Keçid linkləri

Təcili xəbərlər
2022, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:46

Azərbaycan xəbərləri

Britaniyanın Yorq Hersoqu, Şahzadə Endryu Bakıdadır

Prezident İlham Əliyev noyabrın 26-da Bakıda səfərdə olan Böyük Britaniyanın Yorq Hersoqu, Şahzadə Endryunu qəbul edib. Səfər haqqında ətraflı məlumat yoxdur. Azərtac agentliyində yayılan rəsmi xəbərdə onun prezidentlə görüşündə ölkələr arasında münasibətlərin müzakirə edildiyi bildirilir.

Bütün xəbərləri izləyin

2023-cü ilin dövlət büdcəsi qəbul edilib

Dövlət dotasiyaları, investisiyaları ayrılan, amma yenə də zərərlə işləyən dövlət qurumları
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda da qəbul edilib.

Layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri isə 33 milyard 353 milyon 278 min manat nəzərdə tutulur. 2023-cü ildə dövlət büdcəsinin gəlirləri bu illə müqayisədə 5.3 faiz, xərcləri isə 3 faiz daha çox proqnozlaşdırılır.

Bu ilin sənədində (dəyişiklikdən sonra) neftin bir bareli 85 ABŞ dolları götürülmüşdü. Gələn il üçün isə həmin rəqəm 50 dollar müəyyən edilib.

Hazırda Azərbaycan neftinin bir bareli 80 dollar civarında satılır.

Yaşayış minimumu…

Gələn il yaşayış minimumunun məbləği də sənəddə öz əksini tapıb. Qəbul edilən layihəyə görə, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246, əməkqabiliyyətli əhali üçün 261, pensiyaçılardan ötrü 199, uşaqlara isə 220 manat müəyyən edilib. Bu il bu göstərici ölkə üzrə 210, əməkqabiliyyətli əhaliyə 220, pensiyaçılara 176, uşaqlar üçün isə 193 manat idi.

Ceyhun Bayramov Karen Donfridlə danışıb

Dekabrın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti, perspektivləri, habelə ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb:

“Nazir Ceyhun Bayramov sülh müqaviləsi üzrə aparılan danışıqların cari vəziyyəti, kommunikasiyaların açılması və delimitasiya məsələləri üzrə səylər barədə məlumat verib.”

Ermənistanda pensiyaçı: 'Pulumuz ancaq ucuz yağa, makarona çatır'
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bildirildiyinə görə, Karen Donfrid ABŞ-ın bölgədə sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından Brüsseldə Avropa İttifaqının vasitəsi ilə sülh danışıqları aparılır. ABŞ-da bu prosesi dəstəkləyir.

Amma dekabrın 7-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü gözlənsə də bu baş tutmayıb.

Azərbaycan prezidenti bunu Ermənistan liderinin görüşə Fransa prezidentinin qatılmasını şərt kimi irəli sürməsi ilə izah edib. Azərbaycan rəsmiləri Fransanı bu münaqişədə bitərəf saymır.

Hərçənd, Fransa rəsmiləri iki ölkə arasında prosesin sülh yolu ilə çözülməsində maraqlı olduqlarını dəfələrlə bildiriblər.

Üstəlik, Rusiya da istər bir müddət əvvəl 3 ölkə liderlərinin (Putun, Əliyev,Paşinyan) Soçi görüşü, istərsə də birbaşa təmaslara əlavə olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda öz xətti ilə iştirak edir.

Hər iki prosesin tərkib hissəsi olaraq tərəflərin sərhədlərin məyyən edilməsi ilə bağlı komissiyaları yaradılıb.

Komissiyalar artıq bu vaxta qədər bir neçə dəfə bir araya gəliblər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

ABŞ-da ikinci Demokratiya Sammitinə hazırlıq gedir

ABŞ-da Demokratiya Sammiti. 9 dekabr 2021

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ikinci Demokratiya Sammitinə hazırlıq gedir.

Dekabrın 7-də Milli Təhlükəsizlik Şurasında insan haqları üzrə baş direktor Rob Berşinski (Rob Berschinski) jurnalistlərə deyib ki, ABŞ tərəfdaşlarını demokratiyanın təşviqində və korrupsiyaya ilə mübarizədə daha fəal olmağa çağırır. "Bu, həm dəvət etdiklərimiz, həm də dəvət etmədiklərimiz üçün keçərlidir", - Berşinski "Turan"ın müxbirinin Azərbaycan və Türkiyənin sammitə dəvət edilib-edilməməsi barədə sualına cavabında deyib.

"Biz açıq şəkildə bildirdik ki, dialoqa girmək istəyirik və nəticədə məqsədimiz siyasi iradənin olduğu təqdirdə hamını cəlb etməkdir", - Berşinski vurğulayıb.

İkinci sammit martın 29-30-na planlaşdırılıb. Ağ Ev martın 29-da dünya liderlərini virtual plenar iclas formatında bir araya gətirməyi planlaşdırır.

Xatırlatma

Ötən il dekabrın 9-u və 10-da ABŞ Demokratiya Sammiti keçirmişdi. Həmin sammitə dünyanın bir çox liderləri çağırılsa da, Rusiya, Türkiyə, Azərbaycan və bəzi ölkə başçıları dəvət almamışdılar. Bu, Azərbaycan hakimiyyətinin tənqidlərinə səbəb olmuşdu. Prezident İlham Əliyev bu il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bu məsələyə toxunaraq xüsusilə Azərbaycandan fərqli olaraq Ermənistanın dəvət almasına iradını bildirmişdi: "Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib? Yəni bu, açıq ayrıseçkilikdir".

Amma həmin vaxt müxalifətdə olan Milli Şuranın rəhbərliyi Azərbaycanda insan hüquqların daha çox pozulduğunu söyləyərək vurğulamışdı ki, "Demokratiya Sammitinə dəvət edilməməsinin səbəblərini İlham Əliyevin siyasətində axtarmaq lazımdır".

Azərbaycan, Ermənistan və Rusiya prokurorları görüşüb

Baş prokurorların görüşü. Moskva. 8 dekabr 2022

Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin, Azərbaycan və Ermənistanın baş prokurorlarının dekabrın 8-də Moskvada üçtərəfli görüşü keçirilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, görüşdə Azərbaycan Baş prokuroru Kamran Əliyev ölkəsinin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

Azərbaycanın bir sıra dövlət qurumları da Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq istədiklərini bildiriblər. Hazırda bununla bağlı Rusiya sülhməramlıları kontingentinin rəhbərliyi ilə danışıqlar gedir. Məsələyə, hələlik, başqa maraqlı tərəflərin münasibəti isə bəlli deyil.

Ermənistan Baş prokuroru Anna Vardapetyan, öz növbəsində, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın hərbi əsirlərlə bağlı humanitar tələblərinin yerinə yetirilməsinə çağırıb.

10 noyabr razılaşmasından sonra hərbi əsir mövzusu Azərbaycan və Ermənistan arasında mübahisələrə səbəb olub. Azərbaycan həmin bəyanatın qəbulundan sonra onun ərazisində saxlanan Ermənistan hərbi qulluqçularını hərbi əsir saymır. Onlar Azərbaycanda mühakimə ediliblər. Lakin sonradan onların bir qismi işğaldan azad edilən rayonlarla bağlı mina xəritələri əvəzində və müxtəlif danışıqların gedişində ölkələrinə qaytarılıb. Ermənistan isə onları da hərbi əsir sayır və bütün tutulan hərbçilərin buraxılmasını istəyir.

Rusiya Baş prokuroru İqor Krasnov isə deyib ki, tədbir hər üç ölkə başçısının qəbul etdiyi bəyanatlar əsasında keçirilir: "Sözsüz ki, lokal münaqişələr yalnız geosiyasi vəziyyətə destruktiv təsir etmir, həm də cinayətkarlıq, terrorçuluq, ekstremizm ideyalarının və düşmənçiliyinin yayılmasına münbit şərait yaradır".

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 2021-ci ildə tərəflər arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat da imzalanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Xaçmaz ərazisində suiti cəsədləri aşkarlanıb

Xəzər dənizinin Xaçmaz rayonu ərazisində 17 suiti cəsədi aşkar olunub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə, Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar bu dənizin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları genişmiqyaslı monitorinqlər keçirib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub:

"Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək".

Dağıstanda…

Dekabrın 3-də Xəzər dənizinin Dağıstan sahilində əvvəlcə azı 700 suiti cəsədi tapılıb.

Bu barədə Dağıstanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi məlumat yayıb.

Bu məlumatın yayılmasından az sonra Xəzərin Mühafizəsi Mərkəzinin baş direktoru Zaur Qapızov ölü suitilərin sayının 1700-ə çatdığını bildirib.

“Tapdığımız suitilərin görünüşünə görə, onlar təxminən iki həftə əvvəl ölüblər. Zorakı ölüm əlamətləri, balıq torlarının qalıqları tapılmayıb. Çox güman ki, ölü suitilərin sayı daha çoxdur”, - RİA Novosti dövlət agentliyi Mərkəz direktorundan sitat gətirib.

Dağıstanda bu belə birinci hal deyil. 2020-ci ilin dekabrında Mahaçqala və Kaspiysk arasında 300-dən çox, 2021-ci ilin mayında isə daha 170 suiti cəsədi tapılmışdı.

2017-ci ildə Dağıstan hakimiyyət nümayəndələrinin verdiyi açıqlamalara görə, Xəzər dənizinin sahillərində və sularında neft hasilatının artması nəticəsində suitilərin bir çox ənənəvi yaşayış yerləri yox olub və ya güclü şəkildə çirklənib.

Ekoloqların hesablamalarına görə, əvvəllər Xəzər dənizində 1 milyona yaxın suiti yaşayırdısa, indi bu say 75 minə yaxınlaşıb.

Hərəkat üzvündən xəbər yoxdur

Polis

Dekabrın 6-da "Müsəlman Birliyi" Hərəkatının üzvü Tofiq Hüseynovun saxlanıldığı bildirilir.

Həmin təşkilatdan AzadlıqRadiosuna bildirilib ki, T.Hüseynovu Bakıda avtobus dayanacağında mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.

T.Hüseynovun atası Mircəlal Hüseynov da AzadlıqRadiosuna deyib ki, oğlunun saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidmətinə məlumat verib: "Bu gün, dekabrın 7-də məsələ ilə bağlı Xəzər rayonu 3-cü polis bölməsinə dəvət edildim və oğlumun itkin düşməsi ilə bağlı izahat yazdım. Mənə dedilər ki, gün ərzində cavab verəcəklər, amma, hələlik, heç bir məlumat yoxdur".

Azərbaycanın hüquq-mühafizə orqanlarından isə bu deyilənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Hərəkatın iki üzvünün də narkotikdə günahlandırıldığı bildirilir

“Müsəlman Birliyi” Hərəkatının dekabrın 1-də və 2-də saxlandığı bildirilən üzvləri Nicat ƏliyevSamir Babayevin həbs edildiyi deyilir.

Nicat Əliyevin 4, Samir Babayevin isə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onların yaxınları məlumat verib.

Yaxınlarının vurğulamasına görə, hərəkat üzvləri narkotiklərin satışında ittiham olunurlar.

Lakin onlara qarşı hansı maddə ilə cinayət işinin qaldırıldığı və işin başqa detalları haqqında heç bir məlumatlarının olmadığını söyləyirlər.

Məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Bundan öncə, noyabrın 23-də saxlanan “Müsəlman Birliyi” Hərəkatının digər üzvü Şahin Qədirovun Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edildiyi, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi də açıqlanmışdı.

Hərəkat hesab edir ki, qısa müddətdə üç üzvünün həbs olunması özbaşınalıq və qanunsuzluqdur.

Bu açıqlamaya da rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri, bir qayda olaraq, əsassız sayırlar.

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Xatırlatma

"Müsəlman Birliyi" Hərəkatının bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər.

Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər.

Lakin heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb.

'Aztelekom' antiinhisar qanununu pozurmu?

İnternet üçün dağa çıxan məktəblilər...
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" (Baktelecom) MMC-nin antiinhisar qanunvericiliyini pozub-pozmadığını araşdırıb.

Xidmətin saytında yayılan məlumata görə, sözügedən qurumlarda xidmət tariflərində müşahidə olunan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb: "Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub. Özəl internet provayderləri tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər".

Açıqlamaya görə, araşdırmalar nəticəsində sözügedən qurumlar barəsində bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırılıb.

Rəsmi açıqlamaya, hələlik, "Aztelekom" və "Baktelecom" MMC-lərdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda internetin qiymətləri bu ilin avqustunda dəyişdirilib.

"Bakı Telefon Rabitəsi" MMC-dən bildirilmişdi ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq 4 mbit/s, 10 mbit/s tarifləri ləğv edilir. Əvəzində onların istifadəçiləri müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Nəticədə isə qiymətlər 10 manatdan 15, 12.5 manatdan isə 18 manata çatdırıldı.

Moskvada Üçtərəfli İşçi Qrupun iclası keçirilib

(Soldan sağa)Mqer Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayev

Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib.

Rusiya Nazirlər Kabinetindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bu ölkənin baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Baş nazirin müavini Mger Qriqoryan iştirak edib.

Ermənistanda pensiyaçı: 'Pulumuz ancaq ucuz yağa, makarona çatır'
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Məlumata görə, görüş zamanı Azərbaycan, Ermənistan, Rusiya arasında və regionda dəmir yolunun inşası, bu nəqliyyatının inkişafı məsələləri müzakirə olunub.

“Tərəflər Azərbaycan, Ermənistan, Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər.” - deyə məlumatda qeyd olunub.

Ermənistan peşəkar ordu yaradır, əsgərlərə ayda 1000 dollar və ev vəd edir
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda nəqliyyat əlaqələrinin bərpası gündəmə gəlib.

Həmin müharibədə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il isə tərəflər arasında bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası vacibliyi ilə bağlı daha iki ayrıca bəyanat imzalanıb

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında illərlə çəkən döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

DSX Akademiyasında yanğın…

İllüstrativ foto

Dekabrın 6-da saat 16:40 radələrində Bakıda Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın başlayıb

Dekabrın 6-da saat 16:40 radələrində Bakıda Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın başlayıb.

DSX-nin saytında yer alan məlumata görə, əraziyə yanğınsöndürənlər cəlb edilib. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də hadisə yerinə gəlib.

Əraziyə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları da cəlb edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan" Agentliyinə verilən xəbərə görə, hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

Fövqəladə Hallar Nazirliyi isə saat təqribən 18 radələrində bildirib ki, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Dövlət Sərhəd Xidmətinin açıqlamasına görə, yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.

'Tərtər işi' ilə bağlı 19 nəfər azadlığa buraxılıb

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Baş Prokurorluq "Tərtər işi" ilə bağlı dekabrın 6-da yeni məlumat yayıb. Məlumatda vurğulanır ki, yeni açılmış hallarla bağlı Ali Məhkəmənin bu yaxınlarda yenidən baxdığı, əvvəlki qərarların ləğv edilərək müvafiq məhkəmələrə göndərilən 19 şəxslə bağlı işlər prokurora qaytarılıb. Açıqlamaya görə, onların dövlətə xəyanət ittihamı üzrə təqsirləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib: "Barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar".

Eyni zamanda, istintaqla mərhum Mehman Hüseynov və Elxan Ağazadəyə təqsirləri sübuta yetirilmədiyindən bəraət verilib. İstintaqın davam edir.

Hələlik, bu açıqlamaya maraqlı tərəflərin münasibəti bəlli deyil.

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Saxlanan hərbi qulluqçuların yaxınlarının vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər. Amma bu rəsmən təsdiqlənməyib) beşinə sonradan (istintaq yenilənənə qədər) bəraət verilmişdi.

İstintaq yenilənəndən sonra

"Tərtər işi" üzrə illərdir davam edən etirazlardan sonra 2021-ci ilin dekabrında istintaq yenilənib. Hərbçilərə işgəncə verməkdə suçlanan 12 nəfər həbs edilib, bir nəfər axtarışa verilib. Dörd nəfər isə buna qədər də işgəncə ittihamı ilə həbsdə idi, cəza almışdı. Onlara yeni epizodlar üzrə ittiham elan olunub. Həmin şəxslərin ittihamlara münasibəti bəlli deyil.

İstintaq təzələnəndən sonra zərərçəkmişlərin sayı da artıb. Tərtər hadisələrində işgəncəyə məruz qaldığını deyən, lakin əvvəlki dövrdə şikayətçi olmayan, yaxud da şikayətçi olsa da, zərərçəkmiş qismində tanınmayan şəxslər də istintaqa cəlb edilib. Beləliklə, zərərçəkmiş statusunda tanınanların sayı 400-ü keçib.

Ceyhun Bayramov Sergey Lavrova narahatlığını çatdırıb

Ceyhun Bayramov (solda) və Sergey Lavrov

Nazirliyin saytında yer alan məlumata görə, Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli və geniş nümayəndə heyəti ilə birgə görüş keçirib

Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 5-də xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri ilə bağlı məlumat yayıb.

Nazirliyin saytında yer alan məlumata görə, Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli və geniş nümayəndə heyəti ilə birgə görüş keçirib.

Bildirildiyinə görə, görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər məsələlər müzakirə edilib. Habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri də nəzərdən keçirilib.

Məlumatda həmçinin qeyd edildiyinə görə, Ceyhun Bayramov Ermənistanın qüvvələrini tam şəkildə Azərbaycan ərazilərindən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb:

“Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.”

Geniştərkibli görüşdən sonra, Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.

Planın detalları, hələlik, açıqlanmır.

Ermənistan rəsmiləri...

Bayramovun səsləndirdiyi fikirlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın “müdafiə ordusu”na köməyə getmişdi:

“Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmaqda davam edəcək”.

Ermənistan rəsmiləri indi isə Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik erməni “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə dəxli olmadığını vurğulayırlar.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il isə tərəflər arasında bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası vacibliyi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu gözlənir

S.Lavrov və C.Bayramov

Azərbaycan tərəfi sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Ermənistan tərəfinə təqdim edib. Bunu dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

C.Bayramov qeyd edib ki, bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür.

Azərbaycan xarici işlər naziri bu ilin martında da Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim edildiyini açıqlamışdı. Onlar dövlətlərin bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub. Ermənistan isə Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi. Tərəflərin ilboyu təmasları da davam edib. Amma danışıqların elementləri açıqlanmayıb.

Paşinyandan Azərbaycana sülh təklifi
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından Brüsseldə Avropa İttifaqının vasitəsi ilə sülh danışıqları aparılır. ABŞ-da bu prosesi dəstəkləyir. Amma Rusiya da istər bir müddət əvvəl üç ölkə liderlərinin Soçi görüşü, istərsə də birbaşa təmaslara əlavə olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda öz xətti ilə iştirak edir.

Hər iki prosesin tərkib hissəsi olaraq tərəflərin sərhədlərin müəyyən edilməsi ilə bağlı komissiyaları yaradılıb. Komissiyalar artıq bu vaxta qədər bir neçə dəfə bir araya gəliblər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ermənistan daha 10 azərbaycanlının nəşinin qalıqlarını təhvil verib

Erməni hərbçi Azərbaycanın nəzarətindəki meşədə gizlənir: 'Məni xilas edin!'
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Dekabrın 1-də Ermənistan Azərbaycana 1-ci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərin nəşinin qalıqlarını və 2 xəritə təhvil verib. Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlərin göstərildiyi bildirilir. Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

Bu xəbərlə bağlı Azərbaycan tərəfdən rəsmi açıqlama verilməyib.

MTX-nın məlumatına görə, 2020-ci il noyabrın 9-dan, 2-ci Qarabağ müharibəsi əməliyyatları dayandırılandan sonra Ermənistan Azərbaycana 1-ci Qarabağ müharibəsinin 140 qurbanının nəşinin qalıqlarını və 5 xəritə verib.

Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə şiddətli döyüşlərdə itki verib.

Azərbaycan-Türkiyə hərbi təlimi keçirilir

Təlim

Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) dekabrın 5-də məlumat yayıb.

Məlumata görə, müxtəlif qoşun növlərinin şəxsi heyəti, xüsusi təyinatlı mühəndis-istehkam texnikası, hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Təlimin neçə gün davam edəcəyi açıqlanmayıb.

Bu təlimin Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirildiyi bildirilir.

Yenə İranla sərhədə yaxın təlim

Bundan bir müddət öncə də Azərbaycanın xüsusi təyinatlıları ölkənin cənubunda, İranla sərhədə yaxın təlim keçmişdilər.

Prezident İ.Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bu məsələyə toxunmuşdu.

"Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm…Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi", - o vurğulamışdı.

Prezident əlavə etmişdi ki, istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab veriləcək: "Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək".

Oktyabrın 17-də İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlimə başlamışdılar. Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər. Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirmişdi.

Azərbaycanin sonuncu Türkiyə ilə birgə təliminə isə, hələlik, İranın rəsmi qurumlarının münasibəti bəlli deyil.

Taleh Bağırov başqa həbsxanaya köçürülməsini istəyir

T.Bağırov

"Müsəlman Birliyi" Hərəkatının (MBH) sədri Taleh Bağırovun həkimlərin köməyindən, telefon zənglərindən və vəkillərin ona müraciətindən imtina etdiyi bildirilir. O, başqa cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir.

Bu barədə dekabrın 3-də 12 saylı Cəzaçəkmə Müəssisəsində Taleh Bağırova baş çəkən vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna danışıb.

Vəkil MBH sədri T.Bağırovun aclıq aksiyasını davam etdirdiyini bildirdiyini söyləyir. Onun aclıq aksiyasına başladığı haqqında məlumat noyabrın 27-də yayılmışdı, amma bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən təsdiq etməmişdilər. Üstəlik, xidmətdən ona təzyiqlərin olması ilə bağlı deyilənləri də əsassız saymışdılar.

Vəkilin sözlərinə görə, T.Bağırov isə ona deyib ki, 2014-cü ildə həmin müəssisədə cəza çəkəndə rəis müavini ona problemlər yaradıb, onu "vətən xaini" adlandırıb: "İndi də Qobustan həbsxanasından ora qaytarılandan sonra təhqir edildiyini bildirir. Ona görə də Taleh Bağırov başqa müəssisəyə köçürülməsini tələb edir".

Hələlik, bu açıqlamaya adı çəkilən qurumlardan və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

T.Bağırov bugünlərdə 7 illik həbsdən sonra qapalı həbsxanadan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Taleh Bağırovun aclığa başladığı deyilir

"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun "zülmə son" tələbi ilə aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə noyabrın 27-də hərəkatın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, T.Bağırov məhkəmə qərarına əsasən, 7 illik həbsdən sonra qapalı həbsxanadan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb və orada təhqirlərə məruz qalıb: "O, zəng vurub bildirib ki, ayın 26-da 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Özünün bildirdiyinə görə, ora gəldiyi andan təzyiqlərlə üzləşib".

Məlumata görə, cəzaçəkmə müəssisəsində T.Bağırova deyilib ki, o, orada az qalacaq və onu yenidən qapalı həbsxanaya qaytaracaqlar: "Kobud rəftara etiraz olaraq o, aclığa başlayıb".

Penitensiar Xidmət təkzib edir

Bu deyilənlər ilə bağlı Penitensiar Xidmətdən isə "Turan"a bildirilib ki, T.Bağırova qarşı hər hansı mənəvi, fiziki təzyiq yoxdur: "Taleh Bağırov aclıq etmir".

"Müsəlman Birliyi" Hərəkatının T.Bağırov daxil, bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla, altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər. Lakin onlar heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb. T.Bağırov özü 19 il həbs cəzası alıb.

Bu, onun birinci həbsi deyil. Ümumilikdə üç dəfə həbsdə olan T.Bağırov bundan əvvəl 2013-cü ilin martından 2015-ci ilin iyulun sonuna qədər həbs həyatı yaşamışdı. Onda T.Bağırov narkotikdə ittiham edilmişdi. O, onda da ittihamı qurama sayırdı.

Kəlbəcər yolunda azərbaycanlılarla ermənilər arasında dava olduğu bildirilir

Azərbaycan-Ermənistan sərhəddi, arxiv foto

Bazar günü, dekabrın 4-də Rusiya sülməramlılarının müşayəti ilə Suqovşandan Kəlbəcər istiqamətinə yük aparan azərbaycanlılarla bölgədəki erməni gənclər arasında dava düşdüyü bildirlir.

Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

Məlumatda qeyd olunur ki, yük maşınlarından ibarət karvan texniki səbəbdən Kəlbəcər rayonunun Qozlukörpü (Hetavan) kəndində dayanıb.

İddia olunur ki, bu zaman karvandakı minik avtomobilində olan 4 mülki geyimli avtomobildən düşərək oradakı erməni gənclərə qarşı kobud və təxribat xarakterli davranışlar göstərməyə başlayıblar.

Radionun məlumatında o da qeyd olunur ki, hadisə iştirakçıları arasında yüngül xəsarət alanlar olub. Bundan başqa, xəbərdə o da vurğulanır ki, dava zamanı mülki azərbaycanlılara məxsus avtomobil də zədələnib.

Hələ ki, bu məlumata Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət almaq mümkün olmayıb.

Bir gün əvvəl

Dekabrın 3-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat nazirliyinin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocalıda olublar.

Nazirliyin yaydığı məlumata görə, məqsəd Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərindəki faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda monitorinq aparmaq olub.

Nazirlik nümayəndələri bölgədə olduğu zaman Xankəndi-Görus ("Laçın dəhlizi") yolunun bir müddət bağlandığı bildirilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan İrana nota verib

İran, Tehran, 31 mart 2020

“Azərbaycan ərazilərinə hər hansı bir xarici səfər Azərbaycanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən bildirib.
Nazirliyin saytında yayılan məlumata görə, ona “ son günlər 14 İran vətəndaşının sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb, bu məsələyə münasibətiniz” sualı ilə müraciət edilib.

A.Hacızadə deyib ki, “məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib”

Onun vurğulamasına görə, hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.
Hələlik, bu açıqlamaya İranin Azərbaycandakı Səfirliyindin münasibət almaq mümkün olmayıb.

Azərbaycan İran munasibətlərində gərginlik

Son aylar Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdə idi.
Ötən ay noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.Bununla bağlı 5 Azərbaycan vətəndaşının həbs edildiyi bildirilirdi. Noyabrın 11-də də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı.Məlumata görə, görüşdə, son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılmışdı.

Ondan da bir neçə gün öncə eyni qaydada Azərbaycanın İrandakı səfirinin də həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq oxşar narazılıqla üzləşdiyi açıqlanmışdı.

Azərbaycan DTX-sı isə ötən ayın əvvəlində də bildirmişdi ki,İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub.

Ondan da bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır: "Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır".

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Qeyd edilən bu açıqlamalara adı çəkilən ölkələrin rəsmi qurum və başqa maraqlı tərəflərdən birbaşa münasibət bildirməmişdi.

Oktyabrın 17-də isə İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlimə başlamışdılar.Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər.Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirmişdi.

Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda təlim keçiriblər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Laçın dəhlizinin bağlanıb, açıldığı bildirilir-Ekologiya nazirliyinin əməkdaşları Xocalıda olub

Gorus -Xankəndi yolu, ("Laçın dəhlizi") 3 dekabr 2022-ci il

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində “monitorinq aparılması üçün” görülən tədbirlərlə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, onların, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

Açıqlamaya görə, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda, müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Bildirildiyinə görə, 18.00 radələrində onlar Şuşa şəhərinə qayıdıblar:

“Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb”

***

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində “faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi”nin aparılması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə mütəxəssislərinin göndərilməsi barədə müraciət edib.

Əlavə edilir ki, dekabrın 3-də, saat 11.00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar:

“Hazırda… faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsinin şərtləri sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.”

Gorüs-Xankəndi yolu bağlanıb?

AzadlıqRadiosunun erməni xidməti isə Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədəki separatçı quruma istinadla Gorus-Xankəndi yolunun Şuşa-Xankəndi arasındakı hissəsinin bağlandığını yazır.

Radionun yazdığına görə, ərazidə olan Şuşanik Hayryan adlı şəxs “Azatutyun”a bildirib ki, hazırda həmin ərazidə 100-ə yaxın maşın dayanıb.

"Azatutyun" yazdığına görə, davam edən 3 saatlıq danışıqlardan sonra yol açılıb.

Hələki bu məlumata Azərbaycan rəsmilərinin hər hansı münasibəti açıqlanmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hərəkatın iki üzvünün saxlandığı deyilir

Polis

"Müsəlman Birliyi" Hərəkatının iki üzvünün saxlanıldığı bildirilir.

Hərəkatdan AzadlıqRadiosuna verilən məlumata görə, dekabrın 1-də təşkilatın üzvü Nicat Əliyevi günorta saatlarında mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.

Qurumdan əlavə edildiyinə görə, başqa bir üzvləri Samir Babayevi isə bu gün, dekabrın 2-də səhər saatlarında Maştağa qəsəbəsində yaşadığı evinin yanında mülki geyimli şəxslər saxlayıblar.

Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

Hərəkat üzvü narkotikdə günahlandırılır

"Müsəlman Birliyi" Hərəkatının üzvü Şahin Qədirovdan yeni xəbər var. Ailə üzvlərinin dediyinə görə, noyabrın 23-də evə qayıdarkən mülki geyimli şəxslərin saxladığı Qədirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tutulub.

Bildirilir ki, Ş.Qədirova qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama,… satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

"Müsəlman Birliyi" Hərəkatından isə bildirilib ki, Ş.Qədirovun həbsi hərəkata qarşı təxribat və təzyiqdir.

Bu deyilənlərlə bağlı, hələlik, Daxili İşlər Nazirliyi və Nərimanov rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri, bir qayda olaraq, əsassız sayırlar.

'Müsəlman Birliyi' Hərəkatı üzvünün saxlandığı deyilir

"Müsəlman Birliyi" Hərəkatının üzvü Şahin Qədirovun saxlanıldığı bildirilir.

Təşkilatdan verilən məlumata görə, onu mülki geyimli şəxslər noyabrın 23-ü axşam saatlarında fəhlə işlədiyi obyektdən çıxarıb zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıblar: "Ailəsi bu barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat versə də, hələlik, onun taleyi barədə məlumat ala bilmirlər".

Bu deyilənlərlə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.

"Müsəlman Birliyi" Hərəkatının bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər. Lakin heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb.

Neftçalada balıqçıların etiraz aksiyası keçirdiyi bildirilir

Azərbaycanda balıq bahalaşa bilər: Süni göllər qurudulur
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Dekabrın 1-də Neftçala rayonunda Kür çayının sahilindəki yaşayış məntəqələri sakinlərinin etiraz aksiyası keçirdikləri bildirilir.

Sakinlərin “Turan” agentliyinə bildirməsinə görə, onlar Xəzər dənizinin suyunun Kürə axmasının qarşısının alınması üçün həmin çayda bəndin tikintisinin əleyhinədirlər.

Sakinlər habelə iddia edirlər ki, bu bənd dəniz balıqlarının Kürdə kürü tökməsinə mane olacaq və bu da balıqçılığa ziyan vuracaq.

İrandan Ermənistana qaçan qadınlar danışdı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Yerli əhalinin vurğulamasına görə, Mayak kəndində keçirilən aksiyanı polis müşahidə edib, vətəndaşlara hər hansı zorakılıq tətbiq edilməyib.

Sakinlərin sözlərinə görə, hadisə yerinə gələn rayon icra başçısının müavini Burcəli Ağayev vətəndaşlara onlara yazılı müraciət olunmasını təklif edib və qanunvericiliklə müəyyən edilmiş qaydada məktuba cavab veriləcəyini vəd edib.

Demokratiyaya Yardım Assosiasiyasının sədri Emil Məmmədov (Salyan) da mövzu ilə bağlı bildirib ki, hazırda Kürdə aparılan işlər Neftçala və Salyan əhalisinin yoxsullaşmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, bəzi insanlar üçün balıq tutmaq və satmaq yeganə gəlir mənbəyi olaraq qalır.

Fermer təsərrüfatları ard-arda bağlanır...
Gözlə

No media source currently available

0:00 0:07:34 0:00

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə “Turan” agentliyə bildiriblər ki, onların Kürdə, Mayak kəndi ərazisindəki işlərə aidiyyatı yoxdur və Neftçala Rayon İcra Hakimiyyətinə müraciət etmək məsləhətdir.

Amma şikayətlərlə bağlı ayrıca Neftçala Rayon İcra hakimiyyəti ilə, hələlik, danışmaq mümkün olmayıb.

23 Azərbaycan vətəndaşı Almaniyadan qaytarılıb

Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb.

Bu barədə dekabrın 1-də Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Xidmətin saytında yayılan məlumatda bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişlə izah edilib.

"Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri çətinliklərin həlli istiqamətində tədbirlər həyata keçirir", - açıqlamada bildirilir.

Readmissiya dedikdə saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) geri qaytarılması nəzərdə tutulur.

Avropa İttifaqı ilə readmissiya ilə bağlı saziş imzalanan 2014-cü ildən bu ilin əvvəlinə kimi ümumilikdə 2013 nəfər Azərbaycana qaytarılıb.

Xatırlatma

Son bir ildə Almaniyadan readmissiya edilən şəxslərdən altı nəfərin həbs olunduğu açıqlanmışdı. Onlardan biri müxalifətdə olan AXCP üzvü Ziya İbrahimli noyabrın 24-də azadlığa buraxılıb. Z.İbrahimli bu il mayın 19-da həbs edilmişdi. Onun əvvəlcə inzibati, daha sonra isə Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini,…qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunduğu bildirilirdi. Cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlı olub. Tələb yerinə yetirildiyindən onun azadlığa buraxıldığı açıqlanıb.

Qalan beş nəfərdən dördü narkotik, biri də bədənə xəsarət yetirmə ittihamı ilə həbsdədir. Həmin şəxslərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi sayırlar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə olunub

Kristofer Qreydi və Kərim Vəliyevin görüşü

Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi (Christopher Grady) ilə görüşüb.

Bu barədə noyabrın 29-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Kərim Vəliyev ABŞ-da səfərdədir.

Baş Qərargah rəisi ABŞ-da

Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Bu barədə noyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində habelə Azərbaycan ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunmalıdır.

2010-cu ildə Azərbaycan Müdafiə Nazirliyi ilə ABŞ Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı imzalanıb. Orda yer alan məsələlərdən biri də ştatla Tərəfdaşlıq Proqramıdır. Bu proqram qarşılıqlı fəaliyyətdə tərəflərə təcrübə mübadiləsi imkanı yaradır.

Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Əvəzində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı noyabrın 28-də fərman imzalayıb.

Naxçıvan Baş Gömrük İdarəsi Azərbaycan Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.

Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni bina istifadəyə verilib. 18 oktyabr 2022
Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni bina istifadəyə verilib. 18 oktyabr 2022

Naxçıvanda nazir həbs edilib

Səbail Rayon Məhkəməsinin qərarı ilə Naxçıvan Muxtar Respublikası (MR) Maliyyə naziri Rəfael Əliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilir.

"Turan"ın məlumatına görə, həbs-qətimkan tədbiri istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında seçilib.

Amma bu məlumatı, hələlik, məhkəmə və başqa rəsmi qurumlardan nə təsdiq, nə də təkzib ediblər.

Yerli saytların məlumatına görə, Naxçıvan MR maliyyə naziri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Amma məlumata, orda əks edilən ittihama, hələlik, E.Əliyev və onun yaxınlarından da münasibət almaq mümkün olmayıb.

R.Əliyev son günlər Naxçıvan MR-də həbs xəbəri yayılan ilk vəzifəli şəxs deyil. Ötən həftənin sonu, noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun da həbs xəbəri yayılmışdı. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilirdi.

M.Əsgərovun bir qrup şəxs halında xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsində ittiham olunduğu bildirilir.

Amma bu məlumatlara, hələlik, rəsmi qurumlar və M.Əsgərovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Heydər Əliyev təqaüdü, medalı və qızıl sikkələri olacaq

Prezident İ.Əliyev Yalamada Heydər Əliyev Parkında

Prezident İlham Əliyev bu gün, noyabrın 28-də 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib. Plana əsasən, Azərbaycanda "Heydər Əliyev – 100" yubiley medalı təsis ediləcək.

Habelə, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bundan başqa, gələn il ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü" də təsis edilməlidir.

Sentyabrın 29-da İ.Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı sərəncam imzalamışdı.

Hazırkı prezidentin atası H.Əliyevin gələn il doğumunun 100 ili tamam olacaq.

2003-cü ildə vəfat edən H.Əliyev 1993-cü ildən ölümünə qədər Azərbaycan prezidenti olub.

H.Əliyev SSRİ dönəmində də Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi kimi də bu respublikaya rəhbərlik edib.

Bakıda qadın zorakılığına qarşı veloyürüş olub

Bakıda veloyürüş, arxiv foto

Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilir.

Azərtac-ın məlumatına görə, Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirə velosiped üzrə Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər qatılıblar.

BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

Son illər Azərbaycanda bəzi hüquq müdafiəçiləri ölkənin "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyasına qoşulamasını təklif edir.

Amma rəsmilər, hələ ki, bu təklifə müsbət reaksiya verməyiblər. 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında həmin konvensiya qəbul edilib və ölkələrin qoşulması üçün açıq elan olunub.

Rəsmi statistik rəqəmlərə görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayət hadisələrinin sayı 2020-ci illə müqayisədə 19 faiz artaraq 1500-ə yüksəlib. Məişət zorakılığına məruz qalmış şəxslərin 80 faizə yaxınını qadınlar təşkil edib.

Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münqaişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (2 hamilə), 1-i uşaq olub. Ailə münaqişəsi nəticəsində qurbanlardan 1 qadının özünü öldürmə həddinə çatdırıldığı vurğulanır. 793 qadın və 5 uşağın isə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətilə üzləşdiyi bildirilir.

Davamı

XS
SM
MD
LG