Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Zahid Orucdan ombudsmana sual...


Zahid Oruc
Zahid Oruc

Zahid Orucdan ombudsmana sual: “Bəs necə olub ki, biz bu hesabatları yüksək səviyyədə qəbul etmişik, ancaq yan-yörəmizdə məlum cinayətlər baş verib?”.

Və Ali Məhkəmənin Cinayət Kollegiyası sədrinə cavab: “Tutaq ki, kimsə maraqlı olub, başqa niyyət güdüb, işi məhkəməyə göndərib, ancaq məhkəmə institutunun onlara bəraət verməyə gücü çatardı, axı.

Deputat Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifova da cavab verdi: “Tutaq ki, kimsə maraqlı olub, başqa niyyət güdüb, işi məhkəməyə göndərib, ancaq məhkəmə institutunun onlara bəraət verməyə gücü çatardı, axı. Geri qaytarılan nə qədər belə iş var? Qoy onların sayını açıqlasınlar, onlarladır, yüzlərlədir?.. Budur məsələ...”

Buna da bax:​ Deputat: 'Hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa...'

Zahid Oruc: 'Əvvəla, belə hesabatları obyektiv şəkildə ortaya qoysaydıq...'
Gözlə

No media source currently available

0:00 0:09:12 0:00
Direct-ə keçid

Milli Məclis martın 7-də insan haqları müvəkkili – ombudsman Elmira Süleymanovanin hesabatını qəbul edib. Hesabat geniş müzakirə edilməyib. Bu hesabatı “şablon, deklarativ bir sənəd” adlandıran deputat Zahid Oruc iclasdan sonra AzadlıqRadiosu-nun suallarını cavablandırıb.

– Zahid bəy, sizcə, ombudsmanın budəfəki hesabatı niyə müzakirəsiz və səssiz-küysüz qəbul edildi?

– İclasda bir neçə çıxış oldu. Əsas problemlər müəyyən qədər vurğulandı. Düşünürəm ki, parlament üzvlərinin içərisində bəlkə də kimlərsə hökumətin gələn həftə verəcəyi hesabatda deyəcəyi məsələlərə toxunmağa əsas görmədi. Halbuki hər bir çıxış yürüdülən siyasəti daha obyektiv dəyərləndirməyə, problemləri görməyə imkan yaradacaqdı. Bundan başqa, insan haqlarını ölkə əleyhinə təzyiq alətinə çevirənlərə qarşı bir münasibət formalaşdıracaqdı. Bütün hallarda mənim də, çıxış edən bir neçə həmkarımın da dediklərindən çıxarılan nəticə ondan ibarət idi ki, biz daxildə problemləri, yürüdülən siyasəti dəyərləndirməyə çalışsaq, ona trafaret, şablon yanaşmaları kənara qoysaq, bu halda həmin məsələləri əldə bayraq edənlərin meydanını daraltmış olarıq.

Buna da bax: Ombudsmanın illik məruzəsi parlamentdə

– Siz hesabatda ombudsmanın insan haqları sahəsində hansı məsələləri qabartmasını istərdiniz? Hər halda, beynəlxalq qurumlar bu sahədə durumu vaxtaşırı tənqid edir və təməl insan hüquqlarının pozulduğunu, məhdudlaşdırıldığını söyləyirlər.

– Əvvəla, belə hesabatları obyektiv şəkildə ortaya qoysaydıq, hökumət strukturlarının fəaliyyətini düzgün dəyərləndirsəydik, məlum MTN hadisəsi, yaxud başqa nazirlikdəki cinayətlərlə üz-üzə qalmazdıq və bu cəmiyyətdə indi şok doğurmazdı. Zamanında vurğulanan fikirlərin bir yandan idarəetmənin təkmilləşdirilməsinə xeyri dəyəcəkdisə, o biri yandan da qüsurlu addımlardan ziyan çəkən vətəndaşların sayı azalacaqdı. Bəs necə olub ki, biz 2012-2014-cü illərdə bu hesabatları yüksək səviyyədə qəbul etmişik, ancaq yan-yörəmizdə məlum cinayətlər baş verib? Bu, həm də parlamentin məsuliyyəti deməkdir. İkincisi, əvvəlki illərlə müqayisədə 2016-cı ilin əsas hadisəsi iqtisadi və sosial xarakterlidir. Maliyyə-bank sektorunun ölkə və cəmiyyət üçün yaratdığı problem artıq sosial mahiyyətindən çıxıb. Məhkəmələrə müraciət etsəniz, görəcəksiniz ki, on minlərlə yeni belə işlər yaranıb. Məlum devalvasiya tədbirlərinə görə vətəndaşların borc öhdəlikləri artıb, böyüyüb, ödənməsi qeyri-real vəziyyətə çatıb, buna görə də banklarla vətəndaşlar üz-üzə qalıb. Necə ola bilər ki, bu məsələlər barədə ombudsmanın hesabatında bir cümlə də olmasın? Yüz minlərlə insanı əhatə edən bu problem sonradan vətəndaşın mülkiyyət, yaşamaq və başqa hüquqlarına təsir edir, axı.

Buna da bax:​ 'Olmayan bir institutu necə qiymətləndirmək olar?'

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).

– Döyüşmək üçün ölkəni tərk edənlərin məsələsinə də toxunmusunuz. Sizcə, onların problemi niyə hesabata daxil edilməliydi?

– Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev bir neçə gün qabaq bildirdi ki, Azərbaycandan 900 nəfər İraqa, Suriyaya muzdlu kimi döyüşməyə gedib. Bu, istənilən halda bir siqnal olmalıydı. Biz düşünməliydik, nə baş verir? Hansı addımlarımız yanlış olub? Cəmiyyətin məsuliyyəti nədən ibarət olmalıydı? Dövlət qurumları, hökumət institutları bunların baş verməməsi üçün nə etməliydilər? Necə olub ki, nə Ermənistandan, nə də Gürcüstandan bu qədər insan hansısa xilafət quruculuğuna, cihada qatılmayıb? Bunun arxasında dayanan təkcə sosial ehtiyac problemidirmi? Yoxsa dini xurafat cəmiyyətin dərinliklərinə işləyib? Necə olur ki, cəbhə xəttində il ərzində ölənlərin sayı 100-ü ötmür, ancaq biz 900 adam itirmişik? Onların 54 nəfəri vətəndaşlıqdan məhrum edilib, 84 nəfərə cinayət işi qaldırılıb. Amma yerdə qalanların öldüyü-qaldığı bəlli deyil. Bu, ailələrin faciəsidir. Ailənin timsalında mühitin təhlükəsizliyinə problemdir. Bu da insan haqqı məsələsi deyilmi? Bir başqa məsələyə də toxundum. Bir neçə gün öncə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov deyib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları plan doldururmuşcasına konkret maddələrlə işləri məhkəmələrə göndəririlər. Bu da onlara problem yaradır. Əvvəla, bu, hüquqşünas mövqeyi deyil. Hər bir hakimin ölkəmizin coğrafiyasında baş verənləri dəyərləndirmək imkanı olmalıdır. Bilirik ki, ölkəmiz üzərindən tonlarla narkotikin daşınması yönündə cəhdlər var. Həmin qurumların fəaliyyəti olmasaydı, “ağ ölüm” deyilən fəlakət erməni təhdidindən betər millətin həyatını təhdid edərdi.

İkincisi, 234-cü maddəylə işlər qaldırılırsa, bu, prokurorluq orqanının təqdimatı əsasında baş verir. Belə çıxır ki, bir qurum iki struktur haqqında kəskin fikir söylənmiş olur. Nəhayət, ən sonda, məhkəmə hakimiyyəti müstəqildir. Onların səlahiyyəti var ki, bəraət hökmü çıxarsınlar. Hesabatda bu məsələlərə toxunulsaydı, işimizin xeyrinə olardı.

Buna da bax:​ «İnformasiya ombudsmanının ləğvi geriyə addımdır»

– Bu qədər iraddan sonra ombudsmanın hesabatını necə dəyərləndirirsiniz?

– Ombudsmanin hesabatı ancaq şablon ifadələrdən, dövlət proqramlarından, məlum sovet dövrünün deklarativ xarakterli yanaşmalarından ibarətdir. Baxmayaraq ki, Elmira xanım dövlətə bağlı insandır, hesabatdankənar mühüm işlər görür. Amma hər hansı məsələnin üstünü qapayanda, həmin həll olunmur, əksinə, içəridə problemlər yaradır. Buna görə də, o məsələlərin hesabatda əksini tapmasını istərdim.

– Sizcə, səbəb nədir ki, Elmira Süleymanova sizin təbirinizcə desək, “şablon ifadələrdən ibarət, deklarativ hesabatla” çıxdı parlamentin qarşısına? Bəlkə o, tənqid etməkdən çəkinir?

– Düşünürəm ki, ombudsman institutunun səlahiyyəti ictimai rəy mexanizmini həyata keçirməkdir. Əgər bununla bu qurum parlamentdə hər hansı hökumət strukturunu, məmuru, hər hansı hakimiyyət qolunu, icra hakimiyyətini hədəfə çevirirsə, bu kiçik qüvvə sayıla bilməz. Məncə, bu mexanizm üzərində fəaliyyəti daha çox qabartmaq lazımdır. Bəlkə də Elmira xanımda belə bir fikir formalaşıb ki, arxa planda bu məsələlərlə bağlı real addımlar atmaq daha faydalıdır, nəinki bunu ictimai rəyə yansıtmaq, belə demək mümkünsə, publik fəaliyyət göstərmək. Ancaq düşünürəm ki, parlament üzvləri olaraq, cəmiyyətdən gələn məsələləri o hesabatda görməyəcəyiksə, cəmiyyətin mühüm hissəsi həmin qurumdan yardım istəməkdən geri dura bilər. Avropa cəmiyyətlərindəki kimi ombudsman institutunun başqa hakimiyyət qollarından aydın sezilməsini, onunla hesablaşılmasını istəyiriksə, deməli, bu yöndə ciddi addımlar atılmalıdır.

Buna da bax:​ "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"

– Bir az əvvəl Şahin Yusifovun açıqlaması ilə bağlı fikrinizi bildirdiniz, onunla...

– Mən onunla qətiyyən razılaşmıram.

– Amma bu şəxs Ali Məhkəmənin Cinayət Kollegiyasının sədridir, hüquqşünas kimi yəqin faktlara söykənərək danışır. Niyə onun dediyini birmənalı şəkildə rədd edirsiniz?

– Cinayət Məcəlləsinin son illər hansı maddələrinin daha çox işlək olması ilə bağlı müqayisəli təhlil aparsaq, üstünlüyün başqa maddələrdə olduğunu görəcəyik. Təmsil etdiyim bölgədə onlarla insan tanıyıram ki, narkotik qaçaqmalçılığında yer alır, cinayətə qarışır. Bu, danılmazdır. Daxili işlər orqanları son illər buna qarşı sərt siyasət aparıb. Bu, inkaredilməzdir. Təhlükənin yönünü görmədən, elə qiymət vermək yanlışdır. Üçüncüsü, hər hansı qurum konkret belə iddiada bulunubsa, prokurorluğun sanksiyası olmadan, cinayət işi qaldırıla bilməzdi.

– O zaman kollegiya sədri niyə belə ittihamla çıxış edib?

– Bunu konkret qurumlar arasında intriqa kimi dəyərləndirmək istəməzdim. Amma bu gün onlara müraciət etsəniz, fərqli fikirlər söyləyəcəklərinə şübhə etmirəm. Bir də, saxta işlər məhkəməyə çıxıbsa, onunla bağlı hökmü hakim verir. Tutaq ki, kimsə maraqlı olub, başqa niyyət güdüb, işi məhkəməyə göndərib, ancaq məhkəmə institutunun onlara bəraət verməyə gücü çatardı, axı. Geri qaytarılan nə qədər belə iş var? Qoy onların sayını açıqlasınlar, onlarladır, yüzlərlədir?.. Budur məsələ...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG