Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:53

Günah yeni yazardadı, yoxsa oxucuda?


Əliağa Cəfərli
Əliağa Cəfərli
Azərbaycandakı böyük kitab dükanlarının işi, problemləri ilə bağlı növbəti müsahibə. Milli Elmlər Akademiyasının “Akademkitab” Kitab Evinin direktoru Əliağa Cəfərli ilə söhbət.

“Akademkitab” bir neçə aydır yeni ünvana – AMEA-nın Əlyazmalar İnstitutunun birinci mərtəbəsinə köçüb. İstiqlaliyyət küçəsindəki bu məkanı birinci mərtəbə adlandırmaq o qədər də doğru deyil. Çünki bura əslində zirzəmidir.

İndi Bakının möhtəşəm memarlıq abidələri sırasında yer alan binanı XX əsrin ilk illərində neftxuda Musa Nağıyev tikdirib. Birinci neft bumu zamanı tikilən binanın zirzəmisi təxminən 100 il sonra ikinci neft bumunda kitab mağazasına çevrilib. Paytaxtın baş küçəsində yerləşsə də mağazada alıcı görmədik. Əliağa Cəfərovla söhbətə də elə alıcı “qıtlığından” başladıq:

- “Akademkitab”da deyəsən o biri kitab mağazalarındakı kimi sükut gec-gec pozulur.

- Şəhərin mərkəzi hissəsində yerləşirik, lap iki addımlığımızda Dövlət İqtisad Universitetinin əsas tədris binası yerləşir.

Hər gün minlərlə tələbə bura dərsə gəlir. Ancaq alıcı son dərəcə azdır. 30 ildir kitab yayımı sahəsində çalışıram. belə uzunmüddətli böhran görməmişəm.

- Səbəbini tapa bilmisiz?

- Öncə bunu əlifba dəyişikliyi ilə bağladıq, sonra düşündük ki, sosial problemlər insanları kitabdan uzaqlaşdırır.

Ancaq bu problemləri zaman nisbətən aradan qaldırdı. Durum isə dəyişmir.

Sovet dönəmində kitabların insanlara yaxınlaşdırılması dövlət siyasəti idi. Təkcə Bakıda və Bakıətrafı kəndlərdə 127 kitab mağazası vardı. Sosialist ideologiyası insanlara kitab vasitəsilə təlqin edilirdi.

İnsanların sıx yaşadığı ərazilərdə kitab mağazaları açılırdı. İndi 127 kitabxanadan Bakıda cəmi bir neçəsi qalıb. 500 min insan yaşayan Bakının Əhmədli kimi iri yaşayış massivində 1 dənə də olsun kitab mağazası yoxdur.

- O zaman belə demək mümkündürmü ki, indiki dövlət siyasətində kitaba yer yoxdu?


- Bunu deyə bilmərəm. Məncə, kitab həmişə gərəklidir. Bircə onu bilirəm ki, kitab mağazalarının sayı artırılmalıdır.

Bununla bağlı bir neçə dəfə təkliflər vermişik. Ancaq qarşıya o qədər problem çıxıb ki, heç bir nəticə əldə edə bilməmişik.

- Problem deyəndə konkret nəyi nəzərdə tutursuz?

Əliağa Cəfərli və Azadlıq Radiosunun müxbiri Aygün Muradxanlı
- Elə birinci bina məsələsi. Bakıda bina kirayəsi inanılmaz bahadır. İndi Azərbaycanda çox az kitab çap olunur. Mağazaların əsas gəliri xaricdən gələn ədəbyyatdandı. Onların da çoxu nağd pula alınır.

Bugünkü satış tempinə ümid olub Bakıda kitab satışı üçün yer kirayələmək çox yumşaq dillə desək, iqtisadi yöndən səmərəsizdir.

Bu işi başlayanın müflisləşməsi an məsələsidir. Ancaq bina olsa, təkcə bizim qurum bütün ölkə üzrə 200 satış mərkəzinə xidmət edə bilər.

Xidmət personalı da tapmaq mümkündür, istənilən kitabı da. Təki yer olsun.

- Yeri gəlmişkən, sizin satış mərkəzinizdə kitabların çoxu ruscadır. Bunun səbəbi nədir? Azərbaycanda kitab yazan yoxdur, yoxsa oxuyanlar daha çox rusdillilərdir?

- Əlifba dəyişikliyindən sonra Azərbaycan ədəbiyyatı dövlət hesabına 25 min tirajla çap edildi.

Ancaq bu əsərlər yalnız kitabxanalara paylandı. Satış şəbəkəsinə bu kitablardan verilmədi.

Daha sonra isə yazarlar öz əsərlərini öz hesablarına çap etməli oldular.

Poliqrafiya xərcləri baha olduğundan tirajlar azaldı. Eyni zamanda maliyyə problemləri səbəbindən xarici ölkə ədəbiyyatı nümunələrinin tərcüməsi işi də zəiflədi və kitab ticarəti yalnız xaricdən, daha çox da Rusiyadan gətirilən ədəbiyyatın sayəsində iqtisadi gərginliyə nisbətən duruş gətirdi.

Bizim də Rusiyanın poliqrafiya qurumları ilə uzun illərdir davam edən işbirliyimiz var. Onların imkanları olduqca genişdir.

Böyük oxucu kütləsi toplayan dünya ədəbiyyatı nümunələri qısa zamanda ruscaya çevrilir. Azərbaycan oxucuları üçün bu əsərləri oxumağın ən kəsə yolu elə budur.

- SSRİ-nin süqutundan sonra Azərbaycanda rus dilinin cəmiyyətdəki mövqeyi xeyli zəiflədi, rusdilli təhsil qurumlarının sayı azaldı. Əvəzində ölkədə xeyli türkdilli təhsil müəssisələri açılıb.

Türkiyə ilə Azərbaycan arasında ali təhsil mübadiləsi genişləndi. İndi ingilis dilinə də böyük maraq var. Bu tendensiyalar kitab ticarətinə təsir göstərməyib?


- Açığı biz Türkiyədən kitab almırıq. Əgər ədəbiyyat gətirsək, gərək nağd pula alaq. Burada o kitablara alıcı tapacağıq-tapmayacağıq, bəlli deyil.

Bu bir qədər riskli görünür. İngilisdilli ədəbiyyata gəlincə, İrandan və Dubaydan kitablar gətiririk. Ancaq bu daha çox tədris vəsaitləri, izahlı lüğətlərdir.

- Bax bu son aylarda daha çox hansı kitablar satılır?

- Konkretləşdirmək bir az çətindir. Çünkü satış həcmi xüsusilə yüksək olan elə bir əsər yoxdur.

Öz seçimimizlə Rusiya bazarında daha çox satılan, ya da Azərbaycanda maraq doğura biləcək ən müxtəlif əsərləri gətiririk. Elə əsər var ildə 10, eləsi var 15 ədəd satırıq.

- Yəni bu qədər az…


- Bəli.

- Bəs yerli ədəbiyyat? Elə götürək ən yeni ədəbiyyat seriyasından olan əsərlərdən hansılar satılır?


- Bizdən daha çox Azərbaycan klassik ədəbiyyatı nümunələri soruşurlar. Nizamini, Nəsimini, Füzulini, Mirzə Cəlili, Sabiri. Anarın, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin, Əkrəm Əylislinin, İlyas Əfəndiyevin əsərlərini də arayanlar var.

Ən yeni ədəbiyyat nümunələri isə bizdə yaxşı satılmır. Bu o demək deyil ki, çağdaş ədəbiyyatı oxumaq istəyən yoxdur.

Alıcılar bizdən müasir mövzularda yeni romanlar istəyir. Yeni ədəbiyyat kimi çıxan əsərləri veririk, bir müddət sonra gəlib irad bildirirlər ki, orda nə yazıldığından bir şey anlamadıq.

- Siz də belə hesab edirsiz ki, indi Azərbaycanda yaxşı əsər yazılmır?


- Açığı özünü “yazarlar” adlandıran yeni nəsil ədəbiyyatçıların əsərlərini mən də bəyənmirəm.

- Mövzular sizi cəlb eləmir, yoxsa, üslubu bəyənmirsiz?

- Məncə, bu nəsil xarici ölkə yazarlarının təsiri altında yazır. Həm də əsərlər mənfi emosiyalarla çox yüklüdü.

Məncə, onların özləri də nə yazmaq, cəmiyyətə hansı informasiyanı ötürmək istədiklərini bilmirlər. Ancaq onların çox güclü təbliğatı var.

- İndi Azərbaycanda Dünya Ədəbiyyatı Kitabxanası silsiləsindən də kitablar çap olunur. Bu kitabları satış yox, abunə ilə əldə etmək mümkündür. Siz də abunəçi cəlb etməklə məşğulsuz. Bu layihə özünü doğruldur?


- Bu seriyada çox məşhur əsərlər var. Hər halda maraq doğurur.

- Bu layihələrə irad tutanlar bildirir ki, bu tərcümələri sadəcə Kiril əlifbasından latına keçirmək yetərli deyil. Belə düşünənlər iddia edir ki, sovetlər dönəmində tərcümə edildiklərinə görə əsərlərin çoxunda “ideoloji yüklənmələr” var. Siz necə düşünürsüz?

- Təbii. Orada elə tərcümələr var ötən əsrin 50-60-cı illərində tərcümə olunub. Mark Tven, Jül Vernin əsərləri 50- ci illərdə tərcümə edilib.

Bu az qala 60 il deməkdir. Bu qısa zaman deyil, ən azı dilin inkişafı baxımından bu əsərlərə uyğun düzəlişlər edilməli idi. Digər əsərlər də eləcə. O tərcümələrdə rüh başqadı.

Onlara yeni baxış vacib idi. Görünür, vəsait çatmayıb. Məncə, bu məsələyə yenə qayıdacaqlar.

- Uşaq ədəbiyyatı ilə bağlı durum necədir?

- Bax bu çox önəmli məsələdir. Bu gün kitab bazarında durğunluğun ən böyük səbəbi odur ki, biz uşaqları oxumağa alışdırmırıq.

Uşaqların böyük dost, böyük müəllim olan kitabla münasibətlərini qura bilmirik.

Bu da birmənalı təhsilin problemidir. Şəhərlərdə bu problem əyalətlərə nisbətən az olsa da ölkə üzrə situasiya çox acınacaqlıdır.

Elə uşaqlar var dərslikdən başqa heç bir kitabı nəinki oxumayıblar, heç əllərində də tutmayıblar. Hansı xalqlar, dövlətlər ki, davamlı inkişaf etmək istəyindədirlər o ölkələrdə uşaq ədəbiyyatı ən ciddi sahələrdən biridir.

Ən xırda detallarından ta məzmuna, vizual effektlərinə qədər uşaqlar üçün kitablara böyük önəm verirlər, davamlı yeniliklər edirlər.

Ən əsası isə bu məsələyə yalnız kommersiya maraqları ilə yanaşmırlar. Bizdə isə fərqlidir. Uşaq ədəbiyyatı daha bahalıdır.

- Bəs müəlliflər kimlərdir?

- Gülzar nənə adlı müəllif var. İndi onun kitabları daha çox satılır.

- Alanlar bəyənib alır, yoxsa, alternativ yoxdu?

- Məzmunu da maraqlıdır. Başqa müəllif isə açığı yadıma gəlmir. Bizim uşaq ədəbiyyat ilə bağlı çox maraqlı klassik nümunələrimiz də var.

Onları da çap edirlər. Ancaq kitablarda böyük təhriflər var. Nəvəmə uşaq şeirləri toplusu bağışlamışdım.

O gün mənə zəng edib deyir ki, baba, sənin verdiyin kitabda bir şeir var müəllifi Əli Kərimdir.

Bizim dərs kitabımızda isə eyni şeirin müəllifi Abbas Səhhətdir. Hansı düzdür? Bax belə ciddi xətalar uşaqlarda kitaba inamsızlıq yaradır.

Sonra da kitabla uşaqlar arasında əlaqə qırılır.

Bax bu saydığım çoxçeşidli problemlər sonda kitab yayımı sahəsində indi içərisində olduğumuz və hələ də nə zaman bitəcəyi bəlli olmayan durğunluğa səbəb olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG