğrundakı ibtidai işlərin bütün ağırlıqlarını omuzlarında daşıyan köhnə əməkdaşlar, başladıqları işi daha da yaxşılaşdırsınlar, daha da tərəqqi etdirsinlər! Qoy yeni əməkdaşlar bu işi öyrənsinlər, əlbirliyi ilə çalışaraq başladılan işi davam etdirsinlər!

Yeni Bakı - Şura Bakısı uzun-uzadıya fikirləşmədən işə başladı və başladığı işi tezliklə qurtardı. İndi biz, şəhərin hər bir tərəfindən gedən Bakı tramvayının yubileyini qeyd ediriz!
XS
SM
MD
LG