Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Tatarıstanın yeni prezidenti var


Rüstəm Minnixanov
Rüstəm Minnixanov
Fevralın 4-də Tatarıstan Dövlət Şurası Rusiya prezidenti Dmitri Medvedevin təklif etdiyi Rüstəm Minnixanovu bu respublikanın prezidenti vəzifəsinə təsdiq edib.

52 yaşlı Rüstəm Minnixanov 1998-ci ildən Tatarıstanın Baş naziri idi.

Keçmiş prezident Mintimir Şaymiyevin səlahiyyət müddəti mart ayında başa çatır. Rəsmi məlumata görə, o, özü Rusiya prezidentinə müraciət edib ki, daha prezident vəzifəsinə namizədliyi irəli sürülməsin. 1991-ci ildən Tatarıstana rəhbərlik edən Şaymiyev daha gənclərə yer vermək istədiyini deyib.

Rüstəm Minnixanovun namizədliyi elan olunandan sonra Mintimir Şaymiyev mətbuat konfransı keçirərək onun namizədliyini müdafiə etdiyini deyib:

- Əlbəttə, xoşbəxtlikdən respublikada buna layiq namizəd var. Bunu bizim xidmətimiz kimi də yaza bilərsiniz, indiyə qədər mənimlə işləmiş komandanın xidməti kimi də.
Mintimir Şaymiyev xanımı Səkinə Şaymiyeva və oğlanları Radik və Ayratla.

73 yaşlı Mintimir Şaymiyev bundan sonra nə edəcək? Özü mətbuat konfransında jurnalistlərin bu mövzuda suallarına cavabında deyib ki, hələlik gələcək fəaliyyət forması tam məlum deyil, amma onu dəqiq deyə bilər ki, yeni prezidenti müdafiə edəcək:

- Hardasa fəal işləmək istəsəydim, elə burada işləməkdə davam edərdim. Ömrü boyu dayanmadan işləmişəm, əlbəttə, bunun da nə vaxtsa, hardsa, bir fiziki imkanlarla məhdudlaşması olur. Belə deyə bilərəm ki, biz hazırda gələcək fəaliyyətimin formasını axtarmaqdayıq. Amma yalnız onu konkret deyə bilərəm ki, prezidenti müdafiə edəcəyik.

AzadliqRadiosunun Tatar-Başqırd xidmətinin direktoru Rim Qilfanov isə hesab edir ki, bu, əslində Dmitri Medvedevin «Rusiyada müasirləşdirmə» dediyi planın tərkib hissəsidir.

Onun dediyinə görə, təzə prezident Rüstəm Minnixanov da Şaymiyevin adamıdır. Yəqin ki, Minnixanov Şaymiyevlə Kremlin kompromis namizədi olub.

Rim Qilfanov deyir ki, keçmiş prezidentin ölkədə mədəniyyət abidələrinin bərpası işinə cəlb ediləcəyi haqqında məlumatlar var:

- Böyük ehtimalla onu siyasi sahədə olmasa da mədəniyyət sahəsinə, məsələn, abidələrin bərpası sahəsinə rəhbərliyə cəlb edəcəklər. Bəzi məlumatlara görə artıq Rusiyanın Maliyyə Nazirliyi bu sahədə layihələrin maliyyələşdirilməsinə pul ayırmağa razılaşıb. Bütün hallarda o, hara isə cəlb ediləcək. Nəzərə almaq lazımdır ki, gələcək prezident 12 il Şaymiyevin baş naziri olub.

Mintimir Şaymiyevin iki oğlu var. Amma o, keçmiş sovet məkanında az qala ənənəyə çevrilən varis siyasətindən imtina edərək oğlanlarının prezident olmasına çalışmadı. Rim Qilfanov deyir ki, halbuki onun oğlanlarının da Tatrıstanda olduqca böyük firmaları olması barədə xəbərlər var:

- Oğlanlarından birinin başçılıq etdiyi firma xüsusilə çox güclüdür. Amma heç vaxt Şaymiyevin oğlanlarını hakimiyyət meydanına gətirməsi haqqında söhbətlər olmayıb. Bu baxımdan o, daha sivil addım atdı.

Rim Qilfanovun dediyinə görə, yeni prezidentin baş nazir kimi Tatarıstanda imici pis deyil. Onu müasir informasiya texnologiyalarının iqtisadiyyata tətəbiqinin ilhamvericisi kimi tanıyırlar. Yeni prezident Tatarıstanda elektron hökumətin yaradıcısı hesab olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG